×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
08.02.2017
QEYDİYYAT NÖMRƏSİ
37
ADI
“Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 11-02-2017, Nəşr Nömrəsi: 31), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2017, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 290)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
11.02.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201702080037
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
14.02.2017
“Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 dekabr tarixli 1168 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi haqqında” ləğv olunmuş Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2012-ci il 10 may tarixli 3 nömrəli qərarı ləğv edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 8 fevral 2017-ci il

     № 37

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2017-ci il 8 fevral tarixli 37 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci və 26.4-cü maddələrinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun fəaliyyət göstərən dövlət, bələdiyyə və özəl orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu qaydasını müəyyən edir.

1.2. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq hüququna tam orta, orta ixtisas və ya ali təhsili başa vurmaq haqqında müvafiq dövlət nümunəli sənəd (attestat və ya diplom) almış şəxslər malikdirlər.

1.3. Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməzlər.

1.4. Dövlət təhsilalanların orta ixtisas təhsili pilləsində yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.

1.5. Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında müsabiqə yolu ilə həyata keçirilir.

1.6. Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu müvafiq tədris ilində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verən abituriyentlərin buraxılış imtahanında, digər abituriyentlərin isə müvafiq tədris ilində keçirilən qəbul imtahanında əldə etdikləri nəticələrə (300 ballıq şkala üzrə topladıqları bala) əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra - Mərkəz) tərəfindən həyata keçirilir. [1]

1.7. Müsabiqədə iştirak ödənişlidir. Dairəsi Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1-ci hissəsi ilə müəyyən edilmiş vətəndaşlara münasibətdə ödəniş dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. [2]

 

2. Ərizələrin qəbul edilməsi

 

2.1. Tam orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində 2013-cü ildə və sonrakı illərdə bitirən abituriyentlər tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün Mərkəzin rəsmi internet saytında “Abituriyentin elektron ərizəsi”ni doldurmalı və müvafiq düyməni basmaqla ərizəsini təsdiq etməlidirlər. Tam orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində 2013-cü ildən əvvəl və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər isə tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə müsabiqədə iştirak etmək üçün Mərkəzin rəsmi internet saytında “Abituriyentin elektron ərizəsi”ni doldurduqdan sonra aşağıdakı sənədləri Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına (bundan sonra - SQK) şəxsən təqdim etməklə, ərizələrini təsdiq etdirməlidirlər:

2.1.1. Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər pasportlarını və (və ya) icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;

2.1.2. tam orta, orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini (orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini təqdim edən abituriyentlər, həmçinin məzunu olduqları təhsil müəssisəsi tərəfindən verilən müəyyən olunmuş formada attestat qiymətləri göstərilən arayışı (1 nömrəli əlavə); [3]

2.1.3. Azərbaycan Respublikasında orta ixtisas təhsili müəssisəsini bitirən abituriyentlərə həmin təhsil müəssisəsi tərəfindən verilən və orta ixtisas təhsilinin dövlət hesabına olub-olmamasını təsdiq edən arayışı (2 nömrəli əlavə).

2.2. Əcnəbilər və xarici ölkələrdə təhsil almış şəxslər bu Qaydaların 2.1-ci bəndində qeyd olunan sənədlərlə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini də SQK-ya təqdim edirlər.

2.3. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər “Abituriyentin elektron ərizəsi”ni təsdiq etdikdən sonra Mərkəz tərəfindən keçirilən qəbul imtahanında (cari ilin məzunları isə buraxılış imtahanında) iştirak edirlər. İmtahanda topladıqları ümumi balları Mərkəzin müəyyən etdiyi müsabiqə şərtlərini ödəyən abituriyentlər Mərkəzin rəsmi internet saytında seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş abituriyentlər Mərkəz tərəfindən müəyyən edilmiş cədvəl üzrə Mərkəzin təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qabiliyyət imtahanında iştirak edirlər. Qabiliyyət imtahanının keçirilməsi şərtləri Mərkəz tərəfindən müəyyən edilir. Qabiliyyət imtahanlarının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. [4]

 

3. Qəbul imtahanı [5]

 

3.1. Bu Qaydaların 3.5-ci bəndində nəzərdə tutulan abituriyentlər istisna olmaqla, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün abituriyentlər orta ixtisas təhsili pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq Azərbaycan dili və ya rus dili, xarici dil və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər.

3.2. Qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. İmtahanda abituriyentlərə Azərbaycan (rus) dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim edilir. Qəbul imtahanında abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 saatdır.

3.3. Qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca test imtahanı verirlər. İmtahanda abituriyentlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Abituriyentlərin toplaya biləcəyi maksimal bal 30 baldır. İmtahanın davametmə müddəti 1 saat 30 dəqiqədir. Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir və “məqbul” alanlar müvafiq tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına (ixtisas seçiminə) buraxılırlar. [6]

3.4. İmtahanın məzmunu, yəni təhsilalanlara təqdim edilən tapşırıqların növü və qiymətləndirilmə qaydası Mərkəz tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən olunur və hər il tədris ilinin başlanılmasından 1 ay müddət keçənədək elan edilir. İmtahan suallarının məzmunu Mərkəz tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri üzrə qəbul proqramlarına uyğun müəyyən edilir. İmtahanların keçiriləcəyi günlər və imtahanların aparılması texnologiyası Mərkəz tərəfindən müəyyənləşdirilir. [7]

3.5. Müvafiq tədris ili üzrə müsabiqədə abituriyentlər tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər və qəbul imtahanını, eləcə də bu Qaydaların 3.3-cü bəndində nəzərdə tutulan Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahan vermirlər. Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanı çərçivəsində imtahan verdikləri Azərbaycan dili (dövlət dili kimi) fənnindən Mərkəz tərəfindən müəyyən edilən şərtə uyğun nəticə əldə etməlidirlər.

3.6. Azərbaycan və rus dilləri istisna olmaqla, tədris ingilis, gürcü və digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanı çərçivəsində orta ixtisas təhsili pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili fənnindən də imtahan verməlidirlər. Tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan dili fənnindən imtahan verməlidirlər.

3.7. Qəbul (buraxılış) imtahanlarının nəticələri 2 il qüvvədə olur, cari və növbəti tədris illərində abituriyentə orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında keçirilən tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək hüququ verir. Abituriyent öz istəyinə uyğun olaraq, müsabiqədə iştirak etmək üçün müvafiq tədris ilində yenidən qəbul imtahanında iştirak edə bilər. Bu zaman abituriyent müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edir.

3.8. Qəbul imtahanlarında əlilliyi olan şəxslərin iştirakının təmin edilməsi üçün Mərkəz tərəfindən əlverişli şərait yaradılır. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş abituriyentlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti 1 saat artırılır. [8]

 

4. İxtisas seçimi

 

4.1. İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra həyata keçirilir. İxtisas seçiminə imtahan nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtlərinə uyğun olan abituriyentlər buraxılırlar. Abituriyentlər orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçir, onları istədikləri ardıcıllıqla elektron ixtisas seçimi ərizə formasına daxil edir və təsdiqləyirlər.

4.2. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarını ərizələrində yalnız qabiliyyət imtahanından “məqbul” alan abituriyentlər göstərə bilərlər.

 

5. Müsabiqənin keçirilməsi

 

5.1. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqə abituriyentin qəbul (buraxılış) imtahanında topladığı ümumi bal əsasında aparılır.

5.2. Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədi ilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

5.2.1. təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

5.2.2. riyaziyyat fənni üzrə imtahan balı;

5.2.3. Azərbaycan (rus) dili fənni üzrə imtahan balı.

5.3. Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək mümkün olmadıqda, onların hamısı müvafiq ixtisasa yerləşdirilir.

5.4. Abituriyentlərin yerləşdirilməsi onların seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla, ixtisaslar üzrə vakant yerlərin sayı çərçivəsində həyata keçirilir. Abituriyentlər müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilirlər.

5.5. Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerlər elan edilir, abituriyentlər tərəfindən bu Qaydaların 4.1-ci və 4.2-ci bəndlərinə uyğun olaraq ixtisas seçimi həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirilmə aparılır.

 

6. Yekun müddəalar

 

6.1. Təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisasa yerləşdirilmiş abituriyent tələb olunan sənədləri 10 gün müddətində qəbul olunduğu təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu abituriyentlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.

6.2. Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə keçirilən müsabiqə və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apelyasiya Komissiyası yaradılır.

6.3. Abituriyent Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə, şəxsən müraciət etməlidir. Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.

6.4. Abituriyentin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:

6.4.1. saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək və ya sərxoş vəziyyətdə gəlmək; [9]

6.4.2. imtahana mobil telefon və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək;

6.4.3. yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla imtahan binasına girmək, özü ilə tütün məmulatı gətirmək; [10]

6.4.4. səbəbindən asılı olmayaraq, imtahan zalında yerini dəyişmək, gəzişmək, yerindən durmaq, “İmtahan başlandı!” elan olunan andan 1 saat müddət keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində zaldan çıxmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq;

6.4.5. başqasının nəticəsinə təsir göstərmək, o cümlədən başqasının cavab kartına (vərəqinə), sual kitabçasına baxmaq və ya öz cavab kartına (vərəqinə), sual kitabçasına başqasının baxmasına şərait yaratmaq, sualın cavabını soruşmaq və ya bildirmək; [11]

6.4.6. nəzarətçiyə və ya digər şəxslərə tapşırıqların həllində kömək üçün müraciət etmək;

6.4.7. cavab kartını (vərəqini) və sual kitabçasını zədələmək, onları nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq. [12]

6.5. Abituriyentin bu Qaydaların 6.4-cü bəndində göstərilən hərəkətlərə yol verməsi halları Mərkəz tərəfindən aşkar edildikdə, onun müsabiqə (imtahan) nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.

Qeyd. Bu Qaydalarda “müvafiq tədris ili” dedikdə, buraxılış imtahanının nəticələrinin qüvvədə olduğu tədris ili (cari və növbəti) nəzərdə tutulur. [13]

 

 


 

 

“Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”na 1 nömrəli əlavə

 

 

ARAYIŞ

 

 

____________________________________________________________________ məzunu

(arayışı verən təhsil müəssisəsinin adı)

 

____________________________________________________________________________

(soyadı, adı, atasının adı)

 

ondan ötrü verilir ki, həqiqətən onun qeyd olunan fənlər üzrə attestat qiymətləri aşağıdakı kimidir:

 

Tədris (_____________) dili

______

Ədəbiyyat

______

Xarici dil

______

Riyaziyyat

______

Azərbaycan tarixi

______

Ümumi tarix

______

Fizika

______

Kimya

______

Biologiya

______

Coğrafiya

______

 

Arayış Sənəd Qəbulu Komissiyasına təqdim edilmək üçün verilir.

 

Məsul şəxs     ____________ _____________________________

                                     (imza)                   (soyadı, adı, atasının adı)

 

M.Y.

 

Tarix _____ ___________ 20__-ci il

 

 

 


 

 

“Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”na 2 nömrəli əlavə

 

 

ARAYIŞ

 

 

_____________________________________________________________________________

(təhsil müəssisəsinin adı)

_____________________________________________________________________________

(təhsil aldığı ixtisasın adı)

______________________________________________üzrə orta ixtisas pilləsində təhsilini

 

_______ _______ildə bitirən _____________________________________________________

                                                                                               (soyadı, adı, atasının adı)

 

ondan ötrü verilir ki, həqiqətən o, orta ixtisas pilləsində təhsilini ____________________

 

_______________________________________________ almışdır.

                          (dövlət hesabına, ödənişli əsaslarla)

 

Arayış Sənəd Qəbulu Komissiyasına təqdim edilmək üçün verilir.

 

Məsul şəxs     ____________ _____________________________

                                       (imza)                    (soyadı, adı, atasının adı)

 

M.Y.

 

Tarix _____ ___________ 20__-ci il

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.          13 fevral 2018-ci il tarixli 45 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 15 fevral 2018-ci il, № 35, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 349)

2.          17 aprel 2018-ci il tarixli 167 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 aprel 2018-ci il, № 88, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 815)

3.          19 dekabr 2018-ci il tarixli 551 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2018-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2747)

4.          7 mart 2019-cu il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 517)

5.          17 fevral 2020-ci il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 fevral 2020-ci il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 197)

6.          18 may 2020-ci il tarixli 179 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 may 2020-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 650) (Bu Qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.)

7.          25 avqust 2021-ci il tarixli 243 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 avqust 2021-ci il, № 179, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 969)

8.          21 sentyabr 2022-ci il tarixli 364 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 25 sentyabr 2022-ci il, № 208, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1097)

9.          21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 19 dekabr 2018-ci il tarixli 551 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2018-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2747) ilə “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın 1.6-cı bəndində “cari” sözü “müvafiq” sözü ilə, “ 90 rəqəmləri “ 300 rəqəmləri ilə əvəz edilmişdir.

 

[2] 25 avqust 2021-ci il tarixli 243 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 avqust 2021-ci il, № 179, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 969) ilə “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın 1.7-ci bəndinə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[3] 13 fevral 2018-ci il tarixli 45 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 15 fevral 2018-ci il, № 35, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 349) ilə “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın 2.1.2-ci yarımbəndində “tam orta təhsil haqqında sənədin əslini təqdim etməyən abituriyentlər” sözləri “orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini təqdim edən abituriyentlər, həmçinin” sözləri ilə əvəz edilmişdir.

 

[4] 13 fevral 2018-ci il tarixli 45 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 15 fevral 2018-ci il, № 35, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 349) ilə “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın 2.3-cü bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2.3. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər “Abituriyentin elektron ərizəsi”ni təsdiq etdikdən sonra Mərkəzin rəsmi internet saytında seçdiyi xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş abituriyentlər Mərkəz tərəfindən keçirilən qəbul imtahanında (cari ilin məzunları isə buraxılış imtahanında) iştirak edirlər. İmtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər müəyyən edilmiş cədvəl üzrə Mərkəzin təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qabiliyyət imtahanında iştirak edirlər. Qabiliyyət imtahanının keçirilməsi şərtləri Mərkəz tərəfindən müəyyən edilir. Qabiliyyət imtahanlarının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.

 

[5] 19 dekabr 2018-ci il tarixli 551 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2018-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2747) ilə “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın 3-cü hissəsi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

 

3. Qəbul imtahanı

 

3.1. Tam orta təhsil səviyyəsini əvvəlki illərdə bitirən və təhsil haqqında sənəd alan və ya tam orta təhsil səviyyəsini Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün orta ixtisas təhsili pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verirlər.

3.2. Qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. İmtahanların məzmunu, forması, keçiriləcəyi günlər və imtahanların aparılması texnologiyası Mərkəz tərəfindən müəyyənləşdirilir. İmtahan suallarının məzmunu Mərkəz tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri üzrə qəbul proqramlarına uyğun müəyyən edilir.

3.3. Abituriyentlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 qapalı tipli test tapşırığı təqdim edilir. Tam orta təhsil səviyyəsi üzrə imtahanın müddəti 2 saat 15 dəqiqədir.

3.4. Cari tədris ilində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər. Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanı çərçivəsində orta ixtisas təhsili pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili fənnindən də imtahan verməlidirlər.

3.5. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında ali və orta peşə-ixtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir. Qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili fənnindən test imtahanı verirlər. Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar iki (cari və növbəti) tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına (cari ilin abituriyentləri ixtisas seçiminə) buraxılırlar.

3.6. Qəbul imtahanlarında sağlamlıq imkanları məhdud şəxslərin iştirakının təmin edilməsi üçün Mərkəz tərəfindən əlverişli şərait yaradılır. Görmə qabiliyyəti olmayan (I qrup əlil) abituriyentlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti 30 dəqiqə artırılır.

 

[6] 17 fevral 2020-ci il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 fevral 2020-ci il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 197) ilə “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın 3.3-cü bəndinin dördüncü cümləsində “ 45 rəqəmləri “1 saat 30 sözləri ilə əvəz edilmişdir.

 

[7] 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552) ilə “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın 3.4-cü bəndində (hər iki halda) “Təhsil sözü Elm və Təhsil sözləri ilə əvəz edilmişdir.

 

[8] 7 mart 2019-cu il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 517) ilə “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın 3.8-ci bəndinin ikinci cümləsində “qrup” sözü “dərəcə” sözü ilə əvəz edilmişdir.

21 sentyabr 2022-ci il tarixli 364 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 25 sentyabr 2022-ci il, № 208, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1097) ilə “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın 3.8-ci bəndinin ikinci cümləsində “I dərəcə gözdən əlilliyi olan” sözləri “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilmişdir.

 

[9] 19 dekabr 2018-ci il tarixli 551 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2018-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2747) ilə “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın 6.4.1-ci yarımbəndinə “göndərmək” sözündən sonra “və ya sərxoş vəziyyətdə gəlmək” sözləri əlavə edilmişdir.

 

[10] 17 aprel 2018-ci il tarixli 167 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 aprel 2018-ci il, № 88, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 815) ilə “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın 6.4.3-cü yarımbəndində “siqaret” sözü “tütün məmulatı” sözləri ilə əvəz edilmişdir.

 

[11] 19 dekabr 2018-ci il tarixli 551 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2018-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2747) ilə “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın 6.4.5-ci yarımbəndinə hər iki halda “kartına” sözündən sonra “(vərəqinə)” sözü əlavə edilmişdir.

 

[12] 19 dekabr 2018-ci il tarixli 551 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2018-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2747) ilə “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın 6.4.7-ci yarımbəndinə “kartını” sözündən sonra “(vərəqini)” sözü əlavə edilmişdir.

 

[13] 19 dekabr 2018-ci il tarixli 551 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2018-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2747) ilə “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın “Qeyd”i yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Qeyd. 2016/2017-ci tədris ilində Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən qəbul imtahanını rus dilində verən abituriyentlər üçün keçirilmiş Azərbaycan dili fənni üzrə test imtahanından “məqbul” alan abituriyentlər 2017/2018-ci tədris ilində Mərkəz tərəfindən keçiriləcək müsabiqələrdə Azərbaycan dili fənnindən imtahan vermədən qəbul imtahanlarına buraxılırlar.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status