Mərkəzləşdirilmiş kredit resursları üzrə Azərbaycan Respublikasının Milli Bankının silinmiş əsas borcu məbləğində uzunmüddətli və güzəştli şərtlərlə Dövlət qiymətli kağızlarının buraxılış şərtlərinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublİkası Nazİrlər Kabİnetİnİn Qərarı
«Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara olan ödəmə vaxtı ötmüş borclarının silinməsi və tənzimlənməsi qaydalarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli 497 nömrəli Fərmanının 2-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Mərkəzləşdirilmiş kredit resursları üzrə Azərbaycan Respublikasının Milli Bankının silinmiş əsas borcu məbləğində uzunmüddətli və güzəştli şərtlərlə Dövlət qiymətli kağızlarının buraxılış şərtləri» təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli 497 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydalar əsasında:
borcların məbləği səhmlərinin nəzarət zərfi Dövlətə məxsus banklara yaranmış borcların silinməsi proseduruna uyğun olaraq dəqiqləşdirilsin; bu məbləğ müəyyən olunduqdan sonra ilkin olaraq buraxılmış qiymətli kağızların ümumi son məbləği müəyyən edilsin; dəqiqləşdirilmiş borclar barədə təsdiqləyici sənədlər təqdim edildikdən sonra həmin kağızların xidmətinə başlanılsın.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi buraxılacaq qiymətli kağızlar üzrə ödəniş məbləğinin müvafiq illərin dövlət büdcələrində nəzərdə tutulmasını təmin etsin.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 22 iyun 2001-ci il
№ 116
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2001-ci il 22 iyun tarixli 116 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Mərkəzləşdirilmiş kredit resursları üzrə Azərbaycan Respublikasının Milli Bankının silinmiş əsas borcu məbləğində uzunmüddətli və güzəştli şərtlərlə Dövlət qiymətli kağızlarının buraxılış
Şərtlərİ
1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən mərkəzləşdirilmiş kredit resursları üzrə Azərbaycan Respublikası Milli Bankının silinmiş əsas borcunu bağlamaq məqsədilə ilkin olaraq ümumi məbləği 304.0 (üç yüz dörd) mlrd. manat olan uzunmüddətli Dövlət qiymətli kağızlarının buraxılışı həyata keçirilir.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin qiymətli kağızları tam məbləğdə Milli Bankda yerləşdirir və Milli Bank bu kağızları dövriyyəyə buraxmayaraq ödənilmə müddətinədək özündə saxlayır.
3. Buraxılacaq Dövlət qiymətli kağızlarının parametrləri və ödəmə mexanizmi aşağıdakı kimi müəyyənləşdirilir:
Dövlət qiymətli kağızları «Dövlət istiqraz vərəqəsi» adlandırılan, qiymətli kağızlar rekvizitlərinə cavab verən, nominal dəyəri 1.000.000.000 manat, adlı sənədləşdirilmiş formada, dövriyyəsi 20 (iyirmi) il müddətinə, gəlirliliyi 0,3 illik dərəcəsi ilə (hər il dekabr ayının sonunadək ödənilmək şərti ilə), ödənişi 2011-ci il 1 iyun tarixindən başlayaraq 10 il ərzində bərabər hissələrlə həyata keçirilir.
4. İstiqraz vərəqələrinin sahiblərinin hüquqları emitent tərəfindən sahibə təqdim edilən qiymətli kağızların icmal sertifikatı şəklində həyata keçirilir.