AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
23.01.2018
QEYDİYYAT NÖMRƏSİ
21
ADI
“Yaşıllıqların müfəssəl siyahısının tərtib edilməsi qaydası, təyinatı və onlardan istifadə Qaydası (rejimi)”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 24-01-2018, Nəşr Nömrəsi: 16), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2018, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 137)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
24.01.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
240.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201801230021
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
25.01.2018
“Yaşıllıqların müfəssəl siyahısının tərtib edilməsi qaydası, təyinatı və onlardan istifadə Qaydası (rejimi)”nın təsdiq edilməsi haqqında

“Yaşıllıqların müfəssəl siyahısının tərtib edilməsi qaydası, təyinatı və onlardan istifadə Qaydası (rejimi)”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 190 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 840-VQD nömrəli Qanununun tətbiqi və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 190 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 8 dekabr tarixli 1718 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Yaşıllıqların müfəssəl siyahısının tərtib edilməsi qaydası, təyinatı və onlardan istifadə Qaydası (rejimi)” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 23 yanvar 2018-ci il

     № 21

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2018-ci il 23 yanvar tarixli 21 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

 

Yaşıllıqların müfəssəl siyahısının tərtib edilməsi qaydası, təyinatı və onlardan istifadə

 

QAYDASI (rejimi)

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 190 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinə və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 840-VQD nömrəli Qanununun tətbiqi və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 190 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 8 dekabr tarixli 1718 nömrəli Fərmanına əsasən hazırlanmışdır və yaşıllıqların müfəssəl siyahısının tərtib edilməsi qaydasını, təyinatını və onlardan istifadə qaydasını müəyyən edir.

1.2. Bu Qayda meşə fondu torpaqlarında, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrində olan, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlara (əkinlərə) şamil olunmur.

1.3. Mədəni abidələr sayılan yaşıllıqlar - landşaft arxitektura abidələri və bağ-park incəsənəti (bağlar, parklar, xiyabanlar, bulvarlar) sahələri “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qaydaya uyğun tənzimlənir.

 

2. Yaşıllıqların müfəssəl siyahısının tərtib edilməsi qaydası

 

2.1. Yaşıllıqların müfəssəl siyahısı (bundan sonra - Siyahı) yaşıllıqların uçotu və monitorinq məlumatları əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tərtib edilir və bu Siyahıda dəyişikliklər həmin Nazirlik tərəfindən aparılır.

2.2. Siyahıya bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, respublika ərazisində təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkiləri, onların əkin materialları (toxumlar, şitillər, tinglər) daxil edilir.

2.3. Siyahı tərtib edilərkən yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri (o cümlədən yaşı), növləri, ərazisi və onlar barədə digər əlaqəli məlumatlar toplanılır. Yaşıllıqların yaşı kol, gül-çiçək və ot bitkilərinin birillik və çoxillik olmaqla qruplara ayrılması, onların nə zaman salınmasının öyrənilməsi və ya illik həlqələrinin sayılması yolu ilə müəyyən edilir.

2.4. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr ilə birlikdə yaşıllıqların monitorinqinin nəticələri əsasında yaşıllıqların növlərini müəyyən edir, onların yerləşdiyi ərazilərdə torpaqların münbitliyinin artırılmasının, lazımi rütubət mühitinin yaradılmasının, su və külək eroziyasından qorunmasının təmin edilməsinin mövcud vəziyyətini öyrənir, bu sahədə zəruri tədbirlərin görülməsi üçün operativ iş planı və tövsiyələr hazırlayır, yaşıllıqlar barədə materialların nəşrini təmin edir.

 

3. Yaşıllıqların təyinatı

 

3.1. Yaşıllıqların təyinatından və istifadə qaydasından (rejimindən) asılı olaraq, şəhərlərdə və digər yaşayış məntəqələrində, infrastruktur obyektlərinin hüdudlarında yaşıllıqların növləri aşağıdakılardır:

3.1.1. ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar);

3.1.2. məhdud istifadəli yaşıllıqlar (məhəllədaxili, təhsil və tibb, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar); [1]

3.1.3. xüsusi təyinatlı yaşıllıqlar:

3.1.3.1. sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında olan yaşıllıqlar;

3.1.3.2. infrastruktur obyektlərinin (magistral dəmir və avtomobil yollarının, enerji kəmərlərinin və obyektlərinin, su kanallarının, digər obyektlərin) hüdudlarında salınmış yaşıllıq zolaqları, tinglər (şitillər), küçə yaşıllıqları;

3.1.3.3. mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalarda olan yaşıllıqlar;

3.1.3.4. xatirə kompleksləri (xiyabanlar), qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar.

 

4. Yaşıllıqlardan istifadə

 

4.1. Yaşıllıqların mühafizəsi sahəsində hüquq münasibətlərinin subyektləri olan dövlət orqanları, bələdiyyələr, fiziki və hüquqi şəxslər yaşıllıqlardan istifadəni aşağıdakı qaydada həyata keçirirlər:

4.1.1. yaşıllıq ərazilərində təsərrüfat, şəhərsalma, tikinti və digər fəaliyyətlər zamanı yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin tələblərinə, yaşıllıqların mühafizəsi tədbirlərinə əməl edilməsi, mütəmadi olaraq tullantıların yığışdırılmasının təmin edilməsi;

4.1.2. yaşıllıqların sanitariya-gigiyena və fitosanitar normalara riayət etməklə xəstəlik və zərərvericilərin təsiri nəticəsində, habelə kimyəvi maddələr və digər tullantılarla ciddi zədələnmiş, qurumuş, ətrafdakılar üçün təhlükəli (o cümlədən aşma təhlükəsi) olan yaşıllıqların qanunvericiliyin tələblərinə uyğun olaraq götürülməsinin həyata keçirilməsi;

4.1.3. yaşıllıq ərazilərinin ekoloji, sağlamlaşdırılma, turizm və rekreasiya məqsədləri ilə istifadəsinə neqativ təsir göstərən təsərrüfat fəaliyyətinin aparılmaması.

4.2. Yaşıllıqlardan istifadə zamanı istifadəçilər onları zədələməməli və məhv etməməli, o cümlədən onların zədələnməsinə və məhv edilməsinə səbəb ola biləcək aşağıdakı fəaliyyətlərə yol verməməlidirlər:

4.2.1. yaşıllıq ərazilərinin tikintisi və abadlaşdırılması ilə əlaqədar olan hallar istisna olmaqla, həmin ərazilərdə material və konstruksiyaların anbarlanması;

4.2.2. yaşıllıqların istehsalat və məişət tullantıları ilə çirkləndirilməsi;

4.2.3. yaşıllıqların zədələnməməsi üçün müvafiq tədbirlər görülmədən binaların üstündən qar və buzların yaşıllıq ərazilərinə kürünməsi;

4.2.4. yarpaq tökümü zamanı xəzəlin ağacların gövdə ətrafına və kolların, çəmənliyin üzərinə toplanaraq yandırılması;

4.2.5. buzlaşmaya qarşı duz və digər kimyəvi preparatlardan istifadə olunması;

4.2.6. kimyəvi maddələrin çəmənlərin, ağac və kolların diblərinə və üzərilərinə atılması;

4.2.7. çəmənliklərin ayaqlanaraq zədələnməsi;

4.2.8. ev heyvanlarının gəzintisi zamanı yaşıllıqların zədələnməsi;

4.2.9. yanğın təhlükəsizliyi tələblərinin pozulması (pirotexniki əşyaların, ocaq və manqalların yandırılması və s.);

4.2.10. zədələyərək ağaclardan gövdə suyu və qətranın əldə edilməsi;

4.2.11. yaşıllıq ərazilərinin bellənməsi, şumlanması və çiçəklərin dərilməsi;

4.2.12. yaşıllıq ərazilərində avtomobil və digər mexaniki nəqliyyat vasitələrinin hərəkət etməsi və onların dayanacağının təşkil olunması.

4.3. Şəhər və digər yaşayış məntəqələrinin yaşıllıq ərazilərində və ya bilavasitə həmsərhəd ərazilərdə aparılan tikinti fəaliyyəti (tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) və ya sökülməsi məqsədi ilə həyata keçirilən fəaliyyət) zamanı aşağıdakılara riayət olunmalıdır:

4.3.1. bitkilərin tikinti sahələrindən ən azı 2 (iki) metr hündürlüyündə qoruyucu lövhələrlə əhatə olunmasına (lövhələr bitkilərin gövdələrindən 0,5 metrdən yaxın olmamalıdır);

4.3.2. daş döşəmə və asfaltlama işləri zamanı hər bitkinin ətrafında diametri 1 (bir) metrdən az olmayan açıq torpaq səthinin saxlanılması.

4.4. Böyüdükdə iri gövdə və çətirlər alan ağaclar şəhər və digər yaşayış məntəqələrində bina və kommunikasiya xətlərindən 10 (on) metr aralı əkilməlidir.

4.5. Yaşıllıqların salınması zamanı aqrotexniki və dendroloji qaydalara ciddi əməl olunmalı, bu Qaydanın əlavəsində müəyyən olunan minimal məsafələrə uyğun olaraq yaşıllıqların bina və mühəndis-texniki kommunikasiya xətlərindən uzaq olmasına riayət edilməlidir.

 


 

 

“Yaşıllıqların müfəssəl siyahısının tərtib edilməsi qaydası, təyinatı və onlardan istifadə Qaydası (rejimi)”na

əlavə

 

 

Ağac və kolların əkilməsi zamanı bina, qurğu, infrastruktur, mühəndis və başqa obyektlərdən minimal yerləşdirilməsi məsafəsi

 

Sıra

№-si

Obyektlər və yaşıllıqlar arasındakı ölçülər

Ağac gövdəsinə məsafə (metr)

Kolun topa kökünə məsafə (metr)

1.

Bina və qurğunun xarici divarından

5

1,5

2.

Dəmiryol xətti döşəməsinin kənarından

5

3

3.

Səki və bağ yollarının kənarlarından

0,7

0,5

4.

Yolun keçid hissəsinin kənarlarından, bərkidilmiş yol çiyinlərinin və ya xəndəklərin kənarından

2

1

5.

İşıqlandırma dirək və dayaqlarından, körpülərin estakada və dayaqlarından

4

-

6.

Terrasların ətəyindən

1

0,5

7.

Dayaq divarlarının daxili və xarici sərhədlərindən

3

1

8.

Yeraltı şəbəkələrdən:

 

 

8.1.

qaz və kanalizasiya xətlərindən

1,5

1

8.2.

istilik xətti kanalının divarlarından və boru xətlərindən

2

1

8.3.

su xətləri və drenajlardan

2

-

8.4.

rabitə və elektrik xətlərindən

2

0,7

 



 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       30 noyabr 2020-ci il tarixli 466 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1409)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 30 noyabr 2020-ci il tarixli 466 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1409) ilə “Yaşıllıqların müfəssəl siyahısının tərtib edilməsi qaydası, təyinatı və onlardan istifadə Qaydası (rejimi)”nın 3.1.2-ci yarımbəndində “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status