AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
28.12.2016
QEYDİYYAT NÖMRƏSİ
1182
ADI
“Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nın təsdiqi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 30-12-2016, Nəşr nömrəsi: 291), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2016, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2100)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.12.2016
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201612281182
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.12.2016
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

“Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nın təsdiqi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın pozulmasına görə məsuliyyət müəyyən edən qanun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 dekabr 2016-cı il

                 № 1182

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2016-cı il 28 dekabr tarixli 1182 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmaları (bundan sonra – borcalma) və borcalmanın yuxarı həddinin müəyyənləşdirilməsi ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Bu Qayda Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun, habelə paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan bankların, bank olmayan kredit təşkilatlarının və sığorta şirkətlərinin borcalmasına şamil olunmur. [1]

1.3. Dövlətə məxsus olan hüquqi şəxslərin dövlət zəmanəti ilə borcalması “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanunu və “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanına uyğun olaraq həyata keçirilir. [2]

1.4. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dəstəklənməsi məqsədilə xarici borcalma bu Qaydaya və “Sahibkarlığın dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) əlaqələndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 2 iyul tarixli 768 nömrəli Fərmanına uyğun olaraq həyata keçirilir. [3]

1.5. Müqavilə əsasında idarəetməyə verilən və payları (səhmləri) yüz faiz dövlətə məxsus lotereya təşkilatçısı və (və ya) idman mərc oyunları operatoru olan hüquqi şəxsə bu Qaydanın müddəaları idarəetmə müqaviləsi qüvvədə olduğu müddət ərzində şamil edilmir. [4]

 

2. Əsas anlayışlar

 

2.0. Bu Qaydada istifadə olunmuş anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.0.1. dövlətə məxsus olan hüquqi şəxslər dedikdə:

1. paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan səhmdar cəmiyyəti, məhdud məsuliyyətli cəmiyyət və digər təşkilati-hüquqi formada fəaliyyət göstərən kommersiya hüquqi şəxsləri;

2. dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər;

3. bu Qaydanın 2.0.1-ci yarımbəndinin 1-ci və 2-ci abzaslarında qeyd edilən hüquqi şəxslərin yaratdığı paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə həmin hüquqi şəxslərə məxsus olan törəmə təsərrüfat cəmiyyəti, qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər nəzərdə tutulur;

2.0.2. borcalma – dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikasının rezidentləri və qeyri-rezidentləri ilə bağlanmış müqavilələrin öhdəlikləri üzrə borcalma, qiymətli kağızlarla əqdlər üzrə borcalma, üçüncü şəxslərin öhdəliklərinin təmin edilməsinə dair verilmiş zəmanət üzrə borcalma, lizinq müqaviləsinin öhdəlikləri üzrə borcalma, mal, iş və xidmətlər şəklində borcalma.

 

3. Dövlətə məxsus olan hüquqi şəxslərin borcalmasının tənzimlənməsi və yuxarı həddinin müəyyən edilməsi

 

3.1 Dövlətə məxsus olan hüquqi şəxslər cari il dekabrın 1-dək növbəti il üzrə borcalma niyyətləri və borcalmanın ümumi məbləğləri barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edirlər. [5]

3.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 30 gün ərzində borcalma niyyəti barədə müraciətləri təhlil edir və bu borcalmaların ümumi məbləğinin ölkənin növbəti il üzrə proqnozlaşdırılan makroiqtisadi və digər maliyyə və borc dayanıqlığı göstəricilərini, o cümlədən ümumi daxili məhsula nisbəti, borca xidmət xərclərinin büdcə xərclərinə nisbəti, valyuta məzənnəsini nəzərə alaraq, borcalmanın yuxarı həddinə dair təkliflərini hazırlayır və borcalmanın yuxarı həddində nəzərə alınan investisiya layihələrini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.

3.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla növbəti il fevralın 1-dək həmin il üçün dövlətə məxsus olan hüquqi şəxslərin borcalmasının yuxarı həddini müəyyən edir. [6]

3.4. Borcalmanın yuxarı həddi Azərbaycan Respublikasının milli valyutası ilə müəyyənləşdirilir.

3.5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi hər il yanvarın 30-dək dövlətə məxsus olan hüquqi şəxslərin əvvəlki il üzrə borcalmaları və borcalmanın yuxarı həddinə əməl edilməsi vəziyyəti barədə məlumatları Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.

 

4. Dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən razılığın alınması qaydası

 

4.1. Dövlətə məxsus olan hüquqi şəxs borcalma həyata keçirilməzdən əvvəl Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə borcalmanın zəruriliyini və məqsədəuyğunluğunu əsaslandırmaqla yazılı müraciət edir.

4.2. Müraciətlə birlikdə aşağıdakı sənədlər təqdim olunmalıdır:

4.2.1. borcalmaya səbəb olan layihə və ya tədbirin texniki-iqtisadi əsaslandırılması;

4.2.2. borcalma investisiya layihəsi ilə bağlı həyata keçirildikdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin müsbət rəyi;

4.2.3. dövlətə məxsus olan hüquqi şəxsin müraciət olunan il üçün müvafiq qaydada təsdiq edilmiş gəlir və xərclər smetasının ilkin göstəriciləri;

4.2.4. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, son maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatları və auditor rəyi;

4.2.5. kredit bürosundan dövlətə məxsus olan hüquqi şəxsə aid kredit hesabatı, həmçinin dövlətə məxsus olan hüquqi şəxsin kredit hesabatında əksini tapmayan digər borcları haqqında məlumat; [7]

4.2.6. dövlətə məxsus olan kommersiya hüquqi şəxsin müşahidə (direktorlar) şurasının (olmadıqda icra orqanının), qeyri-kommersiya hüquqi şəxsin isə himayəçilər şurasının (olmadıqda icra orqanının) borcalmaya dair qərarı. [8]

4.3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi borcalmaya razılıq verilməsi ilə bağlı dövlətə məxsus olan hüquqi şəxsdən təqdim edilmiş sənədlərə dair izahat və əlavə məlumat tələb edə bilər.

4.4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlətə məxsus olan hüquqi şəxs tərəfindən təqdim olunmuş müraciətə və bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulmuş sənədlərə 30 gündən gec olmayaraq baxır, borcalmaya razılıq verilməsi və ya ondan imtina barədə qərar qəbul edir və bununla bağlı həmin hüquqi şəxsə yazılı məlumat verir. Borcalmaya razılıq verilməsindən imtina edildikdə imtinanın səbəbləri məlumatda göstərilir.

4.5. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə dövlətə məxsus olan hüquqi şəxsə sənədlər təqdim edildiyi gündən başlayaraq 3 gündən gec olmayaraq, yazılı məlumat verilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, bu Qaydanın 4.4-cü bəndinə uyğun baxılaraq, borcalmaya razılıq verilməsi barədə qərar qəbul edilir.

4.6. Borcalma layihə ilə bağlı həyata keçirildikdə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi layihənin xüsusiyyətlərindən asılı olaraq, dövlətə məxsus olan hüquqi şəxsdən aidiyyəti dövlət orqanlarının (dövlət təşkilatlarının) rəyinin alınmasını tələb edir və ya müvafiq rəyin alınması üçün dövlət orqanlarına (dövlət təşkilatlarına) müraciət edir. Bu halda borcalmaya razılıq verilməsinə dair müraciətə baxılma müddəti bu Qaydanın 4.7-ci bəndində göstərilən müddətə uzadılır.

4.7. Rəy alınması üçün aidiyyəti dövlət orqanına (dövlət təşkilatına) göndərilmiş müraciətə 10 iş günü müddətində baxılaraq müvafiq rəy verilir.

4.8. İnvestisiya layihəsi ilə bağlı müvafiq rəyin alınması üçün borcalan bu Qaydanın 4.2.1–4.2.5-ci yarımbəndlərində müəyyən olunmuş sənədləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi müvafiq sənədlərə onların təqdim edildiyi gündən başlayaraq 20 iş günündən gec olmayaraq baxır və rəy bildirir.

4.9. Borcalmanın dövlətə məxsus olan hüquqi şəxsin dövlət büdcəsi qarşısında öhdəliyinin və borcalma tarixinə mövcud digər öhdəliklərinin yerinə yetirilməsinə mane olacağına dair əsaslar aşkar olunduqda, bu Qaydada nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə, təqdim edilən sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda və aidiyyəti dövlət orqanı (dövlət təşkilatı) mənfi rəy verdikdə, yaxud borcalma bunun üçün müəyyən edilmiş yuxarı həddi keçdikdə borcalmaya razılıq verilməsindən imtina edilir.

4.10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qaydanın 4.9-cu bəndində nəzərdə tutulmuş imtina halları olmadıqda, dövlətə məxsus olan hüquqi şəxsin borcalmasına razılıq verir.

4.11. Borcalmaya verilmiş razılıq həmin razılığın şamil olunduğu ildən sonrakı ilin sonunadək qüvvədə qalır. Borcalma bu müddət ərzində həyata keçirilmədikdə, verilmiş razılıq qüvvəsini itirmiş hesab olunur. [9]

4.12. Dövlətə məxsus olan hüquqi şəxs borc müqaviləsi imzalandıqdan sonra, 3 iş günündən gec olmayaraq, bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, investisiya layihələri üzrə eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə məlumat verir.

4.13. Borcalmaya razılıq verildikdən sonra dövlətə məxsus olan hüquqi şəxs borc müqaviləsi qüvvədə olduğu müddətdə hər rüb üçün maliyyə hesabatlarını, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq hər ilin yekunu üzrə auditor yoxlamasından keçmiş maliyyə hesabatlarını və auditor rəyini Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.

 

5. Yekun müddəa

 

Dövlətə məxsus olan hüquqi şəxslərin borcalmasına razılıq verilməsi onun borcalma üzrə öhdəliklərinə dövlət zəmanəti verilməsi kimi qəbul edilə bilməz.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       4 oktyabr 2018-ci il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 oktyabr 2018-ci il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 1991)

2.       16 aprel 2019-cu il tarixli 645 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 17 aprel 2019-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 644)

3.       30 yanvar 2020-ci il tarixli 916 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 yanvar 2020-ci il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 1, maddə 5)

4.       30 dekabr 2021-ci il tarixli 1556 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1421)

5.       7 fevral 2022-ci il tarixli 1587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq” qəzeti, 8 fevral 2022-ci il, № 28, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 98)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 7 fevral 2022-ci il tarixli 1587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq” qəzeti, 8 fevral 2022-ci il, № 28, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 98) ilə “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nın 1.2-ci bəndinə “Qayda” sözündən sonra “Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun, habelə” sözləri əlavə edilmişdir.

 

[2] 16 aprel 2019-cu il tarixli 645 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 17 aprel 2019-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 644) ilə “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nın 1.3-cü bəndində “Dövlət zəmanəti ilə alınan kreditlərə dair sazişlərin bağlanması qaydaları haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 368 nömrəli Fərmanına” sözləri “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanına” sözləri ilə əvəz edilmişdir.

 

[3] 30 yanvar 2020-ci il tarixli 916 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 yanvar 2020-ci il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 1, maddə 5) ilə “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”na yeni məzmunda 1.4-cü bənd əlavə edilmişdir.

 

[4] 30 dekabr 2021-ci il tarixli 1556 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1421) ilə “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”na yeni məzmunda 1.5-ci bənd əlavə edilmişdir.

 

[5] 7 fevral 2022-ci il tarixli 1587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq” qəzeti, 8 fevral 2022-ci il, № 28, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 98) ilə “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nın 3.1-ci bəndində “iyunun” sözü “dekabrın” sözü ilə əvəz edilmişdir.

 

[6] 7 fevral 2022-ci il tarixli 1587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq” qəzeti, 8 fevral 2022-ci il, № 28, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 98) ilə “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nın 3.3-cü bəndində “cari il sentyabrın 15-dək növbəti” sözləri “növbəti il fevralın 1-dək həmin” sözləri ilə əvəz edilmişdir.

 

[7] 4 oktyabr 2018-ci il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 oktyabr 2018-ci il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 1991) ilə “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nın 4.2.5-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

4.2.5. dövlətə məxsus olan hüquqi şəxsin kredit təşkilatlarına borcları barədə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının mərkəzləşdirilmiş kredit reyestrindən çıxarış və ya kredit bürosundan müvafiq kredit tarixçəsindən kredit hesabatı, həmçinin digər borcları haqqında məlumat.

 

[8] 7 fevral 2022-ci il tarixli 1587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq” qəzeti, 8 fevral 2022-ci il, № 28, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 98) ilə “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nın 4.2.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 4.2.6-cı yarımbəndi əlavə edilmişdir.

 

[9] 7 fevral 2022-ci il tarixli 1587 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Xalq” qəzeti, 8 fevral 2022-ci il, № 28, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 98) ilə “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nın 4.11-ci bəndində “müvafiq” sözü “həmin razılığın şamil olunduğu ildən sonrakı” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status