AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
15.03.2016
QEYDİYYAT NÖMRƏSİ
177-VQ
ADI
Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 22-04-2016, Nəşr nömrəsi: 85), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2016, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 633)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
22.04.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
130.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201603150177
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
22.04.2016
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 12-ci və 13-cü bəndlərinə uyğun olaraq, tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

 

1-ci fəsil

Ümumi müddəalar

 

Maddə 1. Bu Qanunun məqsədi

 

Bu Qanunun məqsədi bu Qanunun 3.1-ci maddəsində göstərilən tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsini təmin etməkdən ibarətdir.

 

Maddə 2. Əsas anlayışlar

 

2.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.0.1. xüsusi maliyyələşmə - bu Qanunun 3.1-ci maddəsində göstərilən tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin “Tik-idarə et-təhvil ver” modelinə uyğun maliyyələşdirilməsi;

2.0.2. “Tik-idarə et-təhvil ver” modeli (bundan sonra “TİT” modeli) - bu Qanunun 3.1-ci maddəsində göstərilən tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investisiya xərclərinin (əldə ediləcək gəlir də daxil olmaqla) investora, onun istehsal etdiyi mal və xidmətlərin istehlakçılar və ya səlahiyyətli orqan tərəfindən müqaviləyə uyğun olaraq satınalma yolu ilə ödənməsi;

2.0.3. investor – “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq investisiya fəaliyyətini həyata keçirən rezident və qeyri-rezident hüquqi şəxslər, onların filialları və ya daimi nümayəndəlikləri;

2.0.4. səlahiyyətli orqan - bu Qanunun 3.1-ci maddəsində göstərilən tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin “TİT” modelinə uyğun həyata keçirilməsini təmin etmək məqsədi ilə investorlarla müqavilə bağlamaq və müqavilə müddəti başa çatdıqdan sonra həmin obyekti təhvil almaq səlahiyyəti olan müvafiq icra hakimiyyəti orqanı;

2.0.5. əməkdaşlıq yardımı – investorun investisiya layihəsi üzrə çəkdiyi xərclərin istehlakçılar tərəfindən xidmət haqları formasında tam və ya qismən ödənilməsi mümkün olmadığı hallarda onların ödədiyi xidmət haqları və investorun itkiləri nəzərə alınmaqla, tərəflərin razılığı ilə müəyyən edilən və səlahiyyətli orqan tərəfindən verilən maddi yardım;

2.0.6. xidmət haqqı – “TİT” modelinə uyğun investisiya qoyuluşu nəticəsində istehsal olunan mal və xidmətlərin əvəzində səlahiyyətli orqan və ya istehlakçılar tərəfindən müqaviləyə müvafiq olaraq ödənilən məbləğ.

 

Maddə 3. Bu Qanunun tətbiq dairəsi

 

3.1. Bu Qanun aşağıdakı tikinti və infrastruktur obyektlərinin və onlara oxşar obyektlərin “TİT” modelinə uyğun olan maliyyələşmə əsasında tikintisinə (inşasına, cari və əsaslı təmirinə, yenidən qurulmasına, bərpasına), idarə edilməsinə və təhvil verilməsinə investisiyanın cəlb olunmasının hüquqi əsaslarını müəyyən edir:

3.1.1. körpülər, tunellər;

3.1.2. su anbarları, sutəmizləmə qurğuları, suvarma, içməli və məişət su, habelə kanalizasiya sistemləri, o cümlədən magistral qaz kəmərləri, yeraltı qaz anbarları, şəhərdaxili qaz şəbəkələri;

3.1.3. mətbuat və konfrans mərkəzləri, habelə təhsil, səhiyyə, mədəniyyət və turizm obyektləri;

3.1.4. kommersiya məqsədli binalar, topdansatış bazarları, fabriklər və zavodlar;

3.1.5. idman mərkəzləri, yataqxanalar, istirahət və əyləncə parkları;

3.1.6. sənaye parkları, yüksək texnologiya parkları, aqroparklar, yüksək texnologiyalara əsaslanan avtomatlaşdırılmış idarəetmə sistemləri və informasiya texnologiyaları sahəsində digər sistemlər;

3.1.7. kənd təsərrüfatı məhsullarının tədarük anbarları və bu tipli digər obyektlər;

3.1.8. geotermik və tullantıların istilikyaratma qabiliyyəti əsasında işləyən obyektlər və qızdırıcı sistemlər, elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və satışı ilə məşğul olan müəssisələr;

3.1.9. şoselər, avtomagistrallar, dəmir yolu və relsli sistemlər, avtovağzal kompleksləri, stansiyalar, funikulyor və qaldırıcı sistemlər, logistika mərkəzləri, yeraltı və yerüstü avtomobil dayanacaqları, metro xətləri və stansiyaları;

3.1.10. xüsusi iqtisadi zonalar, mülki məqsədlərlə istifadə edilən dəniz və hava limanları, yük, sərnişindaşıma və yaxta limanlarından ibarət komplekslər.

3.2. Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi üzrə münasibətlər bu Qanunla yanaşı Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.

3.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Qanundan fərqli qaydalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin normaları tətbiq edilir.

3.4. Ələt azad iqtisadi zonasında tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi üzrə münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir. [2]

3.5. Bu maddədə nəzərdə tutulan tikinti və infrastruktur obyektləri və onlara oxşar obyektlərin layihələndirilməsi “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinə aid olduqda bu obyektlərə dair ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir. [3]

3.6. Bu Qanunun 3.5-ci maddəsində nəzərdə tutulan mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq dəyişikliklər edilir. [4]

3.7. Bu Qanunun 3.5-ci maddəsində nəzərdə tutulan mövcud obyektlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.

3.8. Bu Qanunun 3.5-ci maddəsində nəzərdə tutulan obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur.

 

2-ci fəsil

“TİT” modeli çərçivəsində fəaliyyətin əsasları

 

Maddə 4. “TİT” modeli əsasında bağlanılan müqavilələrə dair tələblər

 

Bu Qanunun 3.1-ci maddəsində göstərilən tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən “TİT” modeli çərçivəsində həyata keçirilməsinin şərtlərini, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələbləri, bağlanılan müqavilələrin xüsusiyyətlərini və şərtlərini, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsinin qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 5. Məsuliyyət və zərərin əvəzinin ödənilməsi

 

5.1. İnvestor öhdəlik götürdüyü tikinti və infrastruktur obyektinin müqavilədə müəyyən edilmiş müddətdə layihələndirilməsinə, maliyyələşdirilməsinə, tikintisinə (inşasına, cari və əsaslı təmirinə, yenidən qurulmasına, bərpasına) və istifadəyə verilməsinə görə məsuliyyət daşıyır.

5.2. Müqavilədə öhdəliklərin investor tərəfindən yerinə yetirilməməsi nəticəsində yaranacaq zərərin əvəzinin ödənilməsi ilə bağlı müddəalar nəzərdə tutulmalıdır.

 

Maddə 6. Müddət

 

6.1. Müqavilədə investorun öhdəlik götürdüyü tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihəsinin həyata keçirilməsinin müddəti müəyyənləşdirilərkən, investisiya xərclərinin (əldə ediləcək gəlir daxil olmaqla) və investisiya məqsədi ilə götürülmüş kreditlərin geri qaytarılması müddəti, habelə layihənin xüsusiyyətləri, investisiyanın məbləği və obyektlərin idarə olunma prinsipləri nəzərə alınmalıdır.

6.2. “TİT” modelinə uyğun bağlanan müqavilələrin müddəti 49 ildən artıq ola bilməz.

 

Maddə 7. Dəyərin müəyyən edilməsi

 

7.1. “TİT” modeli üzrə həyata keçirilən investisiya qoyuluşları nəticəsində istehsal olunan mal və xidmətlərin dəyəri onların növləri, istehlakının və ya istifadəsinin miqdarı, keyfiyyəti, təhlükəsizliyi və digər meyarlar nəzərə alınmaqla, tərəflərin razılığı əsasında müəyyənləşdirilir (qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətlər istisna olmaqla).

7.2. Tərəflərin razılığına əsasən səlahiyyətli orqan investorun istehsal etdiyi mal və xidmətlərin müəyyən həddə qədər satın alınmasına dair Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qarantiya öhdəliyi götürə bilər.

7.3. Bu Qanunun 7.1-ci və 7.2-ci maddələri əməkdaşlıq yardımına da tətbiq edilir.

 

Maddə 8. Təhvil vermə

 

İnvestor tərəfindən bu Qanuna uyğun olaraq həyata keçirilmiş investisiya layihələrinin predmeti olan tikinti və infrastruktur obyektləri müqavilədə nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra bütün borc və öhdəliklərdən azad, amortizasiya nəzərə alınmaqla təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə, əvəzsiz olaraq səlahiyyətli orqanın idarəçiliyinə verilir.

 

Maddə 9. Dövlət ehtiyacları üçün geri alınma

 

“TİT” modelinə uyğun yaradılan (inşa, təmir və bərpa edilən, yenidən qurulan) tikinti və infrastruktur obyektləri tərəflərin razılaşmasına əsasən, onlar üzrə çəkilən xərclər və əldə ediləcək gəlirlər tam ödənilməklə, müqavilədə nəzərdə tutulan müddətdən əvvəl dövlət ehtiyacları üçün geri alına bilər.

 

Maddə 10. Dövlət zəmanəti

 

10.1. “TİT” modelinə uyğun bağlanmış müqavilə üzrə investorlar qarşısında götürülmüş öhdəliklərin icrasına dövlət zəmanəti verilir.

10.2. Müqaviləyə investorun təşəbbüsü ilə vaxtından əvvəl xitam verildikdə, səlahiyyətli orqan həmin investisiya layihəsi üzrə investorun götürdüyü öhdəliklərə görə məsuliyyət daşımır.

 

Maddə 11. Güzəştlər

 

Bu Qanunun 3.1-ci maddəsində göstərilən tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrini “TİT” modelinə uyğun həyata keçirən investor həyata keçirdiyi fəaliyyətlə bağlı dövlət rüsumlarından və yığımlardan azaddır.

 

3-cü fəsil

Yekun müddəalar

 

Maddə 12. Bu Qanunun pozulmasına görə məsuliyyət

 

Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyır.

 

Maddə 13. Keçid müddəalar

 

13.1. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları xüsusi maliyyələşmə əsasında həyata keçirilən investisiya layihələrinə şamil edilmir.

13.2. Bu Qanunun qüvvəyə minməsindən əvvəl “TİT” modelinə uyğun bağlanan müqavilələr əsasında həyata keçirilən investisiya layihələrinə bu Qanunun müddəaları şamil olunmur.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 mart 2016-cı il

              № 177-VQ

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       28 dekabr 2018-ci il tarixli 1413-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 yanvar 2019-cu il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 30)

2.       3 may 2019-cu il tarixli 1581-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyun 2019-cu il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 990)

3.       22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689)

4.       27 may 2021-ci il tarixli 337-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul 2021-ci il, № 146, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 701)

5.       9 dekabr 2022-ci il tarixli 691-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 27 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 28 dekabr 2022-ci il, № 285)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 9 dekabr 2022-ci il tarixli 691-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 27 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 28 dekabr 2022-ci il, № 285) ilə ləğv edilmişdir.

 

[2] 28 dekabr 2018-ci il tarixli 1413-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 yanvar 2019-cu il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 30) ilə yeni məzmunda 3.4-cü maddə əlavə edilmişdir.

 

[3] 3 may 2019-cu il tarixli 1581-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyun 2019-cu il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 990) ilə yeni məzmunda 3.4-3.7-ci maddələr əlavə edilmişdir.

 

22 oktyabr 2019-cu il tarixli 1683-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2019-cu il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №11, maddə 1689) ilə “3.4 (ikinci halda), 3.5, 3.6, 3.7” rəqəmləri müvafiq olaraq “3.5, 3.6, 3.7, 3.8” rəqəmləri ilə əvəz edilmişdir.

 

[4] 27 may 2021-ci il tarixli 337-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul 2021-ci il, № 146, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 701) ilə 3.6-cı, 3.7-ci və 3.8-ci maddələrində “3.4-cü” sözləri “3.5-ci” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status