AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
19.06.2001
QEYDİYYAT NÖMRƏSİ
509
ADI
Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2001, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 407)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
19.06.2001
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
380.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

"Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsini və prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Baş prokuroruna tövsiyə edilsin ki, öz səlahiyyəti daxilində bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti    HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 19 iyun 2001-ci il

                   № 509

 

 

 

Azərbaycan Respublikası Prezidentinin

2001-ci il 19 iyun tarixli, 509 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında

 

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

 

1.1. Bu Əsasnamə "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə (bundan sonra – namizədlər) müsabiqə keçirilməsi qaydalarını müəyyən edir.

1.2. Prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror, müstəntiq və ya əməliyyatçı vəzifəsinə yararlı və layiqliyinin müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində şəffaf üsullarla, beynəlxalq tələblərə uyğun müsabiqə keçirilir. Müsabiqə ixtisas imtahanlarından (test imtahanı və yazılı imtahan) və müsahibədən ibarətdir. [1]

1.3. Prokurorluq orqanlarında müvafiq vakant ştat vahidləri olduqda ildə bir dəfədən az olmamaq şərti ilə işə qəbulla əlaqədar müsabiqə elan edilir.

1.4. Müsabiqəyə "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən şəxslər buraxılırlar.

1.5. Məhkəmə və hüquq mühafizə orqanlarından, habelə hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa işə keçirilən, yaxud hüquq sahəsində elmlər doktoru elmi dərəcəsi olan şəxslər ixtisas imtahanlarından azad oluna bilərlər. Bu halda onlarla müsahibə aparılır. [2]

 

2. Müsabiqə komissiyası və onun təşkili

 

2.1. Müsabiqənin keçirilməsi üçün Baş Prokurorluqda 7 nəfərdən ibarət Müsabiqə Komissiyası (bundan sonra - Komissiya) yaradılır. Sədr, sədr müavini, məsul katib və digər üzvlərdən ibarət Komissiyanın tərkibi Baş Prokurorluğun Kollegiyasında baxıldıqdan sonra Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilir.

2.2. Komissiyanın işinə nüfuzlu hüquqşünaslar, alimlər, ekspertlər və mütəxəssislər cəlb edilə bilərlər.

2.3. Komissiya zərurət olduğu hallarda səlahiyyətlərinə aid olan məsələlərlə əlaqədar üzvlərinin ən azı üçdə iki hissəsinin iştirakı ilə iclas keçirir. İclasın vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə Komissiya üzvlərinə qabaqcadan məlumat verilir.

2.4. Komissiyanın iclaslarında baxılan məsələlər üzrə qərarlar sədrin sonuncu səs verməsi şərti ilə açıq səsvermə və səs çoxluğu ilə qəbul edilir, iclasda iştirak edən bütün Komissiya üzvləri tərəfindən imzalanır. Komissiya üzvünün xüsusi rəyi olduqda, rəy qərara əlavə edilir. Komissiyanın işinə qanunsuz müdaxilə yolverilməzdir.

 

3. Müsabiqənin keçirilməsi

 

3.1. Namizədlərin müsabiqəyə buraxılması, müsabiqənin keçirilməsinin təşkilinə dair digər məsələlər müvafiq hüquqi aktlara uyğun olaraq Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunur və rəsmi mətbuatda dərc edilir.

3.2. İxtisas imtahanlarının müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək məqsədi ilə Dövlət İmtahan Mərkəzi və digər qurumlar imtahana cəlb edilə bilərlər. [3]

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       23 noyabr 2007-ci il tarixli 670 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1118)

2.       24 iyun 2009-cu il tarixli nömrəli 107 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 419)

3.       8 may 2012-ci il tarixli 634 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 may 2012-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 427)

4.       16 may 2017-ci il tarixli 1398 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2017-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 802)

5.       18 dekabr 2021-ci il tarixli 1490 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1355)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 23 noyabr 2007-ci il tarixli 670 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1118) ilə «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə»yə aşağıdakı dəyişikliklər edilmişdir, 1.2-ci bənddə ikinci cümlə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Müsabiqə test imtahanından və söhbətdən ibarətdir.

8 may 2012-ci il tarixli 634 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 may 2012-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 427) ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"nin 1.2-ci bəndinin birinci cümləsində "və ya müstəntiq" sözləri ", müstəntiq və ya əməliyyatçı" sözləri ilə əvəz edilmişdir.

 

[2] 23 noyabr 2007-ci il tarixli 670 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1118) ilə 1.5-ci bənddə «imtahandan» sözü «ixtisas imtahanlarından» sözləri ilə əvəz edilmişdir.

24 iyun 2009-cu il tarixli nömrəli 107 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 419) ilə “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 1.2-ci bəndinin ikinci cümləsində “söhbətdən” sözü “müsahibədən” sözü ilə, 1.5-ci bəndinin ikinci cümləsində “söhbət” sözü “müsahibə” sözü ilə əvəz edilmişdir.

18 dekabr 2021-ci il tarixli 1490 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 dekabr 2021-ci il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1355) ilə “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 1.5-ci bəndində “müvafiq ixtisas üzrə” sözləri “hüquq sahəsində elmlər doktoru” sözləri ilə əvəz edilmişdir.

 

[3] 23 noyabr 2007-ci il tarixli 670 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1118) ilə 3.2-ci bənddə «İmtahanın» sözü «İxtisas imtahanlarının» sözləri ilə əvəz edilmişdir.

16 may 2017-ci il tarixli 1398 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2017-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 802) ilə “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 3.2-ci bəndində “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası” sözləri “Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status