AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
22.12.2016
QEYDİYYAT NÖMRƏSİ
1169
ADI
“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın tərkibi”nin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 23-12-2016, Nəşr nömrəsi: 285), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2016, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2087)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
23.12.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.040.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201612221169
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
23.12.2016
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın tərkibi”nin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanının 3.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında Əsasnamə” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın tərkibi” təsdiq edilsin (2 nömrəli əlavə).

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 22 dekabr 2016-cı il

                   № 1169

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2016-cı il 22 dekabr tarixli 1169 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

1 nömrəli əlavə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında

 

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

 

1.1. Bu Əsasnamə “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanının 3.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın (bundan sonra - Komissiya) fəaliyyətini tənzimləyir.

1.2. Komissiya “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikasında aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət orqanlarının və qurumlarının fəaliyyətini əlaqələndirən kollegial orqandır.

1.3. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, habelə bu Əsasnaməni rəhbər tutur.

1.4. Komissiya bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları ilə və digər təşkilatlarla qarşılıqlı fəaliyyət göstərir.

1.5. Komissiya Bakı şəhərində yerləşir.

 

2. Komissiyanın vəzifələri

 

2.1. Komissiya aşağıdakı vəzifələri yerinə yetirir:

2.1.1. “Aviasiya təhlükəsizliyinin təmin edilməsi üzrə Dövlət Proqramı”nın (bundan sonra - Dövlət Proqramı) və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın (bundan sonra - Qaydalar) tələblərinin həyata keçirilməsini təmin etmək;

2.1.2. mülki aviasiyanın qanunsuz müdaxilə aktlarından qorunmasına dair tədbirlər işləyib hazırlamaq;

2.1.3. aviasiya təhlükəsizliyinin, o cümlədən uçuşların təhlükəsizlik səviyyəsinin daha da yüksəldilməsi ilə bağlı strateji məqsədləri müəyyən etmək;

2.1.4. mülki aviasiyanın fəaliyyətinin qanunsuz müdaxilə aktlarından qorunması ilə bağlı onun təhlükəsizliyinin təmin edilməsi üzrə aidiyyəti dövlət orqanlarının yerinə yetirəcəkləri qabaqlayıcı əməliyyat tədbirlərinin vaxtında planlaşdırılmasını təşkil etmək;

2.1.5. uçuş vaxtı fövqəladə hadisə baş verdikdə, hava gəmisinin kapitanı tərəfindən düzgün qərarın qəbul edilməsinə və həyata keçirilməsinə kömək etmək;

2.1.6. məxfi məlumatlarla iş qaydasını və onların mühafizəsini “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təmin etmək;

2.1.7. qanunsuz müdaxilə aktları ilə bağlı təhlükə olduqda, Azərbaycan Respublikasının hava limanlarında aviasiya təhlükəsizliyinin gücləndirilməsi üzrə əlavə tədbirlər görülməsini təmin etmək;

2.1.8. Dövlət Proqramının icrası çərçivəsində aviasiya subyektlərindən aviasiya təhlükəsizliyi səviyyəsinin müntəzəm monitorinqinin və qiymətləndirilməsinin aparılmasını, uçuşların ümumi təhlükəsizlik səviyyəsinin artırılmasını tələb etmək;

2.1.9. Azərbaycan Respublikasının hava limanlarının ərazisində fövqəladə hadisə baş verdikdə, xarici dövlətə məxsus hava gəmisinin Azərbaycan Respublikasının hüdudlarından kənara buraxılıb-buraxılmaması barədə qərar qəbul etmək;

2.1.10. Aviasiya Təhlükəsizliyi üzrə Aeroport İdarələrarası Komissiya haqqında əsasnaməni təsdiq etmək;

2.1.11. Qaydalara uyğun olaraq hava limanlarında yeni tikililərin layihələşdirilməsi və inşası, həmçinin mövcud tikililərin yenidən qurulması zamanı aviasiya təhlükəsizliyi tədbirləri üzrə tələblərə riayət olunmasına nəzarət etmək;

2.1.12. qanunsuz müdaxilə aktları ilə bağlı halların tənzimlənməsi məqsədi ilə İdarələrarası Əməliyyat Qərargahının fəaliyyətinə nəzarət etmək, onun hesabatlarını təhlil etmək;

2.1.13. hava limanı komissiyalarının fəaliyyətinə metodik nəzarəti həyata keçirmək, terror əleyhinə əməliyyatlar zamanı İdarələrarası Əməliyyat Qərargahı ilə qarşılıqlı əməkdaşlıq etmək.

 

3. Komissiyanın hüquqları

 

3.1. Komissiya öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

3.1.1. Dövlət Proqramının icrasına cəlb edilmiş dövlət orqanlarının qarşılıqlı əlaqədə əməliyyat keçirmələrinin yoxlanılması məqsədi ilə müvafiq təlimlər təşkil etmək və həyata keçirmək;

3.1.2. qanunsuz müdaxilə aktlarına qarşı aidiyyəti qabaqlayıcı tədbirlərin keçirilməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tövsiyələr vermək; [1]

3.1.3. yerli şəraiti və aeroportun inkişaf perspektivini nəzərə almaqla, Qaydaların yerinə yetirilməsində iştirak edən dövlət qurumlarının, idarə, müəssisə və təşkilatların, aeroportların, hava gəmisi istismarçılarının aviasiya təhlükəsizliyi ilə əlaqədar fəaliyyətini əlaqələndirmək;

3.1.4. digər dövlətlərlə mülki aviasiyanın təhlükəsizliyi sahəsində əməkdaşlıq etmək;

3.1.5. İdarələrarası Əməliyyat Qərargahına tövsiyələr vermək.

 

4. İdarələrarası Əməliyyat Qərargahı

 

4.1. Mülki aviasiyanın hava gəmilərinin zəbt edilməsi və qaçırılması cəhdlərinin qarşısının alınması üzrə fəaliyyətə operativ rəhbərliyi həyata keçirmək üçün “Təbil planı”na əsasən Komissiya yanında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin sədrliyi və Azərbaycan Respublikası daxili işlər nazirinin, Azərbaycan Respublikası müdafiə nazirinin, Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin, Azərbaycan Respublikası səhiyyə nazirinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavinlərinin və Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası direktorunun iştirakı ilə İdarələrarası Əməliyyat Qərargahı (bundan sonra - Qərargah) yaradılır. [2]

4.2. Qərargahın tam tərkibini və onun əsasnaməsini Komissiya təsdiq edir.

4.3. Qərargahın katibi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin mülki aviasiyanın fəaliyyətinin əməliyyat təminatını həyata keçirən müvafiq struktur bölməsinin rəisidir.

4.4. Hava gəmisinin qaçırılması və yaxud mülki aviasiyanın fəaliyyətinə digər qanunsuz müdaxilə aktları zamanı öz funksiyalarını yerinə yetirməsi üçün Qərargaha yer (komanda məntəqəsi) ayrılması və onun müvafiq avadanlıqla təmin edilməsi hava limanının rəhbərliyi tərəfindən həyata keçirilir.

4.5. Terror əleyhinə aparılan əməliyyatlar zamanı Qərargah öz işini “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq yaradılan “Terror əleyhinə əməliyyatları idarəetmə üzrə Əməliyyat Qərargahı” ilə qarşılıqlı əlaqədə həyata keçirir.

 

5. Komissiyanın fəaliyyətinin təşkili

 

5.1. Komissiyanın əsasnaməsi və tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.

5.2. Komissiyanın fəaliyyətinin təmin edilməsi üçün Katiblik yaradılır. Katibliyin əsasnaməsini Komissiya təsdiq edir.

5.3. Komissiyanın iclasları onun üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətli sayılır.

5.4. Komissiyanın iclasları sədr tərəfindən təsdiq olunmuş plan əsasında, ildə iki dəfədən az olmayaraq keçirilir. Komissiyanın növbədənkənar iclasları sədrin və yaxud üzvlərin üçdəbirinin tələbi ilə çağırıla bilər.

5.5. Komissiyanın qərarları onun iclaslarında sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, sədrin səsi həlledici hesab edilir.

5.6. Komissiyanın hər hansı bir üzvü qəbul edilən qərarla razı olmadıqda, onun xüsusi rəyi mütləq iclas protokoluna əlavə edilir.

5.7. Komissiyanın qərarlarının icrası dövlət orqanları və qurumları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları, eləcə də vəzifəli şəxslər üçün məcburidir.

5.8. Komissiyanın iclaslarında və onun cari işində dövlət orqanlarının və qurumlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının mütəxəssisləri də iştirak edə bilərlər.

5.9. Komissiyanın iclasları sədrin və katibin imzaladığı protokolla rəsmiləşdirilir.

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2016-cı il 22 dekabr tarixli 1169 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

2 nömrəli əlavə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın tərkibi

 

Komissiyanın sədri

 

Azərbaycan Respublikası Baş nazirinin müvafiq sahəyə cavabdeh olan müavini

 

Komissiyanın üzvləri:

 

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Azərbaycan Respublikasının xarici işlər naziri

Azərbaycan Respublikasının müdafiə naziri

Azərbaycan Respublikasının nəqliyyat naziri [3]

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri [4]

Azərbaycan Respublikasının səhiyyə naziri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi [5]

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru [6]

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       11 yanvar 2017-ci il tarixli 1195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 1, maddə 42)

2.       7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)

3.       19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9 , maddə 1840)

4.       31 may 2022-ci il tarixli 1698 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyun 2022-ci il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 466)

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9 , maddə 1840) ilə “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında Əsasnamə”nin 3.1.2-ci yarımbəndində “Dövlət Mülki Aviasiya Administrasiyasına” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə” sözləri ilə əvəz edilmişdir və 4.1-ci bəndindən “və Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası direktorunun” sözləri çıxarılmıdşır.

31 may 2022-ci il tarixli 1698 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyun 2022-ci il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 466) ilə “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında Əsasnamə”nin 3.1.2-ci yarımbəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə, 4.1-ci bəndində “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilmişdir.

 

[2] 11 yanvar 2017-ci il tarixli 1195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 1, maddə 42) ilə “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında Əsasnamə”nin 4.1-ci bəndinə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin,” sözlərindən sonra “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin,” sözləri əlavə edilmişdir.

7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında Əsasnamə”nin 4.1-ci bəndində “nəqliyyat nazirinin” sözləri “nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin” sözləri ilə əvəz edilmişdir.

 

[3] 7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın tərkibi”nin “Komissiyanın üzvləri” hissəsindən “Azərbaycan Respublikasının nəqliyyat naziri” sözləri çıxarılmışdır və həmin hissəyə “rabitə” sözündən əvvəl “nəqliyyat,” sözü əlavə edilmişdir.

 

[4] 31 may 2022-ci il tarixli 1698 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyun 2022-ci il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 466) ilə “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın tərkibi”nin “Komissiyanın üzvləri” hissəsində “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilmişdir.

 

[5] 11 yanvar 2017-ci il tarixli 1195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 1, maddə 42) ilə “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın tərkibi”nə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri” sözlərindən sonra yeni məzmunda abzas əlavə edilmişdir.

 

[6] 19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9 , maddə 1840) ilə “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın tərkibi”nin “Komissiyanın üzvləri” hissəsindən “Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru” sözləri çıxarılmıdır.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status