×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
01.06.2016
QEYDİYYAT NÖMRƏSİ
923
ADI
Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 02-06-2016, Nəşr nömrəsi: 117), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2016, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 1019)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
02.06.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201606010923
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
03.06.2016
Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında

Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativliyi və şəffaflığı təmin edən elektron viza sisteminin yaradılması məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:

1.1. Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron viza verilməsi üçün “ASAN Viza” sistemini yaratsın və onun idarə olunmasını təmin etsin;

1.2. “ASAN Viza” sistemi haqqında əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

2. “ASAN Viza” sistemi vasitəsilə aşağıdakılar təmin edilir:

2.1. elektron viza alınması üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin birbaşa “ASAN Viza” sistemi vasitəsilə müraciət etməsi;

2.2. elektron viza alınması üçün zəruri olan məlumatların bilavasitə “ASAN Viza” sisteminə daxil edilməsi;

2.3. elektron vizanın rəsmiləşdirilməsinə görə müəyyən olunmuş dövlət rüsumunun “ASAN Viza” sistemi vasitəsilə elektron qaydada ödənilməsi;

2.4. elektron vizanın üç iş günü müddətində verilməsi;

2.5. elektron vizanın müraciət etmiş şəxsin elektron ünvanına göndərilməsi;

2.6. “ASAN Viza” sisteminin “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi və “ASAN ödəniş” sistemi ilə inteqrasiyası vasitəsilə elektron informasiya mübadiləsinin aparılması; [1]

2.7. elektron viza verilməsi müddətlərinə riayət olunmasının, verilmiş elektron vizaların və imtina olunmuş viza müraciətlərinin monitorinqi, imtina səbəblərinin ümumiləşdirilməsi və dövri statistik hesabatların hazırlanması.

3. Müəyyən edilsin ki, elektron viza siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilən ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilir.

4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

4.1. “ASAN Viza” sistemi vasitəsilə elektron vizanın üç iş günü müddətində verilməsinə ciddi riayət etsin;

4.2. vətəndaşlarına elektron viza veriləcək ölkələrin siyahısını bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

4.3. elektron viza verilməsinin yeni qaydaları və “ASAN Viza” sisteminin yaradılması barədə məlumatın Nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin.

5. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin Əlaqələndirmə Şurası:

5.1. “ASAN Viza” sisteminin “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi ilə inteqrasiyasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.2. elektron viza verilməsi prosesində Azərbaycan Respublikasına gəlişi qadağan edilmiş şəxslərin siyahıları üzrə yoxlamanın operativ aparılması məqsədi ilə “Sərhədkeçməyə məhdudiyyət” informasiya resursuna daxil edilən məlumatların dəqiqliyinin və aktuallığının təmin edilməsi üçün tədbirlər görsün.

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “ASAN Viza” sisteminin yaradılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsini təmin etsin və növbəti illərin dövlət büdcəsi layihələrində “ASAN Viza” sisteminin saxlanması ilə əlaqədar müvafiq vəsaiti nəzərdə tutsun. [2]

7. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi:

7.1. “ASAN Viza” sisteminin təşkili ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini zəruri telekommunikasiya kanalları ilə təmin etsin;

7.2. “ASAN Viza” sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görsün.

8. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi elektron viza verilməsinin yeni qaydaları və “ASAN Viza” sisteminin yaradılması haqqında məlumatın Agentliyin internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin və Azərbaycan Respublikasına səfərlər təşkil edən turizm şirkətlərini bu barədə məlumatlandırsın. [3]

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 iyun 2016-cı il

   № 923

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 9 fevral 2017-ci il tarixli 1228 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 fevral 2017-ci il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №2, maddə 172)
  2. 21 iyun 2017-ci il tarixli 1483 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 iyun 2017-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1099)
  3. 29 yanvar 2021-ci il tarixli 1273 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 yanvar 2021-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №1, maddə 43)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 9 fevral 2017-ci il tarixli 1228 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 fevral 2017-ci il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №2, maddə 172) ilə “2.6-cı bəndində “Vahid Miqrasiya Məlumat Sistemi” sözləri “ASAN ödəniş” sistemi” sözləri ilə əvəz edilmişdir.

 

[2] 21 iyun 2017-ci il tarixli 1483 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 iyun 2017-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1099) ilə 6-cı hissəsi ləğv edilmişdir.

 

[3] 29 yanvar 2021-ci il tarixli 1273 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 yanvar 2021-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №1, maddə 43) ilə 8-ci hissəsində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə və “Nazirliyin” sözü “Agentliyin” sözü ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status