AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
31.05.2017
QEYDİYYAT NÖMRƏSİ
697-VQD
ADI
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 12-07-2017, Nəşr nömrəsi: 147), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2017, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 1263)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
12.07.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
030.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201705310697
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
13.07.2017
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununu “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır: 

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 484; 2001, № 3, maddə 143, № 11, maddələr 676, 687, № 12, maddə 731; 2002, № 5, maddə 241, № 6, maddə 328; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 7, maddə 507; 2006, № 2, maddə 75; 2007, № 6, maddə 560; 2008, № 7, maddə 602; 2010, № 2, maddə 70, № 4, maddə 275; 2013, № 11, maddə 1317; 2015, № 5, maddə 484; 2016, № 6, maddə 968) aşağıdakı məzmunda 11-1-ci maddə əlavə edilsin:

 

Maddə 11-1. Reklamda uşaqların müdafiəsi

 

11-1.1. Uşaqlara mənəvi və fiziki baxımdan zərərli təsirin qarşısını almaq məqsədi ilə reklamda aşağıdakılar qadağan olunur:

11-1.1.1. valideynlərin, qəyyumların, himayəçilərin, tərbiyəçilərin və başqa şəxslərin nüfuzuna xələl gətirən, onlara olan etibarı zəiflədən məlumatların verilməsi;

11-1.1.2. başqa şəxsə münasibətdə kobudluğun, nifrət hissinin, təcavüzkarlığın, zərərli vərdişlərin aşılanması;

11-1.1.3. qüvvətləndirici və fərqləndirici sözlər vasitəsilə ailənin maddi vəziyyətindən asılı olmayaraq əmtəənin əldə edilməsinin mümkünlüyü fikrini yaratmaqla, valideynlərin və başqa şəxslərin bu əmtəəni almağa vadar edilməsinə yönəldilmiş məlumatlar;

11-1.1.4. həyat və sağlamlıq üçün təhlükəli olan hərəkətləri nümayiş etdirməklə, onların təkrarlanmasına sövqetmə;

11-1.1.5. uşaqlara aid olmayan əmtəənin reklamının onlar üçün nəzərdə tutulmuş kütləvi informasiya vasitələrində, teleradio proqramlarında (verilişlərində), audio və video materiallarda yerləşdirilməsi;

11-1.1.6. uşaqlara ünvanlanan, yaxud onların iştirakı ilə yayımlanan reklamlarda uşaqların maraqlarına zərbə vuran ünsürlərdən istifadə olunması;

11-1.1.7. uşaqların psixoloji gərginlik yarada biləcək vəziyyətlərdə göstərilməsi;

11-1.1.8. alkoqollu içkilərdən istifadə olunması ilə bağlı uşaqlara müraciət edilməsi, uşaqlar üçün proqramların (verilişlərin) alkoqollu içkilərin reklamı ilə kəsilməsi.

11-1.2. Dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərdə, albomda, uşaqlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməz.

11-1.3. Uşaqlar üçün verilişlər “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq reklamla kəsilə bilməz.

11-1.4. Uşaqlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklam məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazilərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən yaxın yerləşdirilə bilməz .”.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2017-ci il

№697-VQD

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status