“Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxslərin xidməti attestasiyasının keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 683-VQD nömrəli Qanununun tətbiqi və “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 572 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 iyul tarixli 1514 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxslərin xidməti attestasiyasının keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikası
Baş nazirinin birinci müavini Yaqub Eyyubov
Bakı şəhəri, 17 noyabr 2017-ci il
№ 499
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2017-ci il 17 noyabr tarixli 499 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
|
Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxslərin xidməti attestasiyasının keçirilməsi
Q A Y D A S I
1. Ümumi müddəalar
1.1. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14.3-cü maddəsinə uyğun olaraq hazırlanmış “Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxslərin xidməti attestasiyasının keçirilməsi Qaydası” (bundan sonra – Qayda) diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxslərin (bundan sonra – diplomatik orqan əməkdaşı) xidməti attestasiyasının (bundan sonra – attestasiya) keçirilməsi qaydasını müəyyən edir.
1.2. Diplomatik orqan əməkdaşının attestasiyasının keçiril-məsinin əsas məqsədləri aşağıdakılardır:
1.2.1. diplomatik orqan əməkdaşının tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi;
1.2.2. diplomatik orqan əməkdaşının potensial imkanlarından istifadə etmək mümkünlüyünün aşkara çıxarılması;
1.2.3. xidmətdə yüksəlişə və ya aşağı vəzifəyə və yaxud fərqli əmək funksiyalarına malik vəzifəyə təyin edilməsi zərurətinin müəyyən edilməsi;
1.2.4. diplomatik orqan əməkdaşının əlavə təhsilinə zərurət dərəcəsinin müəyyənləşdirilməsi.
1.3. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-1-ci maddəsinə uyğun olaraq, yalnız müvafiq vəzifələrdə azı bir il xidmət keçən diplomatik orqan əməkdaşlarının attestasiyası keçirilə bilər. Diplomatik orqan əməkdaşlarının attestasiyası beş ildə bir dəfədən çox olmayaraq keçirilir.
1.4 “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinə uyğun olaraq, diplomatik nümayəndəliyə və ya konsulluğa işə təyin olunmuş diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər xidməti attestasiyanı Azərbaycan Respublikasına qayıtdıqdan sonra keçirlər.
1.5. Aşağıdakı diplomatik orqan əməkdaşları attestasiyadan keçirilmirlər:
1.5.1. diplomatik nümayəndəlikdən və ya konsulluqdan geri çağırıldıqdan sonra bir ildən az müddətdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində müvafiq vəzifəni tutanlar;
1.5.2. staj və sınaq dövründən sonra daimi qulluqda bir ildən az müddətdə xidmət keçənlər;
1.5.3. vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) alanlar və əlilliyi müəyyən edilənlər;
[1]
1.5.4. Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlara layiq görülənlər;
1.5.5. bir vəzifədə beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər;
1.5.6. hamilə qadınlar;
1.5.7. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifəni tutan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);
1.5.8. eyni vəzifədə azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilənlər.
1.6. Attestasiyanın keçirilməsinin müddətləri, cədvəli və bu Qaydanın 2.2-ci bəndində göstərilən sualların hazırlanmasında istifadə olunan hüquqi aktların və digər məlumat mənbələrinin siyahısı Azərbaycan Respublikasının xarici işlər naziri tərəfindən təsdiq edilir və attestasiyanın başlanılmasına ən geci bir ay qalmış attestasiyadan keçirilən diplomatik orqan əməkdaşlarının nəzərinə çatdırılır.
1.7. Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxslərin attestasiyası zamanı onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır.
2. Attestasiyanın keçirilməsi qaydası
2.1. Attestasiya, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təcrübəli və yüksək peşəkar məsul əməkdaşlarından ibarət tərkibdə yaradılmış, üzvlərinin sayı beş nəfərdən az olmayan attestasiya komissiyası (bundan sonra - komissiya) tərəfindən kollegial və obyektiv surətdə keçirilir. Komissiyanın tərkibi (sədr, katib və azı üç üzv) və səlahiyyət müddəti Azərbaycan Respublikasının xarici işlər naziri tərəfindən təsdiq olunur.
2.2. Komissiyanın üzvləri tərəfindən diplomatik orqan əməkdaşına yalnız tutduğu vəzifənin funksiyaları, ixtisası, icra etdiyi işlər və onların nəticələri, xidmət funksiyalarına aid məsələlər, habelə dövlət qulluqçusunun əsas vəzifələri, hüquqları və dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər barədə suallar verilir. Attestasiyadan keçirilən əməkdaşın xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi və şəxsi dəyərlərinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir.
2.3. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş diplomatik orqan əməkdaşı attestasiyadan keçirildikdə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müəyyən edilən müvafiq vəzifəli şəxsi və ya struktur bölməsinin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir.
2.4. Attestasiyadan keçməli olan hər bir diplomatik orqan əməkdaşına attestasiyanın başlanmasına azı iki həftə qalmış onun bilavasitə rəhbəri tərəfindən hazırlanmış xidməti xasiyyətnamə verilir və həmin əməkdaş ona verilən xasiyyətnamə ilə tanış olur. Xasiyyətnamədə diplomatik orqan əməkdaşının xidməti fəaliyyətinə obyektiv və əsaslandırılmış şəkildə qiymət verilir, fərdi xüsusiyyətləri, güclü və zəif cəhətləri, keçən dövr ərzindəki xidmətinin nəticələri göstərilir.
2.5. Diplomatik orqan əməkdaşı attestasiyadan keçirilərkən onun bilavasitə rəhbəri attestasiyaya dəvət edilir. Komissiya attestasiyadan keçirilən diplomatik orqan əməkdaşının fəaliyyəti haqqında onun çıxışını dinləyir və təqdim edilmiş materialları nəzərdən keçirir.
2.6. Diplomatik orqan əməkdaşı üzrlü səbəbdən və ya üzrlü səbəb olmadan komissiyanın iclasına gəlmədikdə attestasiyadan keçməmiş hesab edilir və həmin diplomatik orqan əməkdaşı bu Qaydanın 1.6-cı bəndində göstərilən qaydada növbəti attestasiyadan keçirilməlidir. Üzrlü səbəb olmadan komissiyanın iclasına gəlməyən diplomatik orqan əməkdaşı barəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri tətbiq edilə bilər.
2.7. Diplomatik orqan əməkdaşının attestasiyasının nəticələri əsasında komissiya tərəfindən aşağıdakı qiymətlərdən biri verilir:
2.7.1. tutduğu vəzifəyə uyğun gəlir;
2.7.2. xidməti fəaliyyətini yaxşılaşdırarsa və komissiyanın tövsiyələrini yerinə yetirərsə, bir ildən sonra təkrar attestasiyadan keçmək şərti ilə, tutduğu vəzifəyə uyğun gəlir;
2.7.3. tutduğu vəzifəyə uyğun gəlmir.
2.8. Komissiya attestasiyanın nəticələri əsasında verilən qiymətlərlə yanaşı, attestasiya olunan əməkdaşın həvəsləndirilməsi, əlavə təhsilə cəlb edilməsi, xidməti fəaliyyətinin yaxşılaşdırılması və ya xidmətə münasibətdə məsuliyyətinin artırılması məqsədi ilə müvafiq tədbirlərin görülməsi barədə tövsiyələr (səbəbləri göstərilməklə) verə bilər.
2.9. Diplomatik orqan əməkdaşının fəaliyyətinə verilən qiymət və komissiyanın tövsiyələri attestasiyadan keçirilən diplomatik orqan əməkdaşının iştirakı olmadan açıq səsvermə yolu ilə qəbul edilir.
2.10. Attestasiya və səsvermə komissiyanın üzvlərinin ən azı üçdə iki hissəsinin iştirakı ilə keçirilir. Səsvermənin nəticələri səs çoxluğu ilə müəyyən edilir. Səslər bərabər olduqda, attestasiyadan keçirilən diplomatik orqan əməkdaşı tutduğu vəzifəyə uyğun hesab edilir. Komissiyanın üzvü olan diplomatik orqan əməkdaşı attestasiyadan keçirilərkən, səsvermədə iştirak etmir. Attestasiyanın nəticələri səsvermədən dərhal sonra diplomatik orqan əməkdaşına bildirilir.
3. Attestasiyanın nəticələrinin rəsmiləşdirilməsi
3.1. Attestasiyadan keçirilən diplomatik orqan əməkdaşı barədə məlumat, attestasiya zamanı verilən sualların mövzusu və attestasiyanın nəticələri (qiymət və tövsiyələr) bir nüsxədə tərtib edilən, sədr, katib və komissiyanın səsvermədə iştirak etmiş digər üzvləri tərəfindən imzalanan attestasiya vərəqəsinə yazılır (əlavə olunur).
3.2. Attestasiyadan keçirilən diplomatik orqan əməkdaşının attestasiya vərəqəsi və xasiyyətnaməsi onun şəxsi işində saxlanılır və onların bir surəti attestasiyadan keçirilən diplomatik orqan əməkdaşına verilir.
3.3. Komissiyanın verdiyi qiymət əsas götürülərək, tövsiyələr nəzərə alınmaqla və qüvvədə olan qanunvericiliyə uyğun olaraq attestasiyadan keçirilən əməkdaş haqqında qərar Azərbaycan Respublikasının xarici işlər naziri tərəfindən qəbul olunur.
3.4. Bu Qaydaların 3.3-cü bəndində nəzərdə tutulmuş qərar diplomatik orqan əməkdaşının attestasiyadan keçirildiyi gündən sonra ən geci iki ay müddətində qəbul edilir. Bu müddətə diplomatik orqan əməkdaşının üzrlü səbəbdən işə gəlmədiyi, ezamiyyətdə və məzuniyyətdə olduğu vaxt daxil edilmir. İki ay keçdikdən sonra attestasiyanın nəticələri əsasında diplomatik orqan əməkdaşının aşağı vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında qərar qəbul edilə bilməz.
3.5. Diplomatik orqan əməkdaşı attestasiyanın nəticələrindən sonra 7 (yeddi) iş günü müddətində inzibati qaydada və ya məhkəmə qaydasında şikayət verə bilər. Tabelik qaydasında yuxarı dövlət orqanı şikayətə daxil olduğu gündən sonra 20 (iyirmi) iş günü müddətində baxır.
|
“Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxslərin xidməti attestasiyasının keçirilməsi Qaydası”na
əlavə
|
Attestasiya vərəqəsi
1. Soyadı, adı, atasının adı _____________________________________________________
2. Doğulduğu gün, ay, il _______________________________________________________
3. Təhsili, ixtisası, bitirdiyi təhsil müəssisəsinin adı, təhsil müəssisə-sini bitirdiyi tarix, elmi dərəcəsi, elmi adı
_____________________________________________________________________________
_____________________________________________________________________________
4. İxtisasını artırması barədə məlumat (əgər, mövcuddursa)
_____________________________________________________________________________
_____________________________________________________________________________
5. Attestasiya keçirilən zaman tutduğu vəzifə və bu vəzifəyə təyin olunduğu tarix _____________________________________________________________________________
6. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət stajı _____________________________________________________________________________
7. Ümumi əmək stajı __________________________________________________________
8. Əvvəlki attestasiyada tövsiyələr verildiyi təqdirdə, həmin tövsiyələrin yerinə yetirilməsinə dair rəy _________________________________________________________
_____________________________________________________________________________
9. Attestasiyadan keçirilən diplomatik orqan əməkdaşına verilən sualların mövzusu _____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
10. Attestasiya komissiyasının rəy və təklifləri
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
11. Attestasiyadan keçən diplomatik orqan əməkdaşının rəy və təklifləri _____________________________________________________________________________
_____________________________________________________________________________
12. Səsvermənin nəticələrinə görə diplomatik orqan əməkdaşının fəaliyyətinə qiymət verilməsi ____________________________________________________________________
_____________________________________________________________________________
Səslərin sayı:
lehinə ________________ əleyhinə _________________
13. Attestasiya komissiyasının tövsiyələri (səbəbləri göstərilməklə)
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
14. Qeyd _____________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
15. Attestasiya komissiyası üzvlərinin imzaları
Attestasiya komissiyasının sədri ____________________________________________
Attestasiya komissiyasının katibi ___________________________________________
Attestasiya komissiyasının üzvü ____________________________________________
Attestasiya komissiyasının üzvü ____________________________________________
Attestasiya komissiyasının üzvü ____________________________________________
16. Attestasiyanın keçirildiyi tarix ____________________________________________
17. Attestasiya vərəqəsi ilə tanış olmaq barədə attestasiyadan keçirilən diplomatik orqan əməkdaşının imzası və tarix
_____________________________________________________________________________
18. Attestasiyanın nəticələrinə görə Azərbaycan Respublikası xarici işlər nazirinin qərarı və onun qəbul olunduğu tarix
_____________________________________________________________________________
_____________________________________________________________________________
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
24 noyabr 2020-ci il tarixli 460 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2020-ci il, № 249, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1403)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
24 noyabr 2020-ci il tarixli 460 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2020-ci il, № 249, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1403) ilə “Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxslərin xidməti attestasiyasının keçirilməsi Qaydası”nın 1.5.3-cü yarımbəndində “əlil olanlar” sözləri “əlilliyi müəyyən edilənlər” sözləri ilə əvəz edilmişdir.