AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
05.06.2017
QEYDİYYAT NÖMRƏSİ
248
ADI
“Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində Azərbaycan Respublikasının ərazisində quraşdırılmış Fasiləsiz Fəaliyyət Göstərən İstinad Stansiyaları Şəbəkəsində olan məlumatlardan istifadənin qayda və şərtləri”nin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 07-06-2017, Nəşr Nömrəsi: 121), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2017, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 1224)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
07.06.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201706050248
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
08.06.2017
“Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində Azərbaycan Respublikasının ərazisində quraşdırılmış Fasiləsiz Fəaliyyət Göstərən İstinad Stansiyaları Şəbəkəsində olan məlumatlardan istifadənin qayda və şərtləri”nin təsdiq edilməsi haqqında

“Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində Azərbaycan Respublikasının ərazisində quraşdırılmış Fasiləsiz Fəaliyyət Göstərən İstinad Stansiyaları Şəbəkəsində olan məlumatlardan istifadənin qayda və şərtləri”nin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 593 nömrəli Fərmanının 2.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində Azərbaycan Respublikasının ərazisində quraşdırılmış Fasiləsiz Fəaliyyət Göstərən İstinad Stansiyaları Şəbəkəsində olan məlumatlardan istifadənin qayda və şərtləri” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. [1]

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 5 iyun 2017-ci il

     № 248

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2017-ci il 5 iyun tarixli 248 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

“Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində Azərbaycan Respublikasının ərazisində quraşdırılmış Fasiləsiz Fəaliyyət Göstərən İstinad Stansiyaları Şəbəkəsində olan məlumatlardan istifadənin qayda və şərtləri

 

1. Ümumi müddəalar

 

1.1. “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində Azərbaycan Respublikasının ərazisində quraşdırılmış Fasiləsiz Fəaliyyət Göstərən İstinad Stansiyaları Şəbəkəsində olan məlumatlardan istifadənin qayda və şərtləri (bundan sonra - Qaydalar) “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində Azərbaycan Respublikasının ərazisində quraşdırılmış yeni müasir geodeziya istinad sistemi olan Fasiləsiz Fəaliyyət Göstərən İstinad Stansiyaları Şəbəkəsində (bundan sonra - Şəbəkə) olan məlumatlardan istifadənin qayda və şərtlərini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.

1.2. Şəbəkə Azərbaycan Respublikasının müxtəlif bölgələrində quraşdırılan 37 istinad stansiyasından və İdarəetmə Mərkəzindən ibarət olub, 24 saat ərzində fasiləsiz alınan və bütün geodeziya ölçü işlərində tətbiq olunan santimetr dəqiqliyi səviyyəsində Real Zaman Kinematikası (RZK) və metr dəqiqliyi səviyyəsində Diferensial Qlobal Naviqasiya Peyk Sistemi (DQNPS) (bundan sonra - sistem) ölçmələrinin məlumatlarını qəbul və emal edən və istifadəçilərə yüksək dəqiqlikli korreksiyaları (düzəlişləri) ötürən müxtəlif funksiyalı serverlərlə təchiz edilmiş müasir idarəetmə sistemidir.

1.3. Şəbəkədən istifadə etməklə geodeziya, topoqrafiya, kartoqrafiya, qravimetriya, mühəndis-geodeziya ölçmələri, yer-quruluşu kadastr işləri, yeraltı kommunikasiya işləri, miqyaslı planaalma və digər müxtəlif təyinatlı ölçmə işləri eyni sistemdə və formatda daha tez və daha az xərclə yerinə yetirilir.

1.4. Şəbəkənin stansiyaları bir-birindən 30- 40 km məsafədə, təhlükəsizlik mühafizələri nəzərə alınmaqla və daha asan əlaqələrin qurulması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra - İdarəetmə Mərkəzi) balansında olan binaların üzərində, habelə dövlət mülkiyyətində olan digər ərazilərdə yerləşdirilir. [2]

1.5. Şəbəkənin istismarının təşkili və Şəbəkənin xidmətlərinin (bundan sonra - xidmətlər) fasiləsizliyi (sistemdən qaynaqlanan gecikmələr istisna olmaqla) istifadəçilərdən xidmət haqqına görə əldə olunan vəsait hesabına İdarəetmə Mərkəzi tərəfindən təmin edilir.

 

2. Şəbəkədə olan məlumatlardan istifadənin qayda və şərtləri

 

2.1. Şəbəkəyə qoşulmaq istəyən dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə (bundan sonra - İstifadəçilər) xidmətlərin göstərilməsi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının müəyyən etdiyi tariflər əsasında İdarəetmə Mərkəzi ilə bağlanılmış müqavilə əsasında həyata keçirilir.

2.2. Şəbəkənin məlumatlarından istifadə edilməsinin qayda və şərtləri aşağıdakı mərhələlər üzrə aparılır:

2.2.1. istifadə üçün müraciət;

2.2.2. qeydiyyat və qoşulma;

2.2.3. məlumatların əldə edilməsi və onlardan istifadə;

2.2.4. İstifadəçilərə xidmət və nəzarət.

2.3. İdarəetmə Mərkəzi Şəbəkədən istifadə etmək üçün İstifadəçiləri xüsusi giriş imkanları ilə (şəbəkəyə qoşulma parametrləri ilə - istifadəçinin adı, şifri, IP ünvanı və port nömrəsi) təmin edir.

2.4. Xidmətlərdən istifadə edilməsi üçün İdarəetmə Mərkəzi aşağıdakıları təmin etməlidir:

2.4.1. xidmətlərə 24 saatlıq çıxışın olmasını;

2.4.2. qanunla müəyyən edilmiş bayram günləri istisna olmaqla, bazar ertəsindən cümə gününə kimi saat 9-00-dan saat 18-00-dək texniki dəstək və telefon yardımını;

2.4.3. İstifadəçilərlə müqavilə bağlanıldıqdan sonra müqavilədə əksini tapmış xidmətlərin həyata keçirilməsini.

2.5. İstifadəçilər Şəbəkədən istifadəyə görə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının müəyyən etdiyi tariflər əsasında ödəniş həyata keçirirlər.

2.6. İstifadəçilər sifariş anketində göstərdiyi e-mail ünvanına gələn istifadəçinin adı, şifri, IP ünvanı və port nömrəsi vasitəsilə müqavilədə nəzərdə tutulan müddətdə Şəbəkənin məlumatlarından istifadə edirlər. Şəbəkənin tərkibinə 0,02 - 0,04 metr dəqiqliyində və 1 herts tezliyində GSM - GPRS onlayn mobil internetlə qəbul edilib ötürülə bilən Real Zaman Kinematikası (RZK) ölçü məlumatları və 0,3 - 0,5 metr dəqiqliyində və 1 herts tezliyində GSM - GPRS onlayn mobil internetlə qəbul edilib ötürülə bilən Diferensial Qlobal Naviqasiya Peyk Sistemi (DQNPS) ölçü məlumatları daxildir.

2.7. Şəbəkə sistem tərəfindən onlayn şəklində müvafiq proqram paketi vasitəsilə sonradan emal üçün dəqiq məlumatlar almağa imkan verir.

2.8. Xidmətin göstərilməsi zamanı İdarəetmə Mərkəzinin məsuliyyət daşımadığı hallar aşağıdakılardır:

2.8.1. Istifadəçilərin avadanlığının nasazlığı, simsiz xidmət və ya istənilən kommunikasiya avadanlıqlarının siqnal yayımının olmaması;

2.8.2. İstifadəçilərin çöl-tədqiqat ərazisində siqnalların qəbulunun məhdudluğu;

2.8.3. İstifadəçilərin və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində, habelə fors-major hallarında zərər, ziyan və ya xərclərin olması.

2.9. İstifadəçilər müqavilənin şərtlərini pozduğu halda, pozuntu nəticəsində dəymiş zərəri ödəməlidirlər.

2.10. İstifadəçilər GSM-GPRS funksiyalı GNSS qəbuledicisinin sistemlə uyğunluğunu təmin edirlər.

2.11. İstifadəçilər Şəbəkədən istifadə zamanı yaranan bütün çatışmazlıqlar barədə İdarəetmə Mərkəzinə məlumat verməlidirlər.

2.12. İstifadəçilərin müraciətinə əsasən onların adı aylıq və ya illik xidmət üçün verilir.

2.13. İstifadəçilərin adının fəaliyyət müddəti İdarəetmə Mərkəzi tərəfindən aktivləşdirildiyi tarixdən başlayaraq, müqavilədə nəzərdə tutulmuş bütün dövrü əhatə edir.

2.14. İdarəetmə Mərkəzi Şəbəkənin bütün növ sonradan emal məlumatlarını, yalnız son 90 (doxsan) gün üçün saxlayır və əlavə ödəniş müqabilində İstifadəçiləri bu məlumatlarla təmin edir.

2.15. Şəbəkə vasitəsilə İstifadəçilər WGS-84 ellipsoidi əsasında istənilən koordinat sistemində məlumatlar əldə edirlər.

2.16. Şəbəkə vasitəsilə İstifadəçilər ellipsoidal hündürlük əldə edirlər.

2.17. İstifadəçilər istifadələrində olan hesablama proqramı vasitəsilə şəbəkənin məlumatlarını yükləyib yararlanaraq hesablamalar aparır və şəbəkənin təklif etdiyi onlayn struktur sayəsində bu ölçmələri avtomatik olaraq sistem üzərindən həyata keçirirlər.

2.18. İdarəetmə Mərkəzi İstifadəçinin Şəbəkəyə qoşularkən hərəkət trayektoriyasını izləyir.

2.19. İdarəetmə Mərkəzi İstifadəçilərin Şəbəkəyə qoşulduğu ərazini və həmin ərazidə olduğu tarixi və vaxtı qeydə alır.

2.20. İdarəetmə Mərkəzi İstifadəçilərin əldə etdiyi koordinatları və müvafiq göstəriciləri və Şəbəkədə İstifadəçilər tərəfindən hansı istinad stansiyalarından istifadə edilməsinə nəzarəti təmin edir.

2.21. İdarəetmə Mərkəzi əldə olunan məlumatları heç kimlə bölüşmür.

2.22. İdarəetmə Mərkəzi İstifadəçilərin qeydiyyatını, qeydiyyata alınmış İstifadəçilərə aid məlumatların redaktəsini və onların sistemdən silinməsini həyata keçirir.

 

3. Yekun müddəalar

 

3.1. İstifadəçilər müqaviləni ləğv etmək istədikdə, bu tələbini yazılı surətdə, faksla və ya elektron poçt vasitəsilə bildirməlidirlər.

3.2. İstifadəçilərə edilən xidmət bildirişin təqdim edildiyi gün dayandırılır. İdarəetmə Mərkəzi bildirişi aldığı gündən etibarən 5 (beş) iş günü müddətində İstifadəçilərin tələbini yerinə yetirməli və onu İstifadəçilərə bildirməlidir.

3.3. Müqavilə müddəti bitdikdə, müqavilə yenidən bağlanılmadığı halda, İstifadəçilərin abunəliyi 3 (üç) gün müddətində ləğv edilir.

3.4. İdarəetmə Mərkəzi İstifadəçilərin müqaviləsində göstərilən məlumatların saxta və yanlış olduğunu aşkar etdikdə, İstifadəçilər tərəfindən bu halın əksi sübut edilənədək xidmətin dayandırılmasına, əksi sübut edilmədiyi halda isə 1 (bir) ay müddətində İstifadəçilərin istifadəsinə İdarəetmə Mərkəzi tərəfindən birtərəfli qaydada xitam verilməsinə və müqavilənin ləğvinə yol verilir.

3.5. İdarəetmə Mərkəzi göstərdiyi xidmətdə texnologiyanın tələb etdiyi müvafiq dəyişiklikləri İstifadəçilərə bildirərək, həyata keçirmək hüququna malikdir. Bu dəyişiklik yeni qəbuledicilərin istifadəsini və ya İstifadəçilərə məxsus qəbuledicilər üzərində texniki dəyişikliklərin edilməsini tələb edirsə, bundan irəli gələn xərcləri İstifadəçilər ödəməlidirlər. Belə dəyişikliklər ildə bir dəfədən çox olmamalıdır.

3.6. İstifadəçilər müraciətində göstərdiyi qəbuledici və GPRS modemlə sistemdən faydalanır. Fərqli qəbuledici, modem, İstifadəçilərin adı və ya şifrindən istifadə olunduğu təqdirdə Şəbəkədən istifadə ləğv edilir və İstifadəçilərin ödədiyi abunə haqqı geri qaytarılmır.

3.7. Müqavilədə müəyyən edilmiş şərtlərdən bir və ya bir neçəsinin İstifadəçilər tərəfindən əhəmiyyətli dərəcədə pozulduğu hallarda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421-ci maddəsinə uyğun olaraq İdarəetmə Mərkəzi tərəfindən birtərəfli qaydada müqavilənin icrasının dayandırılmasına və ya müqavilənin ləğv edilməsinə yol verilir. Bu zaman İstifadəçilərə nəticə etibarilə yaranan heç bir itki və zərərin əvəzi ödənilmir.

3.8. İdarəetmə Mərkəzi ilə İstifadəçilər arasında yaranan mübahisələr mövcud qanunvericiliyə müvafiq olaraq həll edilir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       26 fevral 2022-ci il tarixli 57 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 mart 2022-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 181)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 26 fevral 2022-ci il tarixli 57 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 mart 2022-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 181) ilə ikinci abzas 1-ci hissə hesab edilmişdir və yeni məzmunda 2-ci hissə əlavə edilmişdir.

 

[2] 26 fevral 2022-ci il tarixli 57 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 mart 2022-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 181) ilə “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində Azərbaycan Respublikasının ərazisində quraşdırılmış Fasiləsiz Fəaliyyət Göstərən İstinad Stansiyaları Şəbəkəsində olan məlumatlardan istifadənin qayda və şərtləri”nin 1.4-cü bəndində “Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status