Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasında qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətidir.
Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş, uzunmüddətli dövr üçün düşünülmüş iqtisadi siyasət ölkədə makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaratmışdır. Nəticədə geniş sahibkarlar təbəqəsi formalaşmış, ölkənin sosial-iqtisadi inkişafında özəl sektorun rolu daha da artmış və ümumdünya iqtisadi sisteminə inteqrasiya sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur.
Davamlı iqtisadi islahatlar çərçivəsində bu siyasət qlobal iqtisadi çağırışlara uyğun müasir konseptual yanaşmalarla daha da təkmilləşdirilmiş, strateji məqsədlərə uyğun sərbəst bazar münasibətlərinin və özünüinkişaf qabiliyyətinə malik sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması təmin edilmişdir. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanılmış, qeyri-neft sahələrinin və bütövlükdə regionların tarazlı inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarından səmərəli istifadə təmin olunmuş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əlverişli biznes və investisiya mühiti formalaşmış, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır.
Bununla belə, son dövrlərdə istər regionda, istərsə də qlobal iqtisadiyyatda gedən proseslər, neft gəlirlərinin kəskin azalması, mürəkkəb xarici iqtisadi mühit ölkənin makroiqtisadi və maliyyə sabitliyinə öz təsirini göstərməkdədir. Dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir.
Bununla əlaqədar olaraq, ölkədə həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərindən təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” təsdiq edilmiş, habelə həmin istiqamətlərə müvafiq olaraq inkişaf planlarının işlənilməsini təmin etmək üçün müvafiq Işçi qrupu yaradılmışdır.
Həmin Sərəncama əsasən, Işçi qrupu yerli və xarici ekspertlərin, təcrübəli mütəxəssislərin, məsləhətçi şirkətlərin və elmi təşkilatların iştirakı ilə, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində milli iqtisadiyyat və iqtisadiyyatın on bir əsas sektoru üzrə strateji yol xəritələrinin layihələrini hazırlamışdır. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Layihələr açıq müzakirəyə verilmiş və yekun sənəd tərtib edilərkən maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti təsisatlarının və vətəndaşların çoxsaylı rəy və təklifləri nəzərə alınmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin etmək məqsədilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:
1. Aşağıdakı strateji yol xəritələri təsdiq edilsin:
1.1. “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” (əlavə olunur);
1.2. “Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);
[1]
1.3. “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);
1.4. “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);
1.5. “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);
1.6. “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);
1.7. “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);
1.8. “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);
1.9. “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);
1.10. “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);
1.11. “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur);
1.12. “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” (əlavə olunur).
2. Müəyyən edilsin ki:
2.1. bu Fərmanla təsdiq edilən strateji yol xəritələrinin həyata keçirilməsinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirir;
2.1-1. bu Fərmanla təsdiq edilən strateji yol xəritələrində müəyyən olunmuş məqsəd və hədəflərə nail olmaq üçün daha operativ icra və nəzarət mexanizmlərinin tətbiqi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, aidiyyəti icraçılarla razılaşdırmaqla, alttədbirlərin, əsas və digər icraçıların, icra müddətlərinin əks olunduğu təfsilatlı tədbirlər planı hazırlaya bilər;
[2]
2.2. bu Fərmanla təsdiq edilən strateji yol xəritələrində nəzərdə tutulmuş fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərini Iqtisadi Islahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir.
3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:
3.1. bu Fərman qüvvəyə mindikdən sonra hazırlanacaq dövlət proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər planlarının layihələrinin bu Fərmanla təsdiq edilən strateji yol xəritələrinə uyğunluğunu təmin edəcək tədbirlər görsün;
3.2. bu Fərmanla təsdiq edilən strateji yol xəritələrinin icra mexanizmləri ilə bağlı təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər:
5.1. iqtisadi sahədə fəaliyyət istiqamətlərinə dair strateji planların, dövlət proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər planlarının layihələrinin hazırlanması zamanı bu Fərmanla təsdiq edilən strateji yol xəritələrinin müddəalarını rəhbər tutsunlar;
5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsinlər.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 dekabr 2016-cı il
№ 1138
Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 6 dekabr tarixli 1138 nömrəli
Fərmanı ilə təsdiq edilmişdir
Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi
|
1.
QISA XÜLASƏ
Azərbaycan iqtisadiyyatının strateji yol xəritələri
Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyini və sosial rifahın daha da artırılmasını təmin edəcəkdir. Qlobal çağırışlara cavab verərək investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində Azərbaycanın dünya iqtisadiyyatında mövqeyi gücləndirəcək və yüksək gəlirli ölkələr qrupuna daxil olacaqdır.
Azərbaycan Respublikası Prezidentinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamına müvafiq olaraq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanmışdır. Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir. Sənəd təkcə inkişaf məqsədləri və prinsiplərini deyil, həm də hər bir istiqamət üzrə qlobal meyilləri, iqtisadiyyatın 360 dərəcəli diaqnostikasını və mövcud vəziyyətin GZİT təhlilini, görüləcək tədbirləri, tələb olunan investisiya və nəticə indikatorlarını əhatə edir. Qısamüddətli dövrdə seçilmiş prioritetlərə fokuslanmaqla orta və uzunmüddətli dövrlərdə iqtisadi inkişafın bünövrəsi qoyulacaqdır. Strateji Yol Xəritəsi iqtisadi inkişafa töhfə verən bütün faktorları, o cümlədən yerli və beynəlxalq özəl sektor nümayəndələrinin kommunikasiyası və əməkdaşlığı üçün imkanları təmin edəcəkdir. Dövlət investisiyaları katalizator rolunu oynayacaq, iqtisadi inkişafın lokomotivi isə özəl sektor olacaqdır.
Xüsusi olaraq qeyd edilməlidir ki, Strateji Yol Xəritəsinin qəbulundan sonra onun həyata keçirilməsi üçün müvafiq dövlət qurumları öz fəaliyyətlərini daha müfəssəl proqramlar əsasında quracaqlar. Sənəddə nəzərdə tutulan layihələrin həyata keçirilməsindən əvvəl texniki-iqtisadi əsaslandırılma aparılacaq və hər bir təşəbbüs üzrə müvafiq dövlət qurumları cavabdehlik daşıyacaqlar.
Milli iqtisadiyyat perspektivinin əsas xüsusiyyətləri
Son 10 ildə Azərbaycan dünyada iqtisadi artım tempinə görə ön sıralarda qərar tutmuşdur. Uğurla həyata keçirilən neft strategiyası əsasında əldə olunmuş gəlirlər hesabına infrastruktur modernləşdirilmiş, qeyri–neft iqtisadiyyatı inkişaf etdirilmiş, sosial rifah yaxşılaşdırılmış, dövlətin balansında olan aktivlər artmış və ÜDM-in həcmini aşan səviyyədə strateji valyuta ehtiyatları yaradılmışdır. 2014-cü ildən başlayaraq neft qiymətlərinin kəskin azalması və ticarət tərəfdaşı ölkələrində iqtisadi böhran nəticəsində ölkədə iqtisadi artım sürətinin yavaşıması, institusional və struktur çağırışlar, tədiyə balansı və qeyri–neft büdcə kəsiri, maliyyə–bank sektorunda baş verən proseslər fonunda Azərbaycanda yeni iqtisadi inkişaf yanaşmasına keçid zərurəti yaranmışdır. Davamlı inkişafı təmin edəcək yeni "avanqard" sektorların üzərində fokuslanmaqla, iqtisadiyyatın strukturu qeyri–ticari bölməyə nisbətən ticari bölmənin, hasilata nisbətən emalın, dövlət sahibkarlığına nisbətən özəl sahibkarlığın, aşağı texnologiya tutumlu sektorlara nisbətən yüksək texnologiyalara əsaslan sektorların, aşağıixtisaslı əməyə nisbətən yüksəkixtisaslı əməyə əsaslanan sahələrin, azgəlirli bazarlara nisbətən yüksəkgəlirli bazarların və aşağı dəyər yaradan sektorlara nisbətən yüksək dəyər yaradan sektorların daha üstün artımı hesabına yenidən balanslaşacaqdır. Milli iqtisadiyyatın strukturunun yenilənməsi biznes mühitinin daha da yaxşılaşdırılması, ortamüddətli xərclər strategiyası çərçivəsində yeni siyasətin tətbiq edilməsi, maliyyə–bank sisteminin sağlamlaşdırılması və monetar siyasətin üzən məzənnə rejimi üzərində təkmilləşdirilməsi, habelə xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi ilə mümkün olacaqdır.
Buna görə də milli iqtisadiyyat perspektivi çərçivəsində dörd strateji hədəf seçilmişdir. Bu hədəflərin və 11 sektor üzrə strateji yol xəritələrinin həyata keçirilməsi nəticəsində real və maliyyə sektorları arasında tarazlığın təmin edilməsi yolu ilə davamlı iqtisadi inkişaf mümkün olacaqdır. İlk strateji hədəfə uyğun olaraq Azərbaycanda fiskal dayanıqlılıq təmin ediləcək və monetar siyasət üzən məzənnə rejimi üzərində qurulacaqdır. Fiskal və monetar siyasətlərin uzlaşdırılması makroiqtisadi sabitliyi təmin edəcəkdir. Milli iqtisadiyyat perspektivində ikinci hədəf paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması və özəlləşdirmənin həyata keçirilməsi yolu ilə iqtisadi dinamikliyi təmin etməkdən ibarətdir. Üçüncü hədəf insan kapitalının inkişafı ilə bağlıdır ki, bununla əmək bazarının inkişafı milli iqtisadiyyat perspektivinə uyğunlaşdırılacaqdır. Nəhayət, dördüncü hədəf biznes mühitinin daha da yaxşılaşdırılmasını nəzərdə tutur.
Milli iqtisadiyyat perspektivində müəyyən edilmiş 11 sektorun dayanıqlı inkişafını təmin edəcək ümumi məsələlər əhatə olunmuşdur.
2.
AZƏRBAYCAN ÜÇÜN QLOBAL VƏ REGİONAL KONTEKST
Azərbaycan iqtisadiyyatı orta və uzunmüddətli perspektivdə müxtəlif dəyişikliklərin təsirlərinə məruz qalan bir mühitdə inkişaf edəcəkdir. Belə təsirlərin müşahidə edilməsi və başa düşülməsi onların səbəb olduğu çətinliklərin öhdəsindən gəlmək və verdiyi imkanlardan faydalanmaq nöqteyi–nəzərindən vacibdir. Bu zaman proqnozlaşdırılmayan proseslərin başvermə ehtimalı böyük olsa da, qlobal meyillərin bir neçəsinin növbəti onilliklər ərzində qlobal iqtisadiyyata təsirlərinin ilk əlamətləri artıq indidən görünməkdədir. Bu təsirlərdən dördünün Azərbaycan üçün vacib olacağı yəqindir: qlobal iqtisadi güc mərkəzinin Asiyada yeni yaranmaqda olan bazarlara doğru yerdəyişməsi, texnoloji innovasiyaların əhəmiyyətli təsirləri, dəyişən geosiyasi konfiqurasiya və neft–qaz qiymətləri.
İnkişaf etməkdə olan bazarların iqtisadi əhəmiyyətinin davamlı artımı
Asiyanın inkişaf etməkdə olan bazarları hazırda dünyada yaradılan iqtisadi dəyərin təqribən beşdə birinə sahibdir. 2030-cu ildə bu pay üçdə birədək yüksələcəkdir. Asiyanın orta təbəqəsinin ölçüsündə də müvafiq artım gözlənilir. Proqnozlara görə, dünyanın orta təbəqəsi hazırkı 3 milyard nəfərdən 2023-cü ildə təqribən 5 milyard nəfərədək artacaq və bu artımın 80 faizi Asiyanın payına düşəcəkdir. Eyni inkişaf prosesləri həm də şirkət səviyyəsində özünü büruzə verəcəkdir: yeni yaranmaqda olan bazarlar hazırda illik gəlirləri 1 milyard ABŞ dollarından çox olan dünya şirkətlərinin təqribən dörddə birini əhatə etdiyi halda, bu payın 2025-ci ilə qədərki dövrdə demək olar ki, yarıyadək artması gözlənilir. Təkcə Asiyada ümumi gəlirləri 1 milyard ABŞ dollarından ibarət təxminən 3 min yeni şirkətin olması gözlənilir. Bununla yanaşı, son zamanlar mal və xidmətlər üzrə qlobal ticarətin həcminin artımı ÜDM-in artımından iki dəfə yüksək sürətə malik olmuşdur. Ticarət həcmlərinin getdikcə artması Avrasiyanın mərkəzində, Şimal–Cənub və Şərq–Qərb dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan kimi ölkələrin bu artımdan faydalanmasına şərait yaradır.
[1]
Yeni texnologiyaların iqtisadi təsirləri
İnternet və yaxın tarixdə mobil internetin geniş yayılması qlobal istehlak mədəniyyətlərində əhəmiyyətli dəyişikliklərə səbəb olmuşdur. Rabitə əlaqələri üçün yeni imkanlar təklif etməklə, internet şirkətlərə istehlakçılarla onlayn əlaqə qurmağa imkan vermiş və milli sərhədləri aşan satış kanalları təmin etmişdir.
Yeni texnologiyalar həm artıq formalaşmış, həm də yeni formalaşan iqtisadi sahələrin inkişafına təsir edir. Avtomatlaşdırılmış bilik yaradılması prosesi, “İnternet nəzarəti” (dəyər zəncirləri boyu fiziki aktivlər arasında internet əsaslı avtomatlaşdırılmış əməkdaşlıq), uzaq məsafəli idarəetmə texnologiyaları, süni intellekt və robotlaşdırma mövcud bazar liderlərini sınağa çəkərək yeni şirkətlərin qlobal flaqmanlar kimi mövqelərini möhkəmləndirəcəkdir. Azərbaycanda həm dövlət, həm də özəl sektorda idarəetmə bio, nano, informasiya, kommunikasiya, sənaye, maliyyə və başqa sahələrdə qabaqcıl texnologiyaların tələblərinə uyğunlaşacaqdır. Yeni texnologiyaların inkişafı ilə yanaşı artan kibertəhlükəsizlik risklərinin idarə edilməsi qlobal çağırış olaraq Azərbaycan üçün də aktualdır. Qabaqcıl texnologiyaların idxalı ilə yanaşı, həm də onu idarə edən insan kapitalının formalaşdırılması, ümumilikdə təfəkkür tərzinin yeni qlobal çağırışlar və meyillərə uyğun inkişafı həyata keçiriləcəkdir. Daha qabaqcıl texnologiya və insan kapitalı daha yüksək əlavə dəyər yaradır. Azərbaycanın elmi potensialı qlobal meyillərə uyğun şəkildə yeni texnologiyaların inkişafına töhfə verəcəkdir.
Geosiyasi qeyri–sabitlik
Ötən illər ərzində misli görünməmiş qlobal siyasi qeyri–sabitlik müşahidə olunmuşdur. Bunun təsirləri siyasi rəhbərlərin tez–tez dəyişməsi, müharibə, terrorçuluq və sürətlə artan qaçqın axınında özünü büruzə vermişdir. Siyasi qeyri-sabitlik fonunda təhlükəsizlik problemlərinin olduğu və ya sanksiyaların tətbiq edildiyi ərazilərdə ticarət həcmləri kəskin surətdə azaldığı halda, böhranlı vəziyyətlərin öhdəsindən gəlindiyi, iqtisadiyyatın açıq olduğu və ya sanksiyaların aradan qaldırıldığı ərazilərdə bərabər səviyyəli artım müşahidə olunmuşdur. Geosiyasi baxımdan yenidən formalaşan dünyada Azərbaycanda risklər və çağırışlar düzgün qiymətləndirilərək sabit inkişaf təmin ediləcəkdir. Xüsusilə, iqtisadi təhlükəsizliyin əsas komponentləri– enerji, ərzaq, maliyyə və nəqliyyat təhlükəsizliyinin davamlı olması ölkənin geosiyasi kataklizmlərə qarşı dayanıqlılığını daha da gücləndirəcəkdir.
Neftin yeni qiymət hədləri
Ötən illər ərzində neftin qiymətləri düşmüş və qiymətlərdə volatillik artmışdır: neftin bir bareli 2008-ci ildə 150 ABŞ dollarına yaxınlaşdığı halda 2016-cı ildə 30 ABŞ dollarından da aşağı düşmüşdür.
[2]
Neft qiymətlərindəki bu cür qlobal azalmanın Azərbaycan iqtisadiyyatına da təsiri böyük olmuşdur. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2010–2014-cü illərdə iqtisadi artım sürəti yavaşlayaraq ildə orta hesabla 2,7 faiz olmuşdur. 2015-ci ildə ixracın həcmi və dövlət büdcəsinin gəlirlərinin azalması işsizlik səviyyəsinin əvvəlki ilə nisbətən 2 faiz artmasına səbəb olmuşdur. Aşağı neft qiymətləri səbəbindən cari hesablar balansında yaranmış gərginlik manatın məzənnəsinə təzyiqi artırmış və 2015-ci ildə milli valyuta iki dəfə devalvasiyaya uğramışdır.
Proqnozlar onu göstərir ki, neft–qaza qlobal tələbatda artım 2050-ci ilədək ildə təqribən 0,7 faiz zəifləyəcək (əvvəlki artım proqnozlarından 30 faiz az) və ümumi enerji sektorunda üzvi yanacaq növlərinin payı azalacaqdır. Bu şərtlər altında neft qiymətlərinin əvvəlki yüksək səviyyələrinə qayıdışı gözlənilmədiyi üçün yaxın gələcəkdə neft gəlirləri hesabına yüksək dayanıqlı artımın bərpa olunacağı proqnozlaşdırılmır. Beynəlxalq Valyuta Fondu Azərbaycan iqtisadiyyatının 2025-ci ilədək illik 2–3 faiz artacağını proqnozlaşdırır. Bu temp ötən bir neçə il ərzində müşahidə olunan artım səviyyəsinə uyğundur. Lakin belə aşağı artım səviyyəsi iqtisadiyyatın qarşısında duran məqsədlərə çatmağa, o cümlədən indiki və gələcək nəsillər üçün lazım olan sayda iş yerləri yaratmağa kifayət etmir. Buna görə də Azərbaycanda aşağı neft qiymətləri şəraitində iqtisadiyyat yeni təməllər üzərində qurulmaqla daha yüksək artım tempinə nail olunacaqdır.
Neft–qaz sektorunun iqtisadiyyatı inkişaf etdirmək potensialı zəiflədikcə, Qazaxıstan, Səudiyyə Ərəbistanı və Rusiya da daxil olmaqla, dünyanın təbii ehtiyatlarla zəngin ölkələri çətinliklərlə üzləşir və öz iqtisadiyyatlarını şaxələndirməyə təşəbbüs göstərirlər. Azərbaycanda da hazırda eyni vəziyyət mövcuddur. Ölkə ötən on il ərzində yaratdığı baza əsasında qlobal iqtisadiyyatdakı mövqelərini daha da gücləndirmək üçün güclü siyasi iradə və imkanlara malikdir.
Azərbaycan üçün potensial imkanlar
Neft qiymətlərinin 2008–2009-cu illərdəki səviyyələrə qayıdacağı ehtimal edilmir, lakin bu baş versə belə, resurs sənayesi bütün suallar üçün doğru cavab deyildir. Keçmiş iqtisadi əhəmiyyətinə baxmayaraq, neft–qaz sektoru əvvəlki illər ərzində ümumi məşğulluğun 1 faizdən çoxuna
[3]
sahib olmayıb. İqtisadi artımın şaxələndirilməsi 10 milyona yaxın Azərbaycan vətəndaşına öz peşə arzularını gerçəkləşdirməyə və rifah səviyyəsini yüksəltməyə imkan verəcəkdir.
İqtisadi şaxələndirmənin sürətləndirilməsi üçün üç potensial imkan mövcuddur ki, bu imkanları əldən verməmək üçün müvafiq tədbirləri məhz indi həyata keçirmək olduqca vacibdir:
●
Regionun ümumi iqtisadi inkişaf dinamikası daim dəyişir və ixracatı genişləndirmək imkanları yaradır. Azərbaycan ümumi əhali sayı 300 milyon nəfərdən çox olan və ÜDM-i 3 trilyon ABŞ dollarına çatan
[4]
üç iri iqtisadiyyat – İran, Türkiyə və Rusiya arasında yerləşir. İrana tətbiq edilən sanksiyalar aradan qaldırıldıqca və regiondakı digər iqtisadiyyatlar arasında yeni ticarət modelləri meydana gəldikcə, ölkə üçün unikal imkanlar açılır. Daha geniş diametrdə isə Azərbaycan cəmi ÜDM-i 30 trilyon ABŞ dollarına çatan
[5]
Avropa Birliyi, Çin və Körfəz ölkələri bazarlarının yaratdığı dairənin mərkəzində yerləşir. Məsələn, Azərbaycanla dünyanın ikinci iqtisadiyyatı sayılan Çinin arasında yalnız Qazaxıstan var; Azərbaycanla Körfəz ölkələri arasında təkcə İran, Azərbaycanla Avropa Birliyi arasında isə yalnız Gürcüstan yerləşir. Beləliklə, həm qısa, həm də iri radiuslu dairədə Azərbaycanın bazarlara çıxmaq potensialı böyükdür.
●
Qlobal iqtisadi mənzərə Avropada zəif və Çində azalan artıma görə dəyişməkdədir. Buna cavab olaraq, Çin onu əsas iqtisadi regionlarla birləşdirəcək “İpək Yolu” layihəsini həyata keçirməyi planlaşdırır ki, bu marşrutlardan biri də Azərbaycan ərazisindən keçir. Eyni zamanda, Avropa, Rusiya, İran, Hindistan və Mərkəzi Asiyanı birləşdirəcək Şimal–Cənub nəqliyyat dəhlizinin də bir xətti Azərbaycanın ərazisindən keçir. Bu təşəbbüslər ölkəmizin ərazisindən keçən əmtəə və sərnişin dövriyyəsinin həcmini artırmaqla marşrut boyu istehsal və nəqliyyat-logistika xidmətləri üçün imkanlar yaradacaqdır. Azərbaycan təkcə tranzit ölkəsi deyil, o həm də öz ərazisindən keçən əmtəələr üzərində əlavə dəyər yaratmaq potensialına malikdir. Ümumilikdə isə Azərbaycanın ərazisindən keçən nəqliyyat dəhlizlərinin hesabına qlobal dəyər zəncirlərində ölkənin mövqeləri gücləndirilə bilər. Azərbaycan üçün belə yeni beynəlxalq imkanların açılması yüksək və dayanıqlı iqtisadi artım potensialı yaradır. Strateji Yol Xəritəsi bu imkanlardan faydalanmaq üçün hazırlanmışdır.
●
Dayanıqlı iqtisadi artımı təmin edəcək investisiya qoyuluşlarında maraqlı olan Azərbaycanda qlobal investisiya meyilləri nəzərə alınacaqdır. 2007-ci illə müqayisədə dünya üzrə birbaşa xarici investisiya axını 2015-ci ildə 36 faiz artaraq 1,7 trilyon ABŞ dollarına çatmışdır. 2015-ci ildə inkişaf etmiş ölkələr birbaşa xarici investisiyaların 55 faizini cəlb edə biliblər. Artım əsasən birləşmə və satınalmalar (“M&As”) hesabına baş vermişdir. 2015-ci ildə Asiya regionunda inkişaf etməkdə olan ölkələr dünya üzrə birbaşa xarici investisiyaların 1/3-ni cəlb etmişdir. Bu mənada Asiya regionu dünya üzrə ən çox investisiya cəlb edən regiondur. Rusiya və Qazaxıstan başda olmaqla, keçid ölkələrinə birbaşa xarici investisiya axını 2015-ci ildə 54 faiz azalmışdır.
[6]
Aşağı xammal qiymətləri və regional münaqişələr keçid ölkələrində birbaşa xarici investisiya axınları üçün əsas maneə olmuşdur. Birləşmə və satınalmaları nəzərə almasaq, dünyada birbaşa xarici investisiyaların axını qısamüddətli perspektivdə zəifləyəcəkdir. Çünki qlobal iqtisadiyyat kövrəkdir, qlobal maliyyə bazarları volatildir, tələb aşağıdır və inkişaf etməkdə olan ölkələrdə iqtisadi artım tempi zəifdir. İnvestisiya axınını cəlb etmək üçün Azərbaycanda əlverişli biznes mühiti təmin ediləcək və özəl sahibkarlığın inkişafı daha da stimullaşdırılacaqdır.
3.
AZƏRBAYCAN İQTİSADİYYATININ MÖVCUD VƏZİYYƏTİ
Azərbaycan iqtisadiyyatı son 10 il ərzində dünyanın ən yüksək iqtisadi artım tempinə malik ölkələrindən biri kimi keyfiyyət etibarı ilə yeni mərhələyə qədəm qoymuşdur. Bu müddətdə ölkədə həyata keçirilən iqtisadi siyasət iqtisadiyyatın həcminin əhəmiyyətli genişlənməsinə, əhalinin sosial rifahının yüksəldilməsinə, sosial–iqtisadi infrastrukturun tamamilə müasirləşdirilməsinə imkan vermişdir.
2004–2015-ci illər ərzində real olaraq orta hesabla 10,6 faiz iqtisadi artım müşahidə edilmiş, ÜDM-in nominal həcmi isə 7,6 dəfə artmışdır.
[7]
Dövr ərzində adambaşına ÜDM-in həcmində 6,5 dəfə artım olmuşdur ki, bu da Azərbaycanı dünya ölkələri arasında 134-cü yerdən 79-cu yerə yüksəltmiş,
[8]
əhalinin sosial rifahı əhəmiyyətli səviyyədə yaxşılaşmışdır. Yoxsulluq səviyyəsi 2004-cü ildəki 40,2 faizdən 4,9 faizə enmişdir.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının uğurla reallaşdırılması ölkənin neft gəlirlərinin artması ilə müşayiət olunmuş, əldə edilmiş maliyyə imkanları sürətli iqtisadi artımın maliyyələşdirilməsinə imkan vermişdir. 2004–2015-ci illər ərzində neft gəlirlərindən istifadə etməklə reallaşdırılmış iqtisadi artım modeli “aktiv şəkildə əsas kapitala investisiya qoyuluşu” xarakterli olmaqla, dövr üçün qarşıya qoyulmuş hədəflərin reallaşdırılmasına zəmin yaratmışdır.
Azərbaycanda reallaşdırılmış iqtisadi islahatlar ölkənin qlobal reytinq göstəricilərinin əhəmiyyətli yüksəlməsi ilə də müşayiət olunmuşdur. Təsadüfi deyildir ki, Dünya Bankının “Doing Business” hesabatına görə, Azərbaycan 2009-cu ildə dünyanın “lider islahatçı dövləti” kimi qiymətləndirilmişdir. Dünya İqtisadi Forumunun “2016–2017-ci illər üzrə qlobal rəqabətlilik hesabatı”na görə Azərbaycan 2006-cı illə müqayisədə 27 pillə irəliləyərək 138 ölkə arasında 37-ci mövqedə qərarlaşmışdır. Həmin hesabata əsasən, Azərbaycan makroiqtisadi mühitin keyfiyyəti göstəricisinə görə dünyada 39-cu, əmək bazarının səmərəliliyi üzrə 26-cı, milli gəlirin ÜDM-ə nisbəti üzrə 37-ci, infrastrukturun keyfiyyətinə görə isə 55-ci yerdədir.
Aparılmış iqtisadi siyasət Azərbaycanın dünya ölkələri sırasında adambaşına düşən milli gəlirin həcminə görə nəzərəçarpacaq dərəcədə irəliləməsinə səbəb olmuşdur. Dünya Bankının təsnifatına (atlas metodologiyasına görə) əsasən, Azərbaycan 2004-cü ildə adambaşına milli gəlirinin həcminə görə yoxsul ölkələr qrupuna aid edilmişdisə, 2005-ci ildə aşağı-orta gəlirli, 2009-cu ildən isə yuxarı-orta gəlirli ölkələr qrupuna daxil olmuşdur.
Son illər ərzində reallaşdırılmış iqtisadi artım modeli iri həcmdə strateji valyuta ehtiyatlarının formalaşmasına imkan vermişdir ki, bu da ölkə iqtisadiyyatının üzləşə biləcəyi potensial risklərin absorbsiya edilməsinə, həmçinin gələcək iqtisadi inkişafın maliyyələşdirilməsi prosesinə mühüm töhfə ola bilər. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2004–2010-cu illər ərzində iqtisadi artım tempi orta hesabla 16,9 faiz təşkil edirdisə, 2011–2014-cü illərdə bu göstərici 2,7 faiz olmuşdur. Eyni zamanda, 2004–2010-cu illərdə ölkə iqtisadiyyatına investisiya qoyuluşu orta hesabla 17,9 faiz, 2011–2014-cü illərdə isə bu göstərici 11,9 faiz təşkil etmişdir. Qoyulan investisiyanın həcminin 6 faiz bəndi azalmasına baxmayaraq, iqtisadi artım tempi 14,2 faiz bəndi aşağı düşmüşdür. Bu o deməkdir ki, 2004–2014-cü illər ərzində uğurla reallaşdırılmış iqtisadi artım modelinin özünün “doyumluluq” həddinə yaxınlaşması keyfiyyətcə yeni iqtisadi artım yanaşmasına transformasiya zərurətini ortaya qoymuşdur.
2014-cü ilin sonlarından etibarən dünya əmtəə bazarlarında enerji daşıyıcılarının qiymətinin kəskin aşağı düşməsi Azərbaycanın xarici valyuta gəlirlərinin azalması ilə müşayiət olunmuşdur ki, bu da son 10 il ərzində reallaşdırılmış iqtisadi artım modelinin maliyyələşdirilməsi imkanlarını məhdudlaşdırmışdır. Neft gəlirlərinin azalması da öz növbəsində yeni iqtisadi artım yanaşmasına transformasiya zərurətini daha da gücləndirmişdir.
Hər iki amil bir daha onu göstərir ki, mövcud iqtisadi artım modeli özünün həyat tsiklini uğurla reallaşdıraraq qarşıya qoyulmuş hədəflərin əldə edilməsinə imkan vermişdir. Artıq yeni dövrün ən mühüm strateji çağırışı “kapital akkumulyasiyası” əsaslı modeldən “məhsuldarlıq (effektivlik)” əsaslı artım modelinə keçidi təmin etməkdir. Bunun üçün institusional mühitin keyfiyyətinin daha da yüksəldilməsi, əlçatan maliyyələºmə mənbələri, biznesin düzgün seqmentasiyası və ixtisaslaşması, makroiqtisadi siyasətin yeni çağırışlar əsasında müasirləşdirilməsi, ən başlıcası isə intensiv şəkildə yüksəkixtisaslı insan kapitalının hazırlanması tələb olunur.
3.1.
İqtisadi artımın mərhələləri: tənəzzüldən tərəqqiyə
Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etməklə birlikdə bir çox çağırışlar və risklərlə üzləşmişdir. Ölkənin son 25 ildəki iqtisadi artım prosesi 4 mərhələdə təsnifləşdirilə bilər (şəkil 1).
Şəkil 1. Azərbaycanda iqtisadi artımın mərhələləri
Mənbə: Dövlət Statistika Komitəsi
●
Tənəzzül dövrü (1991–1994-cü illər): Dövlət müstəqilliyinin bərpasının ilk illərinə təsadüf edən bu dövr, Azərbaycanın müharibə şəraitində olması, Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkünlərin problemlərilə üzləşməsi ilə birlikdə keçmiş İttifaq respublikaları arasında ticarət əlaqələrinin zəifləməsi, nəticədə sosial–iqtisadi vəziyyətin kəskin pisləşməsi ilə xarakterizə edilə bilər. Həmin dövrdə regional qeyri–sabitlik, iqtisadi idarəetmədə səriştəsizlik, mövcud iqtisadi institutların tamamilə səmərəsizliyi Azərbaycanda iqtisadi böhranı dərinləşdirmişdir. Beynəlxalq Valyuta Fondunun hesabatlarına əsasən, bu dövrdə Azərbaycan iqtisadi potensialının 60 faizini itirmiş, mövcud istehsal infrastrukturu əhəmiyyəli şəkildə sıradan çıxarılmış, işsizliyin kəskin artımı fonunda hiperinflyasiya müşahidə edilmişdir. 1991–1994-cü illər ərzində Azərbaycanın real ÜDM-i ildə orta hesabla 17 faiz aşağı düşmüş, dövlət büdcəsinin maliyyələşməsi əsasən emissiya kanalları hesabına reallaşdırılmış, tədavülə buraxılan milli valyuta kəskin ucuzlaşmışdır.
●
Dərin iqtisadi islahatlar, keçid və bərpa dövrü (1995–2003-cü illər): Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonrakı bu dövr, ilk növbədə, ölkədə siyasi sabitliyin bərpası, bazar iqtisadiyyatına keçidi və səmərəli iqtisadi münasibətləri təmin edəcək strateji iqtisadi islahatların reallaşdırılması nəticəsində yüksəkkeyfiyyətli iqtisadi artım üçün zəmin formalaşdırılması ilə xarakterizə edilə bilər. Genişmiqyaslı torpaq islahatları, dövlət əmlakının özəlləşdirilməsi kimi mühüm islahatların reallaşdırılması bu dövrə təsadüf edir. Dövrün digər mühüm xüsusiyyətlərindən biri də Azərbaycanın yüksək sürətlə inkişafını təmin edən neft strategiyasının təməlinin məhz bu dövrdə qoyulmasıdır. 1994-cü ildə 13 şirkətdən ibarət beynəlxalq konsorsiumla Azəri–Çıraq–Günəşli neft yataqlarının işlənməsinə dair ümummilli lider Heydər Əliyevin müəllifi olduğu və birbaşa təşəbbüskarlığı ilə imzalanmış “Əsrin Müqaviləsi”nin ilkin iqtisadi səmərəsi özünü göstərməyə başladı. Bu dövrdə iqtisadi artım təmin edilməklə itirilmiş potensial bərpa edilmiş, milli valyutanın və qiymətlərin sabitliyinə, işsizliyin əhəmiyyətli səviyyədə azaldılmasına nail olunmuşdur. Ölkənin strateji xarici valyuta ehtiyatları formalaşdırılmış, bank sisteminə etimad bərpa edilmiş, dövlət büdcəsinin dayanıqlı maliyyələşmə mənbələri təmin edilmişdir.
●
İqtisadi inkişaf və tərəqqi dövrü (2004–2014-cü illər): Bu dövrdə reallaşdırılmış iqtisadi artım modeli Azərbaycan iqtisadiyyatını dünyanın ən sürətlə artan iqtisadiyyatlarından birinə çevirmişdir. Əldə edilmiş neft gəlirlərinin bir hissəsinin aktiv şəkildə ölkə iqtisadiyyatına investisiya edilməsi nəticəsində Azərbaycan qısa müddətdə yüksək–orta gəlirli ölkəyə çevrilmiş, sosial–iqtisadi infrastruktur tamamilə yenilənmiş, qlobal rəqabət qabiliyyətinə görə dünyada 37-ci yerdə qərarlaşmışdır.
[9]
Görülən tədbirlər və təbii sərvətlərin qiymətindəki artımlar ölkə iqtisadiyyatının sıçrayışlı inkişaf mərhələsinin əsasını qoymuş və 2004–2010-cu illər ərzində ÜDM ildə orta hesabla 16,9 faiz artmışdır. Neft–qaz istehsalının həcminin və qiymətinin artması neft sektoruna birbaşa xarici investisiya (BXİ) cəlb edilməsinə də öz töhfəsini vermişdir. 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan boru kəmərinin rəsmi açılışı olmuş və Azərbaycan qlobal səviyyədə iqtisadi əlaqələri yaxşılaşdırmaqla, neft–qaz istehsalı və ticarətinin davamlılığını təmin etmişdir. Bu illər ərzində neft gəlirləri tikinti, xidmət, dövlət idarəetməsi, müdafiə və sosial təminat kimi bir sıra digər sektorların da inkişafına birbaşa yol açmaqla ölkəyə tərəqqi gətirmişdir. İqtisadi artım prosesinin mühüm mərhələsini uğurla reallaşdırmağa imkan verən iqtisadi artım modeli sayəsində iqtisadiyyat 6 dəfə böyümüş, adambaşına düşən milli gəlir 5 dəfədən çox artmışdır.
[10]
Bu dövr ərzində ölkədə qiymətlərin sabitliyi qorunmuş, xarici valyuta gəlirlərinin əhəmiyyətli artması nəticəsində böyük həcmdə strateji valyuta ehtiyatları formalaşdırılmış, milli valyutanın məzənnəsinin izafi möhkəmlənməsinə yol verilməməklə beynəlxalq rəqabət qabiliyyəti qorunmuşdur. Dövr ərzində bank sektorunda aktivlik yüksəlmiş, əmanətlərin həcmi 11 dəfə, kreditlərin həcmi 19 dəfə artmışdır.
[11]
Bu dövrdə diqqət edilməli məqamlardan biri də 2011-ci ildən sonra iqtisadi artım sürətinin aşağı düşməsidir. İqtisadiyyata dövr ərzində qoyulan investisiyaların artmasına baxmayaraq, iqtisadi aktivliyin zəifləməsi müşahidə edilmişdir. Aktiv şəkildə kapital yığımı modeli bu dövrdən sonra özünün “doyumluluq” səviyyəsinə çatmışdır.
●
Aşağı neft qiymətləri dövrü: 2014-cü ilin sonlarından etibarən dünya əmtəə bazarlarında neftin qiymətinin kəskin ucuzlaşmasının mənfi təsirləri 2015-ci ilin ikinci yarısından etibarən Azərbaycan iqtisadiyyatında müşahidə edilməyə başlamışdır. Mənfi təsir, ilk növbədə, tədiyə balansına, daha sonra iqtisadi artımın maliyyələşmə kanalları üzərindən iqtisadi aktivliyə ötürülmüşdür. ABŞ dollarının məzənnəsi milli valyutaya qarşı iki dəfəyə yaxın bahalaşmış, maliyyə sabitliyinin təmini üzrə bir sıra risklər formalaşmış, dövlət borcunun ödənilməsi üzrə fiskal yük artmışdır. Azərbaycan hökuməti iqtisadi aktivliyin bərpa edilməsi məqsədilə iqtisadi siyasətin daha da təkmilləşdirilməsi, institusional islahatların sürətləndirilməsi istiqamətində bir çox tədbirlər görmüşdür.
2015-ci ildən etibarən Azərbaycan iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Yeni iqtisadi artım yanaşmasına keçid məqsədilə 2010–2014-cü illərin iqtisadi artım modelinin, həmçinin həmin dövrdə reallaşdırılmış iqtisadi siyasətin təhlili nəticəsində əsas risk və çağırışların əsasında yeni artım dayaqlarının müəyyənləşdirilməsi zərurəti yaranmışdır.
3.2.
Sıçrayışlı artım dövrünün (2004 – 2010) təhlili
2004–2010-cu illər ərzində Azərbaycan əldə edilmiş neft gəlirlərinin bir qisminin iqtisadiyyata yönəldilməsi nəticəsində yüksək iqtisadi artıma nail olmuşdur. Dövr üzrə iqtisadiyyatın orta artım sürəti 16,9 faiz olmuşdur ki, bu da dünya üzrə analoji göstəricidən 12,9 faiz bəndi, inkişaf etməkdə olan ölkələr üzrə müvafiq göstəricidən 10,6 faiz bəndi, MDB ölkələri üzrə müvafiq göstəricidən isə 12,6 faiz bəndi yüksəkdir.
[12]
Neft sektorunda orta illik iqtisadi artım 24,9 faiz, qeyri-neft sektorunda isə 11,7 faiz təşkil etmişdir. Diqqət çəkən məqam ondan ibarətdir ki, qeyri-neft sektoruna qoyulmuş irihəcmli investisiyalar sektorun əhəmiyyətli artımına imkan vermişdir. 2010-cu ildən başlayaraq ölkədə iqtisadi artımın əsas hərəkətverici amili neft sektorundan qeyri-neft sektoruna transformasiya olmuş, 2010–2014-cü illər ərzində neft sektorunda 2,9 faizlik geriləmə olduğu halda, qeyri-neft sektoru 8,8 faiz artmaqla, ümumi 3 faizlik iqtisadi artıma nail olunmuşdur (şəkil 2).
Şəkil 2. Sektorlar üzrə iqtisadi artım
1.
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq.
2.
Elektrik və su təchizatı, tikinti.
3.
Ticarət, turistlərin yerləşdirilməsi və ictimai iaşə, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə, maliyyə və sığorta fəaliyyəti, daşınmaz əmlak, kirayə və biznes xidmətləri.
4.