AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
25.03.1996
QEYDİYYAT NÖMRƏSİ
450
ADI
Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 26-03-1996, Nəşr nömrəsi: 56)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
26.03.1996
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

"Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında 1995-ci il 29 oktyabr tarixli Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özəlləşdirmənin həyata keçirilməsini və bu prosesdə özəlləşdiriləcək dövlət mülkiyyətinin bir hissəsinin əhaliyə əvəzsiz verilməsini təmin etmək məqsədi ilə qərara alıram: [1]

1. Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə təsdiq edilsin (əlavə edilir).

2. Müəyyən edilsin ki, dövlət özəlləşdirmə payları (çekləri) bu fərman qüvvəyə minən günədək qeydə alınmış Azərbaycan Respublikasının hər bir vətəndaşına Azərbaycan Respublikasına məxsus dövlət mülkiyyətinin bir hissəsinin əvəzsiz olaraq verilməsini təmin edən qiymətli kağızdır.

Bu fərman qüvvəyə minən günədək qeydə alınmış Azərbaycan Respublikasının hər bir vətəndaşı 4 (dörd) çekdən ibarət 1 (bir) dövlət özəlləşdirmə payı almaq hüququna malikdir. [2]

Qanunvericilikdə müəyyən edilmiş şəxslərə əlavə bir dövlət özəlləşdirmə payı verilir. [3]

3. Dövlət özəlləşdirmə paylarının (çeklərinin) Azərbaycan Respublikasının vətəndaşlarına verilməsi 1996-cı il avqustun 1-dən başlansın və 1996-cı il oktyabrın 1-dək başa çatdırılsın.

4. Dövlət əmlakının vətəndaşların və onların birliklərinin mülkiyyətinə əvəzsiz olaraq verilməsi üçün başqa dövlət orqanları tərəfindən qiymətli kağızların buraxılmasına və digər sistemlərin yaradılmasına yol verilmir.

5. Dövlət özəlləşdirmə payları (çekləri) əsasında dövlət mülkiyyətinin özəlləşdirilməsinə hazırlıq işlərini yerinə yetirmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti:

- 1 (bir) ay ərzində "Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında» Əsasnamədə ona həvalə edilmiş normativ sənədlərin hazırlanıb təsdiq olunmasını təmin etsin;

- 1 (bir) ay ərzində Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) saxlanılması və qorunması qaydalarını təsdiq etsin.

6. Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi dövlət özəlləşdirmə payı alacaq Azərbaycan Respublikası vətəndaşlarının, o cümlədən müvəqqəti Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayanların siyahılarını tərtib edib 1996-cı il iyun ayının 1-dək Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə təqdim etsin.

7. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi :

- dövlət özəlləşdirmə paylarının (çeklərinin) hazırlanmasını, dövriyyəyə buraxılmasını təmin etmək üçün lazım olan bütün təşkilati tədbirləri həyata keçirsin;

- dövlət özəlləşdirmə paylarının (çeklərinin) vətəndaşlara verilməsi və istifadəsi qaydaları ilə bağlı radio, televiziya və mətbuat vasitəsi ilə əhali arasında geniş izahat işlərinin aparılmasını təmin etsin.

8. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi rayon şöbələrinin yaradılması ilə əlaqədar olaraq yerli icra hakimiyyəti orqanları bu şöbələrin iş otaqları ilə təmin olunması məsələsini 1 (bir) ay ərzində həll etsin.

9. Bu fərman dərc olunduğu gündən qüvvəyə minir.

 

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 25 mart 1996-cı il

                    № 450


 

 

Azərbaycan Respublikası Prezidentinin

1996-cı il 25 mart tarixli, 450 nömrəli fərmanı ilə təsdiq edilmişdir

 

Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında
Əsasnamə

 

I. Ümumi müddəalar

 

1. Dövlət özəlləşdirmə payları (çekləri) dövlət mülkiyyətində olan əmlakın bir hissəsinin bu Əsasnamə qüvvəyə minən günədək qeydə alınmış Azərbaycan Respublikası vətəndaşlarına əvəzsiz olaraq verilməsini təmin edən qiymətli kağızdır. [4]

2. Dövlət özəlləşdirmə payları (çekləri) satıla, bağışlana, girov qoyula, irsən verilə və Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulmuş digər formalarda özgəninkiləşdirilə bilər.

3. Özəlləşdirilən dövlət əmlakının (o cümlədən dövlət müəssisələrinin əsasında yaradılmış səhmdar cəmiyyətlərinin səhmlərinin, investisiya fondlarının səhmlərinin) alınmasında (ödəniş vasitəsi kimi) dövlət özəlləşdirmə paylarından (çeklərindən) tam və ya hissə-hissə istifadə oluna bilər. Həmin payların (çeklərin) ikinci dəfə istifadəsi qadağandır.

4. Dövlət özəlləşdirmə paylarından (çeklərindən) özəlləşdirmə obyektlərinin alınması məqsədi ilə istifadə edildikdən sonra onlar Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş Milli Depozit Sistemi haqqında Əsasnamədə nəzərdə tutulmuş qaydada dövriyyədən çıxarılır və silinir.

5. Dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı ödəniş vasitəsi kimi qəbul edilməsindən imtina etmək qadağandır.

6. Özəlləşdirmə paylarının verilməsi və istifadə edilməsi qaydaları bu Əsasnamə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilir.

 

II. Dövlət özəlləşdirmə paylarını (çeklərini) almaq hüququ

 

1. Azərbaycan Respublikasının hər bir vətəndaşı "Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanı qüvvəyə mindiyi gündən dövlət özəlləşdirmə payı (çeki) almaq hüququna malikdir. [5]

2. "Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanının qüvvəyə mindiyi günədək qeydə alınmış Azərbaycan Respublikasının hər bir vətəndaşına dövlət özəlləşdirmə payı verilir. [6]

3. Qanunvericilikdə müəyyən edilmiş şəxslərə əlavə bir dövlət özəlləşdirmə payı verilir. [7]

4. Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və dövlət müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş vətəndaşların və 20 Yanvar şəhidlərinin dövlət özəlləşdirmə payından istifadə hüququ onların qanuni varisləri tərəfindən həyata keçirilir.

5. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və ya fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış (məhdud olan) özəlləşdirmə paylarının sahibi olan Azərbaycan Respublikası vətəndaşlarının həmin pay barəsində istifadə hüquqları onların qanuni nümayəndələri, qəyyumları və ya himayəçiləri tərəfindən həyata keçirilir.

6. Dövlət himayəsində olan həddi-büluğa çatmamış, habelə azadlıqdan məhrumetmə yerlərində olan şəxslərin dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadə hüququnun həyata keçirilməsi qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

 

III. Dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi qaydası

 

1. Dövlət özəlləşdirmə payları (çekləri) dövlət özəlləşdirmə paylarını (çeklərini) almaq hüququ olan Azərbaycan Respublikasının hər bir vətəndaşına müvafiq siyahılar əsasında verilir.

Dövlət özəlləşdirmə payı alacaq vətəndaşların siyahısı daimi yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinin yerli qurumları ilə birlikdə, hərbi qulluqçuların siyahıları isə müvafiq hərbi hissələrin komandanlığı tərəfindən tərtib edilir.

Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və dövlət müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş vətəndaşların və 20 Yanvar şəhidlərinin, Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının, Sovet İttifaqı Qəhrəmanlarının, Sosialist Əməyi Qəhrəmanlarının və onlara bərabər tutulan digər şəxslərin, Azərbaycan Respublikasının hüdudlarından kənarda müvəqqəti olan və ya daimi yaşayan vətəndaşların siyahılarının tərtib edilməsi qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikası torpaqlarının azad olunması, ərazi bütövlüyü və müstəqilliyi uğrunda aparılan hərbi əməliyyatlar zamanı yaralanmış və bu əməliyyatlarda iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşlarının siyahıları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi tərəfindən tərtib olunur.

Həmin siyahılarda vətəndaşın adı, soyadı və atasının adı, ünvanı və anadan olduğu il göstərilir.

2. Yerli icra hakimiyyəti orqanları, hərbi hissələrin komandanlığı və müvafiq dövlət orqanları tərəfindən tərtib olunmuş siyahılar Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinə təqdim edilir.

Bu Əsasnamədə müəyyən edilmiş qaydada tərtib edilmiş siyahılara uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi dövlət özəlləşdirmə payları (çekləri) almaq hüququ olan Azərbaycan Respublikasının hər bir vətəndaşına həmin payların "Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən paylar dövriyyəyə buraxıldığı gündən etibarən özünün yerli şöbələri vasitəsilə verilməsini təşkil edir. [8]

Dövlət özəlləşdirmə payları (çekləri) müvafiq siyahılar üzrə şəxsiyyəti təsdiq edən sənəd, qanuni nümayəndələr, qəyyumlar və himayəçilər tərəfindən isə həmçinin, onların səlahiyyətlərini təsdiq edən sənəd təqdim edildikdə verilir.

Bu bəndin təsiri altına düşməyən, bu Əsasnamənin 2.6-cı bəndində göstərilmiş şəxslərin dövlət özəlləşdirmə paylarının (çeklərinin) alınması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

 

IV. Dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadə edilməsi

 

1. Dövlət özəlləşdirmə payları (çekləri) verildiyi yerdən asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ərazisində istifadə edilə bilər.

2. Dövlət özəlləşdirmə payları (çekləri) Azərbaycan Respublikasının vətəndaşları tərəfindən alındıqdan sonra Milli Depozit Sistemində qeydiyyatdan keçirilir.

Milli Depozit Sistemində dövlət özəlləşdirmə paylarının (çeklərinin) qeydiyyatı onların tədavülünün tənzimlənməsi məqsədi daşıyır. Özəlləşdirmə paylarından yalnız onları Milli Depozit Sistemində qeydiyyatdan keçirdikdən sonra istifadə edilə bilər.

3. Dövlət özəlləşdirmə payları (çekləri) dövlət mülkiyyətinin özəlləşdirilən hissəsinin, investisiya fondlarının səhmlərinin alınması üçün istifadə edilə bilər.


 

 

Azərbaycan Respublikası Prezidentinin

1996-cı il 25 mart tarixli fərmanı ilə təsdiq edilmişdir.

Özəlləşdirilən dövlət müəssisə və obyektlərinə (əmlakına) mülkiyyət hüququnun rəsmiləşdirilməsi qaydalarına

əlavə

 

Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi

Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında

 

Şəhadətnamə

 

Mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən bu şəhadətnamə verilir _________________

_____________________________________________________________________________

(hüquqi şəxsin adı müəssisənin rəhbərinin, fiziki şəxsin S.A.A.)

 

ona görə ki, o (onlar) həqiqətən ________________________________________________________

_____________________________________________________________________________

(alınmış əmlakın ünvanı və adı)

 

qüvvədə olan qanunvericilik əsasında satın almışdır.

Alınmış əmlakın tərkibi: ______________________________________________________________

_____________________________________________________________________________

Əmlakın ümumi satış qiyməti: __________________________________ manat

(sözlə)

 

Dövlət əmlakının alınması nəticəsində hesablaşma hesabı ___________________ ünvanlı Dövlət

büdcəsinə ________________ manat məbləğində pul köçürülmüşdür.

(sözlə)

 

 

Bu şəhadətnamə ilə rəsmiləşdirilən həmin ____________________________________

 

 

______________________________________

______________________________________

(obyektin adı)

 

(hüquqi və ya fiziki şəxsin adı)

daimi toxunulmaz mülkiyyətdir.

 

 

 

Reyestr kitabı № ________________________

səhifə ____________________________

qeydiyyat № ___________________________

tarix _____________________________

 

 

Sədr: ________________________________________________________________________

M.Y.

 

Qeydiyyat icraçısı

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1. 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 12, maddə 844)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 12, maddə 844) ilə Birinci abzasdan "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında 1995-ci il 29 oktyabr tarixli Azərbaycan Respublikasının Qanununa uyğun olaraq" sözləri çıxarılmışdır.

 

[2] 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 12, maddə 844) ilə 2-ci bəndin birinci və ikinci abzaslarından "bu Fərman qüvvəyə minən günədək qeydə alınmış" sözləri çıxarılmışdır.

 

[3] 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 12, maddə 844) ilə 2-ci bəndin üçüncü abzasında "Azərbaycan Respublikasının 29 oktyabr 1995-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı"nda" sözləri "Qanunvericilikdə" sözü ilə əvəz edilmişdir.

 

[4] 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 12, maddə 844) ilə "Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə"nin I bölmənin 1-ci bəndindən "bu Əsasnamə qüvvəyə minən günədək qeydə alınmış" sözləri çıxarılmışdır.

 

[5] 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 12, maddə 844) ilə "Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə"nin II bölmənin 1-ci bəndindən "Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı qüvvəyə mindiyi gündən" sözləri çıxarılmışdır.

 

[6] 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 12, maddə 844) ilə "Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə"nin II bölmənin 2-ci bəndindən "Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanının qüvvəyə mindiyi günədək qeydə alınmış" sözləri çıxarılmışdır.

 

[7] 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 12, maddə 844) ilə "Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə"nin II bölmənin 3-cü bəndində "Azərbaycan Respublikasının 1995-ci il 29 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı"nda" sözləri "Qanunvericilikdə" sözü ilə əvəz edilmişdir.

 

[8] 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 12, maddə 844) ilə "Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə"nin III bölmənin 2-ci bəndinin ikinci abzasından "Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən paylar" sözləri çıxarılmışdır.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status