430.000.000
"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Qazaxıstan Respublikası Dövlət Gəlirləri Nazirliyi arasında qaçaqmalçılıq və gömrük qaydalarının pozulması, həmçinin silahların, döyüş sursatlarının, partlayıcı maddələrin, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. 2000-ci il aprelin 7-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Qazaxıstan Respublikası Dövlət Gəlirləri Nazirliyi arasında qaçaqmalçılıq və gömrük qaydalarının pozulması, həmçinin silahların, döyüş sursatlarının, partlayıcı maddələrin, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq haqqında" Saziş təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 3 aprel 2001-ci il
№ 118-IIQ
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Qazaxıstan Respublikası Dövlət Gəlirləri Nazirliyi arasında qaçaqmalçılıq və gömrük qaydalarının pozulması, həmçinin silahların, döyüş sursatlarının, partlayıcı maddələrin, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra Tərəflər adlanan, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Qazaxıstan Respublikası Dövlət Gəlirləri Nazirliyi,
qaçaqmalçılıq və silah, döyüş sursatları, partlayıcı maddələr, narkotik vasitələr, psixotrop maddələr və prekursorlarla qanunsuz ticarətin qarşısının alınması, təhqiqatı və aradan qaldırılması üzrə hərəkətlərin fəallaşdırılması məqsədilə, Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında gömrük işlərində əməkdaşlıq haqqında 1997-ci il 10 iyun tarixli Sazişin müddəalarını həyata keçirmək məqsədilə, bu sahədə əməkdaşlığın inkişaf etdirilməsinə çalışaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Bu Sazişin müddəalarının həyata keçirilməsi üzrə səlahiyyətli orqanlar: Azərbaycan tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Qazaxıstan tərəfindən Qazaxıstan Respublikası Dövlət Gəlirləri Nazirliyinin Gömrük Komitəsi.
Yuxarıda adı çəkilən səlahiyyətli orqanların adı və ya funksiyası dəyişdirildikdə, Tərəflər vaxtında diplomatik kanallarla məlumatlandırılacaqlar.
Maddə 2
Tərəflər yük və sərnişin daşınmalarında və poçt mübadiləsində gömrük nəzarətinin sürətləndirilməsinə, həmçinin Tərəflərin dövlətlərinin iqtisadi və digər maraqlarına mümkün ziyan vurulmasına yol verməmək üçün nəqliyyat vasitələrinin, yüklərin, baqajın, poçt göndərişlərinin, valyutanın, digər ödəniş vasitələrinin və valyuta qiymətlilərinin qanunsuz gətirilməsi, aparılması və tranzitinin qarşısının alınmasına yönələcək bütün tədbirləri görəcəklər.
Maddə 3
Tərəflər bu Sazişin əsasında onların səlahiyyətləri çərçivəsində əməkdaşlıq edəcək və Tərəflərin dövlətlərinin milli qanunvericiliyinə əməl etməklə aşağıdakıları mübadilə edəcəklər:
a) qüvvədə olan gömrük qanunvericiliyi haqqında informasiyanı;
b) qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizə metodları, eləcə də qaçaqmalçılıq və silah, döyüş sursatları, partlayıcı maddələr, narkotik vasitələr, psixotrop maddələr və prekursorlarla qanunsuz ticarətin qarşısının alınması, təhqiqatı və aradan qaldırılması üzrə hərəkətlərin fəallaşdırılması haqqında informasiyanı;
v) nəzarətin texniki vasitələrindən istifadə və kinoloji xidmətlərin təcrübəsilə;
q) qaçaqmalçılıq, silah və narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə metodlarının öyrədilməsi məqsədilə mütəxəssislərlə;
d) qaçaqmalçılıq, silah və narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə məsələləri üzrə elmi nəşrlər və tədris vəsaitlərilə;
e) narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların yeni növləri və istehsal yerləri, onların qanunsuz keçirilmə marşrutları və onların gizlədilmə üsulları haqqında informasiya ilə;
j) narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların eyniləşdirilməsi və laboratoriya analizi sahəsində informasiya ilə;
z) müxtəlif ölkə və regionlarda silah və narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qiymətlərinin dəyişdirilməsi barədə informasiya ilə;
i) narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların sintezi üçün istifadə edilən başlanğıc kimyəvi preparatlar haqqında informasiya ilə;
k) silah, döyüş sursatlarının, partlayıcı maddələrin, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz keçirilməsinin marşrutları və gizlədilmə üsulları haqqında informasiya ilə.
Maddə 4
Tərəflərdən hər biri öz təşəbbüsü və ya digər Tərəfin sorğusu ilə aşağıdakılar barədə operativ məlumatlar verir:
a) silah, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qaçaqmalçılığı və/və ya qanunsuz ticarəti ilə məşğul olan və ya bu işdə şübhəli sayılan şəxslər haqqında;
b) qaçaqmalçılığın keçirilməsi üçün istifadə olunan nəqliyyat vasitələri, yüklər və poçt göndərişləri haqqında;
v) bir Tərəfin dövlətinin ərazisindən digər Tərəfin dövlətinin ərazisinə qaçaqmalçılıq predmetlərinin və narkotik vasitələrin qanunsuz keçirilməsinin aşkar edilməsi faktları haqqında.
Maddə 5
Tərəflərin həm şifahi, həm də yazılı şəkildə verdiyi informasiya məxfi hesab ediləcək və yalnız bu Sazişin yerinə yetirilməsi məqsədləri üçün istifadə ediləcəkdir.
Tərəflər, bu Sazişin müddəalarına uyğun olaraq alınmış informasiyanın, həmin informasiyanın alındığı Tərəfin yazılı razılığı olmadan üçüncü tərəfə verməməyi öhdələrinə götürürlər.
Maddə 6
Əməkdaşlıq məsələləri üzrə sorğularda aşağıdakılar göstərilir: sorğu edən orqanın adı, sorğunun göndərilməsi ilə bağlı məsələnin mahiyyətinin qısa şərhi, sorğunun məğzi və onun icra olunması üçün zəruri məlumatlar. Tərəflər sorğuları bir-birinə yazılı şəkildə göndərirlər. Sorğular, sorğu edən Tərəfin orqanlarının rəhbərləri tərəfindən imzalanır və gerbli möhürlərlə möhürlənir.
Təxirəsalınmaz halda sorğular sonradan yazılı surətdə təsdiq edilməklə teleqraf, teletayp, yaxud faksimil rabitəsi kanalları ilə göndərilə bilər. Sorğular alındıqları gündən etibarən bir ay müddətindən gec olmayaraq icra olunurlar. Sorğular başqa idarə və müəssisələrə göndərildiyi halda, həmçinin onların yerinə yetirilməsinə maneə yaradan hallarda sorğu edən Tərəf dərhal xəbərdar edilir.
Maddə 7
Əgər Tərəflərdən birinin digər Tərəfə göndərdiyi sorğu (bu Sazişin 4-cü, 5-ci, 6-cı maddələrinə uyğun olaraq) digər Tərəfin dövlətinin suverenliyinə və milli təhlükəsizliyinə ziyan vura bilərsə, əsas və motivlər göstərilməklə sorğunun icrasından imtina edilə bilər.
Maddə 8
Tərəflərin dövlətlərinin milli qanunvericiliyinə əsasən və qarşılıqlı razılaşmaya görə gömrük xidmətləri zərurət olduqda onların qanunsuz dövriyyəsinə aidiyyatı olan şəxslərin aşkar edilməsi məqsədilə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların nəzarət altında göndərilmə metodundan istifadə edirlər.
Nəzarət altında göndərilmə metodundan istifadə dair qərarlar Tərəflər tərəfindən hər bir konkret halda ayrıca olaraq qəbul edilir və lazım gəldikdə Tərəflərin maliyyə razılaşmalarını nəzərə ala bilərlər.
Maddə 9
Əgər Tərəflərdən biri digər Tərəfin vəzifəli şəxsinin qaçaqmalçılıq və ya gömrük qaydalarının pozulması faktı üzrə şahid və ya ekspert qismində iştirakında maraqlıdırsa, onda o digər Tərəfə müvafiq sorğu ilə müraciət etmək hüququna malikdir.
Bu cür sorğunun təmin edilməsi bu Sazişin 4-cü, 5-ci, 6-cı maddələrilə tənzimlənir.
Tərəflərdən birinin vəzifəli şəxsləri digər Tərəfin dövlətinin ərazisində olduqları dövrdə öz rəsmi səlahiyyətlərini təsdiq edən sənədə malik olmalıdırlar.
Maddə 10
Bu Sazişin həyata keçirilməsi, təfsiri və dəyişdirilməsi ilə bağlı bütün mübahisəli məsələlər Tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə həll ediləcəkdir.
Hər iki Tərəfin qarşılıqlı razılaşmasına əsasən bu Sazişə bu Sazişin ayrılmaz hissəsi olan protokollar şəklində tərtib olunacaq dəyişikliklər və əlavələr edilə bilər.
Tərəflər arasında yazışmalar rus dilində aparılacaqdır.
Maddə 11
Tərəflər, mütəxəssislərin səfərləri ilə bağlı xərclər istisna olmaqla, bu Sazişin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsinə dair iddialardan imtina edirlər.
Maddə 12
Bu Sazişin müddəaları Tərəflərin dövlətləri tərəfindən digər beynəlxalq müqavilələrə uyğun olaraq qəbul edilmiş öhdəliklərə aid deyil.
Maddə 13
Bu Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Qazaxıstan Respublikası Maliyyə Nazirliyi arasında qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizədə əməkdaşlıq haqqında 1993-cü il 24 fevral tarixli Saziş öz qüvvəsinə xitam verir.
Maddə 14
Bu Saziş beş il müddətinə bağlanır və Tərəflərin bir-birini zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə diplomatik kanallarla son yazılı bildirişin göndərildiyi tarixindən qüvvəyə minir. Sazişin qüvvəsi növbəti beşillik müddətə avtomatik olaraq uzadılacaq və Tərəflərdən biri digər Tərəfə onun qüvvəsinə xitam verilməsi niyyəti barədə yazılı birdiriş göndərdiyi tarixdən altı ay keçənədək qüvvədə qalacaqdır.
Bakı şəhərində 7 aprel 2000-ci il tarixdə iki əsl nüsxədə Azərbaycan, qazax və rus dillərində bağlanmışdır, mətnlər eyni qüvvəyə malikdir.
Bu Sazişin müddəalarının təfsiri zamanı fikir ayrılığı yaranarsa rus dilində olan mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
adından
(imza)
|
Qazaxıstan Respublikası
Dövlət Gəlirləri Nazirliyi
adından
(imza)
|