AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
30.06.2017
QEYDİYYAT NÖMRƏSİ
766-VQ
ADI
Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 08-08-2017, Nəşr nömrəsi: 170), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2017, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 1515)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
08.08.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.130.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201706300766
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
08.08.2017
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 7-ci bəndinə, 94-cü maddəsinin I hissəsinin 1-ci və 3-cü bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisi deputatının (bundan sonra – deputat) etik davranış qaydalarını və həmin qaydalara əməl olunmasının hüquqi mexanizmini müəyyən edir.

 

Maddə 1. Qanunun təsir dairəsi

 

1.1. Bu Qanun yalnız deputat statusu olan şəxslərə şamil edilir.

1.2. Hər bir deputat bu Qanunda nəzərdə tutulan etik davranış qaydalarına əməl etməlidir.

 

Maddə 2. Deputatın etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

 

Deputatın etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanunundan, Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsindən, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və bu Qanuna uyğun hazırlanmış digər normativ hüquqi aktlardan ibarətdir.

 

Maddə 3. Qanunun məqsədləri

 

3.0. Bu Qanunun məqsədləri aşağıdakılardan ibarətdir:

3.0.1. deputat fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılması;

3.0.2. Azərbaycan Respublikası Milli Məclisinin (bundan sonra – Milli Məclis) nüfuzuna və yüksək deputat adına xələl gətirə biləcək davranışın qarşısının alınması;

3.0.3. deputat fəaliyyətində maraqların toqquşması hallarının qarşısının alınması;

3.0.4. deputatın etik davranış qaydalarına əməl etməsinin təmin olunması;

3.0.5. deputat fəaliyyətinə ictimai etimadın gücləndirilməsi.

 

Maddə 4. İnsanların hüquqlarına, azadlıqlarına, qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmət

 

Deputat öz fəaliyyətində insanların hüquqlarını, azadlıqlarını, qanuni maraqlarını pozan, şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən kobud, təhqiramiz söz və ifadələrə yol verməməli, hüquqi şəxslərin işgüzar nüfuzunu ləkələyən qərəzli hərəkətlər etməməlidir.

 

Maddə 5. Deputat statusu ilə bir araya sığmayan fəaliyyətin qarşısının alınması

 

5.1. Deputat sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) məşğul olmamalıdır.

5.2. Deputat həyata keçirdiyi və ya nəzərdə tutduğu fəaliyyətin bu Qanunun 5.1-ci maddəsinin tələblərinə uyğunluğu barədə qənaətə gələ bilmədikdə bu məsələyə dair Milli Məclisin İntizam komissiyasının rəyini öyrənməli və ona əsaslanmalıdır.

 

Maddə 6. Vicdanlı və mədəni davranış

 

6.1. Deputat vicdanlı davranış nümayiş etdirməlidir.

6.2. Deputat Milli Məclisin nüfuzuna və yüksək deputat adına xələl gətirə biləcək davranışa yol verməməli, deputat adını, şərəf və ləyaqətini uca tutmalıdır.

6.3. Deputat vətəndaşlarla, o cümlədən seçiciləri ilə münasibətlərində, həmkarları, dövlət orqanlarının nümayəndələri ilə davranışında, ictimai çıxışlarında və Milli Məclisin iclaslarında nəzakətli və təmkinli olmalıdır.

 

Maddə 7. Milli Məclisin iclaslarında etik davranış qaydaları

 

7.1. Deputat Mili Məclisin iclaslarında həmkarlarının fikirlərinə hörmətlə yanaşmalı, münaqişələrdən çəkinməli, öz mövqeyini təhdidlə bildirməməlidir.

7.2. Deputat Milli Məclisin iclaslarının aparılmasına mane olmamalı, çıxış edənlərin sözünü kəsməməli, kənardan müdaxilə etməməli, iclasın normal gedişini və iş qaydasını pozmamalı, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verməməli, qanunsuz hərəkətlərə çağırmamalıdır.

7.3. Deputat çıxışlarının, bəyanatlarının, sual və təkliflərinin məzmununun müəyyən edilmiş gündəliyə uyğun olmasına riayət etməli, belə halların iclasın iş qaydasını pozmasına yol verməməlidir.

7.4. Deputat başqa deputatın əvəzinə səs verməməlidir.

 

Maddə 8. Qərəzsizlik

 

Deputat vəzifələrini icra edərkən qərəzsiz olmalı, vəzifələrinin icrası zamanı irqinə, etnik mənsubiyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, dinə münasibətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə, yaxud bu cür üstünlüyün əldə edilməsi üçün şərait yaradılmasına yol verməməlidir.

 

Maddə 9. Korrupsiyanın qarşısının alınması

 

Deputat qanunsuz maddi və sair nemətlərdən, imtiyaz və ya güzəştlərdən imtina etməlidir. Deputat onun hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir. Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər müqabilində Milli Məclisdə müzakirə edilən məsələlərlə bağlı hər hansı formada dəstək və ya etiraz ifadə edilməsi yolverilməzdir.

 

Maddə 10. Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər

 

10.1. Deputat xidməti vəzifələrinin qərəzsiz icrasına təsir göstərə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda xidməti vəzifələrin qərəzsiz icrasına təsir göstərməmək şərti ilə, qonaqpərvərliklə bağlı olan və dəyəri bu Qanunun 10.1-1-ci maddəsində nəzərdə tutulmuş məbləği keçməyən hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir. [1]

10.1-1. Deputat xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği əlli beş manatdan yuxarı olan hədiyyə qəbul edə bilməz, habelə bu cür hədiyyəni xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi şəxsə təklif edə bilməz.

10.2. Deputat hədiyyənin qəbul edilməsi ilə bağlı qərara gələ bilmədikdə bu məsələyə dair Milli Məclisin İntizam komissiyasının rəyini öyrənməli və ona əsaslanmalıdır.

10.3. Deputata qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, deputat onlardan imtina etməlidir. Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər deputata ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə Milli Məclisin İntizam komissiyasına məlumat verməli və bu Qanunun 10.1-1-ci maddəsində nəzərdə tutulmuş məbləğdən yuxarı olan hədiyyələri Milli Məclisin Aparatına akt üzrə təhvil verməlidir. [2]

 

Maddə 11. Maraqlar toqquşmasının qarşısının alınması [3]

 

11.1. Deputat səlahiyyət müddətində maraqlar toqquşmasına yol verməməli, öz səlahiyyətlərindən maraqları üçün istifadə etməməli, maraqlarının onun deputatlıq fəaliyyətinə təsir göstərməsinə şərait yaratmamalı, həmçinin səlahiyyət müddətində deputatlıq səlahiyyəti müddətindən sonrakı dövrlərdə digər sahədəki fəaliyyətinə dəstək yaratmaq məqsədi ilə hər hansı bir hərəkət (hərəkətsizlik) etməməlidir. Deputat hər hansı maraqlı tərəflə ünsiyyət zamanı şəffaflıq və dürüstlük prinsiplərini rəhbər tutmalıdır.

11.2. Deputatın xidməti vəzifələrinin icrası ilə maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, həmin maraqlar barəsində Milli Məclisin İntizam komissiyasına məlumat verməli və İntizam komissiyasının rəyini öyrənməlidir. Deputat, Milli Məclisin İntizam komissiyasının rəyinə müvafiq olaraq, onun marağının yarandığı məsələ ilə bağlı çıxış etməkdən və ya səsvermədə iştirak etməkdən çəkinməlidir. Deputat maraqlar toqquşmasının həlli zamanı ictimai mənafeni həmişə öz maraqlarından üstün tutmalıdır. Milli Məclisin İntizam komissiyasının maraqlar toqquşması barədə rəyi Milli Məclisin rəsmi internet səhifəsində dərc edilir.

11.3. Bu Qanunun 11.2-ci maddəsində maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı müəyyən edilən tələblərdən asılı olmayaraq, deputat Milli Məclisin, onun komitə və komissiyasının iclası və ya ictimai müzakirə zamanı çıxışından əvvəl müzakirə edilən məsələ ilə bağlı yarana biləcək marağını açıqlamalı, bu barədə iclas sədrinə şifahi formada məlumat verməlidir. Deputatın maraqlar toqquşması ilə bağlı açıqlaması Milli Məclisin iclaslarının stenoqramına daxil edilir və Milli Məclisin rəsmi internet səhifəsində dərc edilir.

11.4. Deputat normayaratma prosesində hər hansı maraqlı tərəf, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələri və ya digər şəxslərlə keçirdiyi görüşü, həmin görüşün mövzusunu və bununla bağlı onun tərəfindən göstərilən dəstək barədə məlumatları ictimaiyyətə açıqlamalıdır. Bu məlumatlar protokollaşdırılaraq Milli Məclisin Aparatında saxlanılır. Belə görüşlər zamanı təqdim olunmuş rəy və təkliflər Milli Məclisin rəsmi internet səhifəsində dərc edilir.

Qeyd: Bu maddədə “maraqlar toqquşması” dedikdə deputatın səlahiyyətlərinin icrası çərçivəsində özünün və ya yaxın qohumlarının əldə edə biləcəyi maddi və sair nemətlər, imtiyazlar və güzəştlər, habelə onun mənafeyinə toxunan, yaxud toxuna bilən digər maraqlarının həmin deputatın səlahiyyətlərinin obyektiv və qərəzsiz icrasına təsir göstərdiyi və ya göstərə biləcəyi vəziyyət başa düşülür.

 

Maddə 12. Məlumatlardan istifadə

 

Deputat öz vəzifələrini icra edərkən əldə etdiyi məlumatlardan şəxsi maraqları naminə istifadə etməməlidir. [4]

 

Maddə 13. Etik davranış qaydalarına əməl olunmasına nəzarət

 

13.1. Etik davranış qaydalarının deputat tərəfindən pozulması barədə şikayətlərə və məlumatlara operativ və qərəzsiz baxılmalıdır.

13.2. Etik davranış qaydalarına əməl olunmasına nəzarət Milli Məclisin İntizam komissiyası tərəfindən həyata keçirilir.

 

Maddə 14. Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət

 

Etik davranış qaydalarının pozulmasına görə deputat Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 iyun 2017-ci il

766-VQ

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       27 noyabr 2018-ci il tarixli 1338-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 dekabr 2018-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2482)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 27 noyabr 2018-ci il tarixli 1338-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 dekabr 2018-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2482) ilə 10.1-ci maddədə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda” sözləri “bu Qanunun 10.1-1-ci maddəsində” sözləri ilə əvəz edilmişdir.

 

[2] 27 noyabr 2018-ci il tarixli 1338-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 dekabr 2018-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2482) ilə yeni məzmunda 10.1-1-ci və 10.3-cü maddələr əlavə edilmişdir.

 

[3] 27 noyabr 2018-ci il tarixli 1338-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 dekabr 2018-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2482) ilə 11-ci maddənin mətni yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

11.1. Deputat səlahiyyət müddətində maraqlar toqquşmasına yol verməməli və qanunsuz olaraq öz səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

11.2. Deputat özünün və ya maraqlı şəxslərin mənafelərinin onun vəzifələrini icra etməsinə təsir göstərməsinə yol verməməli və belə təsir üçün şərait yaratmamalıdır.

11.3. Deputatın xidməti vəzifələri ilə şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, həmin maraqlar barəsində Milli Məclisin İntizam komissiyasına məlumat verməlidir.

 

[4] 27 noyabr 2018-ci il tarixli 1338-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 dekabr 2018-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2482) ilə 12-ci maddədən “şəxsi” sözü çıxarılmışdır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status