AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
28.02.2018
QEYDİYYAT NÖMRƏSİ
64
ADI
“Ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 02-03-2018, Nəşr Nömrəsi: 48), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2018, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 367)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
02.03.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201802280064
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
06.03.2018
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili Qaydası”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 iyun tarixli 1471 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 28 fevral 2018-ci il

     № 64

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2018-ci il 28 fevral tarixli 64 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

 

Ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 8.8-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili qaydasını tənzimləyir.

1.2. Məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərməyən ərazilərdə valideynlərin (digər qanuni nümayəndələrin) istəyi ilə ailə tipli və ya icma əsaslı, yaxud qısamüddətli təlim qrupları yaradıla bilər.

 

2. Ailə tipli təlim qruplarında məktəbəqədər təhsilin təşkili

 

2.1. Ailə tipli təlim qrupları məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərməyən ərazilərdə valideynlərin istəyi ilə yaradıla bilər.

2.2. Ailə tipli təlim qrupları yaradılacaq əraziyə ən yaxın inzibati ərazi vahidində fəaliyyət göstərən dövlət məktəbəqədər təhsil müəssisəsinin struktur bölməsi kimi təşkil olunur və həmin müəssisənin nizamnaməsinə uyğun fəaliyyət göstərir.

2.3. Ailə tipli təlim qrupları 1,5 yaşdan 6 yaşadək 3 və daha çox uşağı olan ailələrdə təşkil olunur. Çoxuşaqlı ailədə 1 və ya 2 məktəbəqədər yaşlı uşaq olduğu halda, digər ailələrdən məktəbəqədər yaşlı uşaqları qəbul etməklə, ailə tipli təlim qrupunun təşkilinə yol verilir.

2.4. Ailə tipli təlim qrupları 1, 5 yaşdan 6 yaşadək uşaqların təlimini, tərbiyəsini, sağlamlığını təmin edir, onlara qulluğu və nəzarəti həyata keçirir.

2.5. Ailə tipli təlim qruplarında uşaqların sayı 7 nəfər müəyyənləşdirilir.

2.6. Ailə tipli təlim qrupları 5 günlük iş həftəsi üzrə saat 9:00-dan 12:00-dək və ya 13:00-dan 16:00-dək rejim ilə fəaliyyət göstərir.

2.7. Ailə tipli təlim qrupları uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsinin yüksəldilməsi məqsədi ilə təşkil edilir.

2.8. Ailə tipli təlim qruplarında təhsilin məzmunu təhsil proqramları əsasında uşaqların yaş xüsusiyyətlərinə uyğun müəyyənləşdirilir.

2.9. Ailə tipli təlim qruplarında tərbiyəçi-müəllimin vəzifəsinin yerinə yetirilməsinə nəzarəti və metodiki köməkliyi məktəbəqədər təhsil müəssisəsi təmin edir.

2.10. Ailə tipli təlim qruplarında təhsil prosesinin təşkili uşaqların intellektual, fiziki, mənəvi inkişafına xidmət edən bilik, bacarıq və vərdişlərin aşılanması üçün şərait yaradılmasını nəzərdə tutur.

2.11. Ailə tipli təlim qrupları ümumi inkişafetdirici istiqamətli ola bilər və ya məktəbəqədər təhsil proqramı tətbiq olunmadan da uşaqlara qulluq və nəzarəti həyata keçirə bilər.

 

3. Ailə tipli təlim qruplarının fəaliyyətinin təşkili

 

3.1. Ailə tipli təlim qrupları bu Qaydanın 4.4 - 4.6-cı bəndlərinə müvafiq olaraq bazasında təşkil olunduğu məktəbəqədər təhsil müəssisəsinin müdirinin əmri ilə yaradılır.

3.2. Ailə tipli təlim qrupları çoxuşaqlı ailənin yaşadığı evdə təşkil olunur.

3.3. Ailə tipli təlim qruplarında işləmək üçün nəzdində təşkil olunduğu məktəbəqədər təhsil müəssisəsinin mövcud ştat vahidləri dairəsində tərbiyəçi-müəllim ştatı ayrılır. Tərbiyəçi-müəllim vəzifəsinə müvafiq təhsili və ya tam orta təhsili olan çoxuşaqlı ailənin valideyni (digər qanuni nümayəndəsi) təyin edilir.

3.4. Ailə tipli təlim qruplarının tərbiyəçi-müəlliminin hüququ və sosial təminatı Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” və əmək müqaviləsi ilə müəyyənləşdirilir.

3.5. Ailə tipli təlim qruplarında işləyənlər “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 18.2.10-cu maddəsinə uyğun olaraq ildə bir dəfə dövlət hesabına, lakin həmin yerdə yaşayan ailənin digər üzvləri isə öz hesabına tibbi müayinədən keçirlər.

3.6. Ailə tipli təlim qruplarının tərbiyəçi-müəllimi nəzdində təşkil olunduğu məktəbəqədər təhsil müəssisəsinin müdiri ilə birgə uşaqların həyatına, sağlamlığına, tərbiyəsi və təliminə görə məsuliyyət daşıyır.

3.7. Ailə tipli təlim qruplarında uşaqlar nəzdində təşkil olunduğu məktəbəqədər təhsil müəssisəsinin kontingenti sayılırlar.

3.8. Ailə tipli təlim qrupuna uşaqların qəbulu bazasında təşkil olunduğu məktəbəqədər təhsil müəssisəsi ilə valideyn (digər qanuni nümayəndə) arasında bağlanılan müqavilə əsasında həyata keçirilir.

3.9. Ailə tipli təlim qruplarında uşaqlara tibbi xidmət kənd və qəsəbə həkim (və ya tibb) məntəqələri tərəfindən göstərilir.

3.10. Ailə tipli təlim qruplarında iş rejimi bu Qaydanın 2.6-cı bəndinə uyğun olaraq təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir.

 

4. Ailə tipli təlim qruplarının yaradılması

 

4.1. Ailə tipli təlim qrupları həmin qrupların yaradılacağı ev haqqında rayon (şəhər) gigiyena və epidemiologiya mərkəzlərinin müsbət rəyi olduğu halda təşkil edilir.

4.2. Ailə tipli təlim qrupları sanitariya-gigiyena, əks-epidemik və yanğından mühafizə tələblərinə cavab verməlidir.

4.3. Ailə tipli təlim qruplarında təlim-tərbiyə prosesinin təşkili üçün oyuncaqlar, kitablar, təlim vəsaitləri, stol, stul, uşaqların istirahəti üçün otaq ayrılmalıdır.

4.4. Ailə tipli təlim qruplarının yaradılması üçün himayəsində üç və daha çox uşaq olan valideyn (digər qanuni nümayəndə) Azərbaycan Respublikasının Təhsil Nazirliyinə (bundan sonra Nazirlik) aşağıdakı sənədləri təqdim edir: [1]

4.4.1. ailə tipli təlim qrupunun yaradılması ilə bağlı ərizə;

4.4.2. ailə tipli təlim qrupunun təşkil olunacağı evin texniki pasportu;

4.4.3. övladının (himayəsində olan uşağın) ailə tipli təlim qrupuna qəbul edilməsi ilə bağlı valideynlərin (digər qanuni nümayəndələrin) ərizəsi;

4.4.4. tərbiyəçi-müəllimin və ailə üzvlərinin sağlamlığı haqqında arayış;

4.4.5. tərbiyəçi-müəllimin təhsili haqqında sənəd;

4.4.6. ailə tipli təlim qrupu haqqında rayon (şəhər) gigiyena və epidemiologiya mərkəzlərinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin yerli qurumlarının müsbət rəyi.

4.5. Ailə tipli təlim qrupunun yaradılması ilə bağlı ərizəyə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.

4.6. Ailə tipli təlim qrupunun yaradılmasına razılıq verildiyi halda, Nazirlik ailə tipli təlim qrupu yaradılacaq ən yaxın inzibati ərazi vahidində fəaliyyət göstərən dövlət məktəbəqədər təhsil müəssisəsinə ailə tipli təlim qrupunun yaradılması barədə göstəriş verir. [2]

4.7. Təqdim olunan sənədlərdə göstərilən məlumatlar “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qaydanın tələblərinə uyğun olmadıqda, ailə tipli təlim qruplarının yaradılmasından imtina edilir. Bu halda imtinanın əsasları göstərilməklə, ərizəçiyə məlumat verilir.

4.8. Ailə tipli təlim qrupunun yaradılması ilə bağlı imtinadan inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

 

5. Ailə tipli təlim qruplarının maliyyələşdirilməsi

 

5.1. Ailə tipli təlim qruplarının saxlanılması xərcləri nəzdində təşkil olunduğu məktəbəqədər təhsil müəssisəsinin maliyyələş-dirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulan müvafiq vəsait dairəsində təmin edilir.

 

6. İcma əsaslı təlim qruplarında məktəbəqədər təhsilin təşkili

 

6.1. İcma əsaslı təlim qrupları məktəbəqədər təhsillə əhatə səviyyəsinin yüksəldilməsi məqsədi ilə və icmanın tələbatı nəzərə alınmaqla, məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərməyən yerlərdə Azərbaycan Respublikasında vergi ödəyicisi kimi uçota alınmış fiziki şəxslər tərəfindən təşkil olunur.

6.2. İcma əsaslı təlim qrupları 1-3 və ya 3-6 yaşlı uşaqlar üçün təşkil olunur.

6.3. Əhalinin məktəbəqədər təhsil xidmətinə olan ehtiyacı icma üzvləri tərəfindən öyrənilir. Məlumat toplanıldıqdan sonra yerli imkanlar qiymətləndirilir (müvafiq bina, kadr potensialı, uşaqlarını həmin qruplara təyin etmək istəyən valideynlərin və ya digər qanuni nümayəndələrin sayı).

6.4. İcma əsaslı təlim qrupları aşağıdakı binalarda təşkil edilə bilər:

6.4.1. fəaliyyət göstərməyən hər hansı təhsil müəssisəsində;

6.4.2. ümumi təhsil müəssisəsində;

6.4.3. yaradıcılıq və inkişaf mərkəzində; [3]

6.4.4. dövlət mülkiyyətində olan binalarda;

6.4.5. bələdiyyə və xüsusi mülkiyyətdə olan binalarda.

6.5. İcma əsaslı təlim qruplarının təşkil olunduğu binalar aşağıdakı tələblərə cavab verməlidir:

6.5.1. işıqlandırma, ventilyasiya, istilik və içməli su ilə təminat;

6.5.2. girişin ayrı olması;

6.5.3. binanın daxilində sanitar qovşağının olması;

6.5.4. həyətdə uşaqlarla fiziki mədəniyyət məşğələlərinin və oyunların keçirilməsi üçün təhlükəsiz meydançanın olması.

6.6. Rayon (şəhər) gigiyena və epidemiologiya mərkəzlərinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin yerli qurumlarının təlim qrupunun yerləşdirilməsi nəzərdə tutulan bina haqqında müsbət rəyi olmalıdır.

6.7. Azərbaycan Respublikasında vergi ödəyicisi kimi uçota alınmış icma üzvü (üzvləri) ilə icma əsaslı təlim qrupunun yerləşdirilməsi nəzərdə tutulan binanın tabeliyində olduğu aidiyyəti orqan və ya mülkiyyətçi arasında müvafiq müqavilə bağlanılır.

6.8. Azərbaycan Respublikasında vergi ödəyicisi kimi uçota alınmış icma üzvü (üzvləri) Nazirliyə icma əsaslı təlim qrupunun yaradılması barədə aşağıdakı məlumatları təqdim edir:

6.8.1. icma üzvünün “VÖEN”i;

6.8.2. tərbiyəçi-müəllim və digər kadrların sağlamlığı haqqında arayış;

6.8.3. icma əsaslı təlim qrupunun yerləşdirilməsi nəzərdə tutulan binanın ünvanı və rayon (şəhər) gigiyena və epidemiologiya mərkəzlərinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin yerli qurumlarının bina haqqında müsbət rəyi;

6.8.4. Azərbaycan Respublikasında vergi ödəyicisi kimi uçota alınmış icma üzvü (üzvləri) və icma əsaslı təlim qrupunun yerləşdirilməsi nəzərdə tutulan binanın tabeliyində olduğu aidiyyəti orqan və ya mülkiyyətçi arasında bağlanılmış müqavilənin surəti.

6.9. Nazirlik bu Qaydanın 6.8-ci bəndində göstərilən məlumatların təqdim edildiyini təsdiq edir. [4]

 

7. İcma əsaslı təlim qruplarında işləyən pedaqoji kadrlar

 

7.1. İcma əsaslı təlim qruplarında işləmək üçün müvafiq təhsili olan müəllim-tərbiyəçilər və ya kadr çatışmazlığı olduğu halda, icma üzvləri tərəfindən qayğıkeş, məsuliyyətli valideynlər (digər qanuni nümayəndələr) tövsiyə edilir.

7.2. İcma əsaslı təlim qruplarında pedaqoji işin təşkili və ona nəzarət yerli təhsili idarəetmə orqanı tərəfindən həyata keçirilir.

 

8. İcma əsaslı təlim qruplarının fəaliyyətinin təşkili

 

8.1. İcma əsaslı təlim qrupları I və II növbəli ola bilər:

8.1.1. I növbə - saat 9:00-dan 12:00-dək;

8.1.2. II növbə - saat 13:00-dan 16:00-dək.

8.2. İcma əsaslı təlim qruplarında uşaqların sayı 10-15 nəfər müəyyən edilir.

8.3. İcma əsaslı təlim qruplarında tibbi xidmət ərazi üzrə dövlət tibb müəssisəsi tərəfindən həyata keçirilir. [5]

8.4. İcma əsaslı təlim qruplarında təlim bu qrupu təşkil edən icma üzvü (üzvləri) və valideynlər (digər qanuni nümayəndələr) arasında bağlanılmış müqaviləyə uyğun olaraq ödənişli əsaslarla həyata keçirilir.

 

9. İcma əsaslı təlim qruplarının maliyyələşdirilməsi

 

9.1. İcma əsaslı təlim qruplarında göstərilən xidmətlərə görə valideynlər (digər qanuni nümayəndələr) tərəfindən bu Qaydanın 8.4-cü bəndində qeyd olunan müqaviləyə müvafiq olaraq maliyyə vəsaiti ödənilir.

9.2. İcma əsaslı təlim qruplarının maliyyələşdirilməsi ianələr, qrantlar və yardımlar hesabına da həyata keçirilə bilər.

 

10. Qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili

 

10.1. Qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nə uyğun həyata keçirilir.

10.2. Qısamüddətli təlim qruplarının fəaliyyəti büdcə vəsaitinin qənaətinə, əhalinin məktəbəqədər təhsil xidmətlərindən istifadəsinin əlçatan olmasına imkan verir.

10.3. Qısamüddətli təlim qrupları məktəbəqədər təhsilin dövlət standartlarına uyğun olaraq, uşaqların fiziki inkişafını, sağlamlığını və təhlükəsizliyini, idraki, estetik və yaradıcı, sosial-emosional inkişafını təmin edir.

10.4. Qısamüddətli təlim qruplarına məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqlar qəbul edilirlər.

10.5. Qısamüddətli təlim qrupları uşaqların təhsil alma hüquqlarını, onların həyatının qorunmasını, sağlamlığının möhkəmləndirilməsini, fiziki və psixi inkişafını təmin edir.

10.6. Qısamüddətli təlim qruplarında uşaqlarla işin təşkili zamanı aşağıdakı formalardan istifadə olunur:

10.6.1. fərdi;

10.6.2. qrup;

10.6.3. yarım qrup.

 

11. Məktəbəqədər təhsil müəssisəsində qısamüddətli təlim qrupunun təşkili

 

11.1. Qısamüddətli təlim qrupları məktəbəqədər təhsil müəssisəsində təşkil olunur.

11.2. Qısamüddətli təlim qrupları məktəbəqədər təhsil müəssisəsində istifadə edilməyən müvafiq təchizatı olan boş otaqlarda yaradılır.

11.3. Qısamüddətli təlim qrupları Nazirliyin razılığı əsasında məktəbəqədər təhsil müəssisəsinin müdiri tərəfindən yaradılır.

11.4. Uşaqların qısamüddətli təlim qruplarında qalma müddəti valideynlərlə (digər qanuni nümayəndələrlə) bağlanılmış müqavilə ilə tənzimlənir və 2 saatdan 4 saatadək qidalanma olmadan təşkil edilir.

11.5. Qısamüddətli təlim qrupları ödənişli və ya ödənişsiz ola bilər.

11.6. Uşaqlara tibbi xidmət məktəbəqədər təhsil müəssisəsinin tibbi heyəti tərəfindən həyata keçirilir.

11.7. Uşağın təhsili, tərbiyəsi, inkişafının diaqnostikası məktəbəqədər təhsil müəssisəsinin pedaqoji heyəti tərəfindən həyata keçirilir.

11.8. Qısamüddətli təlim qrupunun yaradılması üçün məktəbəqədər təhsil müəssisəsinin müdiri Nazirliyə aşağıdakı sənədləri təqdim edir:

11.8.1. qısamüddətli təlim qrupunun yaradılması ilə bağlı ərizə;

11.8.2. övladlarının (himayəsində olan uşağın) qısamüddətli təlim qrupuna qəbul edilməsi ilə bağlı valideynlərin (digər qanuni nümayəndələrin) ərizəsi;

11.8.3. məktəbəqədər təhsil müəssisəsində qısamüddətli təlim qrupunun yaradılması üçün müvafiq şəraitin olması barədə məlumat.

11.9. Qısamüddətli təlim qrupunun yaradılması ilə bağlı ərizəyə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.

11.10. Təqdim olunan sənədlərdə göstərilən məlumatlar “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qaydanın tələblərinə uyğun olmadıqda, qısamüddətli təlim qrupunun yaradılmasından imtina edilir. Bu halda imtinanın əsasları göstərilməklə, ərizəçiyə məlumat verilir.

11.11. Qısamüddətli təlim qrupunun yaradılması ilə bağlı imtinadan inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

 

12. Qısamüddətli təlim qruplarının komplektləşdirilməsi

 

12.1. Qısamüddətli təlim qruplarına 3 yaşdan 6 yaşadək uşaqlar qəbul edilirlər.

12.2. Qısamüddətli təlim qruplarında uşaqların sayı 15 nəfər, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün qruplarda isə 10 nəfər müəyyən olunur.

12.3. Sağlamlıq imkanları məhdud olan uşaqlar bu qrupa həmin müəssisədə korreksiya işlərini və reabilitasiyanı aparmaq üçün şərait və mütəxəssis olduğu halda, psixoloji-tibbi-pedaqoji komissiyanın rəyinə əsasən qəbul edilirlər.

12.4. Uşaqların qısamüddətli təlim qruplarına qəbulu müəssisənin nizamnaməsi ilə tənzimlənir.

12.5. Qısamüddətli təlim qrupu təşkil olunan məktəbəqədər təhsil müəssisəsi ilə həmin qruplara qəbul edilmiş uşaqların valideynləri (digər qanuni nümayəndələri) arasında müqavilə bağlanılır.

 

13. Qısamüddətli təlim qruplarının idarə olunması və rəhbərlik

 

13.1. Qısamüddətli təlim qruplarının fəaliyyətinə rəhbərlik və onların idarə olunması müəssisənin nizamnaməsinə uyğun olaraq müdir tərəfindən həyata keçirilir.

 

14. Qısamüddətli təlim qruplarında təhsil prosesinin iştirakçıları, onların hüquq və vəzifələri

 

14.1. Qısamüddətli təlim qruplarında təhsil prosesinin iştirakçıları aşağıdakılardır:

14.1.1. təhsilalanlar;

14.1.2. təhsilverənlər;

14.1.3. valideynlər və ya digər qanuni nümayəndələr.

14.2. Təhsil prosesinin iştirakçılarının hüquq və vəzifələri “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

 

15. Qısamüddətli təlim qruplarının maliyyələşdirilməsi

 

15.1. Qısamüddətli təlim qrupları aşağıdakı mənbələrdən maliyyələşdirilir:

15.1.1. büdcə vəsaitləri;

15.1.2. büdcədənkənar vəsaitlər;

15.1.3. ödənişli təhsil xidmətlərindən daxil olan vəsaitlər;

15.1.4. müəssisənin nizamnaməsinə uyğun olaraq digər qanuni mənbələrdən əldə edilən vəsaitlər.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       8 noyabr 2018-ci il tarixli 483 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2433)

2.       30 noyabr 2020-ci il tarixli 466 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1409)

3.       15 aprel 2022-ci il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 404)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 15 aprel 2022-ci il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 404) ilə “Ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili Qaydası”nın 4.4-cü bəndində yerli icra hakimiyyəti orqanına sözləri Azərbaycan Respublikasının Təhsil Nazirliyinə (bundan sonra Nazirlik) sözləri ilə əvəz edilmişdir.

 

[2] 15 aprel 2022-ci il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 404) ilə “Ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili Qaydası”nın 4.6-cı, 6.8-ci, 11.3-cü və 11.8-ci bəndlərində ismin müvafiq hallarında yerli icra hakimiyyəti orqanı sözləri ismin müvafiq hallarında Nazirlik sözü ilə əvəz edilmişdir.

 

[3] 8 noyabr 2018-ci il tarixli 483 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2433) ilə “Ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili Qaydası”nın 6.4.3-cü yarımbəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

6.4.3. uşaq yaradıcılıq mərkəzində;

 

[4] 15 aprel 2022-ci il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 404) ilə “Ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili Qaydası”nın 6.9-cu bəndində Yerli icra hakimiyyəti orqanı sözləri Nazirlik sözü ilə əvəz edilmişdir.

 

[5] 30 noyabr 2020-ci il tarixli 466 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 dekabr 2020-ci il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1409) ilə “Ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili Qaydası”nın 8.3-cü bəndində “ərazi üzrə səhiyyə müəssisəsi” sözləri “ərazi üzrə dövlət tibb müəssisəsi” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status