×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
23.08.2017
QEYDİYYAT NÖMRƏSİ
334
ADI
“Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 25-08-2017, Nəşr Nömrəsi: 185), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2017, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 1622)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
25.08.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
290.060.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201708230334
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
28.08.2017
“Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında

“Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI [1]

 

“Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 27 iyun tarixli 1015-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli 243 nömrəli Fərmanının 1.9-cu bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 23 avqust 2017-ci il

     № 334

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2017-ci il 23 avqust tarixli 334 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

 

Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 28-ci maddəsinə əsasən hazırlanmışdır və balıqçılıq təsərrüfatı ekspertizasının aparılması qaydasını müəyyən edir.

1.2. Balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən müəssisələrin, qurğuların və digər obyektlərin tikintisi və yenidən qurulması layihələrinin Qanuna və ekoloji tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən balıqçılıq təsərrüfatı ekspertizası aparılır.

1.3. Balıqçılıq su obyektlərinin təsir dairəsində yerləşən aşağıdakı tikinti işləri layihələrinin balıqçılıq təsərrüfatı ekspertizası məcburidir:

1.3.1. su mühafizə zonalarında və sahilboyu zolaqlarda (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri istisna olmaqla) suların vəziyyətinə təsir edən sənaye, hidroenergetika, neftayırma, kimya və neft-kimya, ağac və gön-dəri emalı obyektlərinin tikintisi və yenidən qurulması;

1.3.2. balıqçılıq su obyektlərində faydalı qazıntıların hasil edilməsi, geoloji-kəşfiyyat, partlayış, qazma, dibdərinləşdirmə işlərinin aparılması, yeraltı qurğuların tikintisi;

1.3.3. kabellərin çəkilməsi, qaz, neft və kimya məsullarının nəqli üçün sualtı boru kəmərlərinin və terminallarının quraşdırılması;

1.3.4. dərman preparatlarının, pestisidlər, herbisidlər, mineral gübrələr, radioaktiv və zəhərli kimyəvi maddələrin istehsalı, saxlanılması, istifadəsi, zərərsizləşdirilməsi və məhv edilməsi;

1.3.5. sənaye, məişət, kommunal su buraxıcılarının, su anbarlarının, kanalizasiya qurğularının, boru kəmərlərinin, meliorasiya və irriqasiya şəbəkələrinin tikintisi və quraşdırılması;

1.3.6. akvakultura təsərrüfatlarının tikintisi və yenidən qurulması.

 

2. Balıqçılıq təsərrüfatı ekspertizasının təşkili və aparılması

 

2.1. Balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən müəssisələrin, qurğuların və digər obyektlərin tikintisi və yenidən qurulması layihələrinin Qanuna və ekoloji tələblərə uyğunluğuna dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra - Nazirlik) rəyi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.5.2-ci və 75.7-ci maddələrinə görə tikintiyə icazə verən orqanın (qurumun) sorğusu əsasında verilir. [2]

2.2. Sorğu qeydiyyata alındığı vaxtdan layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətdə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gün müddətində balıqçılıq təsərrüfatı ekspertizasının rəyinin qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edilir. [3]

2.3. Balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən müəssisələrin, qurğuların və digər obyektlərin tikintisi və yenidən qurulması ilə bağlı ətraf mühitə təsirin qiymətləndirilməsi (bundan sonra - ƏMTQ) üçün tələb olunan sənədlərin nümunəvi forması Nazirlik tərəfindən müəyyən edilir və Nazirliyin internet səhifəsində yerləşdirilir. Bu nümunə nəzərə alınmaqla hazırlanmış sənədlərin Qanuna və ekoloji tələblərə uyğunluğunun balıqçılıq təsərrüfatı ekspertizası bu Qayda ilə müəyyən edilən qaydada həyata keçirilir.

2.4. Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması üçün təqdim edilmiş ƏMTQ sənədinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qaydanın tələblərinə uyğunluğu 3 (üç) gün müddətində yoxlanılır və sənədlər (materiallar) bu Qayda ilə müəyyən edilən tələblərə müvafiq olmadığı halda, sifarişçi sənədlərin (materialların) tam həcmdə təqdim edilməsi müddətləri barədə məlumatlandırılır.

2.5. Sifarişçidən bu Qaydada nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edilə bilməz.

2.6. Sifarişçiyə bu Qaydanın 2.4-cü bəndində göstərilən məlumatın göndərilməsi inzibati icraatın müddət axımını dayandırır.

2.7. İşin həlli üçün zəruri olan əlavə sənədlər və ya məlumatlar 5 gündən gec olmayaraq sifarişçi tərəfindən təqdim olunur.

2.8. Əlavə sənədlər və ya məlumatlar 5 gün müddətində təqdim olunmadıqda, ərizəyə baxılması ilə bağlı müddətin axımı dayandırılır, yalnız həmin sənəd və məlumatlar təqdim olunduğu andan müddət axımı bərpa olunur. [4]

2.9. Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması üçün bu Qayda ilə müəyyən edilən sənədlər (materiallar) tam həcmdə təqdim edilmədiyi halda, balıqçılıq təsərrüfatı ekspertizası aparılmır.

2.10. Ekspertizanın mürəkkəbliyi və ya əlavə tədqiqat aparılmasına ehtiyac yaranması səbəbindən balıqçılıq təsərrüfatı ekspertizasının aparılması ilə əlaqədar bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan müddətdən daha artıq müddət tələb olunduğu hallarda, balıqçılıq təsərrüfatı ekspertizasının aparılması müddəti hər dəfə 15 gün olmaqla, ən çoxu iki dəfə uzadılır. Balıqçılıq təsərrüfatı ekspertizasının müddətinin uzadılması barədə sifarişçiyə məlumat verilir. [5]

2.11. Balıqçılıq təsərrüfatı ekspertizasının aparılmasına mütəxəssislər və ştatdankənar ekspertlər qismində ekspertiza obyektinə dair müvafiq biliklərə malik alimlər və mütəxəssislər cəlb edilə bilər.

2.12. Ekspertiza aşağıdakıları müəyyən edir:

2.12.1. balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən müəssisələrin, qurğuların və digər obyektlərin tikintisi və yenidən qurulması layihələrinin Qanuna və ekoloji tələblərə uyğunluğunu;

2.12.2. balıqçılıq su obyektlərinin vəziyyətinə mənfi təsir edə bilən fəaliyyətlərin və onların bütün mümkün təsirlərinin ətraflı təsvirini;

2.12.3. balıqçılıq su obyektlərinin vəziyyətinə mənfi təsir edə bilən fəaliyyətlərin təsirlərinin yumşaldılması üzrə nəzərdə tutulan tədbirlərin kafiliyini.

2.13. Ekspertizanın gedişində:

2.13.1. ekspertiza tədqiqatının istiqamətləri müəyyən olunur;

2.13.2. müxtəlif istiqamətlər üzrə tədqiqat aparmaq üçün ekspertlərə texniki tapşırıqlar verilir;

2.13.3. ekspertlər tərəfindən fərdi rəylər hazırlanır;

2.13.4. fərdi ekspert rəyləri əsasında yekun rəy hazırlanır.

2.14. Ekspertizanın mənfi rəyi iki növ ola bilər:

2.14.1. ekspertizanın rəyində təsvir edilən şərh və tövsiyələr nəzərə alınmaqla, təqdim olunan sənədlərin (materialların) yenidən işlənilib hazırlanması barədə;

2.14.2. Qanuna və ekoloji tələblərə uyğun olmadığı səbəbindən balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən müəssisələrin, qurğuların və digər obyektlərin tikintisi və yenidən qurulması layihələrinin həyata keçirilməsinin yolverilməzliyi barədə.

2.15. Aparılan ekspertizanın yekunu olaraq, Nazirlik tərəfindən balıqçılıq təsərrüfatı ekspertizasının rəyi verilir.

2.16. Balıqçılıq təsərrüfatı ekspertizasının müsbət rəyində aşağıdakı nəticələr öz əksini tapmalıdır:

2.16.1. balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən müəssisələrin, qurğuların və digər obyektlərin tikintisi və yenidən qurulması layihələrinin Qanuna və ekoloji tələblərə uyğun olması;

2.16.2. balıqçılıq su obyektlərinə zərərli təsirin Qanunun 25-ci maddəsinə uyğun yol verilən normalar həddində olması;

2.16.3. ekspertiza obyekti olmuş layihənin həyata keçirilməsinin mümkünlüyü.

2.17. Balıqçılıq təsərrüfatı ekspertizasının mənfi rəyi olduqda, sifarişçi orada göstərilən şərh və qeydlər nəzərə alınmaqla, sənədləri (materialları) yenidən işlədikdən sonra təkrar ekspertizaya təqdim edə bilər. Təkrar ekspertizaya müraciət və onun aparılması ilkin ekspertizaya olan müraciət və onun aparılma qaydasına uyğun həyata keçirilir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       20 oktyabr 2017-ci il tarixli 463 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 oktyabr 2017-ci il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1925)

2.       13 avqust 2018-ci il tarixli 352 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 avqust 2018-ci il, № 180)

3.       18 iyun 2019-cu il tarixli 275 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 iyun 2019-cu il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1164)

4.       30 dekabr 2019-cu il tarixli 524 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №12, maddə 2104)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 30 dekabr 2019-cu il tarixli 524 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №12, maddə 2104) ilə ləğv edilmişdir.

 

[2] 13 avqust 2018-ci il tarixli 352 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 avqust 2018-ci il, № 180) ilə “Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması Qaydası”nın 2.1-ci bəndində “orqanların” sözü “orqanın (qurumun)” sözləri ilə əvəz edilmişdir.

 

18 iyun 2019-cu il tarixli 275 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 iyun 2019-cu il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1164) ilə “Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması Qaydası”nın 2.1-ci bəndində “(bundan sonra - Məcəllə) 75.4-cü maddəsinə” sözləri “75.5.2-ci və 75.7-ci maddələrinə” sözləri ilə əvəz edilmişdir.

 

[3] 20 oktyabr 2017-ci il tarixli 463 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 oktyabr 2017-ci il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1925) ilə “Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması Qaydası”nın 2.2-ci bəndində “15 gün müddətində” sözləri “layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətdə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gün müddətində” sözləri ilə əvəz edilmişdir.

 

[4] 20 oktyabr 2017-ci il tarixli 463 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 oktyabr 2017-ci il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1925) ilə “Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması Qaydası”nın 2.7-ci və 2.8-ci bəndlərində “ 15 rəqəmi “ 5 rəqəmi ilə əvəz edilmişdir.

 

[5] 20 oktyabr 2017-ci il tarixli 463 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 oktyabr 2017-ci il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1925) ilə “Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması Qaydası”nın 2.10-cu bəndi ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status