AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
08.11.2016
QEYDİYYAT NÖMRƏSİ
2425
ADI
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 09-11-2016, Nəşr Nömrəsi: 248), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2016, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1864)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
09.11.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
200.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
32201611082425
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
11.11.2016
“Məntəqə seçki komissiyasının formalaşdırılması qaydaları haqqında Təlimat”ın təsdiq edilməsinə dair

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaq məqsədi ilə qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı (bundan sonra – “YT Park”) yaradılsın.

2. Müəyyən edilsin ki, “YT Park” innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir.

3. “YT Park”a münasibətdə səlahiyyətli orqanın funksiyalarını Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi həyata keçirir. [1]

4. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi “YT Park”ın ərazisində xarici və daxili infrastrukturun yaradılmasını və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görsün. [2]

5. “YT Park”ın fəaliyyətinin təşkili və idarə olunması məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində “AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılsın.

6. “ETN Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətində (bundan sonra – Cəmiyyət) Ümumi Yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət təşkilatına və orqanına həvalə edilsin: [3]

6.1. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə:

6.1.1. Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;

6.1.2. Cəmiyyətin Müşahidə Şurasının seçilməsi;

6.1.3. Cəmiyyətin strukturunun, işçilərinin say həddinin, əməkhaqqı sisteminin müəyyən olunması və xərclər smetasının təsdiq edilməsi;

6.1.4. Cəmiyyətin icra orqanının (kollegial və ya təkbaşçı) yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

6.1.5. Cəmiyyətin icra orqanının rəhbərinin, onun müavinlərinin, nümayəndəlik və filiallarının, həmçinin törəmə cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

6.1.6. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi; [4]

6.1.7. Cəmiyyətin xalis aktivlərinin dəyərinin əlli faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi; [5]

6.2. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təklifləri əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə: [6]

6.2.1. Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

6.2.2. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi;

6.2.3. bu Sərəncamda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

7. Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

8. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

8.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.4. “YT Park”ın fəaliyyəti üçün Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 622-ci küçədə yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının Təcrübə-Sənaye Zavodunun torpaq sahəsinin, onu icarəyə vermək hüququ ilə, Cəmiyyətin istifadəsinə verilməsini iki ay müddətində təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.5. bu Sərəncamın 4-cü hissəsində nəzərdə tutulmuş işlərin görülməsi üçün zəruri maliyyələşmənin, habelə Cəmiyyətin nizamnamə kapitalının və ilkin mərhələdə saxlanma xərclərinin maliyyələşdirilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsini təmin etsin;

8.6. “YT Park”ın fəaliyyət profili üzrə elmi tədqiqat və təcrübə-konstruktor işlərinin həyata keçirilməsi məqsədi ilə yerli və xarici elmi tədqiqat və ali təhsil müəssisələrinin elmi-texniki və innovasiya sahələrində əməkdaşlığının təşkili, əlaqələndirilməsi və genişləndirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə altı ay müddətində tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.7. “YT Park”ın fəaliyyət istiqamətləri üzrə innovativ layihələrin icrası, sınaq-ekspertiza və prototiplərin hazırlanması və elmin kommersiyalaşdırılması fəaliyyətlərinin beynəlxalq əməkdaşlıq və qrant proqramları ilə əlaqələndirilməsi, o cümlədən potensial donorların cəlb edilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.8. “YT Park”da istehsal olunan məhsullar üçün dövlət sifarişlərinin verilməsi mexanizminə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.9. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

9. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər görsün.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 8 noyabr 2016-cı il

                 № 2425

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 1 may 2019-cu il tarixli 665 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 may 2019-cu il, № 95, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 817)
  2. 13 may 2020-ci il tarixli 2041 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 14 may 2020-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 602)
  3. 2 avqust 2022-ci il tarixli 3400 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 3 avqust 2022-ci il, № 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 901)
  4. 3 mart 2023-cü il tarixli 3780 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 3 mart 2023-cü il, “Xalq” qəzeti, 5 mart 2023-cü il, № 50)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 3 mart 2023-cü il tarixli 3780 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 3 mart 2023-cü il, “Xalq” qəzeti, 5 mart 2023-cü il, № 50) ilə 3-cü hissə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

3. “YT Park”a münasibətdə səlahiyyətli orqanın funksiyalarını Azərbaycan Milli Elmlər Akademiyası həyata keçirir.

 

[2] 3 mart 2023-cü il tarixli 3780 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 3 mart 2023-cü il, “Xalq” qəzeti, 5 mart 2023-cü il, № 50) ilə 4-cü hissədə, 6.1-ci, 6.2-ci və 8.7-ci bəndlərdə ismin müvafiq hallarında Azərbaycan Milli Elmlər Akademiyası sözləri ismin müvafiq hallarında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi sözləri ilə əvəz edilmişdir.

 

[3] 3 mart 2023-cü il tarixli 3780 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 3 mart 2023-cü il, “Xalq” qəzeti, 5 mart 2023-cü il, № 50) ilə 6-cı hissədə AMEA Yüksək Texnologiyalar Parkı sözləri ETN Yüksək Texnologiyalar Parkı sözləri ilə əvəz edilmişdir.

 

[4] 13 may 2020-ci il tarixli 2041 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 14 may 2020-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 602) ilə 6.1.6-cı yarımbəndində “mühasibat balanslarının, mənfəət və zərər hesablarının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilmişdir.

 

[5] 1 may 2019-cu il tarixli 665 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 may 2019-cu il, № 95, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 817) ilə 6.1.7-ci yarımbəndində “iyirmi beş” sözləri “əlli” sözü ilə əvəz edilmişdir.

 

[6] 2 avqust 2022-ci il tarixli 3400 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 3 avqust 2022-ci il, № 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 901) ilə 6.2-ci bəndində “Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “İqtisadiyyat Nazirliyinə” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status