AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
03.05.2017
QEYDİYYAT NÖMRƏSİ
1360
ADI
“Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 04-05-2017, Nəşr Nömrəsi: 94), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2017, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 764)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
04.05.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.060.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201705031360
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
04.05.2017
“Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

“Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 may 2017-ci il

   1360

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 3 may tarixli 1360 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

 

Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi Qaydası

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.36-cı maddəsinə əsasən hazırlanmışdır və ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi qaydasını müəyyən edir.

1.2. Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həmin qeyri-işlək (toksik) aktivlərə mülkiyyət hüququnun, habelə həmin qeyri-işlək (toksik) aktivlərlə birlikdə təqdim olunan onlara dair təminata girov hüququnun özgəninkiləşdirilməsindən ibarətdir.

 

2. Əsas anlayışlar

 

2.1. Bu Qaydanın məqsədləri üçün qeyri-işlək (toksik) aktiv dedikdə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının normativ xarakterli aktlarına əsasən qeyri-standart aktiv kimi təsnifləşdirilmiş aktiv, habelə bu aktiv üzrə təminatlar başa düşülür.

2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş mənaları ifadə edir.

 

3. Qeyri-işlək aktivlərin təqdim edilmə forması

 

3.1. Qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsindən əvvəl bank tərəfindən həmin aktivlərin qeyri-işlək (toksik) aktivlər kateqoriyasına aid olması barədə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının rəyi alınır.

3.2. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan rəy 20 (iyirmi) gün müddətində verilməlidir.

3.3. Ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş mülki-hüquqi müqavilələrə uyğun olaraq həyata keçirilir.

3.4. Təqdim edilən qeyri-işlək (toksik) aktivlər digər aktivlərlə birlikdə təqdim olunursa, müqavilədə qeyri-işlək aktivlər barədə məlumatlar ayrıca qeyd olunmalıdır.

3.5. Təqdim edilən qeyri-işlək (toksik) aktivlərin dəyəri müqavilə tərəflərinin qarşılıqlı razılığı əsasında müstəqil qiymətləndirici (müstəqil qiymətləndiricilər) tərəfindən müəyyən edilir.

3.6. Qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsinə dair müqavilədə ən azı aşağıdakılar göstərilməlidir:

3.6.1. müqavilənin tərəfləri, predmeti, məbləği;

3.6.2. tərəflərin hüquq və vəzifələri, məsuliyyəti;

3.6.3. qeyri-işlək (toksik) aktivlərə ödəmə qabiliyyətini itirmiş bankın mülkiyyət hüququnu yaradan müqavilənin tərəfləri, tarixi, nömrəsi.

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status