AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
14.12.2017
QEYDİYYAT NÖMRƏSİ
555
ADI
“Elmi müəssisələrin akkreditasiyası qurumu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 16-12-2017, Nəşr Nömrəsi: 278), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2017, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2503)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.12.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
200.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201712140555
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
18.12.2017
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Elmi müəssisələrin akkreditasiyası qurumu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI [1]

 

“Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Elmi müəssisələrin akkreditasiyası qurumu haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 14 dekabr 2017-ci il

                       № 555

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2017-ci il 14 dekabr tarixli 555 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Elmi müəssisələrin akkreditasiyası qurumu haqqında

 

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

 

1.1. Bu Əsasnamə “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun 24.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və elmi müəssisələrin akkreditasiyası qurumunun fəaliyyətinin təşkilati-hüquqi əsaslarını müəyyən edir.

1.2. Elmi müəssisələrin akkreditasiyası qurumu Akkreditasiya Komissiyası (bundan sonra – Komissiya) formasında ictimai əsaslarla fəaliyyət göstərir.

1.3. Komissiya Azərbaycan Respublikasında elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını həyata keçirən kollegial qurumdur.

1.4. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azər­­baycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərən­camlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

1.5. Komissiya müstəqil balansa, müvafiq bank hesablarına öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.6. Komissiya Bakı şəhərində yerləşir.

 

2. Komissiyanın fəaliyyət istiqamətləri

 

2.1. Komissiyanın fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. akkreditasiya sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsində iştirak edilməsi;

2.1.2. elmi müəssisələrin akkreditasiyasının qiymətləndirmə meyarlarının müəyyən edilməsi;

2.1.3. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərilməsi.

 

3. Komissiyanın vəzifələri

 

3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Komissiyanın vəzifələri aşağıdakılardır:

3.1.1. elmi müəssisələrin akkreditasiyasını həyata keçirmək və müvafiq qərar qəbul etmək;

3.1.2. akkreditasiyadan keçmiş elmi müəssisələrə şəhadətnamə vermək, akkreditasiyadan keçməmiş elmi müəssisələrə bu barədə Komis­siyanın qərarının əsli ilə düzgünlüyünün təsdiq edilmiş surətini göndərmək;

3.1.3. öz fəaliyyətinin çevik və şəffaf həyata keçirilməsi məqsədi ilə rəsmi internet say­tını yaratmaq və onun fasiləsiz işləməsini təmin etmək;

3.1.4. akkreditasiya qaydalarının, akkreditasiyadan keçmək üçün tələb olunan sənədlərin elektron nüsxələrinin və digər zəruri məlumatların internet saytında yerləşdiril­məsini təmin etmək;

3.1.5. akkreditasiyadan keçmək istəyən elmi müəssisələrin səlahiyyətli nümayəndələrinin müraciətlərinə müəyyən edilmiş qaydada və müd­dət­də baxılmasını təmin etmək;

3.1.6. akkreditasiya sahəsində normativ hüquqi bazanın təkmilləş­di­ril­mə­si və beynəlxalq tələblərə uyğunlaşdırılması ilə bağlı təkliflər vermək;

3.1.7. akkreditasiya sahəsində beynəlxalq əməkdaşlıq haqqında sazişlərin bağlanılmasında iştirak etmək.

 

4. Komissiyanın hüquqları

 

4.1. Komissiya aşağıdakı hüquqlara malikdir:

4.1.1. elmi müəssisələrin akkreditasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamaq;

4.1.2. öz fəaliyyətindən irəli gələn məsələlərin həlli məqsədi ilə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə müvafiq məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan məlumatlar almaq;

4.1.3. qanunvericiliklə müəyyən olunmuş qaydada akkreditasiya sahəsində beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin qabaqcıl təcrübəsini öyrənmək və tətbiq etmək;

4.1.4. fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində təd­bir­lər görmək;

4.1.5. elmi müəssisələrin akkreditasiyası sahəsində analitik materiallar hazırlamaq, rəy vermək, təhlillər, ümumiləşdirmələr, tədqiqatlar aparmaq, təkliflər vermək;

4.1.6. Komissiyanın tərkibi və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq;

4.1.7. elmi müəssisələrin akkreditasiyası məsələlərinə dair seminar, konfrans və digər tədbirlər təşkil etmək;

4.1.8. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

 

5. Komissiyanın fəaliyyətinin təşkili

 

5.1. Komissiyanın Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və digər dövlət orqanlarının nümayəndələri daxil olmaqla 9 nəfərdən ibarət tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

5.2. Komissiyanın üzvləri Komissiyanın işində ictimai əsaslarla fəaliyyət göstərirlər.

5.3. Komissiyanın sədri:

5.3.1. Komissiyanın işini təşkil edir və ona rəhbərliyi həyata keçirir;

5.3.2. Komissiyanın qəbul etdiyi qərarları imzalayır və onların icrasını təmin edir;

5.3.3. Komissiya təmsil edir;

5.3.4. Komissiyanın fəaliyyəti barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə mütəmadi olaraq hesabat verilir;

5.3.5. qanunvericiliyə uyğun olaraq digər səlahiy­yətləri həyata keçirir.

5.4. Komissiyanın cari fəaliyyətinə rəhbərlik məsul katib tərəfindən həyata keçirilir.

5.5. Komissiyanın məsul katibi:

5.5.1. Komissiyanın iclaslarının hazırlanmasını və keçirilməsini təşkil edir;

5.5.2. Komissiyada baxılacaq sənəd və materiallarla Komissiya üzvlərinin vaxtında tanış olmasını təmin edir;

5.5.3. Komissiyanın iclaslarının protokollarını rəsmiləşdirir.

5.6. Komissiyanın üzvləri:

5.6.1. Komissiyanın iclaslarında və fəaliyyətində iştirak edirlər;

5.6.2. Komissiyanın iclasına təqdim edilmiş bütün materiallarla əvvəl­cə­dən tanış olurlar;

5.6.3. Komissiyanın protokolları, qərarları və digər sənədləri ilə tanış olurlar.

5.7. Komissiyanın nəzdində işçi qrupları yaradılır. İşçi qrupları daxil olan sənədləri təhlil edir və qiymətləndirir.

5.8. Komissiyanın iclasları ən azı ayda bir dəfə keçirilir. Komissiyanın üzvləri bir həftə əvvəl iclasın keçirilməsi vaxtı barədə məsul katib tərəfindən məlumatlandırılırlar.

5.9. Komissiya üzvlərinin üçdə ikisi iştirak etdikdə qərar qəbul etmək səlahiyyətinə malikdir.

5.10. Komissiyanın qərarları Komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, Komissiya sədrinin səsi həlledici hesab olunur.

5.11. Komissiya elmi müəssisələrin fəaliyyətinin “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğunluğunu müəyyən edir və müvafiq qərar qəbul edir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       12 avqust 2020-ci il tarixli 290 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 avqust 2020-ci il, № 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1107)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 12 avqust 2020-ci il tarixli 290 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 avqust 2020-ci il, № 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1107) ilə ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status