AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
08.06.2016
QEYDİYYAT NÖMRƏSİ
218
ADI
“Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 14-06-2016, Nəşr nömrəsi: 127), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2016, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 1196)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
14.06.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.320.070
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201606080218
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
15.06.2016
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 6 may tarixli 697 nömrəli Fərmanının 2-ci hissəsinin ikinci abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 8 iyun 2016-cı il

                 № 218

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2016-cı il 8 iyun tarixli 218 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

“Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması

 

Q A Y D A L A R I

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır və “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması məsələlərini tənzimləyir.

1.2. “Gənclər evi” inzibati ərazi vahidlərində əhalinin sayı nəzərə alınmaqla, dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına inşa edilmiş və gənclər siyasətinə aid sahələrdə fəaliyyət göstərən sosial xidmət müəssisəsidir.

1.3. “Gənclər evi” Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin (bundan sonra-Nazirlik) strukturuna daxil olmayan, tabeliyində olan və dövlət büdcəsindən maliyyələşdirilən qeyri-kommersiya hüquqi şəxsdir.

1.4. “Gənclər evi” müvafiq xəzinə və bank hesablarına, üzərində Azərbaycan dilində adı həkk olunmuş möhürə, ştampa və blanklara malikdir.

 

2. “Gənclər evi” sosial xidmət müəssisələrinin şəbəkəsinin yaradılması və maliyyələşdirilməsinin əsasları

 

2.1. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun 5.5-ci maddəsinə uyğun olaraq gənclərin ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə sosial-psixoloji, hüquqi və informasiya yardımlarının göstərilməsi məqsədi ilə “Gənclər evi” sosial xidmət müəssisələrinin şəbəkəsi yaradılır. [1]

2.2. “Gənclər evi” Nazirlik tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmaqla yaradılır.

2.3. “Gənclər evi”nin yaradılmasının əsas məqsədləri aşağıdakılardır:

2.3.1. gənclər siyasətinin həyata keçirilməsi üçün layihələrin müəyyən edilməsində və təşkilində iştirak edilməsi və onlara dəstək verilməsi;

2.3.2. gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində təbliğat və təşviqat işinin aparılması;

2.3.3. ölkənin ictimai-siyasi həyatında gənclərin fəallığının artırılmasının stimullaşdırılması və gənclərin ictimai iştirakçılığının artırılması;

2.3.4. gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi üçün onların alkoqollu içkilərin, tütün, narkotik vasitələrin, psixotrop maddələrin istifadəsindən çəkindirilməsi məqsədi ilə maarifləndirilməsi, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası, düzgün qidalanma, fiziki aktivlik, reproduktiv sağlamlıqla bağlı biliklərinin artırılması istiqamətində işlərin həyata keçirilməsi;

2.3.5. gənclərin məşğulluğunun təmin edilməsi məqsədi ilə onlara peşəyönlü, məşğulluq və əlavə təhsil seçimi istiqamətində məsləhət və təlim xidmətlərinin göstərilməsi;

2.3.6. gənclərin yüksək texniki və texnoloji nailiyyətlərdən istifadə sahəsində səriştələrinin artırılması, onların müasir informasiya-kommunikasiya texnologiyalarına yiyələnməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi;

2.3.7. gənclər arasında könüllülük fəaliyyətinin təşviq edilməsi;

2.3.8. gənclərə sosial-psixoloji, hüquqi və informasiya yardımlarının göstərilməsi ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi; [2]

2.3.9. gənclərin ahəngdar inkişafı və asudə vaxtlarının səmərəli təşkili ilə bağlı işlərin yerinə yetirilməsi;

2.3.10. gənclərin yaradıcılıq özfəaliyyətinin inkişafına dəstək verilməsi;

2.3.11. gənclər siyasəti çərçivəsində Nazirlik tərəfindən müəyyən edilmiş müxtəlif tədbirlərin həyata keçirilməsi;

2.3.12. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun 5.6-cı maddəsinə uyğun olaraq “Gənclər evi” sosial xidmət müəssisələrində risk qrupunda olan gənclərə ilk növbədə aşağıdakı xidmətlərin göstərilməsi: [3]

2.3.12.1. risk qrupunda olan gənclərin hüquqi və sosial-psixoloji yardımla təmin edilməsi;

2.3.12.2. risk qrupunda olan gənclərin aktiv məşğulluq tədbirlərinə cəlb olunmasına kömək göstərilməsi;

2.3.12.3. risk qrupunda olan gənclər üçün psixoloji reabilitasiya və psixoloji korreksiya kursunun təşkil edilməsi; [4]

2.3.12.4. cəzaçəkmə müəssisələrindən azad edilmiş sosial adaptasiyaya ehtiyacı olan gənclərin sosial adaptasiya mərkəzlərinə yerləşdirilməsinə kömək göstərilməsi;

2.3.12.5. “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq risk qrupunda olan gənclərlə könüllülər arasında qarşılıqlı yardım qruplarının təşkil edilməsi;

2.3.12.6. risk qrupunda olan gənclərin sosial müdafiəsi və sosial təminatı ilə bağlı digər tədbirlərin həyata keçirilməsinin təmin edilməsi.

2.4. “Gənclər evi” fəaliyyətində aşkarlığın və şəffaflığın təmin edilməsi üçün www.genclerevi.az səhifəsində cəmləşən rəsmi veb-səhifəsini və www.facebook.com və ya www.twitter.com sosial şəbəkələrində ünvanını yaratmalıdır. Həmin veb-səhifədə “Gənclər evi”nin iş saatları və günləri, fəaliyyət sahələri, o cümlədən, dərnəklərin, maraqlar üzrə klubların, məşğələ, treninq və təlimlərin keçirildiyi vaxt, məkan (otaq) və məsul şəxsin adı göstərilməlidir. Bundan başqa, səhifədə görüşlər, ustad dərsləri, seminarlar, sərgi, konfrans, kino və teatr tamaşaları və digər tədbirlər haqqında anonslar verilməli, gənclərin fikir və təkliflərinin öyrənilməsi üçün ekspres sorğuların keçirilməsi, müxtəlif müsabiqələrin iştirakçıları və qalibləri haqqında məlumatların yayılması təmin edilməlidir. “Gənclər evi”nin mütəxəssisləri haqqında məlumatlar da səhifədə öz əksini tapmalıdır.

2.5. “Gənclər evi”nin binasının onun yaradılması məqsədlərinə yararlığı və sanitariya-gigiyena normalarına uyğunluğu aidiyyəti dövlət orqanları tərəfindən verilmiş müvafiq sənədlərlə təsdiq olunmalı, maddi-texniki bazası gənclər siyasəti çərçivəsində fəaliyyət dairəsinə aid məsələlərin həllinə imkan verməli, yardımçı otaqlarla, müasir kommunikasiya vasitələri, texniki və sair avadanlıqlarla təchiz olunmalıdır.

2.6. “Gənclər evi”nin idarəetmə strukturu, ştat cədvəli, işçilərinin say həddi və xərclər smetası Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Nazirlik tərəfindən konkret şəraitə, işin həcminə və ayrılmış maliyyə vəsaitlərinə uyğun olaraq müəyyən olunur və təsdiq edilir.

2.7. “Gənclər evi”nin işçilərinə Nazirliyin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş məbləğlərdə vəzifə (tarif) maaşları ödənilir.

2.8. “Gənclər evi”nə qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının gənclər və idman naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən, vəzifələri “Gənclər evi”nin nizamnaməsində nəzərdə tutulan və onların yerinə yetirilməsi üçün şəxsən cavabdehlik daşıyan direktor rəhbərlik edir.

2.9. “Gənclər evi”nin işçiləri (texniki işçilər istisna olmaqla) Nazirlik tərəfindən keçirilən müsabiqə vasitəsilə işə qəbul olunurlar və onlarla əmək müqavilələrinin bağlanması, onun şərtlərinin dəyişdirilməsi və ləğv edilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. İşə qəbul ilə bağlı müsabiqənin keçirilməsi haqqında elan Nazirlik tərəfindən kütləvi, o cümlədən elektron informasiya vasitələrində yerləşdirilir.

2.10. “Gənclər evi” Nazirlik tərəfindən təsdiq edilmiş illik Fəaliyyət Planına uyğun olaraq öz işini təşkil edir. “Gənclər evi”nin fəaliyyətinin tənzimlənməsi məqsədi ilə metodoloji iş (əsaslandırılmış üsullarla təyinatı üzrə fəaliyyətin təmin edilməsi) Nazirlik tərəfindən həyata keçirilir.

2.11. “Gənclər evi”nin maddi-texniki bazası aşağıdakı mənbələr hesabına formalaşır:

2.11.1. dövlət büdcəsindən daxil olan ayırmalar;

2.11.2. “Gənclər evi”nin nizamnaməsində nəzərdə tutulmuş məqsədlərə nail olmağa xidmət edən fəaliyyətinin təmin edilməsi üçün istifadəsinə verilmiş dövlət əmlakı;

2.11.3. qanunvericiliklə müəyyən edilən ianələr, yardımlar və qrantlar.

 

3. “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin fəaliyyətinə nəzarət

 

3.1. “Gənclər evi”nin fəaliyyətinə nəzarət Nazirlik tərəfindən ildə 1 (bir) dəfədən az olmayaraq keçirilən monitorinq, habelə “Gənclər evi”nin direktorunun Nazirliyə təqdim etdiyi hesabat vasitəsilə həyata keçirilir.

3.2. Monitorinq aşağıdakı məsələləri əhatə edir:

3.2.1. “Gənclər evi”nin bu Qaydaların 2.10-cu bəndində göstərilmiş illik Fəaliyyət Planına uyğun fəaliyyət göstərməsi;

3.2.2. “Gənclər evi”nin maddi-texniki bazasının bu Qaydaların 2.5-ci bəndində göstərilən şərtlərə uyğun olması.

3.3. “Gənclər evi”nin direktoru Nazirliyə öz fəaliyyəti barədə rübdə bir dəfə hesabat verir.

3.4. “Gənclər evi” qanunvericiliyə uyğun olaraq mühasibat uçotunu aparır və müvafiq qaydada və formada Nazirliyə maliyyə və statistik hesabatları təqdim edir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       12 iyul 2019-cu il tarixli 301 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 iyul 2019-cu il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1324)

2.       22 fevral 2020-ci il tarixli 63 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 fevral 2020-ci il, № 44, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 211)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 12 iyul 2019-cu il tarixli 301 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 iyul 2019-cu il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1324) ilə “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”nın 2.1-ci bəndində “gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların” sözləri “gənclərin” sözü ilə, “psixoloji reabilitasiya” sözləri “sosial-psixoloji” sözləri ilə əvəz edilmişdir.

 

[2] 12 iyul 2019-cu il tarixli 301 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 iyul 2019-cu il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1324) ilə “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”nın 2.3.8-ci yarımbəndində “psixoloji reabilitasiya” sözləri “sosial-psixoloji” sözləri ilə əvəz edilmişdir.

 

[3] 12 iyul 2019-cu il tarixli 301 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 iyul 2019-cu il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1324) ilə “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”nın 2.3.11-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.3.12-ci yarımbənd əlavə edilmişdir.

 

[4] 22 fevral 2020-ci il tarixli 63 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 fevral 2020-ci il, № 44, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 211) ilə “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”nın 2.3.12.3-cü yarımbəndində “sosial-psixoloji reabilitasiya” sözləri “psixoloji reabilitasiya və psixoloji korreksiya” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status