Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımının göstərilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 39-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 yanvar tarixli 727 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.7-ci maddəsinə uyğun olaraq dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün 3000 (üç min) manat məbləğində maliyyə yardımı müəyyən edilsin.
2. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 333-cü maddəsinə əsasən hərbi ehtiram göstərilən şəxslərin dəfninə müvafiq maliyyə yardımının verilməsi üçün həmin şəxslərin valideynləri (yaxın qohumları və ya qanuni nümayəndələri) tərəfindən yaşadığı yer üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə müəyyən olunmuş formada ərizə, şəxsiyyətini təsdiq edən sənədlərlə birlikdə aşağıdakılar təqdim edilməlidir:
[1]
2.1. həqiqi hərbi xidmət zamanı hərbi qulluqçunun (toplanışda olan hərbi vəzifəlilərin) həlak olması və ya vəfat etməsi barədə hərbi hissə (müəssisə, idarə və təşkilat) komandirinin (rəisinin) əmri;
2.2. ehtiyatda və istefada olan şəxslər üçün ölüm haqqında şəhadətnamə;
3. 2.1-ci və 2.2-ci yarımbəndlərdə göstərilən sənədlər aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi hissə (müəssisə, idarə və təşkilatı), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən verilir.
[2]
3-1. Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətinin hərbi qulluqçularına 2.1-ci və 2.2-ci bəndlərdə göstərilən sənədlər Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibinin xidməti tərəfindən verilir.
3-2. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun hərbi qulluqçularına 2.1-ci və 2.2-ci bəndlərdə göstərilən sənədlər Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən verilir.
[3]
4. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri maliyyə yardımının verilməsi barədə müraciəti dərhal qəbul edib, 3 (üç) iş günü müddətində müvafiq vəsaitin nağdsız hesablaşma yolu ödənilməsini təmin edir.
5. Müəyyən edilsin ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 333-cü maddəsində göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili ilə əlaqədar maliyyə yardımının göstərilməsi hər il üçün dövlət büdcəsində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saxlanılması xərclərinin tərkibində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 29 sentyabr 2016-cı il
№ 374
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
27 aprel 2020-ci il tarixli 150 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 496)
2.
05 avqust 2022-ci il tarixli 284 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 8 avqust 2022-ci il, “Xalq” qəzeti, 10 avqust 2022-ci il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 973)
3.
25 avqust 2022-ci il tarixli 333 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 31 avqust 2022-ci il, “Xalq” qəzeti, 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1020)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
05 avqust 2022-ci il tarixli 284 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 8 avqust 2022-ci il, “Xalq” qəzeti, 10 avqust 2022-ci il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 973) ilə 2-ci, 3-cü və 4-cü hissələrinə “yerli” sözündən sonra “baş idarə,” sözləri əlavə edilmişdir.
[2]
25 avqust 2022-ci il tarixli 333 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 31 avqust 2022-ci il, “Xalq” qəzeti, 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1020) ilə 3-cü hissəsində “Xüsusi Dövlət Mühafizə Xidmətinin” sözləri “Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin” sözləri ilə əvəz edilmişdir.
[3]
27 aprel 2020-ci il tarixli 150 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 496) ilə yeni məzmunda 3-1-ci və 3-2-ci hissələr əlavə edilmişdir.