×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
08.02.2017
QEYDİYYAT NÖMRƏSİ
38
ADI
“Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 11-02-2017, Nəşr Nömrəsi: 31), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2017, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 291)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
11.02.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201702080038
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
14.02.2017
Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi ilə bağlı bəzi məsələlər barədə

“Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 dekabr tarixli 1168 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında” ləğv olunmuş Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2012-ci il 2 iyul tarixli 6 nömrəli qərarı ləğv edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 8 fevral 2017-ci il

                    № 38

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2017-ci il 8 fevral tarixli 38 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci və 26.4-cü maddələrinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun fəaliyyət göstərən dövlət, bələdiyyə və özəl orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu qaydasını müəyyən edir.

1.2. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq hüququna ümumi orta, tam orta, orta ixtisas və ya ali təhsili başa vurmaq haqqında müvafiq dövlət nümunəli sənəd almış şəxslər malikdirlər.

1.3. Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməzlər.

1.4. Dövlət təhsilalanların orta ixtisas təhsili pilləsində yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.

1.5. Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında müsabiqə yolu ilə həyata keçirilir.

1.6. Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu müvafiq tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verən abituriyentlərin buraxılış imtahanında, digər abituriyentlərin isə müvafiq tədris ilində keçirilən qəbul imtahanında əldə etdikləri nəticələrə (300 ballıq şkala üzrə topladıqları bala) əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən həyata keçirilir. [1]

1.7. Müsabiqədə iştirak ödənişlidir. Dairəsi “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1-ci hissəsi ilə müəyyən edilmiş vətəndaşlara münasibətdə ödəniş dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. [2]

 

2. Ərizələrin qəbul edilməsi

 

2.1. Ümumi orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində 2013-cü ildə və sonrakı illərdə bitirən abituriyentlər ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün Mərkəzin rəsmi internet saytında “Abituriyentin elektron ərizəsi”ni doldurmalı və elektron ərizə səhifəsindəki müvafiq düyməni basmaqla özləri təsdiq etməlidirlər. Ümumi orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində 2013-cü ildən əvvəl və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər isə ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün Mərkəzin rəsmi internet saytında “Abituriyentin elektron ərizəsi”ni doldurduqdan sonra aşağıdakı sənədləri Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına (bundan sonra - SQK) şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər:

2.1.1. Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər pasportlarını və (və ya) icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;

2.1.2. ümumi orta, tam orta, orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini (tam orta, orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini təqdim edən abituriyentlər, həmçinin məzunu olduqları təhsil müəssisəsi tərəfindən verilən müəyyən olunmuş formada attestat qiymətləri göstərilən arayışı (1 nömrəli əlavə); [3]

2.1.3. Azərbaycan Respublikasında orta ixtisas təhsili müəssisəsini bitirən abituriyentlər həmin təhsil müəssisəsi tərəfindən verilən və orta ixtisas təhsilinin dövlət hesabına olub-olmamasını təsdiq edən arayışı (2 nömrəli əlavə).

2.2. Əcnəbilər və xarici ölkələrdə təhsil almış şəxslər bu Qaydaların 2.1-ci bəndində qeyd olunan sənədlərlə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini də SQK-ya təqdim edirlər.

2.3. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər “Abituriyentin elektron ərizəsi”ni təsdiq etdikdən sonra Mərkəz tərəfindən keçirilən qəbul imtahanında (cari ilin məzunları isə buraxılış imtahanında) iştirak edirlər. İmtahanda topladıqları ümumi balları Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtlərini ödəyən abituriyentlər Mərkəzin rəsmi internet saytında seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş abituriyentlər Mərkəz tərəfindən müəyyən edilmiş cədvəl üzrə Mərkəzin təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qabiliyyət imtahanında iştirak edirlər. Qabiliyyət imtahanının keçirilməsi şərtləri Mərkəz tərəfindən müəyyən edilir. Qabiliyyət imtahanlarının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. [4]

 

3. Qəbul imtahanı [5]

 

3.1. Bu Qaydaların 3.6-cı bəndində nəzərdə tutulan abituriyentlər istisna olmaqla, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün abituriyentlər orta ixtisas təhsili pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq Azərbaycan dili və ya rus dili, xarici dil və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər.

3.2. Qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada aşağıdakı iki mərhələdə keçirilir:

3.2.1. birinci mərhələdə abituriyentlərə Azərbaycan və ya rus dili fənnindən 20, xarici dil fənnindən 15 və riyaziyyat fənnindən 10 olmaqla, ümumilikdə 45 tapşırıq təqdim edilir. Bu mərhələdə abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 30 bal olmaqla, cəmi 90 baldır. İmtahanın davametmə müddəti 3 saatdır;

3.2.2. ikinci mərhələdə abituriyentlərə Azərbaycan və ya rus dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Bu mərhələdə abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 70 bal olmaqla, cəmi 210 baldır. İmtahanın davametmə müddəti 3 saatdır.

3.2-1. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qüvvədə olduğu müddətdə qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada bir mərhələdə keçirilir. Qəbul imtahanında abituriyentlərə Azərbaycan və ya rus dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim edilir. Bu mərhələdə abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 saatdır. [6]

3.3. Qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca test imtahanı verirlər. İmtahanda abituriyentlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Abituriyentlərin toplaya biləcəyi maksimal bal 30 baldır. İmtahanın davametmə müddəti 1 saat 30 dəqiqədir. Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir və “məqbul” alanlar iki (cari və növbəti) tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına (ixtisas seçiminə) buraxılırlar. [7]

3.4. Qəbul imtahanının məzmunu, yəni təhsilalanlara təqdim edilən tapşırıqların növü və qiymətləndirilmə qaydası Mərkəz tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən olunur və hər il tədris ilinin başlanılmasından 1 ay müddət keçənədək elan edilir. İmtahan suallarının məzmunu Mərkəz tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri üzrə qəbul proqramlarına uyğun müəyyən edilir. İmtahanların keçiriləcəyi günlər və imtahanların aparılması texnologiyası Mərkəz tərəfindən müəyyənləşdirilir. [8]

3.5. Qəbul imtahanının birinci mərhələsində iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə, habelə bu Qaydaların 3.2-1-ci bəndinə uyğun olaraq keçirilən qəbul imtahanında iştirak etməyən abituriyent isə ixtisas seçiminə buraxılmır. [9]

3.6. Müvafiq tədris ili üzrə müsabiqədə abituriyentlər ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər və qəbul imtahanı, eləcə də bu Qaydaların 3.3-cü bəndində nəzərdə tutulan Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahan vermirlər. Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanı çərçivəsində imtahan verdikləri Azərbaycan dili (dövlət dili kimi) fənnindən Mərkəz tərəfindən müəyyən edilən şərtə uyğun nəticə əldə etməlidirlər.

3.7. Azərbaycan və rus dilləri istisna olmaqla, tədris ingilis, gürcü və digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanı çərçivəsində orta ixtisas təhsili pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili fənnindən də imtahan verməlidirlər. Tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan dili fənnindən imtahan verməlidirlər.

3.8. Qəbul (buraxılış) imtahanlarının nəticələri 2 il qüvvədə olur, cari və növbəti tədris illərində abituriyentə orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında keçirilən tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək hüququ verir. Abituriyent öz istəyinə uyğun olaraq, müsabiqədə iştirak etmək üçün müvafiq tədris ilində yenidən qəbul imtahanında iştirak edə bilər. Bu zaman abituriyent müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edir.

3.9. Qəbul imtahanlarında əlilliyi olan şəxslərin iştirakının təmin edilməsi üçün Mərkəz tərəfindən əlverişli şərait yaradılır. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş abituriyentlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti birinci mərhələdə 1 saat artırılır. [10]

 

4. İxtisas seçimi

 

4.1. İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra həyata keçirilir. İxtisas seçiminə imtahan nəticələri Mərkəz tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilmiş müsabiqə şərtlərinə uyğun olan abituriyentlər buraxılırlar. Abituriyentlər orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçir, onları istədikləri ardıcıllıqla elektron ixtisas seçimi ərizə formasına daxil edir və təsdiqləyirlər.

4.2. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarını ərizələrində yalnız qabiliyyət imtahanından “məqbul” alan abituriyentlər göstərə bilərlər.

 

5. Müsabiqənin keçirilməsi

 

5.1. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqə abituriyentin qəbul (buraxılış) imtahanında topladığı ümumi bal əsasında aparılır.

5.2. Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədi ilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

5.2.1. təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası;

5.2.2. Azərbaycan (rus) dili fənni üzrə imtahan balı;

5.2.3. riyaziyyat fənni üzrə imtahan balı. [11]

5.3. Ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək mümkün olmadıqda, onların hamısı müvafiq ixtisasa yerləşdirilir.

5.4. Abituriyentlərin yerləşdirilməsi onların seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla, ixtisaslar üzrə vakant yerlərin sayı çərçivəsində həyata keçirilir. Abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

5.5. Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerlər elan edilir, abituriyentlər tərəfindən bu Qaydaların 4.1-ci və 4.2-ci bəndlərinə uyğun olaraq ixtisas seçimi həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirilmə aparılır.

 

6. Yekun müddəalar

 

6.1. Təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisasa yerləşdirilmiş abituriyent tələb olunan sənədləri 10 gün müddətində qəbul olunduğu təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu abituriyentlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.

6.2. Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə keçirilən müsabiqə və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apelyasiya Komissiyası yaradılır.

6.3. Abituriyent Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə, şəxsən müraciət etməlidir. Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.

6.4. Abituriyentin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:

6.4.1. saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək və ya sərxoş vəziyyətdə gəlmək; [12]

6.4.2. imtahana mobil telefon və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək;

6.4.3. yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla imtahan binasına girmək, özü ilə tütün məmulatı gətirmək; [13]

6.4.4. səbəbindən asılı olmayaraq, imtahan zalında yerini dəyişmək, gəzişmək, yerindən durmaq, “İmtahan başlandı!” elan olunan andan 1 saat müddət keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində zaldan çıxmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq;

6.4.5. başqasının nəticəsinə təsir göstərmək, o cümlədən başqasının cavab kartına (vərəqinə), sual kitabçasına baxmaq və ya öz cavab kartına (vərəqinə), sual kitabçasına başqasının baxmasına şərait yaratmaq, sualın cavabını soruşmaq və ya bildirmək; [14]

6.4.6. nəzarətçiyə və ya digər şəxslərə tapşırıqların həllində kömək üçün müraciət etmək;

6.4.7. cavab kartını (vərəqini) və sual kitabçasını zədələmək, onları nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq. [15]

6.5. Abituriyentin bu Qaydaların 6.4-cü bəndində göstərilən hərəkətlərə yol verməsi halları Mərkəz tərəfindən aşkar edildikdə, onun müsabiqə (imtahan) nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.

Qeyd. Bu Qaydalarda “müvafiq tədris ili” dedikdə, buraxılış imtahanının nəticələrinin qüvvədə olduğu tədris ili (cari və növbəti) nəzərdə tutulur. [16]

 


 

“Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”na

 

1 nömrəli əlavə

 

ARAYIŞ

 

_____________________________________________________________________________

(arayışı verən təhsil müəssisəsinin adı)

 

məzunu _____________________________________________________________________

(soyadı, adı, atasının adı)

 

ondan ötrü verilir ki, həqiqətən onun qeyd olunan fənlərdən ümumi orta təhsil səviyyəsi üzrə attestat qiymətləri aşağıdakı kimidir:

 

 

Tədris (_______________) dili

 

Ədəbiyyat

 

Xarici dil

 

Riyaziyyat

 

Azərbaycan tarixi

 

Ümumi tarix

 

Fizika

 

Kimya

 

Biologiya

 

Coğrafiya

 

 

Arayış Sənəd Qəbulu Komissiyasına təqdim edilmək üçün verilir.

 

Məsul şəxs ________________ ________________________________________

                                     (imza)                                              (soyadı, adı, atasının adı)

 

M.Y.

 

Tarix _____ ___________ 20 __ - ci il

 

 

 


 

“Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”na

 

2 nömrəli əlavə

 

ARAYIŞ

 

______________________________________________________________________________

(təhsil müəssisəsinin adı)

 

_____________________________________________________________________________

(təhsil aldığı ixtisasın adı)

 

___________________________üzrə orta ixtisas pilləsində təhsilini ________ - _____ ildə

 

bitirən ________________________________________ ondan ötrü verilir ki, həqiqətən o,

                                      (soyadı, adı, atasının adı)

 

orta ixtisas pilləsində təhsilini ___________________________________________almışdır.

                                                                            (dövlət hesabına, ödənişli əsaslarla)

          Arayış Sənəd Qəbulu Komissiyasına təqdim edilmək üçün verilir.

 

Məsul şəxs ________________ ________________________________________

                                     (imza)                                             (soyadı, adı, atasının adı)

 

M.Y.

 

Tarix _____ ___________ 20 __ - ci il

 

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       13 fevral 2018-ci il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 15 fevral 2018-ci il, № 35, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 350)

2.       17 aprel 2018-ci il tarixli 168 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 24 aprel 2018-ci il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 816)

3.       19 dekabr 2018-ci il tarixli 552 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2018-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2748)

4.       7 mart 2019-cu il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 517)

5.       17 fevral 2020-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 fevral 2020-ci il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 198)

6.       18 may 2020-ci il tarixli 179 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 may 2020-ci il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 650) (Bu Qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.)

7.       4 mart 2021-ci il tarixli 51 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 mart 2021-ci il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 270)

8.       25 avqust 2021-ci il tarixli 243 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 avqust 2021-ci il, № 179, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 969)

9.       21 sentyabr 2022-ci il tarixli 364 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 25 sentyabr 2022-ci il, № 208, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1097)

10.    21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 19 dekabr 2018-ci il tarixli 552 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2018-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2748) ilə “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın 1.6-cı bəndində “cari” sözü “müvafiq” sözü ilə, “ 200 rəqəmləri “ 300 rəqəmləri ilə əvəz edilmişdir.

 

[2] 25 avqust 2021-ci il tarixli 243 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 avqust 2021-ci il, № 179, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 969) ilə “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın 1.7-ci bəndinə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[3] 13 fevral 2018-ci il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 15 fevral 2018-ci il, № 35, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 350) ilə “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın 2.1.2-ci yarımbəndində “ümumi orta təhsil haqqında sənədin əslini təqdim etməyən abituriyentlər” sözləri “tam orta, orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini təqdim edən abituriyentlər, həmçinin” sözləri ilə əvəz edilmişdir.

 

[4] 13 fevral 2018-ci il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 15 fevral 2018-ci il, № 35, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 350) ilə “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın 2.3-cü bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.3. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər “Abituriyentin elektron ərizəsi”ni təsdiq etdikdən sonra Mərkəzin rəsmi internet saytında seçdiyi xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş abituriyentlər Mərkəz tərəfindən keçirilən qəbul imtahanında (cari ilin məzunları isə buraxılış imtahanında) iştirak edirlər. İmtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər müəyyən edilmiş cədvəl üzrə Mərkəzin təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qabiliyyət imtahanında iştirak edirlər. Qabiliyyət imtahanının keçirilməsi şərtləri Mərkəz tərəfindən müəyyən edilir. Qabiliyyət imtahanlarının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.

 

[5] 13 fevral 2018-ci il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 15 fevral 2018-ci il, № 35, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 350) ilə “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”na yeni məzmunda 3.9-cu bənd əlavə edilmişdir.

 

19 dekabr 2018-ci il tarixli 552 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2018-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2748) ilə “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın 3-cü hissəsi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

 

3. Qəbul imtahanı

 

3.1. Ümumi orta təhsil səviyyəsini əvvəlki illərdə bitirən və təhsil haqqında sənəd alan və ya ümumi orta təhsil səviyyəsini Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün orta ixtisas təhsili pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər.

3.2. Qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir. İmtahanların məzmunu, forması, keçiriləcəyi günlər və imtahanların aparılması texnologiyası Mərkəz tərəfindən müəyyənləşdirilir. İmtahan suallarının məzmunu Mərkəz tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri üzrə qəbul proqramlarına uyğun müəyyən edilir.

3.3. Birinci mərhələdə abituriyentlərə Azərbaycan (rus) dilindən 10 açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilib yazı ilə ifadə olunması tələb edilən test tapşırığı, 10 qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilib qeyd edilməsi tələb olunan test tapşırığı, riyaziyyat fənnindən 10 açıq tipli, ümumilikdə 30 test tapşırığı təqdim edilir. İmtahanın müddəti 2 saatdır. İmtahanın başlanılmasından 30 dəqiqə keçdikdən sonra gələn abituriyent imtahana buraxılmır.

3.4. İkinci mərhələdə abituriyentlərə Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər birindən 30, ümumilikdə 60 qapalı tipli test tapşırığı təqdim edilir. İmtahanın müddəti 1 saat 30 dəqiqədir. İmtahanın başlanılmasından 30 dəqiqə keçdikdən sonra gələn şagird imtahana buraxılmır.

3.5. Birinci mərhələnin imtahan nəticələri imtahan keçirildiyi gündən etibarən ikinci mərhələnin keçirildiyi vaxtadək, ikinci mərhələnin nəticələri isə imtahan keçirildiyi gündən etibarən 5 gün müddətində elan edilir. Abituriyentlərin fənlər üzrə test tapşırıqlarına cavab ballarının cəminin 100 ballıq qiymət şkalasına uyğunluğu aşağıdakı cədvələ əsasən müəyyən olunur:

 

Fənn

Komponent № 1

(I mərhələ, test tapşırıqları)

Komponent № 2

(II mərhələ, test tapşırıqları)

maksimal bal

test tapşırıqlarının sayı

bal

maksimal bal

test tapşırıqlarının sayı

bal

Azərbaycan dili/

rus dili

30

20 (10 açıq

 + 10 qapalı)

2nd (açıq) +

nd (qapalı)

70

30 (qapalı)

 

Riyaziyyat

30

10 (açıq)

3nd(açıq)

70

30 (qapalı)

 

 

nd (açıq)  - açıq tipli test tapşırıqlarına verilmiş balların cəmi

 nd (qapalı) - qapalı tipli test tapşırıqlarına verilmiş balların cəmi

 

3.6. Cari tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə Azərbaycan (rus) dili və riyaziyyat fənlərindən buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər. Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanı çərçivəsində orta ixtisas təhsili pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq Azərbaycan dili və ya rus dili fənnindən də imtahan verməlidirlər.

3.7. İmtahan nəticəsi tam ədəd olmazsa, tam ədədə yuvarlaqlaşdırılır. Bu zaman atılan rəqəm 5-dən kiçik olarsa, ondan əvvəlki rəqəm dəyişmir, 5 və ya daha böyük olarsa, ondan əvvəlki rəqəm bir vahid artırılır.

3.8. Qəbul imtahanlarında sağlamlıq imkanları məhdud şəxslərin iştirakının təmin edilməsi üçün Mərkəz tərəfindən əlverişli şərait yaradılır. Görmə qabiliyyəti olmayan (I qrup əlil) abituriyentlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti 30 dəqiqə artırılır.

3.9. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir. Qəbul (buraxılış) imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili fənnindən test imtahanı verirlər. Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar iki (cari və növbəti) tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına (cari ilin abituriyentləri ixtisas seçiminə) buraxılırlar.

 

[6] 4 mart 2021-ci il tarixli 51 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 mart 2021-ci il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 270) ilə  “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”na yeni məzmunda 3.2-1-ci bənd əlavə edilmişdir.

 

[7] 17 fevral 2020-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 fevral 2020-ci il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 198) ilə “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın 3.3-cü bəndinin dördüncü cümləsində “ 45 rəqəmləri “1 saat 30 sözləri ilə əvəz edilmişdir.

 

[8] 4 mart 2021-ci il tarixli 51 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 mart 2021-ci il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 270) ilə “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın 3.4-cü bəndin birinci cümləsində “Hər mərhələdə imtahanın” sözləri “Qəbul imtahanının” sözləri ilə əvəz edilmişdir.

 

21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552) ilə “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın 3.4-cü (hər iki halda) və 4.1-ci bəndlərində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilmişdir.

 

[9] 4 mart 2021-ci il tarixli 51 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 mart 2021-ci il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 270) ilə “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın 3.5-ci bəndinə “ikinci mərhələdə” sözlərindən sonra “, habelə bu Qaydaların 3.2-1-ci bəndinə uyğun olaraq keçirilən qəbul imtahanında” sözləri əlavə edilmişdir.

 

[10] 7 mart 2019-cu il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 517) ilə “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın 3.9-cu bəndinin ikinci cümləsində “qrup” sözü “dərəcə” sözü ilə əvəz edilmişdir.

4 mart 2021-ci il tarixli 51 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 mart 2021-ci il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 270) ilə “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın 3.9-cu bəndin ikinci cümləsindən “birinci mərhələdə” sözləri çıxarılmışdır.

21 sentyabr 2022-ci il tarixli 364 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 25 sentyabr 2022-ci il, № 208, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1097) ilə “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın 3.9-cu bəndinin ikinci cümləsində “I dərəcə gözdən əlilliyi olan” sözləri “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilmişdir.

 

[11] 19 dekabr 2018-ci il tarixli 552 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2018-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2748) ilə “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın 5.2.2-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 5.2.3-cü yarımbənd əlavə edilmişdir.

 

[12] 19 dekabr 2018-ci il tarixli 552 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2018-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2748) ilə “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın 6.4.1-ci yarımbəndinə “göndərmək” sözündən sonra “və ya sərxoş vəziyyətdə gəlmək” sözləri əlavə edilmişdir.

 

[13] 17 aprel 2018-ci il tarixli 168 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 24 aprel 2018-ci il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 816) ilə “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın 6.4.3-cü yarımbəndində “siqaret” sözü “tütün məmulatı” sözləri ilə əvəz edilmişdir.

 

[14] 19 dekabr 2018-ci il tarixli 552 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2018-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2748) ilə “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın 6.4.5-ci yarımbəndinə hər iki halda “kartına” sözündən sonra “(vərəqinə)” sözü əlavə edilmişdir.

 

[15] 19 dekabr 2018-ci il tarixli 552 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2018-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2748) ilə “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın 6.4.7-ci yarımbəndinə “kartını” sözündən sonra “(vərəqini)” sözü əlavə edilmişdir.

 

[16] 19 dekabr 2018-ci il tarixli 552 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2018-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2748) ilə “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”na yeni məzmunda “Qeyd” əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status