“Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 4 iyun tarixli 86 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 6, maddə 488; 2011, № 10, maddə 967; 2014, № 2, maddə 201) ləğv edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 14 mart 2016-cı il
№ 124
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2016-cı il 14 mart tarixli 124 nömrəli qərarı ilə
təsdiq edilmişdir
|
Əmək miqrasiyası kvotasının müəyyən edilməsi
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinə uyğun olaraq hazırlanmışdır və əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra - əcnəbi) Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunması ilə bağlı əmək miqrasiyası kvotasının formalaşdırılması şərtlərini və qaydasını müəyyən edir.
1.2. Əmək miqrasiyası kvotası (bundan sonra - kvota) təqvim ili ərzində Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları nəzərdə tutulan əcnəbilərin sayının son həddidır.
1.3. Kvota yerli əmək ehtiyatlarından səmərəli istifadə edilməsi və əmək miqrasiyası proseslərinin tənzimlənməsi sahəsindəki işlərin səmərəliliyinin artırılması məqsədi ilə tətbiq edilir.
1.4. Kvota daxili əmək bazarının vəziyyəti, işçi qüvvəsinə tələbat, iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik olan Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin, işə-götürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanı, habelə yüksəkixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi zəruriliyi nəzərə alınmaqla müəyyən edilir.
[1]
1.5. Kvota Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən hər ilin başlanmasına 3 (üç) ay qalmış təsdiq edilir.
1.6. Əcnəbilərə Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrininverilməsi hər təqvim ili üzrə müəyyən edilmiş kvota çərçivəsində həyata keçirilir. Təqvim ili ərzində verilən və müddəti uzadılan iş icazələrindən qüvvədə olanlarının sayı kvotadan artıq olmamalıdır.
1.7. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə iş icazəsi alınması tələb olunmayan əcnəbilər kvotadan kənar Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb oluna bilərlər.
2. Kvotanın müəyyən edilməsi üzrə komissiya
2.1. Kvotanın müəyyən edilməsi üçün təkliflərin hazırlanması və bu sahədəki işin əlaqələndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan Respub-likası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin və Azər-baycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndələrindən ibarət komissiya (bundan sonra - Komissiya) yaradılır.
[2]
2.2. Komissiyanın səlahiyyətinə aşağıdakılar aiddir:
2.2.1. aidiyyəti dövlət orqanlarından bu Qayda iləmüəyyən edilmiş məlumatları almaq;
2.2.2.təqdim edilmiş məlumatların dəqiqləşdirilməsi məqsədi ilə aidiyyəti dövlət orqanlarına sorğu vermək;
2.2.3. sosial tərəfdaşların (Həmkarlar İttifaqları Konfedera-siyasının və işəgötürən birliklərin) nümayəndələrini, elmi - tədqiqat institutlarının, aidiyyəti dövlət orqanlarının mütəxəssislərini və digər ekspertləri Komissiyanın iclaslarına dəvət etmək;
2.2.4. kvota ilə bağlı təkliflər hazırlamaq.
3. Kvota üzrə təkliflərin hazırlanmasında işəgötürənlərin iştirakı
3.1. İşəgötürənlərin əcnəbi işçi qüvvəsinə tələbatını müəyyən etmək məqsədi ilə əcnəbi işçi qüvvəsini cəlb etmək niyyətində olan işəgötürənlər hər il may ayının 1-dək Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə növbəti il üçün Məşğulluq Təsnifatı üzrə peşələr göstərilməklə əcnəbi işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumat (forma əlavə olunur) təqdim edirlər.
3.2. Bu Qayda ilə müəyyən olunmuş əcnəbi işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumat forması Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin internet səhifəsində yerləşdirilir və onlayn rejimdə qəbul edilir.
3.3. Proqnoz-məlumatlar, məlumat təqdim etmiş işəgötürən-lərin sayı göstərilməklə, Məşğulluq Təsnifatı üzrə peşələr də daxil olmaqla, iqtisadi fəaliyyət növləri üzrə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən ümumiləşdirilir.
3.4. İşəgötürənlər il ərzində təsdiq edilmiş kvotanın artırılması üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti vasitəsilə Komissiyaya müraciət edə bilərlər. Bu məqsədlə edilmiş müraciətlər işəgötürənlər tərəfindən əsaslandırılmalıdır.
4. Kvotanın müəyyən edilməsi üçün təkliflərin hazırlanması məqsədi ilə təqdim edilən məlumatlar
4.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakıları hər il avqust ayının 1-dək Komissiyaya təqdim edir:
4.1.1.növbəti il üçün əmək bazarı və demoqrafik inkişaf proqnozlarını;
4.1.2.mövcud əmək ehtiyatları potensialı, həmçinin işsizlər və sərbəstləşən işçilər üzrə proqnozları;
4.1.3.işçi qüvvəsinə olan tələbatın yerli əmək ehtiyatları hesabına ödənilməsi, eləcə də əcnəbi işçi qüvvəsinin cəlb olunması nəzərdə tutulan müvafiq peşələr üzrə işsizlərin və sərbəstləşən işçilərin peşə hazırlığına və yenidənhazırlığa cəlb olunması imkanlarına dair proqnoz-məlumatı;
4.1.4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında və “DOST” mərkəzlərində işsiz və ya işaxtaran kimi qeydiyyatda olan şəxslərin müvafiq peşələri barədə məlumatı.
[3]
4.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi aşağıdakıları hər il avqust ayının 1-dək Komissiyaya təqdim edir:
4.2.1. ölkənin iqtisadi inkişaf prioritetləri üzrə məlumatı;
4.2.2. növbəti il üçün ölkənin makroiqtisadi vəziyyəti, o cümlədən sosial-iqtisadi artım, məşğulluq və onun iqtisadi fəaliyyət növləri üzrə bölgüsü haqqında proqnozları.
4.3. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi hər il avqust ayının 1-dək növbəti il üçün peşə və ixtisaslar üzrə ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsillərini başa çatdıracaq Azərbaycan Respublikası vətəndaşlarının sayı barədə məlumatı Komissiyaya təqdim edir.
[4]
4.4. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti aşağıdakıları hər il avqust ayının 1-dək Komissiyaya təqdim edir:
4.4.1. cari və ötən il ərzində ölkəyə gələn, ölkədən gedən, ölkədə müvəqqəti olan və müvəqqəti yaşayan əcnəbilərin sayı haqqında məlumatı;
4.4.2. cari və ötən il ərzində ölkədə qeyri-leqal haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması aşkar edilmiş əcnəbilər haqqında iqtisadi fəaliyyət növləri üzrə məlumatı;
4.4.3. Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi almış əcnəbilərin mənşə ölkələri və iqtisadi fəaliyyət növləri üzrə sayı haqqında məlumatları;
4.4.4. iş icazələrinin müddətinin uzadılması tendensiyası əsasında il ərzində müddətlərinin uzadılması gözlənilən iş icazələrinin sayı üzrə proqnozları (iqtisadi fəaliyyət növləri üzrə);
4.4.5. cari və ötən il üçün təsdiq edilmiş kvotadan istifadə olunması vəziyyətinə dair məlumatı;
4.4.6. bu Qaydanın 3.3-cü bəndinə uyğun olaraq işəgötürənlərin növbəti il üçün əcnəbi işçi qüvvəsinə tələbatına dair ümumiləşdirilmiş proqnoz-məlumatı.
4.5. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti aşağıdakıları hər il avqust ayının 1-dək Komissiyaya təqdim edir:
4.5.1. Hasilatın Pay Bölgüsü sazişlərinin icrası ilə bağlı növbəti il üçün podratçı və subpodratçı şirkətlər də daxil olmaqla, əcnəbi işçi qüvvəsinə peşə və ixtisaslar üzrə tələbat haqqında proqnoz-məlumatları;
4.5.2. Hasilatın Pay Bölgüsü sazişləri ilə müəyyən edilmiş yerli və əcnəbi işçi qüvvəsi nisbətinə əməl olunması vəziyyətinə dair məlumatı.
4.6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər il avqust ayının 15-dək Komissiyaya təqdim olunan məlumatlar əsasında icmal hazırlayaraq Komissiya üzvlərinə təqdim edir.
5. Kvotanın müəyyən edilməsi üçün təkliflərin hazırlanması
5.1. Komissiya bu Qaydaya uyğun olaraq daxil olmuş məlumatlar əsasında aşağıdakıları nəzərə alaraq kvota üzrə təkliflər hazırlayır:
5.1.1. işəgötürənlər tərəfindən haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunacaq yeni əcnəbi işçilərin ehtimal olunan sayını;
5.1.2. qeyri-qanuni miqrantların fəaliyyətinin leqallaşdırılması nəticəsində əcnəbi işçilərin sayının artım proqnozunu;
5.1.3. haqqı ödənilən əmək fəaliyyətlərini davam etdirmələri ehtimal olunan əcnəbi işçilərin sayını;
5.1.4. işsiz və işaxtaran kimi qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının işəgötürənlərin əcnəbi işçilər üçün nəzərdə tutduqları peşə və ixtisas tələblərinə uyğunluğunu;
5.1.5. işəgötürənlərin işçi qüvvəsinə tələbatının yerli işçilər, həmçinin əmək bazarına yeni daxil olacaq gənc mütəxəssislər hesabına ödənilməsinin mümkünlüyünü;
5.1.6. peşə hazırlığı və yenidənhazırlıq tədbirləri nəticəsində işəgötürənlərin əcnəbi işçilər üçün nəzərdə tutduqları peşə və ixtisas tələblərinə uyğun hazırlanacaq yerli işçilərin sayını.
5.2. Komissiya bu Qaydaya uyğun olaraq əcnəbi işçi qüvvəsinə tələbatı proqnozlaşdırır və iqtisadi fəaliyyət növləri üzrə növbəti il üçün kvota ilə bağlı təkliflər hazırlayaraq hər il sentyabr ayının 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.
6. Kvotanın dəyişdirilməsi qaydası
6.1. Təsdiq edilmiş kvotanın dəyişdirilməsi ilə bağlı Komissiyada təmsil olunan dövlət qurumları və digər mərkəzi icra hakimiyyəti orqanları tərəfindən əsaslandırılmış təkliflər verilə bilər.
6.2. Təsdiq edilmiş kvotanın dəyişdirilməsi ilə bağlı təkliflər Komissiyada bu Qaydaya uyğun baxılaraq qərar qəbul edilir.
6.3. Təsdiq edilmiş kvotada il ərzində Komissiyanın əsaslandırılmış təklifi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən dəyişiklik edilə bilər.
|
“Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”na
əlavə
|
__________________il üçün əcnəbi işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumat
|
1. Əgər hüquqi şəxsdirsə və ya xarici hüquqi şəxsin filial və nümayəndəliyidirsə: qurumun adı________________________
|
2. Əgər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdirsə: soyadı, adı, atasının adı: _____________________________________________________________________
|
____________________________________________________________________________________
|
3. Təşkilati-hüquqi forması _____________________________
|
4. İşəgötürənin hüquqi ünvanı __________________________
|
5. İşəgötürənin faktiki ünvanı___________________________
|
6. İş yerinin ünvanı ____________________________________
|
7. Əgər hüquqi şəxsdirsə və ya xarici hüquqi şəxsin filial və nümayəndəliyidirsə: dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi və onun verilmə tarixi_______________________
|
8. Əgər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdirsə: VÖEN-i və onun verilmə tarixi_________________________________________________________________
|
9. Cari ilin 1 yanvar tarixi üçün təşkilatda işçilərin sayı (cəmi) ________ o cümlədən, əcnəbilər ____________________
|
10. İqtisadi fəaliyyət növü: (aidiyyəti növün qarşısında “+” işarəsini yazmalı):
|
İqtisadi fəaliyyət növləri
|
“+”
|
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq
|
|
Mədənçıxarma sənayesi
|
|
Emal sənayesi
|
|
Elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat
|
|
Su təchizatı; çirkli suların və tullantıların təmizlənməsi
|
|
Tikinti
|
|
Topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri
|
|
Nəqliyyat və anbar təsərrüfatı
|
|
Yaşayışın təşkili və ictimai iaşə
|
|
İnformasiya və rabitə
|
|
Maliyyə və sığorta fəaliyyəti
|
|
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar
|
|
Peşə, elmi və texniki fəaliyyət
|
|
İnzibati və yardımçı xidmətlərin göstərilməsi
|
|
Təhsil
|
|
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi
|
|
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət
|
|
Digər sahələrdə xidmətlərin göstərilməsi
|
|
Ev təsərrüfatlarının fəaliyyəti; fərdi istehlak üçün ev təsərrüfatlarının istehsal etdiyi mal və xidmətlərə dair fəaliyyət
|
|
Sıra
№-si
|
Əlavə işçi qüvvəsinə olan tələbat (nəfər)
|
Əcnəbi işçi qüvvəsinin cəlbolunması nəzərdə tutulan müvafiq peşələr
|
Əcnəbi işçi qüvvəsinin cəlb edilməsinin əsaslandırılması
|
|
|
cəmi
|
o cümlədən, əcnəbilər
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Hüquqi şəxsdirsə və ya
|
_________________________________________________________
|
xarici hüquqi şəxsin filial
|
(soyadı, adı, atasının adı, imzası, telefon nömrəsi, tarix)
|
və nümayəndəliyidirsə,
|
|
qurumun rəhbərinin:
|
M.Y.
|
Hüquqi şəxs yaratmadan
|
_________________________________________________________
|
sahibkarlıq fəaliyyəti ilə
|
(soyadı, adı, atasının adı, imzası, telefon nömrəsi, tarix)
|
məşğul olan fiziki
|
|
şəxsdirsə, fiziki şəxsin:
|
M.Y.
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
19 dekabr 2018-ci il tarixli 545 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2741)
2.
5 mart 2021-ci il tarixli 62 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2021-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 281)
3.
21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
5 mart 2021-ci il tarixli 62 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2021-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 281) ilə “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nın 1.4-cü bəndində “məşğulluq xidməti orqanlarının” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin” sözləri ilə əvəz edilmişdir.
[2]
21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il) ilə “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nın 2.1-ci və 4.3-cü bəndlərində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilmişdir.
[3]
5 mart 2021-ci il tarixli 62 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2021-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 281) ilə “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nın 4.1.4-cü yarımbəndində “dövlət məşğulluq orqanlarında” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında və “DOST” mərkəzlərində” sözləri ilə əvəz edilmişdir.
[4]
19 dekabr 2018-ci il tarixli 545 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2741) ilə “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nın 4.3-cü bəndində “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilmişdir.