Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin, Azərbaycan Respublikası Prezidentinin 31 mart 1992-ci il tarixli, 633 nömrəli Fərmanının yerinə yetirilməsi ilə əlaqədar olaraq, müdafiə nazirinin vəsatətini nəzərə alaraq və hərbi qulluqçuların hüquqi-sosial mühafizə bazasını operativ surətdə yaratmaq məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
[1]
1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri təsdiq edilsin, o cümlədən:
·
zabit vəzifəli heyətə, gizirlərə, miçmanlara və müddətindən artıq xidməti hərbi qulluqçulara uzun müddət xidmətə görə verilən faiz əlavəsi;
[2]
·
bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə üstəlik əlavə;
·
elmi ad və elmi dərəcə üçün faiz əlavəsi;
·
kursant vəzifəsi üçün əlavə;
·
paraşütlə tullanmaq üçün pul mükafatı;
·
dalğıc işləri üçün pul mükafatı;
·
hərbi gəmilərdə, gəmilərdə və gəmi birləşmələri idarələrində uzun müddət və fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı;
·
hava-desant qoşunlarında fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı;
·
hərbi təhsil müəssisələrini bitirən məzunlara birdəfəlik verilən pul mükafatı;
·
dənizçilər üçün pul təminatı;
·
döyüş növbətçiliyində olanlar üçün pul mükafatı;
·
qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı;
·
müddətli xidmət hərbi qulluqçuları üçün tütün məmulatı əvəzinə verilən pul təminatı;
·
şifrləmə işində fasiləsiz xidmət etməyə görə üstəlik verilən pul əlavəsi;
·
xarici dilləri bildiyi üçün üstəlik verilən pul əlavəsi;
·
gizirlərə, miçmanlara və müddətindən artıq xidmətli hərbi qulluqçulara ilkin ailə şəraiti yaratmaq üçün birdəfəlik pul müavinəti;
·
hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım;
·
Azərbaycan Respublikasının yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluq edənlər üçün üstəlik verilən pul əlavəsi;
·
hərbi xidmətdən buraxılarkən birdəfəlik və işdən çıxma müavinətləri;
·
xidmətlə əlaqədar yerdəyişmələr vaxtı yol xərcləri;
·
gündəlik və mənzildə yaşamaq xərcləri;
·
səhrada (çöldə) xidmətetmə pulu;
·
ev kirayəetmə pulu.
2. Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən təsdiq edilən Əsasnamə ilə müəyyən edilir.
[3]
Baş nazir R. HÜSEYNOV
Bakı şəhəri, 19 oktyabr 1992-ci il
№ 562
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620)
2.
19 mart 2018-ci il tarixli 111 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 mart 2018-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3, maddə 621)
3.
27 aprel 2020-ci il tarixli 151 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 497)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620) ilə preambulasında “25-ci” sözləri “5-ci” sözü ilə əvəz edilmişdir.
19 mart 2018-ci il tarixli 111 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 mart 2018-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3, maddə 621) ilə preambulada “5-ci” sözü “8-ci” sözü ilə əvəz edilmişdir.
[2]
27 aprel 2020-ci il tarixli 151 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 497) ilə 1-ci hissənin ikinci və on yeddinci abzaslarında “praporşiklərə” sözü “gizirlərə” sözü ilə əvəz edilmişdir.
[3]
10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620) ilə 2-ci hissə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
2. Müdafiə Nazirliyinə tapşırılsın ki, Respublika Nazirlər Kabinetinin müəyyən etdiyi vəzifə maaşlarını və bu qərarın 1-ci bəndində nəzərdə tutulmuş üstəlik pul təminatını nəzərə almaqla, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının pul təminatı barədə Əsasnamə hazırlasın və müdafiə nazirinin əmri ilə təsdiq etsin.
27 aprel 2020-ci il tarixli 151 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 497) ilə 2-ci hissədən “təsdiq edilən Əsasnamə ilə” sözləri çıxarılmışdır.