“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632, № 12, maddələr 2017, 2036) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 8.1.5-ci, 19.12.4-cü, 22.4-cü, 22.5-ci və 26.1.2-ci maddələrdə “icazənin” sözü “lisenziyanın (icazənin)” sözləri ilə, 22.4-cü və 22.5-ci maddələrdə “İcazənin” sözü “Lisenziyanın (icazənin)” sözləri ilə əvəz edilsin;
1.2. aşağıdakı məzmunda 19.8-1-ci maddə əlavə edilsin:
“19.8-1. Bu Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə lisenziyanın verildiyi tarixdən 30 gün müddətində lisenziya sahibi ilə lisenziya verən orqan arasında lisenziya müqaviləsi bağlanılmalıdır. Lisenziya müqaviləsi bağlanılmadıqda, bu Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə verilmiş lisenziya hüquqi nəticələr yaratmır. Lisenziya müqaviləsinin formasını və bağlanılma qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”;
1.3. aşağıdakı məzmunda 19.12-1-ci maddə əlavə edilsin:
“19.12-1. Bu Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə verilmiş lisenziyada lisenziyanın verilməsindən sonra bu Qanunun 19.8-1-ci maddəsində nəzərdə tutulan lisenziya müqaviləsi bağlanılmadığı halda, verilmiş lisenziyanın hüquqi nəticələr yaratmayacağı barədə qeyd olmalıdır.”;
1.4. 22.1-ci maddənin birinci cümləsində “Lisenziyalar” sözündən sonra “(bu Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə verilən lisenziyalar istisna olmaqla)” sözləri, üçüncü cümləsində “bitmiş” sözündən sonra “lisenziya və” sözləri əlavə edilsin;
1.5. aşağıdakı məzmunda 22.1-1-ci maddə əlavə edilsin:
“22.1-1. Bu Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə lisenziya 10 il müddətinə verilir.”;
1.6. həmin Qanunun 1 nömrəli əlavəsinin 6.3-cü maddəsi ləğv edilsin;
1.7. həmin Qanunun 2 nömrəli əlavəsinə aşağıdakı məzmunda 4-1-ci maddə əlavə edilsin:
4-1.
|
sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə)
|
Maddə 2. Bu Qanun qüvvəyə mindiyi günədək sellülar (mobil) rabitə xidmətlərinin həyata keçirilməsi üçün verilmiş və qüvvədə olan lisenziyalara münasibətdə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində nəzərdə tutulan tədbirlərin görülməsi üçün həmin Qanunun 19.12-1-ci və 26.1.9-cu maddələri əsasdır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 mart 2017-ci il
№ 541-VQD