Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası ilə Qətər Dövlətinin Mülki Aviasiya Administrasiyası arasında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası ilə Qətər Dövlətinin Mülki Aviasiya Administrasiyası arasında 2017-ci il fevralın 27-də Doha şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
[1]
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qətər Dövləti Hökumətinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 may 2017-ci il
№ 1391
Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası ilə
Qətər Dövlətinin Mülki Aviasiya Administrasiyası arasında
ANLAŞMA MEMORANDUMU
Bundan sonra “Razılığa gələn Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası ilə Qətər Dövlətinin Mülki Aviasiya Administrasiyası,
mülki aviasiya sahəsində ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə olan ehtiyacı dərk edərək,
Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) hava nəqliyyatının liberallaşdırılması ilə bağlı prinsip və tövsiyələrinə uyğun olaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
1. Tezliklər
1.1. Azərbaycan Respublikasının və Qətər Dövlətinin təyin olunmuş aviasiya şirkətlərinə aşağıdakı marşrutlar üzrə istənilən növ hava gəmisi ilə sərnişin və kombinasiyalı xidmətlər üçün heç bir məhdudiyyət və limit olmadan 3-cü (üçüncü) və 4-cü (dördüncü) hərəkət sərbəstliyi hüquqlarını həyata keçirmək səlahiyyəti verilir:
Doha-Bakı (Bakı-Doha)
|
məhdudiyyətsiz
|
Doha-Gəncə (Gəncə-Doha) həftədə
|
28 (iyirmi səkkiz) reys
|
Doha-Naxçıvan (Naxçıvan-Doha) həftədə
|
28 (iyirmi səkkiz) reys
|
Doha-Lənkəran (Lənkəran-Doha) həftədə
|
28 (iyirmi səkkiz) reys
|
Doha-Zaqatala (Zaqatala-Doha) həftədə
|
28 (iyirmi səkkiz) reys
|
Doha-Qəbələ (Qəbələ-Doha) həftədə
|
28 (iyirmi səkkiz) reys
|
1.2. Hər iki Razılığa gələn Tərəfin təyin olunmuş aviasiya şirkətlərinə hər istiqamətdə istənilən növ hava gəmiləri ilə yük xidmətləri üçün həftəlik 28 (iyirmi səkkiz) uçuş yerinə yetirmək hüququ verilir.
2. 5-ci (beşinci) hərəkət sərbəstliyi hüququ
2.1. Qətər Dövlətinin təyin olunmuş aviasiya şirkətinə Bakı və Tbilisi arasında və əks istiqamətdə 5-ci (beşinci) hərəkət sərbəstliyi hüququndan istifadə etməklə, istənilən növ hava gəmisi ilə həftədə 28 (iyirmi səkkiz) sərnişin tezliyinə icazə verilir.
2.2. Azərbaycan Respublikasının təyin olunmuş aviasiya şirkətlərinin 5-ci (beşinci) hərəkət sərbəstliyi hüququnun həyata keçirilməsi üçün məntəqə və tezliklərin sayı hər iki dövlətin aviasiya orqanları tərəfindən müraciət əsasında razılaşdırılacaqdır.
2.3. Gələcəkdə 5-ci (beşinci) hərəkət sərbəstliyi hüququnun verilməsi hər iki Razılığa gələn Tərəf arasında yazılı şəkildə əlaqələndirilməlidir.
3. Aviasiya şirkətinin təyinatı
3.1. Azərbaycan Respublikasının Hökuməti və Qətər Dövlətinin Hökuməti arasında 28 avqust 2007-ci il tarixində imzalanmış hava daşımalarına dair Sazişin 4-cü (dördüncü) maddəsinə baxmayaraq, hər iki Razılığa gələn Tərəfin çoxsaylı aviasiya şirkətləri təyin etmək hüququ vardır.
3.2. Azərbaycan Respublikasının nümayəndə heyəti müəyyən edilmiş marşrutlarda razılaşdırılmış xidmətlər üzrə müntəzəm uçuşların, o cümlədən çarter uçuşlarının yerinə yetirilməsi üçün:
a) “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətini (“AZAL”);
b) “Silk Way West” yük aviasiya şirkətini təyin edir.
3.3. Qətər Dövlətinin nümayəndə heyəti müəyyən edilmiş marşrutlarda razılaşdırılmış xidmətlər üzrə müntəzəm uçuşların, o cümlədən çarter uçuşlarının yerinə yetirilməsi üçün “Qətər Hava Yolları”nı təyin edir.
4. Yükdaşımalarda əməkdaşlıq
Azərbaycan Respublikasının və Qətər Dövlətinin aviasiya orqanları hər iki ölkənin təyin olunmuş aviasiya şirkətləri arasında yükdaşımalarda əməkdaşlığı müsbət qarşılayırlar.
5. Qüvvəyəminmə
5.1. Bu Anlaşma Memorandumu Razılığa gələn Tərəflər arasında bağlanılmış əvvəlki bütün razılaşmaları ləğv edir.
5.2. Bu Anlaşma Memorandumu müvəqqəti olaraq həyata keçirilir və onun qüvvəyə minməsi üçün tələb olunan müvafiq dövlətdaxili prosedurların yerinə yetirildiyini təsdiq edən ikinci diplomatik notanın alındığı tarixdən qüvvəyə minir.
5.3. Bu Anlaşma Memorandumu qeyri-müəyyən müddətə bağlanılır və Razılığa gələn Tərəflərdən hər hansı birinin ən azı 6 (altı) ay əvvəl bu Anlaşma Memorandumunu ləğv etmək niyyəti barədə yazılı şəkildə digər Tərəfə diplomatik kanallar vasitəsilə məlumat verməsinədək qüvvədə qalır. Belə olan halda, bu Anlaşma Memorandumu ləğvetmə barədə bildirişin tarixindən sonra ən azı IATA mövsümünün sonunadək qüvvədə qalır.
Doha şəhərində 27 fevral 2017-ci il tarixində hər biri Azərbaycan, ərəb və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsirdə fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.
Azərbaycan Respublikasının
|
Qətər Dövlətinin
|
Dövlət Mülki Aviasiya Administrasiyası
|
Mülki Aviasiya Administrasiyası
|
adından
|
adından
|
(imza)
|
(imza)
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9 , maddə 1840)
2.
31 may 2022-ci il tarixli 1695 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 463)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9 , maddə 1840) ilə 2-ci hissədə “Dövlət Mülki Aviasiya Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
31 may 2022-ci il tarixli 1695 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 463) ilə 2-ci hissədə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.