AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
11.08.2016
QEYDİYYAT NÖMRƏSİ
303
ADI
“Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydası”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 13-08-2016, Nəşr nömrəsi: 175), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2016, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 1441)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.08.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.030.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201608110303
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
16.08.2016
“Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydası”nın təsdiq edilməsi barədə

“Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydası”nın təsdiq edilməsi barədə [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 292-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 946 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsinlər.

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 11 avqust 2016-cı il

     № 303

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2016-cı il 11 avqust tarixli 303 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə

 

Q A Y D A S I

 

1. Ümumi müddəalar

 

1.1. “Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 22.2-ci maddəsinə və Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 82-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası vergi orqanlarının büdcədənkənar fondunun (bundan sonra - Fond) formalaşdırılması, smetasının tərtibi və təsdiq olunması ilə bağlı məsələləri, habelə Fondun vəsaitlərindən istifadə qaydalarını müəyyən edir.

1.2. Fondun vəsaitləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50 faizi hesabına formalaşır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən həmin Qanunda nəzərdə tutulan xidmətlərə, hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun 25 faizi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın 1.7-ci və 2017-ci il 20 fevral tarixli 1252 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın 1.6-cı bəndlərində nəzərdə tutulmuş əlavə dəyər vergisi məbləğindən tutulan xidmət haqları üzrə formalaşan büdcədənkənar gəlirlər də Fondda toplanılır. [2]

1.2-1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 22.2-ci maddəsinə əsasən vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50 faizi vergi orqanları işçilərinin sosial müdafiəsi, o cümlədən vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə istifadə edilir. [3]

1.2-2. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən həmin Qanunda nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun 25 faizi üzrə daxilolmalar vergi orqanları işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə istifadə edilir.

1.2-3. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın 1.7-ci və 2017-ci il 20 fevral tarixli 1252 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın 1.6-cı bəndlərində nəzərdə tutulmuş əlavə dəyər vergisi məbləğindən tutulan xidmət haqları üzrə daxilolmalar həmin qaydaların 4.2-ci bəndlərində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə istifadə edilir. [4]

1.3. Fondun vəsaitləri Azərbaycan Respublikasının mülkiyyəti hesab olunur və Azərbaycan Respublikasının Vergilər Nazirliyinin (bundan sonra - Vergilər Nazirliyi) operativ sərəncamında olur və istifadəçisi (sərəncamçısı) dəyişdirilə bilməz.

 

2. Fondun formalaşdırılması və smetasının təsdiqi qaydaları

 

2.1. Fonda vəsaitin ayrılması bu Qaydanın 1.2-ci bəndində nəzərdə tutulmuş həcmdə hesabat dövrünün faktiki mədaxillərinin azaldılması hesabına həyata keçirilir. Bu azalma neft sektoru üzrə daxilolmalardan bu sektor üzrə daxilolmaların ümumi daxilolmada xüsusi çəkisinə uyğun aparılır. [5]

2.2. Fondun vəsaitlərinin toplanması və həmin vəsaitlərdən istifadə edilməsi məqsədi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində Vergilər Nazirliyi üçün xüsusi xəzinə hesabı (bundan sonra - xüsusi hesab) açılır.

2.3. Fondun gəlirlərinin və xərclərinin məbləği büdcə sistemi haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinin tərtibi prosesində proqnozlaşdırılır. Növbəti il üzrə Fondun gəlirlərinin və xərclərinin proqnozlaşdırılması üçün Vergilər Nazirliyi tərəfindən Maliyyə Nazirliyinə, cari ilin iyul ayının 1-dək aşağıdakı sənədlər və məlumatlar təqdim edilir:

2.3.1. gəlirlərin (büdcə gəlirlərinin təsnifatının kodları üzrə) və xərclərin (funksional və iqtisadi təsnifatın istiqamətləri üzrə) keçən ildə faktiki və cari ildə gözlənilən icrası;

2.3.2. gəlirlərin (büdcə gəlirlərinin təsnifatının kodları üzrə) və xərclərin (funksional və iqtisadi təsnifatın istiqamətləri üzrə) keçən ilin sonuna faktiki və cari ilin sonuna gözlənilən qalığı;

2.3.3. növbəti il üçün təklif olunan vəsaitlər üzrə gəlirlərin məbləği (büdcə gəlirlərinin təsnifatının kodları üzrə);

2.3.4. növbəti il üçün gəlirlərin və xərclərin proqnozuna dair hesablamalar;

2.3.5. növbəti il üçün gəlirlər (büdcə gəlirlərinin təsnifatının kodları üzrə) və xərclərin (funksional və iqtisadi təsnifatlarının istiqamətləri üzrə) layihəsi;

2.3.6. izahat məlumatları.

2.4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Maliyyə Nazirliyi) cari ilin iyul-avqust aylarında Vergilər Nazirliyi ilə növbəti il üçün Fondun gəlirlərinin və xərclərinin layihələri üzrə müzakirələr aparır. Müzakirələrin nəticələrinə uyğun olaraq gəlirlər (büdcə gəlirlərinin təsnifatının kodları üzrə) protokolla rəsmiləşdirilir.

2.5. Vergilər Nazirliyi tərəfindən təqdim edilmiş sənədlər və məlumatlar Maliyyə Nazirliyi tərəfindən baxılarkən, məqsədyönlü, səmərəli və düzgün istifadə edilməsinə və digər əsas iqtisadi göstəricilərə diqqət yetirilir.

2.6. Maliyyə Nazirliyi növbəti ilin dövlət büdcəsi haqqında qanun qəbul edildikdən sonra 10(on) gün müddətində protokolla rəsmiləşdirilmiş Fondun gəlir (büdcə gəlirlərinin təsnifatının kodları üzrə) və xərc (funksional və iqtisadi təsnifatlarının istiqamətləri üzrə) smetasını təsdiq edir.

2.7. Smetanın bir nüsxəsi Maliyyə Nazirliyində saxlanılır, digər nüsxələr isə Vergilər Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinə təqdim edilir.

2.8. Büdcə ilinin hər ayı üzrə dövlət büdcəsinə daxil olan maliyyə sanksiyalarının 50 faizi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, ticarət festivalları dövründə isə bütün fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisi məbləğindən tutulan xidmət haqları Vergilər Nazirliyinin müraciəti daxil olduqdan sonra 10(on) iş günü müddətində Maliyyə Nazirliyi tərəfindən xüsusi hesaba köçürülür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən həmin Qanunda nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun 25 faizinin Fonda köçürülməsi “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 noyabr tarixli 462 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları”na uyğun olaraq həll edilir. [6]

2.9. Fondun gəlirlərinin (büdcə gəlirlərinin təsnifatının kodları üzrə) layihələri üzrə aparılmış müzakirələrin nəticələrinə dair protokolla rəsmiləşdirilmiş məbləğlər, habelə təsdiq edilmiş smetasında dəyişikliklər yalnız əsaslandırılmış arayış əsasında dəyişdirilir.

 

3. Fondun vəsaitinin vergi orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmiş hissəsinin istifadə istiqamətləri

 

3.1. Fondun vəsaitinin vergi orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir:

3.1.1. işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılmasına;

3.1.2. işçilərin həvəsləndirmə tədbirlərinə;

3.1.3. işçilərə maddi yardımın göstərilməsinə;

3.1.4. vergi orqanlarının işçiləri üçün səhiyyə xidmətlərinin təşkili, müalicə-sağlamlıq tədbirlərinin həyata keçirilməsinə;

3.1.5. vergi orqanlarının işçiləri üçün kooperativ mənzil tikintisinin qismən maliyyələşdirilməsinə;

3.1.6. vergi orqanı işçilərinə məzuniyyət haqlarının və ezamiyyə xərclərinin ödənilməsi; [7]

3.1.7. vergi orqanı işçilərinə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlərin ödənilməsi;

3.1.8. vergi orqanlarının xidmət heyətinə əməkhaqlarının ödənilməsi və həmin şəxslər vəfat etdikdə, onların vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş müavinətlərin ödənilməsi.

 

4. İşçilərin mükafatlandırılması və həvəsləndirilməsi

 

4.1. Vergi orqanlarının işçilərinin kollektiv mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:

4.1.1. işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;

4.1.2. mühüm dövlət tapşırıqlarının vaxtında yerinə yetirilməsi;

4.1.3. qanunla müəyyən edilmiş milli bayram günləri, habelə digər əlamətdar hadisələrlə əlaqədar.

4.2. Vergi orqanlarının işçilərinin fərdi mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:

4.2.1. vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin vaxtında və peşəkarlıqla yerinə yetirilməsi, səmərələşdirici təkliflər verilməsi, təşəbbüskarlıq göstərilməsi, işdə yeni forma və metodların tətbiqi, gənc mütəxəssislərə köməklik göstərilməsi;

4.2.2. rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;

4.2.3. normativ-hüquqi aktların layihələrinin hazırlanmasında fərqlənməsi.

4.3. İşçilər xüsusi əhəmiyyətli vacib tapşırıqların, mürəkkəb işlərin yerinə yetirilməsi ilə əlaqədar, həmçinin layiqli işinə görə bayramlar və yubileylər zamanı Azərbaycan Respublikasının vergilər naziri (bundan sonra – nazir) tərəfindən birbaşa olaraq fərdi qaydada (birdəfəlik) mükafatlandıra bilər.

4.4. İşin nəticələrinə görə verilən mükafatların məbləği işçinin fəaliyyətinin nəticələrindən asılı olaraq nazir tərəfindən müəyyən edilir.

4.5. İşçilərin fərdi mükafatlandırılması məqsədi ilə vəsait qiymətli hədiyyələrin alınmasına xərclənə bilər.

4.6. İşçilərin fərdi mükafatlandırılması onların işlədikləri struktur bölmələrin rəhbərlərinin və ya yuxarı orqanın təqdimatı, habelə attestasiya komissiyasının tövsiyəsi əsasında nazirin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir.

 

5. Fondun vəsaitinin vergi orqanlarının maddi-texniki bazanın möhkəmləndirilməsinə, vergi sahəsində elmi-texniki potensialın artırılmasına və digər xərclərə yönəldilən hissəsinin istifadə istiqamətləri [8]

 

5.1. Fondun vəsaitinin vergi orqanlarının maddi-texniki bazanın möhkəmləndirilməsinə, vergi sahəsində elmi-texniki potensialın artırılmasına yönəldilən hissəsi büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq aşağıdakı təyinatlara xərclənir:

5.1.1. malların (işlərin və xidmətlərin) alınmasına;

5.1.2. qeyri-maliyyə aktivlərinin alınmasına;

5.1.3. maddi-texniki bazanın möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması istiqamətində digər xərclərə;

5.1.4. inzibati və təsərrüfat təyinatlı binaların tikintisi, onların əsaslı və cari təmirinə;

5.1.5. sosial sığorta haqlarının (vergi orqanlarının işçiləri ilə əlaqədar) və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqlarının (xidməti heyət üçün) ödənilməsi; [9]

5.1.6. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən icarəyə götürülmüş inzibati binalara görə icarə haqlarının ödənilməsi, habelə beynəlxalq təşkilatlara üzvlük və beynəlxalq tədbirlərdə iştirak haqlarının ödənilməsi.

 

6. Yekun müddəalar

 

6.1. Fondun vəsaitlərinin mühasibat uçotu müvafiq normativ-hüquqi sənədlərin tələblərinə əsasən aparılır.

6.1-1. Fondun vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. [10]

6.2. Fondun vəsaitlərinin toplanmasına və həmin vəsaitlərdən istifadə edilməsinə nəzarət Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

6.3. Fondun vəsaitlərindən istifadə haqqında hesabat hər rübün və ilin sonunda Vergilər Nazirliyi tərəfindən Maliyyə Nazirliyinə təqdim edilir.

6.4. Fondun vəsaitlərindən istifadə haqqında hesabatın dərc edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 29 sentyabr tarixli 156 nömrəli qərarına uyğun olaraq həyata keçirilir.

6.5. Xüsusi vəsaitin istifadə olunması ilə bağlı digər məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 mart tarixli 16 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir.

 

 


 

 

“Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydası”na

əlavə

 

 

 

 

Azərbaycan Respublikasının

Vergilər Nazirliyi

“Təsdiq edirəm”

____________________________________

(səlahiyyətli nümayəndənin vəzifəsi, soyadı, adı və atasının adı)

“__” _____________ 20 __ il

 

Azərbaycan Respublikasının

Maliyyə Nazirliyi

“Təsdiq edirəm”

____________________________________

(səlahiyyətli nümayəndənin vəzifəsi, soyadı, adı və atasının adı)

“__” _____________ 20 __ il

 

 

 

20 _____ il üçün

AZƏRBAYCAN RESPUBLİKASININ VERGİ ORQANLARININ

BÜDCƏDƏNKƏNAR FONDUNUN GƏLİR VƏ XƏRC SMETASI

Gəlir və xərclərin adı

Kod

Məbləğ

(min manatla)

Cari ildə əldə edilən digər gəlirlər

o cümlədən:

gəlirlərin növləri üzrə

Cari ildə cəmi gəlirlər:

 

 

Cari ildə cəmi xərclər:

o cümlədən:

təsnifatda nəzərdə tutulmuş maddələr üzrə

 

 

 

 

Qeyd. Smetaya gəlir və xərc maddələri üzrə haqq-hesablar və izahat vərəqəsi əlavə edilir.

 

 

_________________________________________

________________

(smetanı tərtib edənin şəxsin vəzifəsi, soyadı, adı və atasının adı)

(imzası)

 

 

“___” _______________20 ___ il

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       30 dekabr 2016-cı il tarixli 532 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 06 yanvar 2017-ci il, № 01, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2247)

2.       27 mart 2017-ci il tarixli 108 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 mart 2017-ci il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 506)

3.       7 iyul 2017-ci il tarixli 280 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 iyul 2017-ci il, № 146, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1478)

4.       17 oktyabr 2017-ci il tarixli 442 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 oktyabr 2017-ci il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1904)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 17 oktyabr 2017-ci il tarixli 442 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 oktyabr 2017-ci il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1904) ilə ləğv edilmişdir.

 

[2] 30 dekabr 2016-cı il tarixli 532 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 06 yanvar 2017-ci il, № 01, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2247) ilə “Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydası”nın 1.2-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

1.2. Fondun vəsaitləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 22.2-ci maddəsinə əsasən vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50 faizi hesabına formalaşır və vergi orqanları işçilərinin sosial müdafiəsi, o cümlədən vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə istifadə edilir.

 

7 iyul 2017-ci il tarixli 280 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 iyul 2017-ci il, № 146, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1478) ilə “Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydası”nın 1.2-ci bəndin ikinci cümləsində ikinci halda “” sözü vergül işarəsi ilə, “bəndində nəzərdə tutulmuş əlavə dəyər vergisi məbləğinin 20 faizi” sözləri “və 2017-ci il 20 fevral tarixli 1252 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın 1.6-cı bəndlərində nəzərdə tutulmuş əlavə dəyər vergisi məbləğindən tutulan xidmət haqları” sözləri ilə əvəz edilmişdir.

 

[3] 30 dekabr 2016-cı il tarixli 532 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 06 yanvar 2017-ci il, № 01, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2247) ilə “Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydası”na yeni məzmunda 1.2-1 - 1.2-3-cü bəndlər əlavə edilmişdir.

 

[4] 30 dekabr 2016-cı il tarixli 532 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 06 yanvar 2017-ci il, № 01, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2247) ilə “Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydası”na yeni məzmunda 1.2-1 - 1.2-3-cü bəndlər əlavə edilmişdir.

 

7 iyul 2017-ci il tarixli 280 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 iyul 2017-ci il, № 146, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1478) ilə “Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydası”nın 1.2-3-cü bənd yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

1.2-3. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın 1.7-ci bəndində nəzərdə tutulmuş əlavə dəyər vergisi məbləğinin 20 faizi üzrə daxilolmalar qeyd olunan Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə istifadə edilir.

 

[5] 30 dekabr 2016-cı il tarixli 532 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 06 yanvar 2017-ci il, № 01, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2247) ilə “Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydası”nın 2.1-ci bənddə “vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50 faizi həcmində” sözləri “bu Qaydanın 1.2-ci bəndində nəzərdə tutulmuş həcmdə” sözləri ilə əvəz edilmişdir.

 

[6] 30 dekabr 2016-cı il tarixli 532 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 06 yanvar 2017-ci il, № 01, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2247) ilə “Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydası”nın 2.8-ci bəndə “50 faizi” sözlərindən sonra “və əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin 20 faizi” sözləri əlavə edilmişdir və yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

7 iyul 2017-ci il tarixli 280 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 iyul 2017-ci il, № 146, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1478) ilə “Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydası”nın 2.8-ci bəndin birinci cümləsində “və əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin 20 faizi” sözləri “, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, ticarət festivalları dövründə isə bütün fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisi məbləğindən tutulan xidmət haqları” sözləri ilə əvəz edilmişdir.

 

[7] 30 dekabr 2016-cı il tarixli 532 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 06 yanvar 2017-ci il, № 01, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2247) ilə “Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydası”na yeni məzmunda 3.1.6 – 3.1.8-ci yarımbəndlər əlavə edilmişdir.

 

[8] 30 dekabr 2016-cı il tarixli 532 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 06 yanvar 2017-ci il, № 01, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2247) ilə “Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydası”nın 5-ci hissənin adına “artırılmasına” sözündən sonra “və digər xərclərə” sözləri əlavə edilmişdir.

 

[9] 30 dekabr 2016-cı il tarixli 532 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 06 yanvar 2017-ci il, № 01, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2247) ilə “Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydası”nın 5.1.4-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 5.1.5-ci və 5.1.6-cı yarımbəndlər əlavə edilmişdir.

 

[10] 27 mart 2017-ci il tarixli 108 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 mart 2017-ci il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 506) ilə “Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydası”na yeni məzmunda 6.1-1-ci bənd əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status