“Respublika Xatirə Kitabı” Redaksiyasının Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Respublika Xatirə Kitabı” Redaksiyası öz ştat vahidləri və əmlakı ilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilsin.
2. “Respublika Xatirə Kitabı” Redaksiyasının 2016-cı ildə fəaliyyətini davam etdirməsi üçün tələb olunan xərclərin maliyyələşdirilməsi 2016-cı il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Elm” köməkçi bölməsinin müvafiq paraqrafında Azərbaycan Milli Elmlər Akademiyası üzrə nəzərdə tutulmuş vəsait hesabına təmin edilsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 2017-ci ildən başlayaraq, “Respublika Xatirə Kitabı” Redaksiyasının fəaliyyəti ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədi ilə dövlət büdcəsinin xərclərinin müvafiq bölmə və paraqrafında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üçün vəsaitin proqnozlaşdırılmasını təmin etsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 749; 2015, № 3, maddələr 333, 338, № 4, maddə 455, № 6, maddə 801, № 10, maddə 1220, № 11, maddə 1425) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “I. Büdcədən maliyyələşdirilən qurumlar” bölməsinin “11. Digər qurumlar” hissəsinə aşağıdakı məzmunda 11.4-cü bənd əlavə edilsin:
“11.4. “Respublika Xatirə Kitabı” Redaksiyası”.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 11 iyul tarixli 185s nömrəli sərəncamı ləğv edilsin.
6. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 8 iyun 2016-cı il
№ 217