“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 642-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 642-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 767; 2006, № 12, maddə 1057; 2008, № 9, maddə 798; 2012, № 6, maddə 547, № 12, maddə 1271; 2013, № 11, maddə 1327, № 12, maddə 1510; 2014, № 4, maddə 360; 2016, № 1, maddə 43, № 5, maddə 883, № 9, maddə 1463, № 11, maddə 1807; 2017, № 3, maddə 370) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
3.2. aşağıdakı məzmunda 2.1-1 — 2.1-5-ci bəndlər əlavə edilsin:
“2.1-1. həmin Qanunun 4.1-2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini vəsaitlərin orqanlar arasında bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitlərdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Prezidenti (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularına münasibətdə), Azərbaycan Respublikasının Nazirlər Kabineti (bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan xidmətləri və hüquqi hərəkətləri həyata keçirən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının işçilərinə münasibətdə) və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (həmin Dövlət Agentliyinin və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinə münasibətdə) həyata keçirirlər;
2.1-2. həmin Qanunun 4.1-ci maddəsində “qurumların işçiləri” dedikdə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları, bu Qanunda nəzərdə tutulan xidmətləri və hüquqi hərəkətləri həyata keçirən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının işçiləri nəzərdə tutulur;
2.1-3. həmin Qanunun 4.1-1-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi həyata keçirirlər;
2.1-4. həmin Qanunun 4.1-1-ci maddəsində (hər iki halda) “müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumlar” dedikdə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri nəzərdə tutulur;
2.1-5. həmin Qanunun 4.1-1-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanlarının işçiləri” dedikdə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçiləri nəzərdə tutulur;”;
3.3. 2.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“2.3. həmin Qanunun 4.7-ci maddəsində və 7-ci maddəsində (2.0.1 — 2.0.11-ci maddələr üzrə) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;”;
3.4. 2.10-cu bənd ləğv edilsin.
4. Bu Fərman 2017-ci il mayın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2017-ci il
№ 1353