AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
06.02.2017
QEYDİYYAT NÖMRƏSİ
31
ADI
“Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 09-02-2017, Nəşr Nömrəsi: 29), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2017, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 284)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
09.02.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
140.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201702060031
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
10.02.2017
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.16-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 6 fevral 2017-ci il

                 № 31

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2017-ci il 6 fevral tarixli 31 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

 

Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları

 

1. Ümumi müddəa

 

1.1. Bu Sənəd “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi”nin 67.4-cü maddəsinə əsasən hazırlanmışdır və təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növlərini və onların tətbiqi hallarını müəyyən edir.

 

2. Maye və təbii qaz obyektləri

 

2.1. Qaz kəmərlərinin, qazpaylayıcı stansiyaların (QPS), qaztənzimləyici məntəqələrin (QTM), qaz avadanlıqlarının mühafizə tədbirləri aşağıdakılardır:

2.1.1. qaz kəmərlərinin, qazpaylayıcı stansiyaların (QPS), qaztənzimləyici məntəqələrin (QTM), digər qaz avadanlıqlarının Dövlət Tikinti Normalarının (Qaz təchizatı. Layihələndirmə normaları AzDTN 2.13-1; magistral boru kəmərləri. Layihələndirmə normaları. AzDTN 2.9-2) və təhlükəsizlik qaydalarının (Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları - Bakı 1987; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təsərrüfatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”) tələblərinə uyğun seçilməsi;

2.1.2. qaz kəmərlərinin, qazpaylayıcı stansiyaların (QPS), qaztənzimləyici məntəqələrin (QTM), digər qaz avadanlıqlarının layihə sənədlərinin Dövlət Tikinti Normalarının (Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması. AzDTN 2.6-1; Magistral boru kəmərləri. Layihələndirmə normaları. AzDTN 2.9-2) və təhlükəsizlik qaydalarının (Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları- Bakı 1987; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təsərrüfatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”) tələblərinə uyğun işlənməsi;

2.1.2-1. qazın nəqli üçün uzunluğu 20 km və daha çox olan, diametri 500 mm və daha çox olan boru kəmərlərinin layihələndirilməsi mərhələsində ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması və həmin sənədin dövlət ekoloji ekspertizasının keçirilməsi; [1]

2.1.3. qaz kəmərlərinin, qazpaylayıcı stansiyaların (QPS), qaztənzimləyici məntəqələrin (QTM), digər qaz avadanlıqlarının texniki təhlükəsizlik və tələb olunarsa, yanğın təhlükəsizliyi üzrə ekspertizadan keçmiş layihələr əsasında qurulması, dövri olaraq nəzarət profilaktiki baxışlarının və texniki xidmətin aparılması;

2.1.4. qaz təchizatı sistemində istismar müddəti bitmiş qurğu və avadanlıqların istismardan çıxarılması;

2.1.5. qaz kəmərləri yerləşən zonaların kənar təsirlərdən qorunması və onların fəaliyyətlərini məhdudlaşdıran maneələrin olmaması.

2.2. Mayeləşdirilmiş qazdoldurma məntəqələrinin və avtomobillərə mayeləşdirilmiş qazdoldurma stansiyalarının istismarı ilə bağlı mühafizə tədbirləri aşağıdakılardır:

2.2.1. mayeləşdirilmiş qazdoldurma məntəqələrinin və avtomobillərə mayeləşdirilmiş qazdoldurma stansiyalarının yaşayış zonalarında və həyat təminatı sistemlərində Dövlət Tikinti Normalarının və təhlükəsizlik qaydalarının tələblərinə uyğun məsafələrdə yerləşdirilməsi;

2.2.2. müsbət ekspertiza rəyi olmayan layihələr əsasında tikilmiş və ya istismar müddəti bitmiş, təhlükəsizlik vasitələri ilə tam təmin olunmayan qurğu və avadanlıqların istismardan çıxarılması;

2.2.3. təzyiq altında işləyən mayeləşdirilmiş qazın saxlanması və daşınması üçün istifadə olunan tutumların (qabların), çənlərin və müxtəlif təyinatlı balonların “Təzyiq altında işləyən qabların quruluşu və təhlükəsiz istismar Qaydaları”nın tələbləri əsasında dövri olaraq texniki şəhadətnamədən (daxili və xarici baxış, hidravliki sınaq) keçirilməsi;

2.2.4. partlayış həddini yaradan təzyiqlərdən qoruyan qoruyucu və təhlükəsizlik qurğu və cihazlar ilə təchizolunma;

2.2.5. tələb olunan yanğınsöndürmə vasitələri ilə təchizolunma;

2.2.6. istehsalatın təyinatından və xüsusiyyətindən asılı olaraq mütəxəssislərin və işçi heyətin yanğın və zəhərlənmə hallarında qorunması məqsədi ilə geyim, əleyhqaz, qazlaşmanın həddini təyin edən cihazlarla təmin olunması;

2.2.7. cavabdeh şəxslərin və işçi heyətinin vəzifə borclarına və istehsalat təlimatlarına ciddi əməl etmələri, ildə bir dəfə tibbi müayinədən və təlimata uyğun bilik yoxlamasından keçmələri, təhlükəsizlik tədbirlərinin və nəzarətin gücləndirilməsi.

2.3. Yeraltı qaz kəmərlərində mexaniki, korroziya xarakterli zədələnmələrə qarşı aşağıdakı mühafizə tədbirləri nəzərə alınmalıdır:

2.3.1. paslanmadan qoruyan elektro-kimyəvi mühafizə qurğularının effektli işləməsinin təmin edilməsi;

2.3.2. dövri olaraq cihazlarla və ya şurf açma yolu ilə qaz kəmərlərinin texniki vəziyyətinin müayinəsinin aparılması və istismara yararlılığının təyin edilməsi;

2.3.3. təhlükəli vəziyyətdə olan yeraltı qaz kəmərlərinə texniki baxışın intensivliyinin artırılması;

2.3.4. istismara yararsızlığı təyin olunmuş yeraltı qaz kəmərlərinin vaxtında dəyişdirilməsi;

2.3.5. qaz olan mühitdə və yaxud iş zamanı ətrafa qaz yayıla biləcək şəraitdə aparılan təhlükəli işlərin “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nda göstərilən tələblərə uyğun həyata keçirilməsi.

 

3. Neftqazçıxarma sənayesi obyektləri

 

3.1. Neftqazçıxarma sənayesində texnogen xarakterli hadisələrin növləri aşağıdakılardır:

3.1.1. quyuların qazılması, istismarı və təmiri zamanı neftin və qazın gözlənilmədən tullanışı (açıq fontanlar);

3.1.2. stasionar dəniz platformalarının tikintisi və istismarı prosesində onların tamamilə, yaxud qismən dağılması və (və ya) düşməsi;

3.1.3. üzən qazma qurğularının istismarı prosesində onların tamamilə, yaxud qismən dağılması və məhv olması;

3.1.4. üzən qazma qurğularının qazma nöqtəsindən sürüşərək qəza törətməsi və quyuların ağzının dağılması;

3.1.5. neft və qazın hasilatı və hazıırlanması obyektlərinin, mədəndaxili boru kəmərlərinin tamamilə, yaxud qismən dağılması və bunun nəticəsində neftin və təbii qazın (səmt qazının) ətraf mühitə axıb yayılması.

3.2. Neftqazçıxarma sənayesi obyektlərində texnogen xarakterli hadisələrdən mühafizə tədbirləri və onların tətbiqi aşağıdakılardır:

3.2.1. quyuların qazılması və təmiri zamanı quyu ağzının hermetik yığılması (preventorların qoyulması);

3.2.2. stasionar dəniz platformalarının tikintisi və istismarı zamanı qurğunun təhlükəsizlik bəyannaməsinin işlənməsi, Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması və dövlət ekoloji ekspertizasının keçirilməsi, Azərbaycan Respublikasının ekologiya sahəsi üzrə mövcud qanunvericilik aktlarının tələblərinə riayət edilməsi, təhlükəsizlik meyarlarının müəyyənləşdirilməsi, davamlılığının artırılması, ehtimal olunan risklərin təsir dərəcələrinin müəyyənləşdirilməsi, işçi heyətinin ixtisas dərəcəsinin artırılması, kompleks nəzarət işlərinin və sistemlərinin təşkili; [2]

3.2.3. üzən qazma qurğularının istismarı prosesində dalğıc kompleksinin, qaz siqnalizasiyasının, həmçinin dənizçilikdə və aeronaviqasiyada təhlükəsizlik siqnal vasitələrinin vəziyyətinə və mövcudluğuna kompleks nəzarətin təşkili, kollektiv və fərdi xilasetmə vasitələrinin tam hazırlığının nəzarətdə saxlanması;

3.2.4. üzən qazma qurğularının qazma nöqtəsindən sürüşməmək məqsədi ilə qazma nöqtəsi üzərində mövqe sisteminin saz vəziyyətdə (işlək vəziyyətdə) olması, dayaq sütunlarının torpağa oturmasının vəziyyəti, cədvəl üzrə gövdənin su səthindən müəyyən hündürlüyə qaldırılması, gövdə, dayaq sütunlarında sınmaların və digər nasazlıqların vaxtında müəyyən edilməsi;

3.2.5. neftin və qazın hasilatı və hazırlanması obyektləri üzrə - klapanların, separatorların, torpaqlanma bəndlərinin, nəzarət ölçü cihazlarının, ildırım ötürücülərin saz vəziyyətdə saxlanması;

3.2.6. dəniz sahəsi üzrə xüsusi təyinatlı gəmilərin olması.

3.3. Əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Neftqazçıxarma sənayesi obyektlərindən yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə, sənaye və kənd təsərrüfatı müəssisələrinə, elektrikötürücü xətlərinə və elektrik yarımstansiyalarına qədər minimum məsafələr (metrlə) aşağıdakı cədvəldə verilmişdir: [3]

 

Sıra

№-si

Neftqazçıxarma sənayesi obyektləri

Yaşayış binaları, fərdi yaşayış evləri, yataqxanalar, inzibati binalar və müvəqqəti salınmış qəsəbələr

İctimai binalar (mədəniyyət və təhsil müəssisələrinin binaları, uşaq bağçası-körpələr evi, tibb müəssisələrinin binaları, iri ticarət mərkəzləri, əyləncə kompleksləri və s.)

Sənaye və kənd təsərrüfatı müəssisələrinin binaları

Elektrik-ötürücü xətləri (hava xətləri-6 kV və yuxarı)

Elektrik yarımstansiyaları (35/6 kV və yuxarı)

1

2

3

4

5

6

7

1.

Fontan, qazlift və dalma nasosları ilə təchiz olunmuş quyular

300

500

100

60

100

2.

Mancanaq dəzgahı ilə istismar olunan və basqı quyuları

150

250

50

30

50

3.

Ləğv olunmuş quyular

75

125

25

15

25

4.

Neftin çıxarılması üçün A və B kateqoriyalı bina və qurğular (ölçmə qurğusu, separator qurğusu, nasos stansiyası, kompressor stansiyası, neftin hazırlanma qurğusu, atqı qurğusu, mərkəzi yığım məntəqəsi və s.)

300

500

100

elektrik qurğularının quraşdırılması qaydalarının tələblərinə uyğun

80

5.

Qazın yandırılması üçün məşəl

300

500

100

60

100

6.

Qazatqı şamı

300

500

100

30

30

 

3.4. Neftqazçıxarma sənayesində I və II kateqoriyalı qəzalar zamanı qəzaların ləğv edilməsi ilə əlaqədar görüləcək tədbirlər aşağıdakılardır:

3.4.1. neft sənayesinin bütün partlayış və yanğın təhlükəli obyektlərində baş verə biləcək qəzaların ləğvi planı işlənilib hazırlanmalıdır. Qəza baş verdiyi zaman aşağıdakı tədbirlər həyata keçirilməlidir:

3.4.1.1. qəza yerinə yanğın bölmələri çağırılmalı, təcili tibbi yardıma, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə xəbər verilməlidir;

3.4.1.2. quyuda atqı və açıq fontan vurma halları olarsa, açıq qaz və neft fontanlarının qarşısının alınması və ləğvi üzrə hərbiləşdirilmiş dəstə çağırılmalıdır;

3.4.1.3. yanğınsöndürmə vasitələri işə salınmalıdır;

3.4.1.4. qəza yerində və ona bitişik sahələrdə açıq alovla görülən və digər bərpa işləri qəzaların ləğvi ilə bağlı tədbirlər istisna olmaqla dayandırılmalıdır;

3.4.1.5. qəza işləri ilə məşğul olmayan bütün fəhlə və mühəndis texniki işçilər təhlükəli zonadan çıxarılmalıdır;

3.4.1.6. qəza yerinə hər bir şəxs yalnız qəzanın ləğvi üzrə cavabdeh şəxsin icazəsi ilə buraxılmalıdır;

3.4.1.7. mühafizə vasitələrindən və qığılcım yaratmayan alətlərdən istifadə qəzanın ləğvi üzrə cavabdeh şəxsin icazəsi ilə olmalıdır;

3.4.1.8. qəza zonasında yerləşən tutum və aparatlar imkan daxilində tezalışan və yanar maddələrdən azad olunmalı, texnoloji aparatlarda təzyiq aşağı salınmalıdır;

3.4.1.9. qəza obyektinin alovlanmadan qorunması və baş verən yanğının söndürülməsi məqsədi ilə fasiləsiz su təchizatının təmini üçün müvafiq tədbirlər görülməlidir;

3.4.1.10. qəza yerinə və ona bitişik sahəyə yanğın və qəza xidmətlərindən başqa bütün növ nəqliyyatın daxil olması qadağandır;

3.4.1.11. qəza ventilyasiyası işə salınmalı və qazla dolu olan otağın havası dərhal dəyişdirilməlidir.

3.5. Neftqazçıxarma sənayesində qaçılmaz qəzaların baş vermə anında təhlükəli maddələrin ətraf mühitə, o cümlədən dəniz mühitinə zərərli təsirlərinin qarşısının alınması məqsədi ilə aşağıdakı tədbirlərin həyata keçirilməsi tələb olunur:

3.5.1. quyuların dənizdə və quruda qazılması və təmiri zamanı quyu ağzının preventorla (fontana qarşı) təmin olunması;

3.5.2. quyuların eyni vaxtda qazılması və istismarı zamanı fontan quyularının quyudaxili ayırıcı klapanla və məsafədən idarə olunan quyu ağzı siyirtmələrlə təchiz olunması;

3.5.3. quyuda təmir işləri, mürəkkəbləşmələrin və ya qəzaların aradan qaldırılması, hər konkret quyu üçün işlənmiş və bu işlərin həyata keçirən təşkilatın rəhbərliyi tərəfindən təsdiqlənmiş plan və tədbirlər planı və cavabdeh şəxsin təyin olunması;

3.5.4. ayrı-ayrı çənlərin və çənlər qrupunun ətrafında dağılmış mayenin hidrostatik təzyiqinə hesablanmış “dairəvi” torpaq bəndlərinin olması.

 

4. Metallurgiya sənayesi obyektləri üzrə mühafizə tədbirləri və onların tətbiqi

 

4.1. Metallurgiya sənayesi müəssisələrində texnoloji proseslərdə istifadə olunan, anbarlarda saxlanılan, nəql olunan tezalışan və yanan maddələrin, qazların, həmçinin koks, kömür və digər materialların istifadəsi yanğın və partlayışların baş verməsinin əsas səbəbləridir. Bununla əlaqədar olaraq, yanğın və partlayış təhlükəsizliyinin təmin olunması əsas problemlərdən biridir. İnsanların və materialların yanğından mühafizəsi, həmçinin yanğının əmələ gəlməsi və yayılmasının qarşısını almaq üçün profilaktik tədbirlər planı nəzərdə tutulmalıdır. Bu məsələdə əsas məsuliyyət metallurgiya sənayesi müəssisələrinin layihələndirilməsi və rekonstruksiyası işləri ilə məşğul olan təşkilatların üzərinə düşür. Belə ki, onlar tərəfindən müəssisələrin layihələndirilmələrinin istənilən mərhələsində yanğın və partlayış təhlükəsizliyini təmin edən tədbirlər ciddi nəzarətdə olmalıdır. Bu tədbirlər əsasən, yanğın və partlayış təhlükəsi yüksək olan sahələrdə odadavamlı konstruksiyaların tətbiqi, elektrik avadanlıqlarının düzgün seçilməsi, siqnalizasiya və avtomatik yanğınsöndürmə sisteminin, əsas istehsal və köməkçi sahələrin yanğın və partlayış təhlükəsi kateqoriyalarına uyğun qruplaşdırılmasından ibarətdir. Müəssisələrin əsas planlarının layihələndirilməsi zamanı yanğın və partlayış təhlükəsi nöqteyi-nəzərindən aşağıdakı faktorlar nəzərə alınmalıdır:

4.1.1. sənaye obyektlərinin zonalaşdırılması;

4.1.1-1. layihələndirmə mərhələsində ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması və həmin sənədin dövlət ekoloji ekspertizasının keçirilməsi;

4.1.2. ayrı-ayrı bina və qurğular arasında yanğın və partlayış təhlükəsizliyini təmin edən ara məsafələrinin düzgün seçilməsi;

4.1.3. əsən küləklərin istiqamətini nəzərə almaqla ərazinin relyefi, ayrı-ayrı bina və bir qrup binaların düzgün yerləşdirilməsi;

4.1.4. müəssisənin ərazisinin yollar və tələb olunan sayda çıxışlarla təmin olunması;

4.1.5. yerüstü və yeraltı kommunikasiya xətlərinin düzgün çəkilməsi.

4.1.6. bütün istehsalat binalarının ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunması;

4.1.7. tökmə istehsalının tezalışan məhsullarının (TAM), həmçinin toz, zərərli maddələr və istiliyin ayrılması ilə bağlı olan texnoloji proseslərin xüsusi avadanlıqlarla təchiz olunmuş sahələrdə aparılması;

4.1.8. TAM və təhlükəli maddələrin daşınması üçün nəzərdə tutulmuş taraların üzərində təhlükəsizlik işarələrinin göstərilməsi;

4.1.9. müəssisələrin ərazisinin daim təmiz saxlanılması və mütəmadi olaraq istehsalat tullantılarından təmizlənməsi;

4.1.10. metal yonqarlarının, yağlanmış sürtkü materiallarının və istehsalat tullantılarının ətrafı çəpərlənmiş xüsusi sahələrdə saxlanılması;

4.1.11. müəssisənin bütün bina və qurğularına sərbəst yaxınlaşmanın təmin olunması;

4.1.12. binalarda yanğının söndürülməsi üçün su anbarlarına, həmçinin yanğına qarşı vasitələrə yaxınlaşma yollarının həmişə boş saxlanılması;

4.1.13. binalararası boşluqlarda material, avadanlıq, tara yığılmasına və avtomobillərin saxlanılmasına icazə verilmir;

4.1.14. keçid və yolların ayrı-ayrı hissələrinin təmiri və bağlanması haqqında Dövlət Yanğın Nəzarəti Xidməti dərhal məlumatlandırılmalıdır.

4.2. Metallurgiya sənayesi müəssisələrinin ərazisi kifayət qədər geniş sahəni əhatə edir. Müəssisə daxilində yanğının baş verə biləcəyi sahəyə yanğınsöndürmə bölmələrinin hansı vaxtda çatması giriş yollarının sayı və vəziyyətindən asılıdır. Sexlərin böyük sahələrə malik olmasını nəzərə alsaq, yanğın avtomobillərinin sexlərin daxilinə girişini təmin etmək məqsədəuyğun olardı.

4.3. Bir sıra metallurgiya sənayesi müəssisələrində texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması, fəaliyyətdə olan və yeni tikilmiş metallurgiya sex və sahələrində müasir tipli qaz-toz tutucu qurğuların tətbiq edilməməsi və ya onların effektiv işləməməsi, müəssisələrdə işə yeni qəbul olunan mühəndis-texniki və metallurgiya avadanlıqlarının istismarı ilə bağlı peşələrə cəlb olunmuş işçilərin metallurgiya sənayesində kifayət qədər təcrübə və biliklərə malik olmaması bu sahədə qəza və bədbəxt hadisələrin baş verməsinə səbəb ola bilər.

4.4. Metallurgiya sənayesi müəssisələrinin metaləritmə, digər sex və sahələrinin yükdaşıyıcı fermaları istehsalat prosesi ilə əlaqədar olaraq, daim istiliyin təsirinə məruz qalırlar ki, bunun nəticəsində də həmin fermaların metal konstruksiyaları deformasiyaya uğraya, qaynaq hissələrində çatlar əmələ gələ bilər. Bunun nəticəsində də sexlərin tavan hissələrinin dağılması ilə insan həyatı üçün təhlükə yaradan qəzalar baş verə bilər. Belə qəzaların qarşısının alınması məqsədi ilə adları yuxarıda göstərilən müəssisələrin yükdaşıyıcı fermalarında defektoskopik yoxlamaların keçirilməsi labüddür.

4.5. Bundan başqa, metallurgiya sənayesi müəssisələrində toz və tüstünün, vibrasiya və səs-küyün, ultra və infrasəslənmənin, yanğın və partlayış təhlükəsinin həddən artıq olmasını nəzərə alsaq, belə müəssisələrin Bakı şəhəri ərazisində yerləşməsi müəssisələrlə yanaşı ətraf mühitə və orada yaşayan əhaliyə də mənfi təsir edə bilər.

4.6. Radioaktiv mənbələrin nəzarətsiz qalması, onların müxtəlif tullantılara, o cümlədən tikinti materiallarının istehsalı üçün yığılan metal tullantılarına qarışması ilə nəticələnə bilər. Bununla yanaşı, neft istehsalı prosesində istifadə olunmuş metal borular və digər metal konstruksiyalar lay suyu ilə təmasda olması nəticəsində təbii radionuklidlərlə zəngin olan ərp və çöküntülərlə çirklənə bilər.

4.7. Beləliklə, təkrar emal üçün yığılan metal tullantıların içində radioaktiv mənbələri və radioaktiv çirklənməni aşkar etmək üçün onların toplanma məntəqələrində radiasiyanı aşkar edən avadanlığın quraşdırılması və müvafiq xidmətin yaradılması tələb olunur.

4.8.Yuxarıda göstərilənləri nəzərə alaraq, belə müəssisələrin şəhərdən kənarda, sənaye zonasında yerləşdirilməsi daha məqsədəuyğun olardı.

4.9. Metallurgiya sənayesi müəssisələrində baş verə biləcək qəzaların qarşısının alınması məqsədi ilə aşağıdakılara əməl olunmalıdır:

4.9.1. istehsalat qəzalarının və zədələrinin vaxtında qarşısının alınması və qəza baş verdiyi halda onun nəticələrinin operativ aradan qaldırılması məqsədi ilə hər bir müəssisədə “Qəzaların ləğvi planı” tərtib olunmalıdır;

4.9.2. tikililərin dəmir yolu arasında məsafə 1520 mm olmalıdır. Qara metallurgiya müəssisələri üçün xüsusi hərəkətdə olan tərkib, həm də onun dəmir yollarının binalara, tikintilərə, anbarlara yaxınlığı xüsusi qabaritlərə uyğun olmalıdır. Dəmir yolunun yanında yığılmış məmulatların hündürlüyü 1,2 m olduqda onların ən yaxın relslə məsafəsi 2m olmalıdır;

4.9.3. texnoloji və ya təmir məqsədi üçün açılmış olan quyular, tranşeylər hündürlüyü 90sm olan çəpərlə hasarlanmalı, gecə vaxtı işıqlandırılmalıdır. Tranşeylərin və quyuların üzərində kiçik körpülər qurulmalıdır ki, bu da məhəccərlə mühafizə olunmalıdır;

4.9.4. müəssisə ərazisində bənd çəkilməmiş hovuzlar hündürlüyü 0,9m olan məhəccərlə mühafizə olunmalıdır;

4.9.5. zərərli maddələrin saxlanılması, məhv edilməsi, təlimata uyğun olaraq müəssisənin texniki rəhbəri, sanitar və ekologiya orqanlarının razılığı ilə aparılmalıdır;

4.9.6. fəaliyyətdə olan müəssisələrin binalarında aqressiv şəraitdə olan metal konstruksiyalar korroziyadan qorunmalıdır. Bu binalardakı metal konstruksiyaların möhkəmliyi 3 ildə bir dəfə yoxlanılmalı və nəticəsi aktlaşdırılmalıdır. Mühafizə örtüklərinin yoxlanılması texniki rəhbərlik tərəfindən təsdiq edilmiş qrafikə uyğun aparılmalıdır;

4.9.7. soba və mikserlərdə əridilmiş və ya közərdilmiş metalın yerləşdiyi ərazidəki kolonlar və meydançalar istiyədavamlı materiallarla izolyasiya edilməlidir;

4.9.8. fəaliyyətdə olan müəssisələrin bina və tikintilərinin ildırımötürücü qurğuları layihə normalarına uyğun olub, həmişə işlək vəziyyətdə olmalıdır. İldırımötürücü qurğunun vəziyyəti ildə bir dəfə texniki direktor tərəfindən təsdiq edilmiş komissiya tərəfindən yoxlanılmalı və nəticəsi aktlaşdırılmalıdır.

 

5. Buxar və qızdırıcı qazanlar, qaldırıcı və energetika qurğuları

 

5.1. Təzyiq altında işləyən buxar və qızdırıcı qazanlar, təzyiq altında işləyən tutumların istismarı üzrə mühafizə tədbirləri aşağıdakılardır:

5.1.1. yaşayış evlərinə və kütləvi insan toplanan ictimai binalara bitişik qazanxananın quraşdırılması qızdırıcı qazan qaydalarına görə qadağandır. Bu ictimai binalara teatr, tədris müəssisələri, klublar, uşaq bağçaları, xəstəxanalar, soyunub-geyinmə otaqları və s. aiddir;

5.1.2. buxar təzyiqi 1,7 kq.q/sm2, temperaturu 115o C-dən yuxarı olan buxar qazanı nəzərdə tutulmuş qazanxanaların yaşayış binalarına bitişik və içərisində layihələndirilməsinə icazə verilmir;

5.1.3. buxar təzyiqi 1,7 kq.q/sm2, temperaturu 115o C-dən aşağı olan qazanlar nəzərdə tutulmuş qazanxananın ictimai binalara, istehsal müəssisələrinin, yardımçı binalarına bitişik qazanxananın layihələndirilməsinə icazə verilir;

5.1.4. dövlət qeydiyyatına alınan təzyiq altında işləyən qabların yaşayış, məişət, ictimai binalarda və onlara bitişik sahələrdə quraşdırılmasına icazə verilmir;

5.1.5. istehsalat və onlara bitişik binalarda təzyiq altında işləyən qabların quraşdırıldığı istehsalat sahəsindən əsaslı divarla ayrılarsa, həmin sahədə təzyiq altında işləyən qabların quraşdırılması mümkündür.

5.2. İstismar zamanı buxar və suqızdırıcı qazanların, təzyiq altında işləyən tutumların dağılması, zədələnməsi və partlaması nəticəsində insanların zədələnmələrinin qarşısını almaq məqsədi ilə qazanlar və tutumlar 1-ci və 2-ci dərəcəli mühafizə sistemləri ilə təchiz edilməlidir:

5.2.1. 1-ci dərəcəli mühafizə sistemləri (aşağıda göstərilən hallarda odluğu söndürən qurğu qızdırıcı qazanlarda quraşdırılmalıdır):

5.2.1.1. qızdırıcı qazanın istilik daşıyıcısının təzyiqi layihədə göstərilən təzyiqdən yuxarı qalxdıqda;

5.2.1.2. odluğun girişində qazın təzyiqinin kəskin qalxması və düşməsi zamanı;

5.2.1.3. odluğun girişində süni havalandırmanın təzyiqinin aşağı düşdüyü zaman;

5.2.1.4. yuxarıda göstərilən parametrlərin son həddə çatdığı vaxt səs və işıq siqnalları işə düşməlidir;

5.2.1.5. bütün qızdırıcı qazanlarda 2-dən az olmayaraq qoruyucu klapan quraşdırılmalıdır;

5.2.1.6. qoruyucu klapanların əlavə yaranmış təzyiqi buxarma qabiliyyəti, onların nominal məhsuldarlığından az olmamalıdır;

5.2.1.7. hər bir təzyiq altında işləyən qab qoruyucu klapanla təchiz olunmalıdır (qoruyucu klapanlar təzyiq altında işləyən qabları yaranmış əlavə təzyiqdən qoruyur);

5.2.1.8. tutumda təzyiq icazə verilən təzyiqdən yuxarı qalxdıqda və xidməti heyətin cəhdinə baxmayaraq təzyiqi aşağı salmaq mümkün olmadıqda;

5.2.1.9. monometr işlək vəziyyətdə olmadıqda;

5.2.2. 2-ci dərəcəli mühafizə sistemləri aşağıdakılardır:

5.2.2.1. qazanın istilik daşıyıcısının səviyyəsi aşağı həddən aşağı düşdükdə;

5.2.2.2. qazanın istilik daşıyıcısının səviyyəsi yuxarı həddən yuxarı qalxdıqda;

5.2.2.3. qazanın istilik daşıyıcısının temperaturu layihədə göstərilən həddən yuxarı qalxdıqda;

5.2.2.4. genişləndirici çəndə istilik daşıyıcısının səviyyəsinin aşağı həddə düşdükdə;

5.2.2.5. odluqda yanmanın azaldığı vaxt;

5.2.2.6. odluqda məşəlin söndüyü vaxt.

5.3. Əlavə yaranmış təzyiq hesablama təzyiqindən 10% yuxarı qalxdıqda, qoruyucu klapan qazanı əlavə təzyiqdən qoruyur.

5.4.Təzyiq altında işləyən qablar aşağıda göstərilən hallarda dərhal qəza vəziyyətinə görə saxlanılmalıdır:

5.4.1. tutumda nasazlıq yarandıqda;

5.4.2. tutumun və ya onun elementlərinin kipləşdiricilərində boşluq aşkarlandıqda.

5.5. Qızdırıcı qazan, qaldırıcı və energetika obyektlərinin istismarı üzrə qəzaların ləğvi planları işlənilməlidir.

 

6. Yükqaldırıcı kranların istismarı üzrə mühafizə tədbirləri

 

6.1. Qollu kranların quraşdırılması torpağın kateqoriya və xarakteri (tipi) nəzərə alınmaqla planlaşdırılmış və hazırlanmış meydançada həyata keçirilir. Kranların işi üçün yeni tökülmüş, toxaclanmamış torpaqda, eləcə də pasport göstəricilərindən artıq ölçüdə olan maili meydançada qurulmasına icazə verilmir.

6.2. Qollu kranlar, çuxur (xəndək, kotlovan) yamacının kənarında aşağıdakı cədvəldə göstərilən məsafələrə riayət etməklə qurulmalıdır.

6.3. Tökülməmiş torpaqda çuxur (xəndək) yamacının oturacağından kranın ən yuxarı (kənar) dayaqlarının oxunadək minimum məsafə (metrlə).

 

Çuxurun (xəndəyin) dərinliyi

Torpaq

qumlu-çınqıllı

qumsal

gillə qarışıq

quru lyoss

gilli

1

1,5

1,25

1,0

1,0

1,0

2

3,0

2,4

2,0

2,0

1,5

3

4,0

3,6

3,25

2,5

1,75

4

5,0

4,4

4,0

3,0

3,0

5

6,0

5,3

4,75

3,5

3,5

 

6.4. Çuxurun dərinliyi 5 metrdən artıq olduqda və ya cədvəldə göstərilənlərə riayət etmək mümkün olmadıqda, yamac kranla iş icra layihəsinə uyğun bərkidilməlidir.

6.5. Qollu kranların təhlükəli sahəsi (zonası) qolun uzunluğu qədər olan radiusla əhatə olunmuş çevrə sahəsi hesab olunur.

6.6. İstismar zamanı kranların metal konstruksiyalarının qırılması, yaxud dağılması nəticəsində insanların zədələnməsinin qarşısını almaq məqsədi ilə kranlar 1-ci və 2-ci dərəcəli mühafizə sistemləri ilə təchiz edilməlidir:

6.6.1. 1-ci dərəcəli mühafizə sistemləri (kranlar, işçi hərəkətlərinin avtomatik dayandırılması üçün məhdudlaşdırıcılar ilə təchiz olunmalıdırlar):

6.6.1.1. yüktutma hissəsinin (son hədd moment muftası ilə təchiz olunmuş elektrik tallarından başqa) ən yuxarı və aşağı vəziyyətlərində söndürmə mexanizmi (kranın istismar şərtlərinə görə, əgər yükü pasportda göstərmiş səviyyədən aşağı endirmək tələb olunmursa, yüktutan hissənin aşağı hədd vəziyyətində məhdudlaşdırıcı mexanizm quraşdırılmaya bilər);

6.6.1.2. kranın (arabacığının) son hədd vəziyyətinə yaxınlaşdıqda sürəti 30 m/dəq-dən çox olarsa, rels boyu hərəkət edən kranların (dəmiryolu kranları istisna olmaqla) və onların arabacıqlarının hərəkət mexanizmi (qülləli, çatmalı və yükləyici-boşaldıcı kranların hərəkət mexanizmləri hərəkət sürətindən asılı olmayaraq);

6.6.1.3. kranın başlığının yuxarı hissəsinədək hündürlüyü 15 metrdən çox olan qülləli kranlar, aşırımı (açılışı) 16 metrdən çox olan çatmalı kranlar, portal və körpülü yükləyici-boşaldıcılar, kranın işçi vəziyyətində küləyin sürəti pasportda göstərilən həddə çatdıqda, səs siqnalını avtomatik qoşan cihazla (anemometrlə) təchiz olunmalıdır;

6.6.2. 2-ci dərəcəli mühafizə sistemləri:

6.6.2.1. qolun çıxışının (açılışının) dəyişmə mexanizmi olmalıdır;

6.6.2.2. açıq havada kran yolu ilə hərəkət edən kranlar qaçma əleyhinə qurğularla təchiz olunmalıdır;

6.6.2.3. kran yolları ilə hərəkət edən kranlar və onların arabacıqları dalan dayaqları və bir-biri ilə toqquşarkən mümkün olan zərbələrin qarşısını almaq üçün elastik bufer qurğuları ilə təchiz olunmalıdırlar;

6.6.2.4. qolun çıxışı (açılışı) dəyişən və qolu elastik asqılı olan qollu kranlarda, qolun arxaya aşmasının qarşısını alan dayaq və digər qurğular quraşdırılmalıdır.

 

7.Təhlükə potensiallı sənaye avadanlıqlarının istehsalı və emalı sənayesi üzrə mühafizə tədbirləri

 

7.1. Təhlükə potensiallı obyektlərdə təhlükə potensiallı sənaye avadanlıqlarının istehsalı və emalı sənayesində aparılan texnoloji proseslərin pozulması nəticəsində texnogen xassəli hadisələr (partlayış, yanğın) törəyə bilər. Bunun qarşısını almaq üçün texnoloji proseslərin ardıcıl və təhlükəsizlik baxımından diqqətlə aparılması, daimi olaraq nəzarət olunması vacibdir.

7.2. Hər bir avadanlığın istehsalı zamanı dövlət və sahə standartlarının tələbləri tam ödənilməlidir. İstehsal olunan məhsul (avadanlıq və ya qurğu) üçün Texniki Şərtlər (TŞ) işlənilməsinə, işlənilmiş TŞ-nin qüvvədəolma müddətinə və sonradan orada dəyişikliklərin aparılmasına nəzarət edilməlidir. Hər bir avadanlığın istehsalı tərtib olunmuş TŞ-yə müvafiq həyata keçirilməlidir. TŞ-nin layihəsi istehsalçı müəssisə tərəfindən standartlara (ГОСТ 15.001-88* uyğun hazırlanır. Həmin TŞ onu işləyən müəssisə tərəfindən təsdiq edilir, sifarişçi (əsas istehlakçı) ilə birlikdə qəbul komissiyasının işə başlamasına 1 (bir) ay qalmış komissiya üzvlərinə göndərilir. TŞ yoxlanılır, ekspertizadan keçirilir, müsbət rəy aldıqdan sonra qüvvəyə minir.

7.3. İstehsalı nəzərdə tutulan avadanlıqlar sınaqdan keçirilməlidir. Sınaq işləri hər bir avadanlığa müvafiq “Sınaq Metodikası” üzrə aparılmalıdır. “Sınaq Metodikası” avadanlığı istehsal edən müəssisə tərəfindən hər avadanlığın sınaq stendində onun sınağının təyinatı üzrə hazırlanır.

7.4. Sınaq işləri yüksək təzyiq altında aparıldığı üçün sınaq stendlərinin istismarı zamanı istifadə olunan alət və cihazların, həmçinin, sınaq stendlərinin “Attestat”ı, “Uyğunluq Sertifikatı” və “Texniki Təhlükəsizlik Sertifikatı” olmalıdır.

 

8. Yerin təki və dağ-mədən obyektləri üzrə mühafizə tədbirləri

 

8.1. Təbiət və texnogen xarakterli hadisələrə qarşı dağ-mədən obyektlərində aşağıda qeyd olunan mühafizə tədbirləri müəyyənləşmişdir:

8.1.1. şəraitindən asılı olaraq dağ-mədən obyektlərində təhlükə potensiallı təbiət hadisələrinin (sürüşmə, uçqun, çökmə və s.) baş vermə ehtimalı olan sahələrdə kompleks tədqiqatların aparılması və tədqiqatların nəticələrinə əsaslanaraq, müvafiq layihə əsasında qabaqlayıcı mühəndisi tədbirlərin yerinə yetirilməsi;

8.1.1-1. dağ-mədən fəaliyyəti üzrə metal (o cümlədən əlvan metal) filizlərinin yataqlardan çıxarılması, hasilatı, işlənilməsi və emalı layihələri, habelə tikinti materialları yataqlarının mənimsə-nilməsi və istismarı layihələri üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması və həmin sənədin dövlət ekoloji ekspertizasının keçirilməsi;

8.1.2. faydalı qazıntı istismar olunan karxanalarda təhlükəsiz iş rejiminin yaradılması məqsədi ilə texniki təhlükəsizlik qaydalarının tələblərinə uyğun berma və pillələrin yaradılmasına nəzarətin gücləndirilməsi;

8.1.3. yeraltı qazmalarda, operator köşklərində və partlayış materialları saxlanılan anbarlarda və s. yanacaq sürtkü məhsullarının saxlanmasının qarşısının alınması;

8.1.4. yeraltı qurğularda ehtiyat kommunikasiya xətlərinin yaradılması və fasiləsiz hava təmizləyici avadanlıqlarla təchiz olunması;

8.1.5. qum-çınqıl karxanalarında istismar norma və qaydalarına əməl olunması və onlara yaxın infrastruktur obyektlərə mənfi təsirlərinin qarşısını almaq məqsədi ilə vaxtaşırı aidiyyəti təşkilatları cəlb etməklə nəzarətin gücləndirilməsi;

8.1.6. daimi olaraq istehsal və istismar sahələrində əmələ gələn insan sağlamlığına və ətraf mühitə ciddi ziyan vuran tozlamanın qarşısının alınması;

8.1.7. şəraitindən asılı olaraq çay hövzələrində yaradılmış karxanaların istismar və istehsal sahələrini sel sularından və ildırımdan qorunması məqsədi ilə su və ildırımötürücü sistemlərin yaradılması;

8.1.8. texnogen xarakterli hadisələrin baş vermə ehtimalı yüksək olduğu obyektlərdə bir qayda olaraq qəzanın ləğv edilməsi planının hazırlanması və dağ-mədən xilasedici dəstələrin yaradılması;

8.1.9. ekstrimal vəziyyətlərdə partlayış materiallarının müvəqqəti köçürülməsi məqsədi ilə koordinasiyaların yaradılması;

8.1.10. partlayış materialları saxlanılan anbarların ətrafında texniki təhlükəsizlik qaydalarının tələblərinə uyğun mühafizə zonalarının nəzarətdə saxlanması;

8.1.11. istehsal və istismar sahələrinin yanğınsöndürmə vasitələri ilə təchiz edilməsi, orada çalışan fəhlə və qulluqçulardan ibarət könüllü yanğın dəstəsinin yaradılması, işçi personalla vaxtaşırı yanğın təhlükəsizliyi tədbirlərinin və xilasetmə işlərinin həyata keçirilməsinə dair təlimatlandırma işlərinin aparılması;

8.1.12. yeraltı qazmalarda suvurma, havalandırma və işıqlandırma sistemlərini təmin edən ehtiyat enerji mənbəyinin yaradılmasına vaxtaşırı nəzarət edilməsi;

8.1.13. bir qayda olaraq istehsalat sahələrinin ilk tibbi yardım və xilasedici ləvazimatlarla təmin edilməsi və qəzanın baş verməsi ehtimal olunan sahələrdə qəzanın aradan qaldırılmasına lazım olan ehtiyat materiallarının saxlanması.

 

9. Kimya, neftkimya və neft-qaz emalı sənayesi obyektlərinin mühafizə tədbirləri

 

9.1. Təhlükə potensiallı kimya, neftkimya və neft-qaz emalı sənayesi obyektlərində təhlükəli maddələrin partlaması, od tutması və tullanışı, tikililərin, texniki qurğuların və ya onların elementlərinin dağılması texnogen xarakterli hadisələr hesab edilməklə, həmin obyektlərin layihələndirilməsi, tikintisi və istismarı zamanı qüvvədə olan yanğın təhlükəsizliyinə dair norma və standartların tələblərinə riayət edilməlidir. Bununla əlaqədar aşağıdakı mühafizə tədbirləri tətbiq olunmalıdır:

9.1.1. fiziki cəhətdən köhnəlmiş qurğu və avadanlıqların müasir avadanlıqlarla əvəz olunması;

9.1.2.tezalışan mayelər saxlanılan əmtəə parklarında yerli səviyyəyə nəzarət ölçü cihazlarının kompüter nəzarət sistemi ilə əvəz edilməsi;

9.1.3. təhlükə potensiallı obyektlərin layihələrinin və ƏMTQ sənədinin hazırlanmasının və ekspertizadan keçirilməsinin, həmçinin onların lisenziyası olan təşkilatlar tərəfindən quraşdırılmasının və bu zaman ekoloji təhlükəsizlik tələblərinə nəzarətin təmin edilməsi;

9.1.4. texnoloji qurğularda, təhlükəli maddələrin saxlanılması, qəbulu və buraxılışı sahələrində texnoloji reqlamentlərin tələblərinin yerinə yetirilməsi;

9.1.5. maye yanacaq saxlanılan yeraltı çənləri olan yanacaqdoldurma məntəqələrindən məktəbəqədər təhsil müəssisələri, ümumi təhsil və internat məktəbləri, stasionar olan müalicə müəssisələrinin torpaq sahələrinə, yaşayış, digər ictimai bina və qurğularına qədər məsafə 50 metrdən az olmamalıdır; [4]

9.1.6. kimya, neftkimya və neft-qaz emalı istehsalatların yaşayış məntəqələri ərazilərdən başqa təhlükəsiz yerə köçürülməsi;

9.1.7. texnoloji qurğular üzrə müasir avtomatik idarəetmə sistemlərinin tətbiqi;

9.1.8. sex və zavodlararası boru kəmərlərinin keçdiyi trassalarda mühafizə zonalarının təmin olunması.

9.2. Təhlükə potensiallı kimya, neftkimya və neft-qaz emalı sənayesi obyektləri mühəndis infrastrukturu zonaları olan magistral qaz, neft, su boru kəmərlərinin, yüksəkgərginlikli elektrik xətlərinin, rabitə xətlərinin və onların fasiləsiz fəaliyyətini təmin edən obyektlərin mühafizə zonalarından kənarda layihələndirilməli, həmin obyektlər üzrə qəzaların ləğvi planı işlənilib hazırlanmalıdır.

9.3. Neft-qaz emalı və neft-kimya obyektləri üzrə qəzaların baş vermə anında təhlükəli maddələrin ətraf mühitə, o cümlədən dəniz mühitinə zərərli təsirlərinin qarşısının alınması məqsədi ilə aşağıdakı tədbirlərin həyata keçirilməsi vacibdir:

9.3.1. qəza yaranan zaman neft və neft-kimya məhsullarının dənizə atılmasının qarşısını almaq məqsədi ilə lazımi həcmdə tutum qabiliyyətinə malik qəza anbarlarının tikilməsi və onların boş saxlanılmasının təmin edilməsi;

9.3.2. mövcud neft və neft-kimya tullantı məhsullarının tutucularının yenidən qurulması və onların müasir avadanlıq, qurğu və cihazlarla təmin edilməsi;

9.3.3. neft və neft-kimya məhsulları saxlanılan çənlərin həcmlərinə uyğun olaraq ətraflarının beton bəndlərlə əhatə olunmasının təmin edilməsi;

9.3.4. sex və zavodlararası boru kəmərlərində avtomatik nəzarət sistemlərinin tətbiq edilməsi.

 

10. Təhlükəli yüklərin avtonəqliyyat vasitələri ilə daşınmasında baş verə biləcək texnogen xarakterli hadisələrə qarşı mühafizə tədbirləri

 

10.1. Nəqliyyat vasitələri ilə daşınan, təhlükəli yüklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydaları”na uyğun olaraq təhlükəliliyinin növündən asılı olaraq 9 əsas sinfə bölünürlər:

10.1.1. 1-ci sinif - partlayıcı maddələr;

10.1.2. 2-ci sinif - təzyiq altında sıxılmış, maye halına salınmış, həll olunmuş qazlar;

10.1.3. 3-cü sinif - tezalışan mayelər;

10.1.4. 4-cü sinif - tezalışan maddə və materiallar;

10.1.5. 5-ci sinif - oksidləşən məmulatlar və üzvi peroksidlər;

10.1.6. 6-cı sinif - zəhərləyici (toksiki) maddələr;

10.1.7. 7-ci sinif - radioaktiv və yoluxdurucu maddələr;

10.1.8. 8-ci sinif - aşındırıcı və yeyici maddələr;

10.1.9. 9-cu sinif - digər təhlükəli yüklər.

10.2. Partlayış təhlükəli maddə və məmulatları, tezalışan maye və qazları (çəndə və konteynerlərdə) daşıyan nəqliyyat vasitələri radiatorun qabağından sağ tərəfə çıxan səsboğanla təchiz edilməlidirlər. Mühərrikin yerləşməsi belə avadanlıqlaşdırmaya imkan vermədikdə səsboğan yanacaq borularından, bandan və çəndən aralı sağ tərəfə çıxarılmalıdır. Tezalışan maye və qazları daşıyan nəqliyyat vasitələrinin səsboğanı asan sökülən və quraşdırılan qığılcımsöndürənlə təchiz edilməlidir.

10.3. 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci sinif təhlükəli yükləri (partlayıcı maddələr, təzyiq altında sıxılmış, maye halına salınmış, həll olunmuş qazlar, tezalışan mayelər, tezalışan maddə və materiallar, oksidləşən məmulatlar və üzvi peroksidlər) daşıyan avtonəqliyyat vasitələrinin elektrik avadanlığı aşağıdakı tələblərə cavab verməlidir:

10.3.1. gərginlik 24 voltdan yüksək olmaması;

10.3.2. elektrik şəbəkəsinin gərginliyin artmasına qarşı elektrik qoruyucuları ilə təchiz olunması;

10.3.3. banın və kabinənin daxilində olan elektrik lampalarının metal torla örtülməsi;

10.4. təhlükəli yükdaşıyan avtonəqliyyat vasitələri aşağıdakı ləvazimatlarla təchiz olunmalıdır:

10.4.1. nəqliyyat vasitəsinin xırda təmiri üçün alətlər dəsti;

10.4.2.həcmi 5 litrdən az olmayan toz və ya karbon qazlı odsöndürən balonla;

10.4.3 öz-özünə hərəkət etməyə qarşı tıxac;

10.4.4. 1-ci, 3-cü və 7-ci sinif təhlükəli yüklər, tezalışan və zəhərləyici qazlar, güclü təsirə malik zəhərləyici maddələr daşınarkən, iki ədəd “Giriş qadağandır” nişanları;

10.4.5. xəbərdarlıq nişanları nəqliyyat vasitələrinin bamperlərinin sağ tərəfindən və arxada banın (çənin) arxasında yola şaquli vəziyyətdə quraşdırılmalıdır;

10.4.6. alışma temperaturu 610C-dən aşağı olan təhlükəli yüklərin yüklənməsi, yaxud boşaldılması əməliyyatlardan əvvəl statik elektrik cərəyanına qarşı (zəncirlə) lazımi torpaqlanma aparılmalıdır;

10.4.7. təhlükəli yük daşıyan avtonəqliyyat vasitələrinin çənləri texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatının tələblərinə cavab verməlidir;

10.4.8. təhlükəli yük daşıyan avtonəqliyyat vasitələri təhlükəli yükü boşaltdıqdan sonra kimyəvi maddələrlə yuyucu-buxarlayıcı deqazasiya olunmalıdır.

10.5. Təhlükəli yük daşıyarkən, avtonəqliyyat vasitələrinin sürücüsündə aşağıdakı sənədlər olmalıdır:

10.5.1. nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə;

10.5.2. sürücünün təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə;

10.5.3. daşınmaya məsul şəxs olmadıqda, təhlükəli yükün daşınma marşrutu;

10.5.4. təhlükə barədə xəbərdarlıq sisteminin qəza vərəqəsi.

10.6. Müvafiq olaraq sürücü üçün qəza şəraitinin yarandığı hallarda təlimatları əks edən və qəza xilasetmə xidmətlərinə kömək göstərmək üçün lazımi sənəd olmalıdır. Həmin sənədə aşağıdakı zəruri məlumatlar daxil edilməlidir:

10.6.1. verilmiş (daşınan) yüklərin adı, sinfi və BMT nömrəsi;

10.6.2. təhlükənin xarakteri və sürücü tərəfindən görüləcək tədbirlər;

10.6.3. sürücü tərəfindən görülən, məsələn avtomobil yollarının digər istifadəçilərinin məlumatlandırılması kimi ümumi tədbirlər;

10.6.4. qabın zədələnməsi və ya dağılma, sızma zamanı görüləcək tədbirlər;

10.6.5. yüklərə aid konkret tədbirlər;

10.6.6.sürücü üçün lazım olan xüsusi avadanlıq.

10.7. Qəza şəraitinin yaranması halları üçün təlimatlar sürücünün kabinəsində olmalı, asanlıqla tapılmalı, digər sənədlərdən ayrı saxlanmalıdır.

10.8. Avtonəqliyyat vasitələri yüklə yayıla biləcək alovu və ya yanan şini, digər alovlanan hissələri söndürmək üçün daşına bilən tozla və ya köpüklə odsöndürən balonla təchiz olunmalıdırlar.

10.9. Təhlükəli yüklərin daşınmasını həyata keçirən şəxslər yükləmə-boşaltma əməliyyatları prosesində və qəza hallarının yarandığı zaman fərdi mühafizə vasitələrindən istifadə etməlidirlər.

 

11.Təhlükəli yüklərin dəmiryol nəqliyyatı ilə daşınmasında mühafizə tədbirləri

 

11.1. Partlayışdan mühafizə aşağıdakılardır:

11.1.1. tərkibində 1-ci sinif təhlükəli yüklərlə vaqonlar olan qatarların buraxılması və onlarla manevr qaydası, stansiya işçilərinə, texniki və kommersiya baxışı məntəqələrinə, lokomotiv briqadalarına, hərbiləşdirilmiş mühafizə bölmələrinə, mütəxəssislərə, yük müşayiətçilərinə və bələdçilərə xəbərdarlıq, qatarların nəzərdə tutulan yollara qəbulu və göndərilməsi qaydaları “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyəti tərəfindən müəyyən olunur və stansiyanın texniki-sərəncam aktında əks olunur;

11.1.2. 1-ci sinif təhlükəli yüklə yüklənmiş və daşınma sənədlərində “Təpədən buraxma” ştempeli olan vaqonlar çeşidləmə yollarında dayanarkən, təpə tərəfdən hər iki relsə 25 metr məsafədən az olmayaraq qoyulan iki qoruyucu tormoz başmaqları ilə mühafizə olunmalıdır. 1-ci sinif təhlükəli yüklü vaqonları müəssisə və təşkilatların dalan yollarına verərkən manevr tərkibinin sürəti saatda 15 km-dən artıq olmamalıdır. Partlayıcı maddələrlə, zəhərli, zəhərləyici maddələrlə yüklənmiş vaqonlar tərtibat planı üzrə uzaq məsafəyə gedən qatarlarla nəzərdə tutulubsa, bu vaqonların yaxın məsafəyə gedən qatarlara qoşulmasına yol verilmir;

11.1.3. tərkibində üçüncü üst, üçüncü alt və daha böyük dərəcəli, dördüncü yan və daha böyük dərəcəli əndazəsiz yüklü 1-ci sinif təhlükəli yüklər olan vaqonların qatarların tərkibində daşınmasına yol verilmir. PM yüklənmiş vaqonlar qatarların tərkibinə elə qoşulur ki, onların uzunluğu, hərəkət yolunda olan qəbul-göndərmə yolunun uzunluğuna uyğun olsun. Tərkibində PM ilə yüklənmiş vaqonlar olan qatarlar birləşdirilmirlər. 13-cü dərəcəli partlayıcı maddələrlə yüklənmiş vaqonları olan qatarlara 1-ci sinif təhlükəli yüklərlə, güclü təsirli zəhərləyici maddələrlə, maye və ya təzyiq altında sıxılmış qazlarla və bu maddələrlə doldurulmuş qurğular olan vaqonların qoşulmasına yol verilmir;

11.1.4. 1-ci sinif təhlükəli yüklü vaqonları olan qatarların tərtibatında tezalışan yüklərlə yüklənmiş vaqonlar onların arxasınca müvafiq mühafizə vaqonundan sonra qoşulur;

11.1.5. 1-ci sinif təhlükəli yüklə yüklənmiş vaqonların avtotormozlarının söndürülmüş halda qatarlara qoşulması lazım gəldikdə, qruplar iki birgə dayanmış vaqondan artıq (səkkiz oxdan artıq olmamaqla), qatarın tərkibində, tormozla sıxılma şərtilə dörd belə qrupdan çox olmamalıdır.

11.2.Yanğından mühafizə aşağıdakılardır:

11.2.1. təhlükəli yüklərin doldurma-boşaltma estakadalarında elektrostatik yükləmədən və təbii fəlakətdən – şimşəkdən qorunmaq məqsədi ilə torpaqlama konturu quraşdırılır;

11.2.2. estakadaların metal hissələri, boruları, hərəkətedən doldurub-boşaltma vasitələri, tutumları avtosisternlər teleskoplu boruları və ucluqları neft və neft məhsullarının doldurulub boşaldılması zamanı torpaqlama konturuna qoşulmalıdır;

11.2.3. təhlükə potensiallı obyektlər yanğından mühafizə məqsədi ilə yanğınsöndürmə vasitələri ilə təchiz edilirlər;

11.2.4. yanğın təhlükəsizliyi sahəsində müəssisələrin öz vəsaitləri hesabına müəyyənləşdirilmiş qaydada yanğından mühafizə bölmələrini yaratmaq hüqüqları vardır.

11.3. Təhlükəli yüklü vaqonların relsdən çıxmasının qarşısının alınması üçün tədbirlər aşağıdakılardır:

11.3.1. 1-ci və 2-ci sinif təhlükəli yüklərlə yüklənmiş vaqonların saxlandığı yollar, onların hərəkət marşrutları, eləcə də qəza kartoçkasında göstərilmiş tədbirlərin yerinə yetirilməsi üçün yolların hər ay stansiya rəislərinin və ya onların müavinlərinin rəhbərliyi ilə baxışı zamanı komissiya tərəfindən aşkar edilmiş nasazlıqların, yolun, yoldəyişdiricilərinin, İşarəvermə Mərkəzləşmə Blokunun (İMB) və rabitə qurğularının baxış jurnalında qeydiyyatı aparılmalıdır;

11.3.2. təhlükəli yüklə yüklənmiş vaqonların keçid yollarındakı hərəkəti mərkəzləşdirilməmiş yoldəyişdiriciləri ucluqlarının relsin ramasına kip birləşməsini təmin edən cəftəsi olmalıdır. Bütün yoldəyişdiricilər asma qıfılla bağlanmaq üçün cəftələrlə təchiz olunmalıdır. Əllə çevrilən yoldəyişdiricilərinin göstərici işarələri olmalıdır;

11.3.3. dalan yolu sahiblərinin məntəqələrdəki, stansiyalardakı, keçid yollarındakı yollarının və yoldəyişdiricilərinin saxlanılma norması dəmir yolunun tələblərinə uyğun olmalıdır;

11.3.4. rels izi 1512 mm-dən az və 1548 mm-dən çox olan dəmir yollarının istismar edilməsinə yol verilmir;

11.3.5. partlayıcı materiallar, zəhərli maddələr, zəhərləyici xüsusiyyəti olan maddələr, maye və sıxılmış qazlar, daşınan dalan yollarındakı keçidlər tənzimlənməli, mümkün olmadıqda göstərilmiş yüklərlə yüklənmiş vaqonların təhlükəsiz hərəkətini təmin edən tədbirlər görülməlidir;

11.3.6. tərkibində təhlükəli yüklər olan vaqonlarla qatarların yaşayış məntəqələrinə yaxın ərazilərdə hərəkəti zamanı təhlükəsizlik zolağı təmin edilməlidir;

11.3.7. dəmir yoluna məxsus vaqonlarda daşınmasına icazə verilən təhlükəli yüklərin yüklənməsi və daşınmasının istismar müddəti 20 ildən artıq olmayan vaqonlarla və dartı vasitələri ilə həyata keçirilməsi zəruridir.

11.4. Qeyd olunanlardan əlavə təhlükəli yüklərin dəmiryol nəqliyyatı ilə daşınması zamanı mümkün qəza vəziyyətlərinin lokallaşdırılması və ləğvi planı tərtib olunmalıdır.

 

12. Üzvi tərkibli xammalların qəbulu, saxlanması, nəqli və emalı sahəsində texnogen xarakterli hadisələrə qarşı mühafizə tədbirləri

 

12.1. Üzvi tərkibli xammalların qəbulu, saxlanması, nəqli və istifadəsi üzrə texnogen xarakterli hadisələr onların qəbul-buraxılış qurğularında, elevatorlarda, yerüstü saxlama anbarlarında, təmizləmə və qurutma qurğularında, emal müəssisələrində (un dəyirmanları, yarma zavodları) yem istehsalı sahələrində baş verə bilir.

12.2. Bu tipli hadisələrin üzvi tərkibli xammallarla baş verməsi onların nəmliyinin yuxarı olması, təmizləmə dərəcəsinin aşağı olması və bu vəziyyətdə siloslara yerləşdirilməsi, istehsalat sahələrində, qurğu və avadanlıqların üzərində və havada üzvi tozların normadan yuxarı olması səbəbindən asılıdır. Bu sahədə texnogen halların aradan qaldırılması və baş vermə ehtimalının azaldılması üçün üzvi tərkibli xammalların nəmliyinə və təmizliyinə diqqət yetirilməlidir.

12.3.Taxıl, çovdar, arpa, düyü üçün 14,5% nəmlik, qarğıdalı üçün 13,5%, günəbaxan tumları üçün 7%, noxud və digər paxla toxumları üçün 16% və s. nəmliklə 1(bir) il saxlanılması tövsiyə olunur. Siloslarda təmizlik dərəcəsi aşağı olan və nəmliyi qeyd olunan nəmlik dərəcəsindən yuxarı olan üzvi tərkibli xammallar daxili qızışmaya məruz qalır və partlayış-yanğın təhlükəli texnogen hadisələrin əmələ gəlməsinə səbəb olur. Belə hadisələrin qarşısının alınması üçün elevatorlar, siloslar, un dəyirmanları və qarışıq yem fabrikləri taxıl terminallarında xüsusi qurğularla (temperatur göstəriciləri (sensorlar) və onlarla bloklama şəraitində olan havalandırma qurğuları, qəza boşaltma sistemləri, inert qaz doydurma sistemləri ilə) təmin olunurlar. Bu tip qurğular, həmçinin üzvi tərkibli xammalların məsafədən temperatur ölçmə çubuqları ilə də komplektləşdirilirlər. Taxıl və digər üzvi tərkibli xammalların təmizlənməsi, separatorlardan keçirilərək saxlanmaq üçün hazırlanması da texnogen hadisələrin qarşısının alınmasına xidmət edir və mühafizə tədbirlərindən biridir. Üzvi tərkibli xammallarla işləyən zaman texnogen hadisələrin yaranma səbəblərindən biri də qurğu və avadanlıqların mühafizə sistemləri ilə təmin edilməsidir.

12.4. Üzvi tərkibli xammalların qəbulu zamanı maqnit mühafizəsi və qurğuların aspirasiya sisteminə qoşulması vacib faktorlardan biridir. Üzvi tərkibli xammalların tərkibində qarışıq kimi olan metal qırıntıları, üzvi toz-hava qarışığının partlaması üçün ilkin qığılcım mənbəyi yaradır ki, bu da zəncirvarı partlayış-yanğın hadisələrinin baş verməsi üçün mənbə olur. Maqnit mühafizəsinin həcmi, gücü və uzunluğu texnoloji reqlament layihəsində hesablanır. Üzvi xammallarla iş zamanı texnogen hadisələrin baş verməməsi üçün mühüm mühafizə tədbirlərindən biri hesablanmış aspirasiya qurğularının yerləşdirilməsidir (filtr, tsiklon, ventilyator və aspirasiya boruları).

12.5. Üzvi tərkibli xammalların nəqli zamanı qapalı mühitdə üzvi tozların miqdarı (0,3mq/litr) ilkin partlayışın yaranması üçün kifayət edir. Bu halda aspirasiya qurğuları əvvəlcə işə salınmalıdır və texnoloji nəqletmə prosesləri başa çatdırıldıqdan sonra dayandırılmalıdır. Bu mühafizə tədbirlərinin ən önəmlisidir.

12.6. Sahə üzrə texnogen hadisələrin yaranma səbəblərindən ən əsası üzvi tozların istehsalat binalarının atmosferində normadan artıq toplanmasıdır (0,3 mq/litr). Nəqledici avadanlıqların xammal və aspirasiya borularının kipliyinin zəif olması, aspirasiya qurğularının effektiv olmaması, vaxtında təmizlənməməsi üzvi tozların miqdarının artmasına və bunun nəticəsi olaraq ilkin partlayış-yanğın kimi texnogen hadisənin yaranmasına gətirib çıxarır. Mühafizə tədbirləri olaraq üzvi tozların miqdarına ciddi nəzarət, qrafik üzrə təmizlik işlərinin, texnoloji proseslərin tam hermetik şəraitdə aparılması partlayış ötürücülərinin quraşdırılması, partlayışa davamlı lampalardan istifadə olunması və s. həyata keçirilməlidir. Üzvi tərkibli xammalların emalı zamanı bütün təhlükə potensiallı texnoloji, nəqledici qurğu və avadanlıqlar partlayış-yanğın təhlükəsizliyi tələblərinə, pasport və istismar təlimatlarına cavab verməlidir. Texnogen hadisələrin bəziləri qurğu və avadanlıqların balansının pozulması (yüksəktəzyiqli ventilyatorlar, bülövr hava generatorları), titrəyişin yüksək olması və s. səbəbdən baş verə bilir. Texnogen xarakterli hadisələrin qarşısının alınması əsasən təhlükə potensiallı qurğu və avadanlıqların sürət releləri, tıxac sensorları, əyləc sistemləri (noriyalar, zəncirli və lentli nəqledicilər) quraşdırılmaqla da əldə edilir. Qırıcılar-doğrayıcılarda isə məhsulun kəsilməsi ilə avtomatik dayanma, partlayış ötürücülərinin qoyulması ilə əldə edilir. Ümumiyyətlə, avtobloklama sistemi ardıcıl texnoloji xətdə istismar edilən qurğular üçün əsaslı mühafizə tədbiri kimi vahid idarəetmə pultunda yerləşdirilməlidir.

12.7. Üzvi tərkibli xammalların qəbulu və saxlanılması üçün daha təhlükəli olan, texnogen xarakterli hadisə törədə bilən dənli bitki toxumlarının quruducularıdır. Bu tipli avadanlıqlar yüngül dağılan mühafizə konstruksiyaları əsasında istehsalat binalarından kənarda yığılır, onların isitmə sistemində partlayış boşaldıcı klapanlar qoyulmaqla mühafizə tədbirləri əldə olunur. Mühafizə tədbirləri olaraq qəza gərginliyi (16-42V) ilə bunkerlərdə, siloslarda silosaltı və üstü qalereyalarda baxış keçirilməsi üçün mühafizə tədbiri kimi istifadə edilir.

12.8. Bütün bunlardan əlavə qaz-qaynaq, təmir-yenidənqurma işlərinin aparılması zamanı iş yerlərinin hazırlanması, avadanlıqların, kommunikasiya xətlərinin (hava, məhsul, xammal və s.) izolyasiya olunması da texnogen hadisələrinin qarşısının alınması istiqamətində aparılan mühafizə tədbirləri siyahısına daxil edilməlidir. Həmçinin, hər bir obyektə dair “Qəzaların ləğvi planı” tərtib olunmalıdır.

12.9. Ümumiyyətlə, üzvi tərkibli xammalların emalı müəssisələri yerli şərait nəzərə alınmaqla onların istehsal gücü, mexaniki emal olunan xammalın növü və istifadə olunma sferasına görə xüsusi tələblər əsasında layihələndirilir. Odur ki, belə obyektlər əhalinin sıx məskunlaşdığı ərazilərdən mümkün qədər uzaqda, sənaye təhlükəsizliyinin təmin olunması şərtilə layihələndirilməlidir.

12.10.Müvafiq tələblər obyektlərin təmiri, yenidən quraşdırılması, ləğvi və konservasiyası zamanı da nəzərə alınmalıdır.

 

13. Təhlükə potensiallı təbiət xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirləri

 

13.1. Təhlükə potensiallı təbiət xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda həyata keçirilməli olan mühafizə tədbirləri aşağıdakılardan ibarətdir:

13.1.1 təbiət xarakterli hadisələrin inkişaf etdiyi zaman insanların sığına biləcəkləri və onları təhdidlərdən tam qoruyacaq xüsusi qurğu və sığınacaqların inşası;

13.1.2. bina və qurğuların təbiət hadisəsinin təsirinə dayanıqlığının artırılması;

13.1.3. mühəndis-mühafizə tədbirləri (antiseysmik, sürüşmə əleyhinə və digər tədbirlər).

13.2. Əhali və ərazilərin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlərin həyata keçirilmə zərurəti və mümkünlüyü, o cümlədən həcmi, məzmunu və yerinə yetirilmə müddətləri müvafiq ərazidə təbiət xarakterli təhlükənin vəziyyətinin proqnozları əsasında müəyyənləşdirilir.

13.3. Xüsusi gizlənc yerlərinin və sığınacaqların inşası, bina, qurğular, dambalar və ya digər mühəndis qurğuları əhalini təbiət təhlükələrindən qorumaq imkanında olmadığı hallarda, həyata keçirilir. Mühafizə obyektləri əlçatımlı və insanların sıx olduğu yerlərdə onların bu obyektlərdə qısa vaxt ərzində sığınmasının təmin edilməsi məqsədi ilə inşa edilməlidir.

13.4. Zəlzələlərin dağıdıcı təsirinin azaldılmasına yönəldilən antiseysmik tədbirlər aşağıdakılardır:

13.4.1. seysmik təhlükəli rayonlarda seysmik normalara uyğun bina və qurğuların inşası;

13.4.2. müvafiq ərazidə seysmik riskin nəzərə alınması ilə mövcud bina və qurğuların yükdaşıyan konstruksiyalarının gücləndirilməsi.

13.5. Sürüşmə və uçqun əleyhinə tədbirlər aşağıdakılardır:

13.5.1. yamacın dayanıqlığının artırılması məqsədi ilə onun relyef və formasının dəyişdirilməsi;

13.5.2. yeraltı suların səviyyəsinin süni şəkildə endirilməsi;

13.5.3. qruntların müxtəlif üsullarla möhkəmləndirilməsi;

13.5.4. saxlayıcı qurğuların (istinad divarlarının, svay konstruksiyaları və dirəklərinin və s.) inşası.

13.6. Sel əleyhinə tədbirlər aşağıdakılardır:

13.6.1. sel saxlayıcı qurğuların (beton, daş bəndlər, qrunt materiallarından ibarət bəndlər) inşası;

13.6.2. sel buraxıcı qurğuların (kanallar, sel buraxıcıları) inşası;

13.6.3. sel yönəldici qurğuların (yönəldici və qoruyucu dambalar) inşası;

13.6.4. stabilləşdirici qurğuların (bənd kaskadları, istinad divarları, drenaj qurğular) inşası;

13.6.5. selin qarşısını alan qurğuların (bənddə daşqın hallarını tənzimləyən) inşası.

13.7. Qar uçqunu əleyhinə tədbirlər aşağıdakılardır:

13.7.1. profilaktik tədbirlər (monitorinq, proqnoz və məlumatlandırma xidmətinin təşkili, qar uçqunlarının nəzarət altında süni endirilməsi);

13.7.2. qar uçqununun qarşısını alan qurğuların inşası və tədbirlər (qarsaxlayıcı hasarlar, sədlər, lövhələr, məhəccərlər);

13.7.3. qar uçqunundan mühafizə qurğularının inşası (yönəldici – sədlər, süni məcralar; ləngidici və dayandırıcı – təpələr, səngərlər, dambalar; buraxıcı qurğular – qalereyalar, estakadalar).

13.8. Daşqınların qarşısının alınması üzrə tədbirlər aşağıdakılardır:

13.8.1. su anbarları arasında maksimal su axarının paylaşdırılması, hövzələr arasında və çay hövzəsinin daxilində axının istiqamətinin dəyişdirilməsi;

13.8.2. ərazinin dambalarla (torpaq bərkitmə sistemləri) əhatələnməsi;

13.8.3. çay yatağının buraxıcı qabiliyyətinin artırılması (yatağın təmizlənməsi, dərinləşdirilməsi, genişləndirilməsi, düzləndirilməsi).

13.9. Daşqınlardan mühafizə üzrə xəbərdaredici mühəndis-texniki tədbirlər aşağıdakılardır:

13.9.1. mühafizə qurğularının (bəndlərin, dambaların) inşası;

13.9.2. mövcud mühafizə qurğularının yenidən qurulması;

13.9.3 su axarının gur olduğu vaxtlarda suyun səviyyəsinin son həddə çatmasının qarşısını almaq üçün su anbarlarının daşqın əleyhinə tutumlarından istifadə edilməsi.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       15 oktyabr 2018-ci il tarixli 449 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 oktyabr 2018-ci il, № 235, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2164)

2.       19 noyabr 2018-ci il tarixli 490 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 noyabr 2018-ci il, № 262, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2440)

3.       14 may 2020-ci il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 may 2020-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 644)

4.       7 iyul 2022-ci il tarixli 259 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 iyul 2022-ci il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 813)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 14 may 2020-ci il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 may 2020-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 644) ilə “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın yeni məzmunda 2.1.2-1-ci, 4.1.1-1-ci və 8.1.1-1-ci yarımbəndlər əlavə edilmişdir.

 

[2] 19 noyabr 2018-ci il tarixli 490 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 noyabr 2018-ci il, № 262, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2440) ilə “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın 3.2.2-ci yarımbəndində “Ətraf Mühitə Təsirlərinin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması,” sözləri “Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması və dövlət ekoloji ekspertizasının keçirilməsi,” sözləri ilə əvəz edilmişdir.

 

[3] 7 iyul 2022-ci il tarixli 259 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 iyul 2022-ci il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 813) ilə “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın 3.3-cü bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

3.3. Əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Neftqazçıxarma sənayesi obyektlərinin mühafizə zonaları (MZ) yaşayış məntəqələrinə, şəxsi tikililərə, təsərrüfat və kənd təsərrüfatı obyektlərinə qədər minimum məsafələri (MM) aşağıdakı cədvəldə verilmişdir:

 

Neftqazçıxarma sənayesi obyektlərinin adı

Şəxsi tikililər

(metr)

Təsərrüfat obyektləri

(metr)

Kənd təsərrüfatı obyektləri

(metr)

MM

MZ

MM

MZ

MM

MZ

Quyular, separatorlar və qızdırıcı avadanlıq

300

qadağandır

500

qadağandır

100

qadağandır

Neft rezervuarları və nasos avadanlığı

300

qadağandır

500

qadağandır

-

qadağandır

Elektrikötürücü xətləri

12-19

10-15

12-19

10-15

12-19

10-15

 

Qeyd. Konkret şəraitdən asılı olaraq mühafizə zonalarının eni və minimum məsafələr üzrə müvafiq normativ-texniki sənədlərə əsasən bu cədvəldə göstərilənlərdən fərqli məsafələr tətbiq oluna bilər.

 

[4] 15 oktyabr 2018-ci il tarixli 449 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 oktyabr 2018-ci il, № 235, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2164) ilə “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın 9.1.5-ci yarımbəndində “uşaq” sözü “təhsil” sözü ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status