×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
14.03.2016
QEYDİYYAT NÖMRƏSİ
125
ADI
“Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 03-04-2016, Nəşr nömrəsi: 69), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2016, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 791)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
03.04.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201603140125
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
05.04.2016
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi Qaydalarının və normalarının təsdiq edilməsi barədə

Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1200-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 aprel tarixli 1138 nömrəli Sərəncamının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamənin 2.6-1-ci bəndinə uyğun edilə bilər. [2]

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 14 mart 2016-cı il

                   № 125

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2016-cı  il 14 mart tarixli 125 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin [3]

 

NÜMUNƏVİ NİZAMNAMƏSİ

 

1. Ümumi müddəalar

 

1.1. Bu Nümunəvi Nizamnamə ”Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə, 46-cı maddəsinin altıncı hissəsinə və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq dövlət və bələdiyyə adından yaradılan tibb müəssisələrinin fəaliyyətini tənzimləmək üçün onların nizamnamələrinin hazırlanması və dövlət qeydiyyatından keçirilməsi məqsədi ilə hazırlanmışdır. [4]

1.2. Dövlət və bələdiyyə adından yaradılan tibb müəssisələri (bundan sonra – müəssisə) öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununu, "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununu, bu nümunəvi Nizamnaməni və digər normativ hüquqi aktları, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (bundan sonra-Nazirlik) qərar, əmr və sərəncamlarını rəhbər tutur. [5]

1.2-1. Bu Nümunəvi Nizamnamə müəssisə üçün fərdi nizamnamənin hazırlanmasında əsas hesab olunur.

1.2-2. Müəssisə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra publik hüquqi şəxs statusunu əldə edir. [6]

1.2-3. Müəssisə dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malik olmaqla, mülki vəzifələr daşıyır və onun hüquq qabiliyyətinə isə onun ləğvinin başa çatdığı an xitam verilir. [7]

1.3. Müəssisə publik hüquqi şəxsdir və müstəqil balansa, istifadəsində olan, müvafiq olaraq, dövlət və ya bələdiyyə əmlakına, xəzinə və bank hesablarına, üzərində öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. [8]

1.4. Müəssisənin saxlanılması xərcləri və fəaliyyəti, müvafiq olaraq, Azərbaycan Respublikasının dövlət büdcəsi və ya yerli büdcə (Naxçıvan Muxtar Respublikasında yerləşən müəssisəyə münasibətdə, müvafiq olaraq, Naxçıvan Muxtar Respublikasının büdcəsi və ya yerli büdcə), büdcədənkənar vəsaitlər, könüllü və icbari tibbi sığorta sistemindən daxil olan vəsaitlər, hüquqi və fiziki şəxslərin gəlirlərindən könüllü ayırmalar, hüquqi və fiziki şəxslərin ianələri və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. [9]

1.5. Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallar istisna olmaqla, dövlət adından yaradılan müəssisənin nizamnaməsini və ona edilən dəyişiklikləri tabe olduğu orqanın təklifi əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi təsdiq edir. Bələdiyyə adından yaradılan müəssisənin nizamnaməsini və onda edilən dəyişiklikləri aidiyyəti bələdiyyə təsdiq edir. [10]

1.6. Müəssisə öz fəaliyyəti barədə ictimaiyyəti “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məlumatlandırır. [11]

1.7. Müəssisə ____________________ ünvanda yerləşir. [12]

 

2. Müəssisənin fəaliyyətinin məqsədi və istiqamətləri [13]

 

2.1. Müəssisənin fəaliyyətinin əsas məqsədi xidmət göstərdiyi əhalinin sağlamlığının qorunması və bu sahədə hüquqlarının təmin edilməsindən ibarətdir. [14]

2.2. Müəssisə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu və digər müvafiq normativ hüquqi aktlara uyğun olaraq fəaliyyət göstərir.

 

3. Müəssisənin vəzifələri

 

3.1. Müəssisə  aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda pulsuz tibbi xidmət göstərmək; [15]

3.1.2. növləri, həcmi, keyfiyyət standartları və göstərilməsi qaydası Nazirlik tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış tibbi yardım göstərmək;

3.1.3. elmi təbabətin  və texnikanın nailiyyətləri, eləcə də təbabətin qabaqcıl təcrübəsi əsasında müasir profilaktika, diaqnostika və müalicə üsullarını təcrübədə tətbiq etmək;

3.1.4. tibbi fəaliyyətin təşkilati forma və üsullarını inkişaf etdirmək və təkmilləşdirmək;

3.1.5. fəaliyyət sahəsi üzrə xəstələnmənin profilaktikası, tibbi yardımın keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirmək;

3.1.6. tibb fəaliyyətini tənzimləyən aktlardan istifadə etmək;

3.1.7. qaydası Nazirlik tərəfindən müəyyən edilən ilkin tibbi-sanitariya yardımı göstərmək;

3.1.8. ictimai təhlükəli xəstəliklərə tutulmuş vətəndaşlara tibbi-sosial yardım göstərmək, onları qanunvericiliklə müəyyən edilmiş qaydada stasionar müalicə və dispanser müşahidəsi ilə təmin etmək (bələdiyyə adından yaradılan müəssisə isə bu cür hallarda onları aidiyyəti üzrə - göndərmək); [16]

3.1.9. səhiyyədə tətbiq edilən profilaktika, diaqnostika və müalicə üsullarını, tibbi texnologiyaları, dərman və dezinfeksiya vasitələrini, immunobioloji preparatları istifadə təlimatlarına və farmakopeya məqalələrinə uyğun istifadə etmək. Tətbiqinə icazə verilməyən, lakin müəyyən edilmiş qaydada baxılmaqda olan diaqnostika və müalicə üsullarından, habelə dərman vasitələrindən Nazirliyin qərarı və pasiyentin yazılı razılığı ilə, eləcə də yetkinlik yaşına çatmayanların və fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin həyatı təhlükədə olduqda, onların valideynlərinin və ya qanuni nümayəndələrinin yazılı razılığı ilə istifadə etmək; [17]

3.1.9-1. dərman vasitəsinin effektivliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə dərman vasitələrinin təhlükəsiz istifadəsinin təmin edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq farmakonəzarət üzrə tədbirlər görmək və farmakonəzarət üzrə məsul şəxs müəyyən etmək;

3.1.9-2. dərman vasitələrinin əlavə təsirləri və dərman vasitələrinin istifadəsi zamanı yaranan digər arzuolunmaz nəticələr barədə məlumatları, həmçinin farmakonəzarət üzrə məlumatları və hesabat sənədlərini Nazirliyə təqdim etmək; [18]

3.1.10. əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək; [19]

3.1.11. tibb personalı tərəfindən dərman və dezinfeksiya vasitələrinin, immunobioloji preparatların təyinatı üzrə işlədilməsini təmin etmək, onların saxlanılması şəraitinə və yararlılıq müddətinə nəzarət etmək;

3.1.12. insanın ölüm anını təsdiq etmək;

3.1.13. qanunvericilikdə nəzərdə tutulmuş hallarda, transplantasiya məqsədi ilə insan orqan və toxumalarını götürmək; [20]

3.1.14. ölümün səbəbləri və xəstəliyin diaqnozu haqqında məlumat əldə etmək məqsədi ilə patoloji-anatomik yarma  aparmaq;

3.1.15. əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını həyata keçirmək;

3.1.16. sanitar-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər həyata keçirmək;

3.1.17. sanitariya-gigiyena və əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi üzrə tədbirlər həyata keçirmək;

3.1.18. ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.19. işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitini təmin etmək;

3.1.20. tibb sahəsində mütəxəssislərin peşə biliyi və bacarıqlarının təkmilləşdirilməsini təşkil etmək, onları ixtisas səviyyələrinin artırılmasına cəlb etmək;

3.1.21. həkim sirrinin qorunması üçün tədbirlər görmək;

3.1.22. müəssisənin və onun struktur bölmələrinin fəaliyyətinin keyfiyyətini və səmərəliliyini təhlil etmək;

3.1.23. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12-1-ci maddəsinə uyğun olaraq, mühasibat uçotunu aparmaq və maliyyə hesabatlarını tərtib etmək, dövlət hesabat məlumatlarını toplamaq, ümumiləşdirmək, təhlil etmək  və müvafiq dövlət orqanlarına təqdim etmək; [21]

3.1.24. vətəndaşların sağlamlığı vəziyyətinə “Elektron sağlamlıq kartı” vasitəsilə elektron nəzarət sistemini tətbiq etmək;

3.1.25. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

3.1.26. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə qanun-vericiliyə uyğun olaraq baxmaq və tədbirlər görmək;

3.1.27. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

3.2. Dövlət adından yaradılan tibb müəssisələri əlavə olaraq aşağıdakı vəzifələri yerinə yetirir: [22]

3.2.1. tətbiqinə icazə verilməyən, lakin müəyyən edilmiş qaydada baxılmaqda olan diaqnostika və müalicə üsullarından, habelə dərman vasitələrindən Nazirliyin qərarı və pasiyentin yazılı razılığı ilə, eləcə də yetkinlik yaşına çatmayanların və fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin həyatı təhlükədə olduqda, onların valideynlərinin və ya qanuni nümayəndələrinin yazılı razılığı ilə istifadə etmək;

3.2.2. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq donor orqanların transplantasiyasını, habelə bu məqsədlə donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirmək; [23]

3.2.3. ölümün səbəbləri və xəstəliyin diaqnozu haqqında məlumat əldə etmək məqsədi ilə patoloji-anatomik yarma aparmaq.

 

4. Müəssisənin hüquqları

 

4.1. Müəssisə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. dövlət adından yaradılan müəssisələrdə növləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış pullu tibbi yardım göstərmək; [24]

4.1.1-1. bələdiyyə adından yaradılan müəssisələrdə pullu tibbi xidmət göstərmək (“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş pulsuz tibbi xidmət göstərmə halları istisna olmaqla); [25]

4.1.2. müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

4.1.3. fəaliyyət sahəsi üzrə tibbi konfrans, simpozium və qurultaylarda iştirak etmək;

4.1.4. fəaliyyət sahəsi üzrə dövlət və bələdiyyə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq; [26]

4.1.5. müstəqil ekspertləri,  o cümlədən xarici ölkələrdə hazırlıq keçən tibb və əczaçılıq mütəxəssislərini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada öz fəaliyyətinə cəlb etmək;

4.1.6. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

4.1.7. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

 

5. Müəssisənin fəaliyyətinin idarə olunması

 

5.1. Müəssisənin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi dövlət adından yaradılan müəssisəyə münasibətdə tabe olduğu orqanın rəhbəri, bələdiyyə adından yaradılan müəssisəyə münasibətdə isə bələdiyyə (bundan sonra - tabe olduğu orqan) tərəfindən həyata keçirilir. [27]

5.2. Müəssisənin fəaliyyətinə Nazirliyin tabeliyində olan müəssisələrə münasibətdə səhiyyə naziri, digərlərinə isə müvafiq olaraq, aidiyyəti icra hakimiyyəti orqanlarının rəhbərləri və ya bələdiyyə tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müəssisənin rəhbəri (baş həkim, baş direktor, rəis, müdir) və ya kollegial icra orqanı (bundan sonra-müəssisə rəhbəri) rəhbərlik edir. Müəssisənin rəhbəri müəssisəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. [28]

5.3. Müəssisə rəhbərinin (təkbaşçı icra orqanı olduqda) tabe olduğu orqanın rəhbəri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini (müavinləri) vardır. [29]

5.4. Müəssisə rəhbərinin müavini (müavinləri) ona (onlara) həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.

5.5. Müəssisə rəhbəri:

5.5.1. müəssisənin işini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. müavinləri arasında vəzifə və iş bölgüsü aparır, müəssisənin digər vəzifəli şəxslərinin həvalə edilmiş sahələr üzrə səlahiyyətini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;

5.5.3. müəssisənin strukturuna daxil olan qurumların vəzifə təlimatlarını təsdiq edir, onların fəaliyyətinə nəzarəti təşkil edir və işinin əlaqələndirilməsini təmin edir, müvafiq yoxlamalar təyin edir;

5.5.4. müəssisənin iş planını təsdiq edir, onun vaxtında və keyfiyyətli icrasına nəzarəti həyata keçirir;

5.5.5. müəssisənin fəaliyyətini tabe olduğu orqanın sisteminə daxil olan qurumlarla əlaqələndirir;

5.5.6. müəssisənin fəaliyyəti ilə bağlı məsələlərin tabe olduğu orqanın kollegiyasının (bələdiyyə iclasının) müzakirəsinə çıxarılması üçün təşəbbüs göstərir, bu məsələlərin kollegiyanın (bələdiyyə iclasının)  müzakirəsinə hazırlanmasını təmin edir; [30]

5.5.7. tabe olduğu orqanın iş planında və kollegiyasının qərarlarında, əmr və sərəncamlarında nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir; [31]

5.5.8. müəssisənin və onun strukturuna daxil olan qurumların fəaliyyətinə, tabeliyində olan işçilərin vəzifələrinin yerinə yetirilməsinə, müəssisədə icra və əmək intizamına nəzarət edir;

5.5.9. müəyyən edilmiş struktur, işçilərin say həddi və ayrılmış büdcə vəsaitləri daxilində müəssisənin və strukturuna daxil olan digər qurumların xərclər smetasına dair yuxarı idarəetmə orqanına təkliflər verir;

5.5.10. müəssisənin fəaliyyətinin, ştat və strukturunun təkmilləşdirilməsinə  dair tabe olduğu orqanın rəhbərinə təkliflər verir;

5.5.11. səlahiyyətləri daxilində kadr məsələlərini həll edir;

5.5.12. qanunvericiliklə müəyyən edilmiş qaydada işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həvəsləndirilməsi, intizam tənbeh tədbirlərinin tətbiq edilməsi və vəzifədən kənarlaşdırılması barədə tədbirlər görür;

5.5.13. müvafiq olaraq, dövlət büdcəsindən və ya yerli büdcədən ayrılan vəsaitlərin həddi nəzərə alınmaqla, işçilərin vəzifə maaşlarına əlavələrin, maddi yardımın və mükafatların verilməsini təmin edir; [32]

5.5.14. müvafiq olaraq, dövlət büdcəsindən və ya yerli büdcədən ayrılmış vəsait və ştat sayı hüdudlarında tabeliyində olan qurumların yaradılması, yenidən təşkili və ləğv edilməsi, habelə yeni ştat vahidlərinin ayrılması barədə tabe olduğu orqana təkliflər verir;

5.5.15. səlahiyyətləri daxilində korrupsiyaya və maraqlar toqquşmasına qarşı tədbirlər görür;

5.5.16. səlahiyyətləri daxilində icrası məcburi olan əmr, sərəncam və yazılı göstərişlər verir, onların icrasını təşkil edir və icrasına nəzarəti həyata keçirir;

5.5.17. müəssisədə kargüzarlıq və arxiv işinin aparılmasını, dövlət sirrinin qorunmasını və məxfilik rejiminə riayət olunmasını təmin edir;

5.5.18. müvafiq olaraq, dövlət büdcəsindən və ya yerli büdcədən ayrılmış vəsaitin təyinatı üzrə və səmərəli xərclənməsini təmin edir;

5.5.19. səlahiyyətləri daxilində digər məsələləri həll edir.

5.6. Müəssisə rəhbərinin müavini:

5.6.1. vəzifə bölgüsü ilə ona həvalə edilmiş sahələrin fəaliyyətinə görə məsuliyyət daşıyır;

5.6.2. ona həvalə edilmiş sahənin işinə nəzarət edir;

5.6.3. müvafiq sahələrin fəaliyyətinə nəzarət edir;

5.6.4. həvalə edilmiş sahələr üzrə fəaliyyətin təkmilləşdirilməsi məqsədi ilə müəssisənin rəhbərinə təkliflər verir;

5.6.5. ümumiləşdirmələr aparır, statistik və digər hesabatları hazırlayır və müəssisə rəhbərinə təqdim edir;

5.6.6. müəssisənin rəhbəri vəzifəsini icra edə bilmədikdə, tabe olduğu orqanın rəhbərinin tapşırığına əsasən onun vəzifələrini yerinə yetirir;

5.6.7. peşə hazırlığının yüksəldilməsi məqsədi ilə tibb elmini daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır;

5.6.8. fəaliyyəti ilə bağlı tabe olduğu orqanın rəhbərliyinin və müəssisə rəhbərinin tapşırıqlarını yerinə yetirir.

5.7. Müəssisədə onun rəhbərliyindən və digər rəhbər işçilərdən ibarət məşvərətçi kollegial orqan – Tibbi Şura yaradılır. Tibbi Şuranın üzvlərinin sayı və fərdi tərkibi, habelə iş qaydası tabe olduğu orqanın rəhbəri tərəfindən müəyyən edilir. [33]

5.8. Tibbi Şura:

5.8.1. müəssisənin xüsusiyyətləri nəzərə alınmaqla, ayrı-ayrı xəstəliklər üzrə müayinə və müalicə standartlarının tətbiqini təmin edir;

5.8.2. müəssisədə aparılan müalicə-profilaktika və sanitariya-əksepidemik fəaliyyətin keyfiyyətini və səmərəliliyini öyrənir, bu fəaliyyətin təkmilləşdirilməsi istiqamətində müzakirələr təşkil edir;

5.8.3. müəssisənin dövri hesabatlarına dair dinləmələr keçirir və onun fəaliyyətinə qiymət verir;

5.8.4. işində ciddi nöqsanlar aşkar edilmiş ayrı-ayrı tibb işçilərinin fəaliyyətini müzakirə edir, nəticəsindən asılı olaraq, onlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi barədə tövsiyələr verir;

5.8.5. təbabətin aktual məsələlərinə həsr olunmuş kliniki müzakirələrin və elmi-praktik konfransların mövzularını müəyyən edir;

5.8.6. klinik diaqnostikasında çətinlik və tərəddüdlərlə qarşılanmış xəstəliklər nəticəsində baş vermiş, klinik və patoloji anotomik diaqnozlarda ciddi uyğunsuzluq olan və mübahisə doğuran ölüm hadisələrini və bununla bağlı tibb işçilərinin fəaliyyətini müzakirə edir, nəticəsindən asılı olaraq müvafiq tövsiyələr verir;

5.8.7. müəssisənin iş planını və onun icrası vəziyyətini müzakirə edir.

5.9. Tibbi Şuranın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Tibbi Şuranın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Qərar qəbul edilərkən səslər bərabər olarsa, Tibbi Şuranın sədrinin səsi həlledici hesab edilir. 

5.10. Tibbi Şuranın qərarları protokolla rəsmiləşdirilir və sədri tərəfindən təsdiq edilir.

5.11. Tibbi Şuranın iclasları müəssisənin rəhbəri tərəfindən mütəmadi olaraq çağırılır.

5.12. Müəssisənin fəaliyyətinə nəzarət tabe olduğu orqan, həmçinin bu Nümunəvi Nizamnamə ilə müəyyən edilmiş qaydada müəssisə rəhbəri və Tibbi Şura tərəfindən həyata keçirilir. [34]

 

6. Müəssisənin nizamnamə fondu və əmlakı [35]

 

6.1. Müəssisənin nizamnamə fondu tabe olduğu orqan tərəfindən verilmiş əmlak hesabına formalaşır.

6.2. Müəssisənin əmlakı nizamnamə fondundan, ona tabe olduğu orqan tərəfindən verilmiş digər əmlakdan, müvafiq olaraq, dövlət büdcəsindən və ya yerli büdcədən ayrılan vəsaitdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən və qrantlardan formalaşır.

6.3. Müəssisə əmlakı üzərində sahiblik və istifadə hüququnu yalnız məqsədlərinə uyğun olaraq sərbəst, sərəncam vermək hüququnu isə tabe olduğu orqanla razılaşdırmaqla həyata keçirir.

6.4. Müəssisənin tabe olduğu orqan müəssisənin öhdəlikləri üçün cavabdeh deyildir və onun fəaliyyəti ilə bağlı zərər üçün müəssisəyə verdiyi əmlakın dəyəri həddində risk daşıyır.

 

7. Müəssisənin yenidən təşkili və ləğvi [36]

 

Müəssisənin ləğvi və yenidən təşkili ilə bağlı məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

 

Qeyd. Bu Nizamnamədə dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. [37]

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       24 oktyabr 2016-cı il tarixli 418 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 oktyabr 2016-cı il, № 236, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1735)

2.       5 iyul 2017-ci il tarixli 275 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 iyul 2017-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1473)

3.       25 oktyabr 2018-ci il tarixli 465 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 oktyabr 2018-ci il, № 242, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2179)

4.       7 mart 2019-cu il tarixli 84 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 518)

5.       30 aprel 2021-ci il tarixli 123 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 may 2021-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 426)

6.       26 fevral 2022-ci il tarixli 63 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 mart 2022-ci il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 187)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 24 oktyabr 2016-cı il tarixli 418 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 oktyabr 2016-cı il, № 236, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1735) ilə adında və ikinci abzasda Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki” sözləri “Dövlət və bələdiyyə tərəfindən yaradılan” sözləri ilə əvəz edilmişdir.

 

[2] 26 fevral 2022-ci il tarixli 63 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 mart 2022-ci il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 187) ilə qərarın ikinci abzası 1-ci hissə hesab edilmişdir və yeni məzmunda 2-ci hissə əlavə edilmişdir.

 

[3] 24 oktyabr 2016-cı il tarixli 418 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 oktyabr 2016-cı il, № 236, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1735) ilə “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin adında Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki” sözləri “Dövlət və bələdiyyə tərəfindən yaradılan” sözləri ilə əvəz edilmişdir.

 

[4] 24 oktyabr 2016-cı il tarixli 418 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 oktyabr 2016-cı il, № 236, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1735) ilə “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 1.1-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

1.1. Bu Nümunəvi Nizamnamə "Əhalinin sağlamlığının qorunması haq­qında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə və 46-cı maddəsinin altıncı hissəsinə uyğun olaraq hazırlanmışdır və tabeliyindən, təşkilati-hüquqi formasından asılı olmayaraq, dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki dövlət tibb müəssisələrinin fəaliyyətini tənzimləmək üçün onların nizamnamələrinin hazırlanması və hüquqi şəxslərin dövlət qeydiyyatından keçirilməsi məqsədi ilə hazırlanmışdır.

 

[5] 24 oktyabr 2016-cı il tarixli 418 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 oktyabr 2016-cı il, № 236, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1735) ilə “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 1.2-ci bənddə “Dövlət tibb müəssisəsi” sözləri “Dövlət və bələdiyyə adından yaradılan tibb müəssisələri” sözləri ilə əvəz edilmişdir, həmin bəndə “Məcəlləsini,” sözündən sonra “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununu,” sözləri əlavə edilmişdir.

 

[6] 26 fevral 2022-ci il tarixli 63 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 mart 2022-ci il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 187) ilə “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 1.2-2-ci bəndində Vergilər Nazirliyi sözləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sözləri ilə əvəz edilmişdir.

 

[7] 24 oktyabr 2016-cı il tarixli 418 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 oktyabr 2016-cı il, № 236, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1735) ilə “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə yeni məzmunda 1.2-1-ci, 1.2-2-ci və 1.2-3-cü bəndlər əlavə edilmişdir.

 

[8] 24 oktyabr 2016-cı il tarixli 418 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 oktyabr 2016-cı il, № 236, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1735) ilə “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 1.3-cü bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

1.3. Müəssisə qeyri-kommersiya hüquqi şəxsdir və müstəqil balansa, istifadəsində olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

 

[9] 24 oktyabr 2016-cı il tarixli 418 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 oktyabr 2016-cı il, № 236, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1735) ilə “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 1.4-cü bənddə “Azərbaycan Respublikasının dövlət büdcəsi (Naxçıvan Muxtar Respublikasında yerləşən dövlət müəssisələrinə münasibətdə Naxçıvan Muxtar Respublikasının büdcəsi)” sözləri “, müvafiq olaraq, Azərbaycan Respublikasının dövlət büdcəsi və ya yerli büdcə (Naxçıvan Muxtar Respublikasında yerləşən müəssisəyə münasibətdə, müvafiq olaraq, Naxçıvan Muxtar Respublikasının büdcəsi və ya yerli büdcə)” sözləri ilə əvəz edilmişdir.

 

[10] 24 oktyabr 2016-cı il tarixli 418 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 oktyabr 2016-cı il, № 236, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1735) ilə “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə yeni məzmunda 1.5-ci bənd əlavə edilmişdir.

 

26 fevral 2022-ci il tarixli 63 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 mart 2022-ci il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 187) ilə “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 1.5-ci bəndin birinci cümləsində Əmlak Məsələləri Dövlət Komitəsi sözləri İqtisadiyyat Nazirliyi sözləri ilə əvəz edilmişdir.

 

[11] 24 oktyabr 2016-cı il tarixli 418 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 oktyabr 2016-cı il, № 236, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1735) ilə “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə yeni məzmunda 1.6-cı bənd əlavə edilmişdir.

 

[12] 24 oktyabr 2016-cı il tarixli 418 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 oktyabr 2016-cı il, № 236, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1735) ilə “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə yeni məzmunda 1.7-ci bənd əlavə edilmişdir.

 

[13] 24 oktyabr 2016-cı il tarixli 418 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 oktyabr 2016-cı il, № 236, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1735) ilə “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 2-ci hissənin adında “fəaliyyət istiqaməti” sözləri “fəaliyyətinin məqsədi və istiqamətləri” sözləri ilə əvəz edilmişdir.

 

[14] 24 oktyabr 2016-cı il tarixli 418 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 oktyabr 2016-cı il, № 236, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1735) ilə “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 2.1-ci bənd 2.2-ci bənd hesab edilmişdir və yeni məzmunda 2.1-ci bənd əlavə edilmişdir.

 

[15] 24 oktyabr 2016-cı il tarixli 418 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 oktyabr 2016-cı il, № 236, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1735) ilə “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 3.1.1-ci yarımbəndə “pulsuz” sözündən əvvəl “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda” sözləri əlavə edilmişdir.

 

[16] 24 oktyabr 2016-cı il tarixli 418 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 oktyabr 2016-cı il, № 236, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1735) ilə “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 3.1.8-ci yarımbəndə “təmin etmək” sözlərindən sonra “(bələdiyyə adından yaradılan müəssisə isə bu cür hallarda onları aidiyyəti üzrə - göndərmək)” sözləri əlavə edilmişdir.

 

[17] 24 oktyabr 2016-cı il tarixli 418 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 oktyabr 2016-cı il, № 236, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1735) ilə “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 3.1.9-cu yarımbənddən ikinci cümlə çıxarılmışdır.

 

[18] 25 oktyabr 2018-ci il tarixli 465 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 oktyabr 2018-ci il, № 242, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2179) ilə “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə yeni məzmunda 3.1.9-1-ci və 3.1.9-2-ci yarımbəndlər əlavə edilmişdir.

 

[19] 7 mart 2019-cu il tarixli 84 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 518) ilə “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 3.1.10-cu yarımbəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

3.1.10. orqanizmin funksiyalarının davamlı pozulması nəticəsində həyat fəaliyyətinin məhdudlaşmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsi məqsədi ilə tibbi-sosial ekspert komissiyalarına göndəriş vermək;

 

[20] 24 oktyabr 2016-cı il tarixli 418 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 oktyabr 2016-cı il, № 236, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1735) ilə “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 3.1.13-cü və 3.1.14-cü yarımbəndləri ləğv edilmişdir.

 

[21] 5 iyul 2017-ci il tarixli 275 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 iyul 2017-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1473) ilə “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 3.1.23-cü yarımbəndində “mühasibat uçotunu aparmaq” sözləri “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12-1-ci maddəsinə uyğun olaraq, mühasibat uçotunu aparmaq və maliyyə hesabatlarını tərtib etmək” sözləri ilə əvəz edilmişdir.

 

[22] 24 oktyabr 2016-cı il tarixli 418 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 oktyabr 2016-cı il, № 236, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1735) ilə “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə yeni məzmunda 3.2-ci bənd əlavə edilmişdir.

 

[23] 30 aprel 2021-ci il tarixli 123 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 may 2021-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 426) ilə “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsinin 3.2.2-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

3.2.2. qanunvericilikdə nəzərdə tutulmuş hallarda, transplantasiya məqsədi ilə insan orqan və toxumalarını götürmək;

 

[24] 24 oktyabr 2016-cı il tarixli 418 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 oktyabr 2016-cı il, № 236, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1735) ilə “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 4.1.1-ci yarımbəndə “növləri” sözündən əvvəl “dövlət adından yaradılan müəssisələrdə” sözləri əlavə edilmişdir.

 

[25] 24 oktyabr 2016-cı il tarixli 418 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 oktyabr 2016-cı il, № 236, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1735) ilə “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə yeni məzmunda 4.1.1-1-ci yarımbənd əlavə edilmişdir.

 

[26] 24 oktyabr 2016-cı il tarixli 418 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 oktyabr 2016-cı il, № 236, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1735) ilə “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 4.1.4-cü yarımbənddə “yerli özünüidarəetmə” sözləri “bələdiyyə” sözü ilə əvəz edilmişdir.

 

[27] 24 oktyabr 2016-cı il tarixli 418 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 oktyabr 2016-cı il, № 236, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1735) ilə “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 5.1-ci bənddə “tabe olduğu orqanın rəhbəri” sözləri “dövlət adından yaradılan müəssisəyə münasibətdə tabe olduğu orqanın rəhbəri, bələdiyyə adından yaradılan müəssisəyə münasibətdə isə bələdiyyə (bundan sonra - tabe olduğu orqan)” sözləri ilə əvəz edilmişdir.

 

[28] 24 oktyabr 2016-cı il tarixli 418 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 oktyabr 2016-cı il, № 236, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1735) ilə “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 5.2-ci bəndin birinci cümləsi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Müəssisənin fəaliyyətinə Nazirliyin tabeliyində olan müəssisələrə münasibətdə səhiyyə naziri, digərlərinə isə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müəssisənin rəhbəri (baş həkim, baş direktor, direktor, rəis, müdir) rəhbərlik edir.

 

[29] 24 oktyabr 2016-cı il tarixli 418 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 oktyabr 2016-cı il, № 236, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1735) ilə “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 5.3-cü bəndə “rəhbərinin” sözündən sonra “(təkbaşçı icra orqanı olduqda)” sözləri əlavə edilmişdir.

 

[30] 24 oktyabr 2016-cı il tarixli 418 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 oktyabr 2016-cı il, № 236, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1735) ilə “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 5.5.6-cı yarımbəndə “kollegiyasının” və “kollegiyanın” sözlərindən sonra “(bələdiyyə iclasının)” sözləri əlavə edilmişdir.

 

[31] 24 oktyabr 2016-cı il tarixli 418 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 oktyabr 2016-cı il, № 236, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1735) ilə “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 5.5.7-ci yarımbənddən “kollegiyasının” sözü çıxarılmışdır.

 

[32] 24 oktyabr 2016-cı il tarixli 418 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 oktyabr 2016-cı il, № 236, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1735) ilə “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 5.5.13-cü, 5.5.14-cü və 5.5.18-ci yarımbəndlərdə “dövlət büdcəsindən” sözləri “müvafiq olaraq, dövlət büdcəsindən və ya yerli büdcədən” sözləri ilə əvəz edilmişdir.

 

[33] 24 oktyabr 2016-cı il tarixli 418 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 oktyabr 2016-cı il, № 236, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1735) ilə “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 5.7-ci bəndin birinci cümləsində “rəhbərindən (sədrindən), müavinlərdən” sözləri “rəhbərliyindən” sözü ilə, ikinci cümləsində “tabeliyində olan” sözləri “tabe olduğu” sözləri ilə əvəz edilmişdir.

 

[34] 24 oktyabr 2016-cı il tarixli 418 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 oktyabr 2016-cı il, № 236, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1735) ilə “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə yeni məzmunda 5.12-ci bənd əlavə edilmişdir.

 

[35] 24 oktyabr 2016-cı il tarixli 418 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 oktyabr 2016-cı il, № 236, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1735) ilə “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 6-cı hissə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

 

6. Müəssisənin yenidən təşkili və ləğv olunması

 

6.1. Müəssisənin yenidən təşkili və ləğv olunması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırıl-maqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

 

[36] 24 oktyabr 2016-cı il tarixli 418 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 oktyabr 2016-cı il, № 236) ilə “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə yeni məzmunda 7-ci hissə əlavə edilmişdir.

 

[37] 24 oktyabr 2016-cı il tarixli 418 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 oktyabr 2016-cı il, № 236) ilə “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə 7-ci hissənin mətnindən sonra yeni məzmunda “Qeyd” əlavə edilmişdir.

 

26 fevral 2022-ci il tarixli 63 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 mart 2022-ci il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 187) ilə “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin “Qeyd” hissəsi ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status