AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
23.06.2016
QEYDİYYAT NÖMRƏSİ
962
ADI
“Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 03-07-2016, Nəşr nömrəsi: 142), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2016, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 1058)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
03.07.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
280.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201606230962
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
28.06.2016
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin ikinci hissəsinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu yaradılsın.

2. “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 iyun 2016-cı il

   962

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2016-cı il 23 iyun tarixli 962 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında

 

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

 

1.1. Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu (bundan sonra - Fond) haqqında Əsasnamə “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən hazırlanmışdır.

1.2. Fondun yaradılmasında əsas məqsəd balıq və digər su bioresurslarının artırılmasının, bərpasının, mühafizəsinin, balıqçılığın elmi təminatının və balıqçılıq sahəsində digər tədbirlərin, habelə balıqçılığın inkişafı proqramlarının maliyyələşdirilməsini təmin etməkdir.

 

2. Fondun vəsaitinin formalaşdırılması

 

2.1. Fond aşağıdakı vəsaitlər hesabına formalaşır:

2.1.1. balıqçılıq haqqında qanunvericiliyin pozulmasına görə alınan cərimələr;

2.1.2. balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələr;

2.1.3. balıq və digər su bioresurslarına vurulan zərərə görə kompensasiyalar;

2.1.4. balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən obyektlərin dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi məqsədi ilə daxil olan vəsaitlər; [1]

2.1.5. dövlət və qeyri-dövlət təşkilatlarının, fiziki və hüquqi şəxslərin könüllü ianələri;

2.1.6. qanunla nəzərdə tutulan digər mənbələr.

 

3. Fondun vəsaitindən istifadə

 

3.1. Fondun vəsaiti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin xüsusi xəzinə hesabında yığılır və həmin vəsaitdən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırıb təsdiq etdiyi gəlir və xərclər smetası əsasında, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən istifadə olunur.

3.2. Köçürmələrin vaxtlı-vaxtında həyata keçirilməsinə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzarət edir.

3.3. Fondun vəsaiti balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarından səmərəli istifadə edilməsinə, onların mühafizəsinə, süni artırılmasına və bərpasına, balıqçılıq təsərrüfatı meliorasiyası işlərinin aparılmasına, balıq və digər su bioresurslarının mühafizəsi üçün obyektlərin tikintisinə, istismarına, mühafizə olunan sahələrin yaradılmasına və inkişaf etdirilməsinə, balıq və digər su bioresurslarının mühafizəsi sahəsinin sosial inkişafına, balıq və digər su bioresurslarının mühafizəsi və akvakultura sahəsində proqramların və layihələrin hazırlanmasına, nadir və nəsli kəsilməkdə olan balıq və digər su bioresurslarının mühafizəsinə və bərpasına, elmi tədqiqat, layihə-axtarış və təcrübi-metodiki işlərin aparılmasına, balıq və digər su bioresurslarının mühafizəsi, istifadəsinin tənzimlənməsi və akvakulturanın idarə edilməsi sahəsində işləyən mütəxəssislərin həvəsləndirilməsi məqsədi ilə onların sosial təminatına və maddi stimullaşdırılmasına, həmin sahədə işləri yerinə yetirmək üçün tələb olunan texnoloji qurğuların, cihazların, nəqliyyat vasitələrinin və digər ləvazimatın alınmasına, həmçinin xarici ölkələrlə elmi-texniki əməkdaşlığın, balıq və digər su bioresurslarının dövlət monitorinqinin təşkilinə və keçirilməsinə sərf olunur.

3.4. Sosial təminata və maddi stimullaşdırmaya yönəldilən vəsaitin məbləği fondun vəsaitinin 5 faizindən çox olmamalıdır.

3.5. Balıq və digər su bioresurslarının mühafizəsi və akvakultura üzrə ümumdövlət və regional əhəmiyyətli tədbirlərin keçirilməsinin maliyyələşdirilməsi üçün fonddan “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə ayrılan vəsait onlara əvəzsiz verilir.

3.6. Fondun il ərzində istifadə olunmamış vəsaiti növbəti ilin hesabına keçirilir.

 

4. Fondun vəsaitindən istifadəyə nəzarət

 

4.1. Fondun vəsaitindən səmərəli istifadə olunmasına Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzarət edirlər.

4.2. Fondun vəsaitindən istifadəyə dair illik hesabatı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi hazırlayıb Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       30 iyul 2020-ci il tarixli 1116 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 iyul 2020-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №7, maddə 896)

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 30 iyul 2020-ci il tarixli 1116 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 iyul 2020-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №7, maddə 896) ilə “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında Əsasnamə”nin 2.1.4-cü yarımbəndində “balıqçılıq təsərrüfatı” sözləri “balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən obyektlərin dövlət ekoloji” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status