Azərbaycan Respublikası, Gürcüstan, Moldova Respublikası, Türkiyə Respublikası və Ukrayna mülki aviasiya hakimiyyəti orqanları arasında ICAO çərçivəsində əməkdaşlığa və ICAO orqanlarında təmsilçiliyə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası, Gürcüstan, Moldova Respublikası, Türkiyə Respublikası və Ukrayna mülki aviasiya hakimiyyəti orqanları arasında ICAO çərçivəsində əməkdaşlığa və ICAO orqanlarında təmsilçiliyə dair 2014-cü il dekabrın 1-də Kiyev şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
[1]
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan, Moldova Respublikası, Türkiyə Respublikası və Ukrayna tərəflərinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2017-ci il
№ 1259
Azərbaycan Respublikası, Gürcüstan, Moldova Respublikası, Türkiyə Respublikası və Ukrayna mülki aviasiya hakimiyyəti orqanları arasında ICAO çərçivəsində əməkdaşlığa və ICAO orqanlarında təmsilçiliyə dair
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycanın (Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası), Gürcüstanın (Gürcüstan Mülki Aviasiya Agentliyi), Moldovanın (Moldova Respublikasının Mülki Aviasiya Hakimiyyət Orqanı), Türkiyənin (Türkiyə Respublikasının Mülki Aviasiya Baş Direktorluğu) və Ukraynanın (Ukraynanın Dövlət Aviasiya Administrasiyası) mülki aviasiya hakimiyyəti orqanları,
Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) strateji məqsədlərinə və uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi, bütün dünyada aeronaviqasiyanın səmərəliliyi və müntəzəmliyinin ətraf mühitə zərər vurmadan inkişafının sürətləndirilməsi sahəsində ICAO-nun fəaliyyətində öz öhdəliklərini bir daha təsdiq edərək,
ICAO-nun işinə öz töhfəsini vermək imkanına və arzusuna malik olan bütün ICAO üzvlərinə ICAO Şurasında təmsil edilmək üçün şərait yaradılmalı olduğuna inanaraq,
beynəlxalq mülki aviasiya təşkilatlarında öz müvafiq dövlətlərinin maraqlarının təmsil edilməsi sahəsində hər bir Tərəfin səriştəsini nəzərə alaraq,
öz aralarında əməkdaşlıq və rotasiya qrupunun yaradılmasının bu məqsədə xidmət edəcəyini və ICAO-da, Avropa Mülki Aviasiya Konfransında (ECAC) mövcud olan əməkdaşlıq ruhuna və müəyyən edilmiş təcrübəyə uyğun olacağını təsdiqləyərək,
özlərinin Şuraya seçilməsinin ICAO Şurasında təmsilçiliyi və şəffaflığı artıracağına inanaraq,
ICAO Şurasına üzvlük məqsədi ilə rotasiya qrupunun yaradılması ideyasının və bu məqsədlə öz aralarındakı əməkdaşlığı möhkəmləndirmək üçün lazımi tədbirləri və vasitələri müzakirə edərək,
2013-cü ilin 10-11 yanvar tarixlərində İstanbulda keçirilmiş iclasın gedişində 2013-cü ilin 11 yanvar tarixində imzalanmış Razılaşdırılmış Protokolun müddəalarına müvafiq olaraq fəaliyyət göstərərək,
aşağıdakılar barədə razılığa gəldilər:
1. Bununla Tərəflər ICAO-da sıx əməkdaşlıq etmək və ICAO-nun daimi orqanlarında öz nümayəndəliklərinin təşkili və qorunub saxlanılması məqsədi ilə əməkdaşlıq və rotasiya qrupu (bundan sonra - Qara Dəniz-Xəzər Qrupu (BSCG) adlandırılacaq) yaradırlar.
2. Tərəflər ECAC, EUROCONTROL və digər müvafiq aviasiya təşkilatlarında qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlıq edəcəklər.
3. ICAO Şurası daxil olmaqla, ICAO-nun bütün daimi orqanlarında Tərəflərin namizədliyi 3 illik dövr üçün rotasiya oluna bilər.
4. ICAO Şurasında üzvlüyün rotasiya sxemi Türkiyənin Şuraya seçilməsindən başlayaraq, Tərəflər yekdilliklə başqa qərara gəlmədikdə, aşağıdakı qayda üzrə davam edəcək: Ukrayna, Azərbaycan, Gürcüstan və Moldova.
5. Tərəflər BSCG namizədlərini fəal dəstəkləyəcək və bütün ICAO üzvlərindən dəstək almaq üçün səy göstərəcəklər.
6. BSCG-nin hazırkı üzvlərinin yekdil razılığı şərtilə BSCG-yə yeni üzv qəbul olunduqda, onun rotasiya növbəsi BSCG-nin bütün hazırkı üzvlərinin seçilməsindən sonra çatacaqdır.
7. Bir Tərəf növbəsinin çatmasına baxmayaraq, növbəti Şura seçkilərində öz namizədliyini irəli sürmək arzusunda olmadığı təqdirdə, həmin Tərəf növbəti seçkilərin tarixindən ən geci bir il əvvəl öz qərarı barədə digər Tərəfləri yazılı şəkildə məlumatlandıracaq. Bu halda, həmin Tərəfin öz rotasiyasını başa vurması və yekdilliklə başqa şəkildə razılıq əldə olunmayacağı təqdirdə, növbəti Tərəfin 4-cü bənddə göstərilən rotasiya qaydası üzrə öz namizədliyini ICAO- ya təqdim etməsi kimi qəbul edilir.
8. Tərəflər arasında əməkdaşlıq məlumat mübadiləsini, müntəzəm məsləhətləşmələri, koordinasiyanı və ICAO orqanlarının iş proqramı və iş sənədləri üzrə rəylərin uyğunlaşdırılmasını əhatə edir.
9. ICAO orqanları tətildə olduğu zaman Tərəflər ən azı ildə 2 (iki) dəfə görüş təşkil edirlər. Bu görüşlər Tərəflər arasında rotasiya prinsipinə uyğun olaraq təşkil olunur. Görüşlərə davamiyyət seçilmiş Şura üzvünün, əlaqələndirici şəxslərin və ehtiyac olduqda digər aidiyyəti əməkdaşların iştirakı ilə rəhbərlik səviyyəsində olacaq. Belə görüşlərə sədrlik və onların təşkili qəbul edən ölkə tərəfindən edilir. BSCG-nin işçi dili ingilis dilidir.
10. Seçilmiş Şura üzvü aşağıdakı ICAO orqanlarının iş proqramlarını, hesabatları və digər müvafiq sənədləri BSCG-yə paylayır:
Şura
Aeronaviqasiya Komissiyası
Hava Nəqliyyatı Komitəsi
Birgə Dəstək Komitəsi
Maliyyə Komitəsi
Ətraf Mühitin Qorunması üzrə Aviasiya Komitəsi (CAEP)
Hüquq Komitəsi
Aviasiya Təhlükəsizliyi üzrə İşçi Qrup (AVSEC)
11. Hər bir Tərəf BSCG-nin fəaliyyətinə görə məsul olan və seçilmiş Şura üzvü və BSCG üzvlərinin əlaqələndirici şəxsləri ilə işgüzar əlaqədə olan əlaqələndirici şəxs təyin edir.
12. Seçilmiş Şura üzvü digər BSCG üzvlərinin müvafiq mövqelərini nəzərə alır və öz dövlətinin fikirlərini ifadə edir. Razılaşdırılmış mövqeyə nail olunmadıqda, seçilmiş Şura üzvünün fikrinə üstünlük verilir.
13. Seçilmiş Şura üzvündən kömək göstərməsi və ya BSCG üzvünün ICAO Katibliyi ilə əlaqələrini və ya digər razılaşmalarını asanlaşdırması xahiş edilə bilər. İsətnilən əlavə sənədləşmə, məktublaşma və digər xərclər müraciət edən BSCG üzvünün vəsaiti hesabına ödənilir.
14. Şuraya üzv seçilmiş Tərəf Monrealda bu Anlaşma Memorandumunun və 1944-cü ilin 7 dekabr tarixində Çikaqoda imzalanmış Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın müddəalarına uyğun olaraq fəaliyyət göstərən Nümayəndəlik yaradır.
15. Seçki kampaniyası ilə bağlı xərcləri müvafiq namizəd olan Tərəf ödəyir. Digər BSCG üzvləri tərəfindən namizəd dövlətə göstəriləcək dəstəklə bağlı yaranan xərcləri hər bir müvafiq Tərəf ödəyir.
III. Ümumi müddəalar
16. Bu Anlaşma Memorandumu müvafiq dövlətin tətbiq edilən və qüvvədə olan milli qanunvericiliyinə uyğun olması şərtilə imzalandığı tarixdən qüvvəyə minir. Əlavə daxili prosedurların tələb olunduğu digər Tərəflər üçün bu Anlaşma Memorandumu onların yerinə yetirilməsindən sonra qüvvəyə minir.
17. Şuraya seçilmiş dövlət istisna olunmaqla, BSCG-nin istənilən üzvü BSCG-nin bütün üzv dövlətlərinə yazılı bildiriş təqdim etməklə BSCG-də öz iştirakını ləğv edə bilər. Ləğvetmə haqqında bildirişdə göstərilən tarixdən 30 gün sonra belə ləğvetmə qüvvəyə minir.
18. Bu Anlaşma Memorandumunun ayrılmaz hissəsi olan istənilən düzəliş ayrıca protokollar formasında rəsmiləşdirilir və bu Anlaşma Memorandumunun 16-cı bəndinə müvafiq olaraq qüvvəyə minir.
19. Bu Anlaşma Memorandumu qeyri-müəyyən müddətə bağlanılır və 6-cı bəndə müvafiq olaraq imza üçün açıq elan edilir.
Bu Anlaşma Memorandumu Kiyev şəhərində 2014-cü ilin 1 dekabr tarixində ingilis dilində olmaqla, beş əsl nüsxədə imzalanmışdır.
Azərbaycan Respublikasının
Gürcüstanın
Moldova Respublikasının
Türkiyə Respublikasının
Ukraynanın
mülki aviasiya hakimiyyəti orqanları adından
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 9, maddə 1840)
2.
31 may 2022-ci il tarixli 1698 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyun 2022-ci il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 466)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 9, maddə 1840) ilə 2-ci hissədə “Dövlət Mülki Aviasiya Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
31 may 2022-ci il tarixli 1698 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyun 2022-ci il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 466) ilə 2-ci hissədə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.