Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Müstəqillik əldə edildikdən sonra dövlət əmlakının özəlləşdirilməsi ölkə iqtisadiyyatının rəqabətli olması ilə yanaşı, geniş sahibkarlıq təbəqəsinin formalaşmasına, habelə iqtisadiyyatda özəl sektorun xüsusi çəkisinin artmasına səbəb olmuşdur.
Hazırda dünyada gedən iqtisadi proseslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılmasını, dövlət əmlakının idarə edilməsi sahəsində qarşıda duran yeni vəzifələrin yerinə yetirilməsini və bu sahədə əlavə tədbirlərin görülməsini zəruri edir.
Yeni iqtisadi reallıqda dövlət əmlakının qorunması və səmərəli idarə olunması məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Müəyyən edilsin ki, dövlət əmlakının özəlləşdirilməsi bu Fərman qüvvəyə mindiyi günədək Azərbaycan Respublikası Prezidentinin qərarları ilə özəlləşdirməyə açıq elan edilmiş, eləcə də Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin qərarı ilə özəlləşdirilən müəssisə və obyektlər, habelə torpaq sahələrinin özəlləşdirilməsi istisna olmaqla, Azərbaycan Respublikası Prezidentinin qərarları ilə həyata keçirilir.
[1]
2. Azərbaycan Respublikası Nazirlər Kabineti:
2.1. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının yeni qanun layihəsini özəlləşdirilən dövlət əmlakının qiymətinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun müəyyən edilməsi nəzərə alınmaqla iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
[2]
2.2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri əsasında:
[3]
2.2.1. özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərini hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ilə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2.2. cari ildə özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
3.1. bu Fərman qüvvəyə mindiyi gündən “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar qəbul edilməsini bu Fərmanın 1-ci bəndinə riayət etməklə həyata keçirsin;
[4]
3.2. bu Fərman qüvvəyə mindiyi günədək “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən özəlləşdirilməsi barədə, müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən qərar qəbul edilmiş, lakin barəsində özəlləşdirmə əqdi bağlanmamış dövlət əmlakının özəlləşdirilməsi (özəlləşmə prosesində səhmdar cəmiyyətə çevrilmiş müəssisələrin səhmlərinin satışı da daxil olmaqla) istiqamətində tədbirlərin görülməsini başa çatdırsın və həmin dövlət əmlakının siyahısını 20 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.3. bu Fərman qüvvəyə mindiyi günədək “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən özəlləşdirilməsi barədə, müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən qərar qəbul edilmiş və barəsində özəlləşdirmə əqdi bağlanmış dövlət əmlakının özəlləşdirilməsi prosesini ən qısa müddətdə başa çatdırsın və həmin dövlət əmlakının siyahısını 20 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.4. bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 may 2016-cı il
№ 894
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- 19 iyul 2016-cı il tarixli 1002 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 20 iyul 2016-cı il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1273)
- 3 avqust 2022-ci il tarixli 1793 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 avqust 2022-ci il, “Xalq” qəzeti 4 avqust 2022-ci il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 853)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
19 iyul 2016-cı il tarixli 1002 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 20 iyul 2016-cı il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1273) ilə fərmanın 1-ci bəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
1. Müəyyən edilsin ki, dövlət əmlakının özəlləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin qərarları ilə həyata keçirilir.
3 avqust 2022-ci il tarixli 1793 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 avqust 2022-ci il, “Xalq” qəzeti 4 avqust 2022-ci il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 853) ilə 1-ci hissədə “Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri “İqtisadiyyat Nazirliyinin” sözləri ilə əvəz edilmişdir.
[2]
19 iyul 2016-cı il tarixli 1002 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 20 iyul 2016-cı il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1273) ilə fərmanın 2.1-ci bəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
2.1. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının yeni qanun layihəsini (özəlləşdirilən dövlət əmlakının qiymətinin həmin əmlakın bazar dəyəri əsasında formalaşdırılması meyarı nəzərə alınmaqla) iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
[3]
3 avqust 2022-ci il tarixli 1793 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 avqust 2022-ci il, “Xalq” qəzeti 4 avqust 2022-ci il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 853) ilə 2.2-ci bənddə və 3-cü hissənin birinci abzasında, 3.2-ci və 3.3-cü bəndlərdə ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
[4]
19 iyul 2016-cı il tarixli 1002 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 20 iyul 2016-cı il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1273) ilə fərmanın 3.1-ci və 3.2-ci bəndləri yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
3.1. bu Fərman qüvvəyə mindiyi gündən “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar qəbul edilməsini dayandırsın;
3.2. bu Fərman qüvvəyə mindiyi günədək “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən özəlləşdirilməsi barədə, müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qərar qəbul edilmiş, lakin barəsində özəlləşdirmə əqdi bağlanmamış dövlət əmlakının özəlləşdirilməsi (özəlləşmə prosesində səhmdar cəmiyyətə çevrilmiş müəssisələrin səhmlərinin satışı da daxil olmaqla) istiqamətində tədbirlərin görülməsini dayandırsın və həmin dövlət əmlakının siyahısını 20 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;