×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
26.02.2018
QEYDİYYAT NÖMRƏSİ
62
ADI
“Sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsilinin dövlət standartları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 28-02-2018, Nəşr Nömrəsi: 46), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2018, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 365)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
28.02.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201802260062
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.03.2018
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsilinin dövlət standartları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 iyun tarixli 1471 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsilinin dövlət standartları” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 26 fevral 2018-ci il

                    № 62

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 fevral tarixli 62 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsilinin dövlət standartları

 

1. Ümumi müddəalar

 

1.1. “Sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsilinin dövlət standartları” (bundan sonra – Standartlar) “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və tabeliyindən, mülkiyyət növündən, təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün xüsusi məktəbəqədər təhsil müəssisələrinə şamil edilir.

1.2. Standartlar sağlamlıq imkanları məhdud uşaqların ehtiyacları nəzərə alınmaqla hazırlanmışdır və məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsinə xidmət edir.

1.3. Standartlara verilən ümumi tələblər aşağıdakılardır:

1.3.1. fərdin, cəmiyyətin, dövlətin maraq və tələbatlarının nəzərə alınması;

1.3.2. təhsilalanların yaş, fiziki, psixoloji və fizioloji xüsusiyyətləri nəzərə alınmaqla, onların sosial, idraki, estetik inkişafının, sadə əmək vərdişlərinə, zəruri həyati bacarıqlara, sosial, milli və ümumbəşəri dəyərlərə yiyələnməsinin prioritet hesab edilməsi;

1.3.3. uşaqlarda mövcud nitq, mоtоrika, sensor və davranış pozulmalarının aradan qaldırılması ilə yanaşı, оnlarda psiхi funksiyaların formalaşdırılması, həyati təcrübənin genişləndirilməsi və ətraf aləm haqqında biliklərin mənimsənilməsi məqsədi ilə korreksiyaedici təlim-tərbiyənin təşkil edilməsi;

1.3.4. uşaqların məktəb təliminə hazırlanmasının təmin olunması;

1.3.5. xüsusi məktəbəqədər təhsil müəssisəsinin akkreditasiyasında və təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsində və attestasiyasında standartların əsas götürülməsi.

1.4. Standartlar 5 il müddətinə qəbul olunur və yeni standartlar təsdiq edilənədək qüvvəsini saxlayır.

1.5. Standartlar aşağıdakıları müəyyən edir:

1.5.1. xüsusi məktəbəqədər təhsilin məzmununu;

1.5.2. xüsusi məktəbəqədər təhsilin idarə olunmasını;

1.5.3. xüsusi məktəbəqədər təhsilin infrastrukturunu, maddi-texniki və tədris bazasını;

1.5.4. xüsusi məktəbəqədər təhsil sistemində təhsilverənlərin keyfiyyət göstəricilərini;

1.5.5. xüsusi məktəbəqədər təhsil sistemində təhsilalanların bilik, bacarıq və vərdişlərinin ilkin səviyyəsini.

 

2. Xüsusi məktəbəqədər təhsilin məzmunu

 

2.1. Xüsusi məktəbəqədər təhsilin məzmunu aşağıdakı didaktik prinsiplər əsasında müəyyənləşdirilir:

2.1.1. korreksiyaedici təlim-tərbiyə – uşaqların əqli, fiziki inkişafındakı pozuntuların korreksiyası; [1]

2.1.2. nəticəyönlülük – təhsilin məzmununun əvvəlcədən müəyyən olunmuş nəticələr əsasında müəyyən edilməsi;

2.1.3. uşaqyönlülük – təlim-tərbiyə prosesinin bilavasitə uşağın meyil və marağının, təhsil tələbatının ödənilməsinə, istedad potensialının reallaşdırılmasına və inkişafına yönəldilməsi;

2.1.4. şəxsiyyətyönlülük – uşaqlarda zəruri həyati bacarıqların və dəyərlərin formalaşdırılması;

2.1.5. inkişafyönlülük – uşaqların idrak fəallığının, təhsil nailiyyətlərinin davamlı təhlili və qiymətləndirilməsi yolu ilə onların bilik, bacarıq və vərdişlərinin inkişafının təmin olunması;

2.1.6. fərdilik – təlim prosesinin hər bir uşağın psixofizioloji inkişaf xüsusiyyətlərini nəzərə almaqla qurulması;

2.1.7. varislik – müəyyən edilmiş yaş qrupları üzrə tətbiq edilən təhsil proqramlarının məzmun və mahiyyət etibarilə bir-birini tamamlaması;

2.1.8. inteqrativlik – təlimin məzmun komponentlərinin əlaqələndirilməsi;

2.1.9. azərbaycançılıq – uşaqların vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə edilməsi, onlarda fəal vətəndaş mövqeyinin formalaşdırılması, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə hörmət hissinin aşılanması;

2.1.10. dünyəvilik – dünyaya aid olma, dünya ilə bağlı olma, dinlə əlaqəsi olmama;

2.1.11. müxtəlifliyin qəbul olunması – fiziki, psixi, intellektual, mədəni-etnik, dil və digər xüsusiyyətlərindən asılı olmayaraq, bütün uşaqların bərabər şəkildə təhsil sistemində iştirakı.

2.2. Xüsusi məktəbəqədər təhsilin məzmunu müəyyənləşdirilərkən aşağıdakılar nəzərə alınır:

2.2.1. sağlamlıq imkanları məhdud uşaqların potensial imkanlarını və yaşını, istək və maraqlarını nəzərə alaraq, onların əqli, fiziki, sosial, emosional və nitq qabiliyyətlərini inkişaf etdirməklə öyrənmə mühitinin yaradılması;

2.2.2. sağlamlıq imkanları məhdud uşaqların fərdi, psixofizioloji və yaş xüsusiyyətlərinin nəzərə alınması;

2.2.3. sağlamlıq imkanları məhdud uşaqların sağlamlığının qorunması, psixofiziki inkişafında olan pozulmaların qarşısının alınması və onların sağlam həyat tərzinin təmin edilməsi;

2.2.4. uşaq şəxsiyyətinin harmonik inkişafının, onun maraqlarının təmin olunmasının və milli dəyərlərlə tanışlıq əsasında bacarıqlarının inkişafının təmin edilməsi;

2.2.5. uşağın sosial mühitdə və cəmiyyətdə səmərəli şəkildə yaşamasına imkan verən fərdi sosial və mənəvi keyfiyyətlərin formalaşdırılması;

2.2.6. kommunikativ, əqli, oyun və digər fəaliyyətlərin stimullaşdırılması;

2.2.7. müstəqillik, məsuliyyət və cavabdehlik hissi, öz qüvvəsinə inam, iradi xüsusiyyətlər (əqli cəhətdən geri qalan uşaqlar istisna olmaqla);

2.2.8. müstəqil öyrənmə və qərar qəbuletmə meylinin inkişaf etdirilməsi (əqli cəhətdən geri qalan uşaqlar istisna olmaqla);

2.2.9. ətraf aləmin dərk olunması.

2.3. Xüsusi məktəbəqədər təhsil müəssisəsində qruplar üzrə uşaqların sayı aşağıdakı kimi müəyyənləşdirilir:

 

 

1-3 yaşadək

3-7 yaşadək

kor uşaqlar

6

6

zəifgörən, çəpgöz və ambliopiyalı uşaqlar

6

6

kar uşaqlar

6

6

zəifeşidən uşaqlar

6

8

nitqi ümumən inkişaf etməyən uşaqlar

6

10

kəkələyən uşaqlar

-

10

nitqi fonetik cəhətdən inkişaf etməyən uşaqlar

-

12

əqli cəhətdən geri qalan uşaqlar

6

6

dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları olan uşaqlar

6

6

mürəkkəb çatışmazlıqları olan uşaqlar

-

6

 

2.4. Xüsusi məktəbəqədər təhsil müəssisələrində uşaqlar sağlamlıq imkanlarının məhdudluğuna və yaş səviyyəsinə uyğun qruplara qəbul olunurlar.

 

3. Xüsusi məktəbəqədər təhsilin idarə olunması

 

3.1. Xüsusi məktəbəqədər təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsas tutulmaqla, Azərbaycan Respublikasının “Təhsil haqqında”, “Publik hüquqi şəxslər haqqında”, “Məktəbəqədər təhsil haqqında” qanunlarına və öz nizamnaməsinə uyğun olaraq idarə edilir.

3.2. Xüsusi məktəbəqədər təhsil müəssisəsinin rəhbəri ali ixtisas təhsilinə və ya ali pedaqoji təhsilə (ali ixtisas təhsilinə üstünlük verilir) malik olan və təhsil sahəsində təcrübəsi olan şəxs təyin edilir.

3.3. Dövlət xüsusi məktəbəqədər təhsil müəssisəsinə Azərbaycan Respublikası elm və təhsil nazirinin təyin etdiyi şəxs rəhbərlik edir. [2]

3.4. Bələdiyyənin təsis etdiyi xüsusi məktəbəqədər təhsil müəssisəsinə rəhbərliyi bələdiyyə tərəfindən, özəl xüsusi məktəbəqədər təhsil müəssisəsinə rəhbərliyi isə həmin təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) tərəfindən təyin edilmiş şəxs həyata keçirir.

3.5. Xüsusi məktəbəqədər təhsil müəssisəsinin rəhbərinin səlahiyyətləri onun nizamnaməsi ilə müəyyən edilir.

3.6. Xüsusi məktəbəqədər təhsil müəssisəsinin idarə olunmasında demokratikliyi, kollegiallığı və şəffaflığı təmin etmək məqsədi ilə müəssisədə ictimai əsaslarla özünüidarə orqanları (ümumi yığıncaq, pedaqoji şura, himayəçilər və qəyyumlar şurası, valideynlər şurası) yaradılır.

3.7. Dövlət xüsusi məktəbəqədər təhsil müəssisəsində ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Pedaqoji Şuradır.

3.8. Məktəbəqədər təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Nümunəvi Əsasnaməni Azərbaycan Respublikasının Nazirlər Kabineti, dövlət xüsusi məktəbəqədər təhsil müəssisəsinin pedaqoji şurasının əsasnaməsini təsisçi təsdiq edir.

3.9. Bələdiyyə və özəl xüsusi məktəbəqədər təhsil müəssisələrində ali idarəetmə orqanı həmin təhsil müəssisələrinin nizamnaməsi ilə müəyyən olunur.

 

4. Xüsusi məktəbəqədər təhsilin infrastrukturu, maddi-texniki və tədris bazası

 

4.1. Standartların yerinə yetirilməsini təmin etmək və korreksiyaedici təlim-tərbiyəni həyata keçirmək məqsədilə xüsusi məktəbəqədər təhsil müəssisələrində əlverişli infrastruktur və zəruri maddi-texniki və tədris bazası yaradılır.

4.2. Xüsusi məktəbəqədər təhsilin infrastrukturuna təhlükəsiz təhsil şəraiti, peşəkar pedaqoji (korreksiyaedici) kadrlarla təminat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nə cavab verən binalar (yardımçı bina), həyətyanı sahə, sadə idman qurğuları, rabitə, su, istilik, elektrik sistemləri, bərpa olunan enerji mənbələri, internet xidməti, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün müvafiq şərait (liftlər, panduslar, divarboyu tutacaqlar və s.) daxildir. [3]

4.3. Xüsusi məktəbəqədər təhsil müəssisəsinin maddi-texniki bazasına qrup, yataq və oyun otaqları, uşaq mebelləri, musiqi və idman zalları, metodiki kabinet, tibb otağı, tibb avadanlıqları, izolyator, yeməkxana, mətbəx, mətbəx avadanlıqları, ərzaq anbarı, yumşaq inventar anbarı, camaşırxana daxildir.

4.4. Xüsusi məktəbəqədər təhsilin tədris bazasına xüsusi metodik ədəbiyyat, məşğələ cədvəli, əyani vəsaitlər, masaüstü oyunlar, didaktik, nümayişetdirici və paylayıcı materiallar, ekoloji cəhətdən təhlükəsiz oyuncaqlar, sağlamlıq imkanları məhdud olan uşaqların kateqoriyalarına uyğun xüsusi texniki təlim vasitələri (eşitmə, görmə aparatları və s.), əşyalar və süjetli şəkillərdən ibarət illüstrasiyalar, şeir və yanıltmacların səsləndirilməsi üçün oyuncaqlar, səslərin düzgün tələffüzü üçün illüstrasiyalı materiallar, uşaq bədii ədəbiyyatı, kiçik musiqi alətləri, fizioterapiya otağı daxildir.

 

5. Xüsusi məktəbəqədər təhsil müəssisəsində təhsil prosesinin iştirakçıları

 

5.1. Xüsusi məktəbəqədər təhsil prosesinin iştirakçıları aşağıdakılardır:

5.1.1. təsisçilər;

5.1.2. təhsilalanlar;

5.1.3. təhsil müəssisəsinin rəhbəri;

5.1.4. təhsilverənlər (pedaqoji işçilər) – tərbiyəçi-müəllimlər, metodistlər, defektoloqlar, loqopedlər, musiqi rəhbərləri, psixoloqlar;

5.1.5. digər işçilər – işçi heyəti (tibb işçiləri, texniki işçilər, dayələr);

5.1.6. valideynlər və ya digər qanuni nümayəndələr;

5.1.7. təhsili idarəetmə orqanları və bələdiyyələr;

5.1.8. məktəbəqədər təhsil müəssisəsi ilə bilavasitə təhsil sahəsində əməkdaşlıq edən digər fiziki və hüquqi şəxslər.

5.2. Xüsusi məktəbəqədər təhsil müəssisələrində pedaqoji işə məktəbəqədər pedaqoji ali və ya orta ixtisas təhsilli kadrlar qəbul edilirlər.

 

6. Xüsusi məktəbəqədər təhsil müəssisəsində təhsilverənlərin keyfiyyət göstəriciləri

 

6.1. Xüsusi məktəbəqədər təhsil sistemində təhsilverənlərin keyfiyyət göstəriciləri aşağıdakılardır:

6.1.1. sağlamlıq imkanları məhdud uşaqların xüsusiyyətlərini bilmək;

6.1.2. metodik ustalıq və səriştəlilik;

6.1.3. uşaq psixologiyasını yaxşı bilmək;

6.1.4. uşağın yaşına, potensialına və kompensator imkanlarına əsaslanan düzgün tədris metodlarını seçmək qabiliyyəti;

6.1.5. uşağın maraqlarını və imkanlarını müəyyən etmək və onları inkişaf etdirmək qabiliyyəti;

6.1.6. uşaq və valideynlərlə ünsiyyət və əməkdaşlıq bacarığı, pedaqoji taktika;

6.1.7. pedaqoji etika və mənəvi-əxlaqi keyfiyyətlər;

6.1.8. informasiya-kommunikasiya texnologiyalarından istifadə;

6.1.9. pedaqoji fəaliyyətin planlaşdırılması və təşkili üzrə bacarıqlar;

6.1.10. yeni interaktiv təlim metodlarından istifadə etmək bacarığı, təhsil texnologiyalarına yaradıcı yanaşma;

6.1.11. özünütəhsil və müəssisənin idarə olunmasında iştiraketmə;

6.1.12. uşaqlarda olan maraq və qabiliyyəti aşkar edərək, onları inkişaf etdirmək;

6.1.13. uğurlu fəaliyyət üçün əlverişli mühit və şərait yaratmaq bacarığı;

6.1.14. hər bir sağlamlıq imkanları məhdud uşağın fərdi imkanlarını nəzərə alaraq, cəmiyyətə uğurlu inteqrasiyasını və sosiallaşmasını həyata keçirə bilmək.

 

7. Xüsusi məktəbəqədər təhsilin yaş səviyyələrinə uyğun inkişaf sahələri üzrə ümumi təlimin nəticələri

 

7.1. Standartlar və xüsusi məktəbəqədər təhsilin məzmunu müxtəlif fəaliyyət növlərində uşaq şəxsiyyətini, motivasiyasını və qabiliyyətlərini inkişaf etdirməlidir. Bu aşağıdakı inkişaf sahələrini əhatə etməlidir:

7.1.1. sosial və kommunikativ inkişaf;

7.1.2. əqli inkişaf;

7.1.3. nitq inkişafı;

7.1.4. fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik;

7.1.5. bədii və estetik inkişaf.

7.2. Xüsusi məktəbəqədər təhsil korreksiyaedici istiqamətli olmalıdır. Bu Standartların 6.1-ci bəndində göstərilən sahələrin inkişaf etdirilməsi sağlamlıq imkanları məhdud uşaqların kateqoriyasının, yaş və fərdi inkişaf səviyyəsinin, potensial və kompensator imkanlarının və “gələcək inkişaf zonasının” nəzərə alınmasını tələb edir.

7.3. 1-3 yaş üzrə inkişaf sahələrinə aid təlimin nəticələri aşağıdakılardan ibarətdir:

7.3.1. sosial və kommunikativ:

7.3.1.1. ilkin ünsiyyət vərdişlərini nümayiş etdirir;

7.3.1.2. böyüklərin tapşırıqlarını yerinə yetirir;

7.3.1.3. sadə davranış qaydalarına riayət edir;

7.3.2. əqli inkişaf:

7.3.2.1. öz adını, soyadını, ailə üzvlərinin adını bilir, Vətənini adlandırır;

7.3.2.2. ətraf mühitdə əşyaları tanıyır və adlandırır;

7.3.2.3. sadə riyazi təsəvvürlərə malik olduğunu nümayiş etdirir (bir və daha çox);

7.3.2.4. əşyaları formasına görə qruplaşdırır;

7.3.3. nitq inkişafı:

7.3.3.1. səsləri düzgün tələffüz edir;

7.3.3.2. 3-4 sözdən ibarət cümlə qurur;

7.3.3.3. kiçikhəcmli şeir söyləyir;

7.3.3.4. sadə süjetli şəkillər üzrə suallara cavab verir;

7.3.4. fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik:

7.3.4.1. sadə fiziki hərəkətləri yerinə yetirir;

7.3.4.2. mədəni gigiyenik vərdişləri nümayiş etdirir;

7.3.4.3. sadə özünəxidmət vərdişlərini nümayiş etdirir;

7.3.4.4. həyatına və sağlamlığına təhlükə yarada biləcək əşyaları tanıyır;

7.3.5. bədii və estetik inkişaf:

7.3.5.1. qələm, quaş və plastilindən təyinatına görə istifadə edir;

7.3.5.2. sakit və yüksək musiqini fərqləndirir.

7.4. 3-7 yaş üzrə inkişaf sahələrinə aid təlimin nəticələri aşağıdakılardan ibarətdir:

7.4.1. sosial və kommunikativ:

7.4.1.1. mədəni ünsiyyət bacarıqları nümayiş etdirir;

7.4.1.2. ətrafdakılara xeyirxah münasibət nümayiş etdirir;

7.4.1.3. birgəfəaliyyət bacarıqları nümayiş etdirir;

7.4.2. əqli inkişaf:

7.4.2.1. hərf və səsləri fərqləndirir;

7.4.2.2. hadisələri məkan və zamana görə müqayisə edir;

7.4.2.3. həndəsi fiqurları (dairə, üçbucaq, kvadrat) adlandırır və fərqləndirir;

7.4.2.4. 10 dairəsində sayır;

7.4.3. nitq inkişafı:

7.4.3.1. dialoji və monoloji nitq bacarıqları nümayiş etdirir;

7.4.3.2. şəkil üzrə mətn qurur;

7.4.4. fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik:

7.4.4.1. fiziki hərəkətləri sərbəst yerinə yetirir;

7.4.4.2. gigiyenik prosedurları yerinə yetirir;

7.4.4.3. masa arxasında süfrə mədəniyyətini nümayiş etdirir;

7.4.4.4. həyatına və sağlamlığına təhlükə yarada biləcək əşyaları tanıyır və adlandırır;

7.4.5. bədii və estetik inkişaf:

7.4.5.1. bədii obrazları fərqləndirir;

7.4.5.2. sadə elementlərdən naxışlar qurur;

7.4.5.3. yapma zamanı ardıcıllığı müəyyən edir;

7.4.5.4. sadə və rəngli karandaşlardan təyinatına görə istifadə edir;

7.4.5.5. musiqinin tempinə uyğun hərəkətlər edir.

 

8. Uşaq inkişafının təşkili və dəyərləndirilməsi

 

8.1. Bu Standartlarda nəzərdə tutulanların uğurla həyata keçirilməsi üçün aşağıdakı psixoloji və pedaqoji şərait təmin edilməlidir:

8.1.1. uşaqlarda insan ləyaqətinə hörmətin, müsbət özünü-qiymətləndirmənin, öz qabiliyyətlərinə və bacarıqlarına inamın formalaşmasının dəstəklənməsi;

8.1.2. uşaqlarla işləyərkən, onların yaş, fərdi və inkişaf xüsusiyyətlərinə uyğun təlimin forma və metodlarından istifadə etmək;

8.1.3. hər bir uşağın maraq və imkanlarına yönəldilmiş və onun inkişaf səviyyəsini, imkanlarını nəzərə alaraq təhsil fəaliyyətinin qurulması;

8.1.4. uşaqların xüsusi fəaliyyət növlərində təşəbbüsünün və müstəqilliyinin dəstəklənməsi;

8.1.5. uşaqların fiziki və psixoloji zorakılığın bütün növlərindən qorunması;

8.1.6. valideynlərin və ya digər qanuni nümayəndələrin uşaqların tərbiyəsi, onların sağlamlığının qorunması və möhkəmləndirilməsi işində dəstəklənməsi, ailələrin təhsil fəaliyyətində birbaşa iştirak etməsi.

8.2. Sağlamlıq imkanları məhdud olan uşaqların şərt və ayrı-seçkilik olmadan keyfiyyətli təhsil almaları, pozulmaların diaqnostikası və korreksiyası, uşaqların sosial adaptasiyası, xüsusi psixoloji və pedaqoji yanaşmalar əsasında uyğun erkən qabaqlayıcı yardımın göstərilməsi üçün əlverişli şərait yaradılmalıdır.

8.3. Məktəbəqədər təhsil müəssisəsi tərəfindən uşaq inkişafının dəyərləndirilməsi

aşağıdakı məqsədlərlə aparılır:

8.3.1. təhsilalanların inkişafı və təlimi haqqında ailələri məlumatlandırmaq;

8.3.2. inkişafetdirici təlim mühitini davamlı olaraq qiymətləndirmək;

8.3.3. inkişaf istiqamətini proqnozlaşdırmaq üçün təhsil-alanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini dəyərləndirmək.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       24 noyabr 2020-ci il tarixli 460 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2020-ci il, № 249, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1403)

2.       1 noyabr 2021-ci il tarixli 333 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2021-ci il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1256)

3.       15 aprel 2022-ci il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 404)

4.       21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 24 noyabr 2020-ci il tarixli 460 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2020-ci il, № 249, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1403) ilə “Sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsilinin dövlət standartları”nın 2.1.1-ci yarımbəndində “qüsurların” sözü “pozuntuların” sözü ilə əvəz edilmişdir.

 

[2] 15 aprel 2022-ci il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 404) ilə “Sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsilinin dövlət standartları”nın “Sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsilinin dövlət standartları”nın 3.3-cü bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

3.3. Yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət xüsusi məktəbəqədər təhsil müəssisəsinə yerli icra hakimiyyəti orqanının təyin etdiyi şəxs rəhbərlik edir.

 

21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552) ilə “Sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsilinin dövlət standartları”nın 3.3-cü bəndində “təhsil” sözü “elm və təhsil” sözləri ilə əvəz edilmişdir.

 

[3] 1 noyabr 2021-ci il tarixli 333 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2021-ci il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 11, maddə 1256) ilə “Sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsilinin dövlət standartları”nın 4.2-ci bəndində “alternativ” sözü “bərpa olunan” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status