“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 643-VQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 643-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, №11, maddə 666; 2001, № 7, maddə 459; 2003, № 10, maddələr 546, 571; 2004, № 8, maddə 617, № 12, maddə 1005; 2006, № 9, maddə 743; 2008, № 8, maddə 719; 2009, № 4, maddə 226, № 8, maddə 630; 2010, № 7, maddə 606; 2011, № 6, maddə 510; 2012, № 5, maddə 423, № 11, maddə 1079; 2014, № 9, maddə 1043; 2015, № 2, maddələr 110, 140, № 6, maddə 707, № 10, maddə 1116; 2016, № 3, maddə 456, № 4, maddələr 662, 666, № 6, maddə 1062, № 11, maddə 1839) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. üçüncü abzasdan “23-cü maddəsinin 3-cü hissəsində,” sözləri çıxarılsın;
3.2. dördüncü abzasda “23-cü maddəsinin 2-ci hissəsində” sözləri “23-cü maddəsinin 2-ci hissəsinin birinci cümləsində” sözləri ilə əvəz edilsin;
3.3. aşağıdakı məzmunda üçüncü - beşinci abzaslar əlavə edilsin və üçüncü - otuzuncu abzaslar müvafiq olaraq altıncı - otuz üçüncü abzaslar hesab edilsin:
“həmin Qanunun 23-cü maddəsinin 2-ci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini vəsaitlərin orqanlar arasında bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitlərdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Prezidenti (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularına münasibətdə) və Azərbaycan Respublikasının Nazirlər Kabineti (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarına münasibətdə) həyata keçirirlər;
həmin Qanunun 23-cü maddəsinin 2-ci hissəsinin birinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirirlər;
həmin Qanunun 23-cü maddəsinin 2-ci hissəsinin birinci cümləsində “müvafiq icra hakimiyyəti orqanlarının işçiləri” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşları nəzərdə tutulur; ”.
4. Bu Fərman 2017-ci il mayın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2017-ci il
№ 1354