Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlıq haqqında 2017-ci il oktyabrın 20-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Meksika Birləşmiş Ştatları Hökumətinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 dekabr 2017-ci il
№1730
Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş
Ştatları Hökuməti arasında təhsil, elm, gənclər, mədəniyyət
və idman sahələrində əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti,
təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlığın yaradılması və möhkəmləndirilməsi arzusundan həvəslənərək, və
belə əməkdaşlığın hər iki ölkə arasında qarşılıqlı anlaşmanı gücləndirmək üçün dəyərli vasitə olduğuna əmin olaraq, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Bu Sazişin məqsədi hər bir ölkənin milli qanunvericiliyinə və onların tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, hər iki ölkə arasında məlumatlılığın genişləndirilməsinə töhfə verən fəaliyyətlərin həyata keçirilməsi vasitəsilə təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində Tərəflərin səlahiyyətli qurumları arasında əməkdaşlığı gücləndirməkdir.
Maddə 2
Tərəflər gələcəkdə birgə əməkdaşlıq layihələri hazırlamaq niyyəti ilə mütəxəssislər, nəşrlər və digər materialların mübadiləsi vasitəsilə öz milli təhsil sistemləri arasında əməkdaşlığı təşviq edirlər.
Maddə 3
Tərəflər aşağıdakılar vasitəsilə öz elm və tədqiqat institutları arasında əməkdaşlığı təşviq edirlər:
a) alim və tədqiqatçıların səfərlərinin mübadiləsi;
b) birgə tədqiqat layihələrinin hazırlanması;
c) seminar, simpozium və ya konqreslərin keçirilməsi; və
ç) kitab, nəşr və hər hansı elmi materialın mübadiləsi.
Maddə 4
Tərəflər mədəniyyət, elm və ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin yaradılmasını belə müəssisələr arasında birgə əməkdaşlıq haqqında sazişlərin həyata keçirilməsi məqsədilə təşviq edirlər.
Maddə 5
Tərəflər dövlət ali təhsil müəssisələrində təqaüdlər hesabına bakalavriatdan sonrakı təhsil alınması və ya tədqiqat aparılması üçün tələbə mübadiləsinə üstünlük verirlər. Şərtlər, təhsil haqqı və maliyyə məsələləri xüsusi sazişlər və proqramlar vasitəsilə müəyyən olunur.
Tərəflər hər iki ölkənin diplomlarının, tədris etmə hüququ verən şəhadətnamələrinin və elmi ad və dərəcələrinin tanınması imkanını araşdırmaq məqsədilə öz təhsil sistemləri və təhsil qanunları ilə bağlı məlumat mübadiləsini təşviq edirlər.
Maddə 6
Tərəflər bu Sazişin müddəaları çərçivəsində və milli qanunvericiliklərində müəyyən edilmiş prosedura əsasən müvafiq olaraq dil, tarix, ədəbiyyat və mədəniyyətlərinin yayılmasını və tədris edilməsini təşviq edirlər.
Maddə 7
Tərəflər müvafiq milli arxiv, kitabxana və muzeylərinə görə məsul olan qurumlar arasında əməkdaşlığı təşviq edir və öz milli qanunvericiliklərinə uyğun olaraq insan resurslarının ixtisaslaşdırılması, habelə tarixi, bədii və mədəni irsin qorunması və bərpası sahəsində təcrübə mübadiləsini dəstəkləyirlər.
Maddə 8
Tərəflər öz milli qanunvericiliklərinə və tərəfdar çıxdıqları beynəlxalq müqavilələrə uyğun olaraq onların müvafiq tarixi və mədəni irsini təşkil edən əşyaların qanunsuz idxalı, ixracı və/və ya ötürülməsinin qadağan olunması və qarşısının alınması üçün tədbirlər görürlər.
Tərəflər əvvəlki abzasın müddəalarına uyğun olaraq qanunsuz idxal və/və ya ixrac edilmiş belə malların geri qaytarılması üçün zəruri tədbirlər görürlər.
Maddə 9
Tərəflər müəlliflik hüququ və əlaqəli hüquqların qorunması və onlara əməl olunması sahəsində görülmüş işlər haqqında məlumatları mübadilə edirlər.
Tərəflər müvafiq milli qanunvericiliklərinə və tərəfdar çıxdıqları beynəlxalq müqavilələrə uyğun olaraq ədəbi, tarixi, elmi və ya bədii əsərlərin müəllif hüquqlarının lazımi səviyyədə qorunması və əqli mülkiyyət hüquqlarına müvafiq qaydada əməl edilməsi üçün lazım olan vasitə və prosedurların həyata keçirilməsini təmin edirlər.
Maddə 10
Tərəflər radio və televiziya sahələrindəki səlahiyyətli qurumları arasında birbaşa əməkdaşlığı təşviq edirlər.
Maddə 11
Tərəflər film mübadilələri və bu sahədəki kino istehsalçıları, mütəxəssislər və texniki işçilər arasında görüşlərin təşkil edilməsi, eləcə də film festivallarında iştirak etmək yolu ilə kino istehsalı sahəsində əməkdaşlığı asanlaşdırırlar.
Maddə 12
Tərəflər mədəniyyət sənayeləri sahəsində məlumat mübadiləsini və bu sahədə birgə layihələrin icrasını təşviq edirlər.
Maddə 13
Tərəflər gənc və yaşlı insanların təhsili və mədəniyyəti ilə bağlı səlahiyyətli qurumları arasında əməkdaşlığı dəstəkləyirlər.
Maddə 14
Tərəflər müvafiq qurumlar arasında razılaşmalar əsasında gənclər, bədən tərbiyəsi və idman sahələrində təcrübə mübadiləsini təşviq edirlər.
Maddə 15
Tərəflər hökumət qurumları və qeyri-hökumət təşkilatları arasında gənclər və yaşlı insanlarla bağlı əməkdaşlığı təşviq edirlər.
Maddə 16
Bu Sazişin məqsədləri üçün Tərəflər təhsil, elm, gənclər, mədəniyyət və idmanın inkişafı naminə müvafiq plan və strategiyalarında əks olunmuş hər iki ölkənin prioritetlərinə uyğun olaraq üçillik proqramlar hazırlayıb həyata keçirirlər.
Proqramlar məqsədlər, əməkdaşlıq formaları, maliyyə və texniki resurslar, iş cədvəlləri, layihələrin icra olunacağı sahələr, eləcə də Tərəflərin öhdəliklərini müəyyən edir.
Hər bir Proqram 18-ci maddədə göstərilən əlaqələndirici orqanların sorğusu ilə vaxtaşırı qiymətləndirilir.
Maddə 17
Tərəflər arasında təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlıq aşağıdakı formaları nəzərdə tutur:
a) bütün səviyyələr üzrə təhsil müəssisələri arasında birbaşa əməkdaşlıq sazişləri;
b) insan resurslarının formalaşması və təlimi məqsədilə təlim kurslarının təşkili;
c) hər iki ölkənin mütəxəssislərinin iştirak etdiyi konqreslərin, seminarların, konfransların və digər akademik tədbirlərin təşkili;
ç) təhsil müəssisələrində kafedraların yaradılması və mühazirələrin oxunması;
d) akademik heyətin, bakalavriatdan sonrakı səviyyələr üzrə təhsil alan tələbələrin, mütəxəssislərin və mühazirəçilərin mübadiləsi;
e) hər bir Tərəfin imkanları çərçivəsində öz dövlət ali təhsil müəssisələrində əvvəlcədən Tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunmuş sahələrdə digər Tərəfin vətəndaşlarına bakalavriatdan sonrakı səviyyələr üzrə təhsil və ya tədqiqatlarını davam etdirmək üçün təqaüdlərin və ya hüququn verilməsi;
ə) yazıçıların, yaradıcı şəxslərin, rəssamların, solistlərin və incəsənət qruplarının, eləcə də mədəniyyət sahəsində mütəxəssislərin mübadiləsi;
f) hər iki ölkədə keçirilən mədəniyyət tədbirlərində və beynəlxalq incəsənət festivallarında, eləcə də kitab sərgiləri və ədəbi yığıncaqlarda iştirak etmək;
g) Tərəflərdən hər birinin təmsil olunduğu sərgilərin təşkili və təqdimatı;
ğ) Tərəflərdən hər birinin ədəbi əsərlərinin tərcüməsi və nəşrinin dəstəklənməsi;
h) hər bir Tərəfin milli qanunvericiliyinə uyğun olaraq xüsusi layihələrin icrası üçün lazım olan təhsil materiallarının mübadiləsi;
x) hər bir Tərəfin milli qanunvericiliyinə uyğun olaraq təhsil və mədəni məqsədlər üçün nəzərdə tutulmuş audiovizual materialların, radio və televiziya proqramlarının mübadiləsi;
ı) film festivallarında iştirak etmək üçün filmlərin və oxşar materialların mübadiləsi;
i) gənclərin problemləri ilə məşğul olan mərkəzlər arasında təcrübə mübadiləsi;
j) hər bir Tərəfin milli qanunvericiliyinə uyğun olaraq idman materiallarının mübadiləsi;
k) hər bir Tərəfin milli qanunvericiliyinə uyğun olaraq təhsil və mədəniyyət sahələrində məlumat xarakterli, biblioqrafik və sənədli materialların mübadiləsi;
q) təhsil məqsədləri çərçivəsində Tərəflərin incəsənətinin formalaşması və yayılması üçün audiovizual materialların mübadiləsi; və
l) Tərəflər arasında razılaşdırılmış hər hansı digər forma.
Maddə 18
Bu Sazişin səmərəli şəkildə icrasını təmin etmək məqsədilə birgə işçi qrup yaradılır. Birgə işçi qrup aşağıdakı funksiyalara malikdir:
a) Tərəflər arasında qarşılıqlı olaraq təhsil, elm, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlığı təşviq etmək və əlaqələndirmək;
b) bu Sazişin səmərəli şəkildə həyata keçirilməsinə yönəlmiş təklifləri nəzərdən keçirmək;
c) layihələrin həyata keçirilməsini və maliyyələşdirilməsini müəyyən etmək;
ç) Sazişin düzgün icra edilməsi, eləcə də razılaşdırılmış layihələrin həyata keçirilməsi, onun proqramlaşdırılmış vaxtda sona çatdırılmasına yönəlmiş vasitələrin həyata keçirilməsinə nəzarət etmək, və
d) bu Saziş çərçivəsində yaradılmış əməkdaşlığın icrası zamanı yarana biləcək problemlərin həlli üçün təkliflər vermək.
Birgə işçi qrup hər iki Tərəfin nümayəndələrindən təşkil olunur. Birgə işçi qrup onların müvafiq dəftərxanaları ilə əlaqələndirilir və diplomatik kanallar vasitəsilə razılaşdırılmış tarixdə növbə ilə Azərbaycan Respublikasında və Meksika Birləşmiş Ştatlarında görüş keçirir.
Maddə 19
Tərəflər bu Sazişdən irəli gələn əməkdaşlıq layihələrinə rəsmi olaraq cəlb olunmuş iştirakçıların gəlişi, qalması və gedişi üçün lazım olan bütün imkanları təmin edirlər. Qəbul edən ölkədə qüvvədə olan miqrasiya, vergi, gömrük, sanitariya və milli təhlükəsizlik qaydaları bu iştirakçılara tətbiq olunur və öz funksiyalarına aid olmayan hər hansı digər fəaliyyətlərdə bu sahədə səlahiyyətli hakimiyyət orqanlarının əvvəlcədən icazəsi olmadan iştirak edə bilmirlər. İştirakçılar qəbul edən ölkəni onun qanun və qaydalarına uyğun şəkildə tərk edirlər.
Maddə 20
Tərəflər müvafiq milli qanunvericiliklərinə uyğun olaraq öz ərazilərində layihələrin həyata keçirilməsində istifadə olunan avadanlıq və materialların müvəqqəti idxal və ixracı üçün zəruri olan bütün inzibati, vergi və gömrük asanlaşdırmalarını təmin edirlər.
Maddə 21
Bu Sazişin tətbiqi və ya təfsiri ilə bağlı yarana biləcək hər hansı mübahisə diplomatik kanallar vasitəsilə Tərəflər arasında qarşılıqlı razılaşma əsasında həll edilir.
Maddə 22
Bu Sazişə hər hansı əlavə və dəyişiklik Tərəflərin qarşılıqlı razılığı ilə edilir. Belə əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi olan ayrıca protokollarla rəsmiləşdirilir və bu Sazişin 23-cü maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 23
Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən otuz (30) gün sonra qüvvəyə minir.
Bu Saziş beş (5) il müddətinə bağlanılır və Tərəflərdən biri bu Sazişin müddətinin bitməsinə ən azı altı (6) ay qalmış onu ləğv etmək niyyəti barədə yazılı şəkildə diplomatik kanallar vasitəsilə digər Tərəfə məlumat vermədiyi təqdirdə, o, avtomatik olaraq növbəti beşillik müddətlərə qüvvədə qalır.
Bu Sazişin ləğv edilməsi bu Saziş əsasında razılaşdırılmış proqram və layihələrin həyata keçirilməsinə onlar başa çatanadək təsir etmir.
Bakı şəhərində 2017-ci il 20 oktyabr tarixində, hər biri Azərbaycan, ispan və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsirdə hər hansı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası
|
Meksika Birləşmiş Ştatları
|
Hökuməti adından
|
Hökuməti adından
|
Xələf XƏLƏFOV,
|
Xuan Rodriqo Labardini FLORES,
|
Azərbaycan Respublikası
|
Meksika Birləşmiş Ştatlarının
|
xarici işlər nazirinin müavini
|
Azərbaycan Respublikasındakı səfiri
|