×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
20.05.2016
QEYDİYYAT NÖMRƏSİ
905
ADI
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 22-05-2016, Nəşr nömrəsi: 110), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2016, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 866)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
22.05.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.050.030
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201605200905
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
24.05.2016
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, N 9, maddə 539; 2006, N 2, maddə 82; 2008, N 3, maddə 168, N 8, maddə 713; 2009, N 7, maddə 532; 2010, N 9, maddə 770; 2015, N 6, maddə 700) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü hissə üzrə:

1.1. birinci cümlədə “vətəndaşlığa xitam verilməsi” sözləri “vətəndaşlıqdan çıxma” sözləri ilə, “Milli Təhlükəsizlik Nazirliyinə” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə” sözləri ilə əvəz edilsin;

1.2. ikinci cümlədə “Milli Təhlükəsizlik Nazirliyinə” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə” sözləri ilə əvəz edilsin;

1.3. üçüncü cümlədə “İcra Aparatına” sözləri “Administrasiyasına” sözü ilə əvəz edilsin.

2. 4-cü hissədə “vətəndaşlığına xitam verilməsi” sözləri “vətəndaşlıqdan çıxması” sözləri ilə əvəz edilsin.

3. 5-ci hissə üzrə:

3.1. birinci cümlədə “Milli Təhlükəsizlik Nazirliyindən” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətindən, Xarici Kəşfiyyat Xidmətindən” sözləri ilə, “İcra Aparatına” sözləri “Administrasiyasına” sözü ilə əvəz edilsin;

3.2. üçüncü cümlədə “vətəndaşlığa xitam verilmə” sözləri “vətəndaşlıqdan çıxma” sözləri ilə əvəz edilsin.

4. 6-cı hissənin ikinci abzasında “müttəhim kimi cinayət məsuliyyətinə” sözləri “cinayət işi üzrə təqsirləndirilən şəxs qismində” sözləri ilə əvəz edilsin.

5. 8-ci hissənin birinci cümləsində “bəndlərində” sözü “hissələrində” sözü ilə əvəz edilsin.

6. 13-cü hissə üzrə:

6.1. birinci cümlədə “Milli Təhlükəsizlik Nazirliyinə” sözləri (hər iki halda) “Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə” sözləri ilə, “İcra Aparatına” sözləri “Administrasiyasına” sözü ilə əvəz edilsin;

6.2. ikinci cümlədə “bəndində” sözü “hissəsində” sözü ilə əvəz edilsin.

7. 17-ci hissənin birinci və səkkizinci abzaslarında “bəndlərində” sözü “hissələrində” sözü ilə əvəz edilsin.

8. 21-ci hissə üzrə:

8.1. birinci abzasın:

8.1.1. birinci cümləsində “Milli Təhlükəsizlik Nazirliyinə” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə” sözləri ilə əvəz edilsin;

8.1.2. ikinci cümləsində “Milli Təhlükəsizlik Nazirliyinə” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə” sözləri ilə, “İcra Aparatına” sözləri “Administrasiyasına” sözü ilə əvəz edilsin;

8.2. ikinci abzasda”bəndində” sözü “hissəsində” sözü ilə əvəz edilsin.

9. 23-cü hissədə “bəndində” sözü “hissəsində” sözü ilə, “bəndlərində” sözü isə “hissələrində” sözü ilə əvəz edilsin.

10. 24-cü və 25-ci hissələr aşağıdakı redaksiyada verilsin:

“24. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi, xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi, dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı, terror fəaliyyətində iştirakı, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi, dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsini, bu Əsasnamənin 6-cı hissəsində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla, məhkəmə həll edir.

25. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları 1 ay müddətində bu barədə yazılı məlumat verməlidirlər. Azərbaycan Respublikasının ərazisində yaşayan vətəndaşlar Dövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə yaşayan vətəndaşlar isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsilə Xarici İşlər Nazirliyinə (Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqlarının olmadığı ölkələrdə yaşayan şəxslər birbaşa Xarici İşlər Nazirliyinə) məlumat verirlər. Bunun üçün onlar nümunəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ərizə-anketi dolduraraq, onu internet informasiya ehtiyatı, poçt, elektron poçt vasitəsilə və ya şəxsən müvafiq dövlət orqanına təqdim etməlidirlər.”.

11. Aşağıdakı məzmunda 25-1 - 25-9-cu hissələr əlavə edilsin:

“25-1. Xarici İşlər Nazirliyi xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları barədə məlumatı həmin şəxslərin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlanması üçün Dövlət Miqrasiya Xidmətinə təqdim edir.

25-2. Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığını könüllü qəbul etməsi haqqında məlumat daxil olduqda Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlayır.

25-3. Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi barədə kütləvi informasiya vasitələrindən, fiziki və hüquqi şəxslərdən (vəzifəli şəxslərdən), dövlət orqanlarından, o cümlədən xarici ölkələrin müvafiq dövlət orqanlarından məlumat daxil olduqda, Dövlət Miqrasiya Xidməti həmin məlumatları dəqiqləşdirmək məqsədi ilə Xarici İşlər Nazirliyi vasitəsilə xarici dövlətlərin səlahiyyətli dövlət orqanlarına sorğu göndərir. Göndərilmiş sorğu nəticəsində Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi barədə məlumatlar öz təsdiqini taparsa, Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlayır.

25-4. Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi məlum olduqda, Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlayır.

25-5. Bu Əsasnamənin 25-2 - 25-4-cü hissələrində nəzərdə tutulmuş qaydada şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlandıqda Dövlət Miqrasiya Xidməti şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı əmlak öhdəliklərinin olub-olmaması barədə 1 ay müddətində araşdırma aparır. Öhdəliklərin olub-olmaması barədə araşdırma aparılması ilə əlaqədar səlahiyyətli orqanlara sorğu göndərilir. Sorğu göndərilmiş səlahiyyətli orqanlar müvafiq məlumatı 1 ay müddətində təqdim etməlidirlər. Eyni zamanda toplanmış sənədlər rəy verilməsi üçün Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərilir. Həmin orqanlar 1 ay müddətində müvafiq rəy bildirmədikdə, bu, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını itirməsinə etirazın olmaması kimi qəbul edilir. Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin və Daxili İşlər Nazirliyinin rəyləri və şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı əmlak öhdəliklərinin olub-olmaması barədə müvafiq məlumat alındıqdan sonra 1 ay müddətində Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy hazırlayır və həmin rəyi, habelə toplanmış digər sənədləri təqdim etməklə şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı məsələyə baxılması üçün məhkəməyə müraciət edir.

25-6. Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı, terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi, dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, onun barəsində Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı icraata həmin şəxs cəzanı çəkib qurtardıqdan və ya Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrində müəyyən olunmuş qaydada cəzadan azad olunduqdan sonra başlanıla bilər (bu Əsasnamənin 25-7-ci hissəsində göstərilən hal istisna olmaqla). Bunun üçün cəzanı icra edən orqan və ya müəssisə dini ekstremizm, terrorçuluq və dövlət təhlükəsizliyini təhdid edən digər ideyalardan islah olunmamış məhkum barəsində məlumatları müvafiq hökmün surəti ilə birlikdə cəza müddətinin bitməsinə iki ay qalmış cinayət işinin istintaqını aparmış orqana və Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərir. Həmin orqanlardan vətəndaşlığın itirilməsi məsələsinə baxılmasına dair razılaşdırılmış müraciət daxil olduqda, Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlayır.

25-7. Azərbaycan Respublikasının ərazisində olmayan vətəndaşın Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremist fəaliyyətdə iştirakı barədə Xarici İşlər Nazirliyindən, Dövlət Təhlükəsizliyi Xidmətindən və ya Xarici Kəşfiyyat Xidmətindən daxil olmuş təsdiqedici sənədlər və ya digər sübutlar əsasında Dövlət Miqrasiya Xidməti həmin şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlayır.

25-8. Bu Əsasnamənin 25-6-cı və 25-7-ci hissələrində göstərilən hallarda Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy hazırlayır və həmin rəyi, habelə toplanmış digər sənədləri təqdim etməklə şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı məsələyə baxılması üçün məhkəməyə müraciət edir.

25-9. Məhkəmə Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı işlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxır.”.

12. 26-cı hissənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa və ya Azərbaycan Respublikasının vətəndaşlığından çıxma haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarını Dövlət Miqrasiya Xidmətinə, Xarici İşlər Nazirliyinə və Daxili İşlər Nazirliyinə göndərir.”.

13. 32-ci hissədə “İcra Aparatı” sözləri “Administrasiyası” sözü ilə əvəz edilsin.

14. Əsasnamənin 1-ci Əlavəsinin xidməti qeydlər hissəsinin “Vətəndaş” qrafası və “a”, “b”, “v” yarımbəndləri ləğv edilsin.

15. Əsasnaməyə Əlavə 3 - “Azərbaycan Respublikası vətəndaşlığının bərpa edilməsi üçün ərizə-anket”in nümunəsi əlavə edilsin (nümunə əlavə olunur).

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 may 2016-cı il

   905

 


 

 

Əlavə 3

 

 

Azərbaycan Respublikasının Prezidentinə

ƏRİZƏ-ANKET

 

 

 

 

 

şəkil üçün

 yer

 

 

Xahiş edirəm, məni Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edəsiniz.

 

SUALLAR

CAVABLAR

1. Soyadınız, adınız və atanızın adı (əgər soyadınızı, adınızı və ya atanızın adını dəyişmisinizsə, dəyişikliyin səbəbi göstərilməklə, əvvəllər daşıdığınız bütün adları, soyadları və ata adlarını sadalayın)

 

2. Doğulduğunuz gün, ay, il

 

3. Doğulduğunuz yer (ölkə, şəhər (rayon), kənd)

 

4. Milliyyətiniz

 

5. Ailə vəziyyətiniz (nikahda, dul, subay)

 

6. Vətəndaşlığınız

 

7. Azərbaycan Respublikası vətəndaşlığınıza xitam verilməsinin səbəbləri və tarixi

 

8. Azərbaycan Respublikasına nə vaxt gəlmisiniz

 

9. Azərbaycan Respublikasına gəlişinizin səbəbləri

 

10. Başqa ölkənin (ölkələrin) vətəndaşı olmusunuzmu (ətraflı göstərin: harada, nə vaxt və hansı ölkənin vətəndaşı olmusunuz, həmin ölkənin vətəndaşlığını hansı yolla əldə etmisiniz və hansı səbəbdən itirmisiniz)

 

11. Azərbaycan Respublikasında mühakimə olunmusunuzmu və ya istintaqa cəlb edilmisinizmi (nə vaxt, harada, hansı orqan tərəfindən və nəyə görə)

 

12. Təhsiliniz və təhsil üzrə ixtisasınız (harada, nə vaxt və hansı təhsil müəssisəsini bitirmisiniz)

 

13. Əmək fəaliyyəti barədə məlumat (ali və ya orta ixtisas təhsili müəssisələrində təhsil, habelə hərbi xidmət daxil olmaqla). Bu hissə doldurularkən idarə, müəssisə və təşkilatların işlədiyiniz dövrdəki adı, ünvanı, hərbi xidmətdəki vəzifəniz göstərilməlidir

 

Ay və il

İdarə, müəssisə və təşkilatın adı göstərilməklə, vəzifəniz

İdarə, müəssisə və təşkilatın ünvanı

daxilolma

çıxma

 

 

 

 

 

14. Yaxın qohumlarınız (ər/arvad, valideynlər, uşaqlar, qardaş və bacılar):

Qohumluq dərəcəsi

Soyadı, adı və atasının adı

Milliyyəti

Vətəndaşlığı

İş yeri və vəzifəsi

Yaşadığı ölkə və ünvanı

 

 

 

 

 

15. Yaşayış yerinizin dəqiq ünvanı və telefon nömrələriniz (ev, iş, mobil) ____________

16. Özünüz və ya yaxın qohumlarınız haqqında nəyi bildirmək istəyirsiniz __________

____________________________________________________________________________

17. Ərizəyə əlavə edilən sənədləri sadalayın _____________________________________

____________________________________________________________________________

18. Mənimlə eyni zamanda aşağıda göstərilən yetkinlik yaşına çatmayan uşaqlarımı Azərbaycan Respublikası vətəndaşlığına bərpa etməyi xahiş edirəm:

 

Oğul, qız

Soyadı, adı və atasının adı

Doğum ili və ayı

Doğum yeri

Qeyd

 

 

 

 

 

19. Azərbaycan Respublikasının vətəndaşlığına bərpa olunmaqda məqsəd __________

20. Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət edəcəyimə dair öhdəlik götürürəm.

21. Bəyan edirəm ki, təqdim etdiyim məlumatlar tam və dəqiqdir.

Mən xəbərdar edilmişəm ki, Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilmək üçün zəruri olan məlumatların qəsdən saxtalaşdırılması və ya saxta sənəd təqdim edilməsi Azərbaycan Respublikası vətəndaşlığının bərpa edilməməsinə (itirilməsinə) səbəb olacaqdır.

 

“___”__________________

İmza ____________

                (gün, ay, il)

 

 

Xidməti qeydlər (sənədləri qəbul edən orqanda doldurulur):

 

Ərizə-anketi və orada göstərilmiş sənədləri qəbul etdi, ərizə-anketin doldurulmasının düzgünlüyünü yoxladı

 

____________________________________________________________________________

(sənədləri qəbul edən əməkdaşın soyadı, adı və imzası)

 

“___” __________________

               (gün, ay, il)

 

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status