Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAM
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə tütünçülüyün inkişafına dövlət dəstəyini gücləndirmək, bu sahənin potensial imkanlarından səmərəli istifadə etmək, rəqabət qabiliyyətini yüksəltmək və tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahını daha da yaxşılaşdırmaq məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. tütün emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə təhvil verilmiş quru tütünün hər 1 (bir) kiloqramına, yaş tütünün isə hər 10 (on) kiloqramına görə tütün istehsalçılarına 0,05 manat məbləğində subsidiya verilir;
[1]
1.2. bu Sərəncamın 1.1-ci bəndi ilə nəzərdə tutulan subsidiya 2016-cı ildə istehsal olunub emal müəssisələrinə satılmış quru və yaş tütünə də şamil edilir.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. tütün emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə təhvil verilmiş quru və yaş tütünə görə tütün istehsalçılarına subsidiya verilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərinə uyğun olaraq maliyyələşməni təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 oktyabr 2016-cı il
№ 2366
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- 2 mart 2017-ci il tarixli 2706 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 3 mart 2017-ci il, № 48, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №3 , maddə 396)
- 1 may 2020-ci il tarixli 2010 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 2 may 2020-ci il, № 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 571)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
2 mart 2017-ci il tarixli 2706 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 3 mart 2017-ci il, № 48, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №3 , maddə 396) ilə 1.1-ci və 2.1-ci yarımbəndlərində “emal müəssisələrinə satılmış” sözləri “tütün emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə təhvil verilmiş” sözləri ilə əvəz edilmişdir.
1 may 2020-ci il tarixli 2010 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 2 may 2020-ci il, № 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 571) ilə 1-ci və 3-cü hissələri ləğv edilmişdir.