AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
29.12.2017
QEYDİYYAT NÖMRƏSİ
621
ADI
“İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 06-01-2018, Nəşr Nömrəsi: 2), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2017, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 2566)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.01.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
060.020.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201712290621
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
09.01.2018
“İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nın təsdiq edilməsi haqqında

“İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin altıncı abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 29 dekabr 2017-ci il

     № 621

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2017-ci il 29 dekabr tarixli 621 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır və işsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim olunması qaydasını müəyyən edir.

1.2. Bu Qaydada istifadə olunan anlayışlar “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

1.3. İşsizlikdən sığorta vəsaitlərinin mənbələri “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsi ilə müəyyən edilir.

 

2. İşsizlikdən sığorta fondu

 

2.1. İşsizlikdən sığorta vəsaitləri “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən işsizlikdən sığorta fondunda cəmləşdirilir.

2.2. İşsizlikdən sığorta haqları üzrə hər ay üçün toplanılmış vəsaitlər növbəti ayın 1-dək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond) tərəfindən işsizlikdən sığorta fondunun xəzinə hesabına köçürülür. [1]

2.3. İşsizlikdən sığorta vəsaitləri “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində nəzərdə tutulmuş tədbirlərin, habelə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən olunan digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilir. İlin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitləri növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

2.4. İşsizlikdən sığorta fondunun hər il üçün büdcəsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2004-cü il 12 iyul tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər planı”na uyğun həyata keçirilir.

2.5. İşsizlikdən sığorta fondunun xərcləri (dövlət büdcəsindən maliyyələşən təşkilatların işsizlikdən sığorta üzrə ödədikləri sığorta haqlarının məbləği çıxılmaqla) icmal büdcənin xərclərinə daxil edilir. [2]

 

3. İşsizlikdən sığorta vəsaitinin uçotu

 

3.1. İşsizlikdən sığorta vəsaitinin uçotu “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta haqları üzrə vəsaitlərin toplanılmasına və həmin Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətalara görə tətbiq olunan inzibati cərimələrdən daxilolmalara münasibətdə Fond, həmin Qanunun 21.0.3-cü, 21.0.4-cü və 21.0.5-ci maddələrində göstərilən mənbələrdən daxilolmalara və xərclərə münasibətdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən aparılır. [3]

 

4. İşsizlikdən sığorta üzrə sığortaedənlər tərəfindən təqdim edilən hesabat

 

4.1. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq qeydiyyata alınmış sığortaedənlər işsizlikdən sığorta haqlarının hesablanmasını və uçotunu aparmalıdırlar. Sığortaedənlər hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, bu barədə hesabatı Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş formada həmin Nazirliyə təqdim etməlidirlər. [4]

 

5. İşsizlikdən sığorta haqları ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə yaranmış borc məbləğlərinin tutulması

 

5.1. İşsizlikdən sığorta haqqının ödənilməsi üçün müəyyən olunmuş müddətdən sonra Fondun hesabına köçürülməmiş məbləğ ödənilməsi gecikdirilmiş borc sayılır.

5.2. Sığortaedən tərəfindən işsizlikdən sığorta haqqı üzrə yaranmış borcların alınması, işsizlikdən sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş işsizlikdən sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. [5]

 

6. İşsizlikdən sığorta vəsaitləri üzrə hesabatın təqdim edilməsi qaydası

 

6.1. İşsizlikdən sığorta fondunun gəlir və xərclərinə dair hesabat formaları və onların təqdim edilməsi dövriliyi Azərbaycan Respublikası Hesablama Palatasının və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilir. Bu hesabatlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Hesablama Palatasına təqdim edilir.

6.2. Azərbaycan Respublikasının Hesablama Palatası işsizlikdən sığorta fondunun büdcəsinin layihəsinə və icrasına dair hesabatlara rəy verir.

 

7. İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim edilməsi qaydasının icrasına nəzarət

 

7.1. İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim edilməsi qaydasının icrasına nəzarəti Fondun yerli qurumları və Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müvafiq orqanları aşağıdakı qaydada həyata keçirirlər: [6]

7.1.1. Fondun yerli qurumları – “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinin elektron monitorinqini və işsizlikdən sığorta haqqı üzrə daxilolmaların Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq yolu ilə; [7]

7.1.2. Vergi orqanları – “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə uyğun olaraq işsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət, işsizlikdən sığorta haqqı üzrə yaranmış borcların alınması, işsizlikdən sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş işsizlikdən sığorta haqqının qaytarılmasına nəzarəti aparmaq yolu ilə.

7.2. Sığortaedənlər işsizlikdən sığorta haqqının hesablanması, ödənilməsi, hesabatın təqdim edilməsi ilə bağlı məsələlərdə Fondun yerli qurumlarının və vergi orqanlarının işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəmə qaydasında şikayət edə bilərlər. [8]

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       4 iyun 2018-ci il tarixli 251 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 iyun 2018-ci il, № 126, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1350)

2.       10 iyul 2019-cu il tarixli 298 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2019-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1321)

3.       5 mart 2021-ci il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 279)

4.       4 iyun 2022-ci il tarixli 221 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 iyun 2022-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №6, maddə 662)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 5 mart 2021-ci il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 279) ilə “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nın 2.2-ci bəndində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilmişdir.

 

[2] 4 iyun 2022-ci il tarixli 221 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 iyun 2022-ci il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №6, maddə 662) ilə “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nın 2.5-ci bəndinə xərcləri sözündən sonra “(dövlət büdcəsindən maliyyələşən təşkilatların işsizlikdən sığorta üzrə ödədikləri sığorta haqlarının məbləği çıxılmaqla) sözləri əlavə edilmişdir.

 

[3] 4 iyun 2018-ci il tarixli 251 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 iyun 2018-ci il, № 126, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1350) ilə “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nın 3.1-ci bəndinə “Fond,” sözündən sonra “həmin Qanunun 21.0.3-cü, 21.0.4-cü və 21.0.5-ci maddələrində göstərilən mənbələrdən daxilolmalara və” sözləri əlavə edilmişdir.

10 iyul 2019-cu il tarixli 298 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2019-cu il, № 150) ilə “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nın 3.1-ci bəndində “Fond” sözü “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond)” sözləri ilə əvəz edilmişdir.

5 mart 2021-ci il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 279) ilə “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nın 3.1-ci bəndində “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond)” sözləri “Fond” sözü ilə və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi” sözləri ilə əvəz edilmişdir.

 

[4] 10 iyul 2019-cu il tarixli 298 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2019-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1321) ilə “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nın 4.1-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

4.1. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq qeydiyyata alınmış sığortaedənlər tərəfindən işsizlikdən sığorta haqlarının hesablanmasının və ödənilməsinin uçotu aparılmalıdır. Sığortaedənlər hər rüb hesablanmış və ödənilmiş işsizlikdən sığorta haqqı barədə hesabatı Fonda təqdim edirlər. İşsizlikdən sığorta haqqı barədə hesabat məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatla birgə təqdim edilir. Hesabatın forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilir.

 

[5] 10 iyul 2019-cu il tarixli 298 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2019-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1321) ilə “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nın 5.2-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

5.2. Sığortaedən tərəfindən işsizlikdən sığorta haqqı ödənilmədikdə və yaxud ödənilməsi gecikdirildikdə, yaranmış borc məbləğlərinin tutulması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun aparılır.

 

[6] 10 iyul 2019-cu il tarixli 298 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2019-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1321) ilə “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nın 7.1-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

7.1. İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim edilməsi qaydasının icrasına nəzarəti Fondun müvafiq orqanları həyata keçirirlər. Fondun orqanları bu nəzarəti sığortaedənlərin qeydiyyatını aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, məcburi dövlət sosial sığorta haqqının toplanılması qaydaları və məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu qaydalarına uyğun həyata keçirirlər.

5 mart 2021-ci il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 279) ilə “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nın 7.1-ci bəndinin birinci abzasına “Fondun” sözündən sonra “yerli qurumları” sözləri əlavə edilmişdir.

 

[7] 5 mart 2021-ci il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 279) ilə “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nın 7.1.1-ci yarımbəndində “orqanları” sözü “yerli qurumları” sözləri ilə əvəz edilmişdir.

 

[8] 10 iyul 2019-cu il tarixli 298 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2019-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1321) ilə “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nın 7.2-ci bəndinə “orqanlarının” sözündən sonra “və vergi orqanlarının” sözləri əlavə edilmişdir.

5 mart 2021-ci il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 279) ilə “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nın 7.2-ci bəndində (birinci halda) “orqanlarının” sözü “qurumlarının” sözü ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status