“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında” 2017-ci il oktyabrın 31-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2018-ci il
№1004-VQ
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti
arasında təhsil sahəsində əməkdaşlıq haqqında
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti,
təhsil sahəsində əməkdaşlığın hər iki Tərəfə verəcəyi faydaya inanaraq, təhsil üzrə məsul qurumları arasındakı əlaqələri daha da möhkəmləndirmək niyyətində olduqlarını ifadə edərək,
təhsil sahəsində hər iki ölkənin qüvvədə olan milli qanunvericiliklərini nəzərə alaraq,
1994-cü il 9 fevral tarixində Ankarada imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında elmi, texniki, sosial, mədəni və iqtisadi sahələrdə əməkdaşlıq haqqında Saziş”in 1-ci maddəsində qeyd edilən təhsil sahəsindəki əməkdaşlığın təşviq etdirilməsi məqsədi ilə və həmin Sazişin 9-cu maddəsinə uyğun olaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Məqsəd
Hazırkı Sazişin məqsədi beynəlxalq hüquq normalarına və Tərəflərin milli qanunvericiliklərinə uyğun olaraq hər iki Tərəfin müvafiq qurumları arasında bərabərlik və qarşılıqlı hörmət əsasında təhsil sahəsində əməkdaşlığı inkişaf etdirməkdir.
Maddə 2
Tərəflər aşağıdakı sahələrdə mövcud əməkdaşlığı təşviq edir və gücləndirirlər:
1. təhsil sahəsində məlumat və elmi nəşrlərin mübadiləsi;
2. pedaqoqların, mütəxəssislərin, ümumtəhsil müəssisələrinin şagirdləri və ali təhsil müəssisələrinin tələbələrinin mübadiləsi;
3. ali, orta, xüsusi, ilk peşə-ixtisas təhsili və müəllimlərin təlimi sahəsində təcrübə mübadiləsi, təlimlərin təşkili, birgə layihələrin həyata keçirilməsi;
4. təhsil proqramlarının hazırlanması sahəsində təcrübə mübadiləsi;
5. təhsildə tətbiq edilən yeni texnologiyalara dair təcrübə mübadiləsi;
6. təhsil sahəsində ödənişli xidmətlərin təşkilində Tərəflərin təcrübəsindən yararlanma;
7. təhsil müəssisələri arasında birgə proqramlar və tələbə fəaliyyətləri üçün əməkdaşlığın inkişafı;
8. Tərəflərin aidiyyəti təhsil qurumları tərəfindən verilən adların və diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsinin hər iki ölkənin qanunvericiliyinə uyğun olaraq həyata keçirilməsi, bununla bağlı müvafiq məlumat və sənədlərin qarşılıqlı mübadiləsi;
9. inzibati heyət üçün təhsilin idarə olunması sahəsində peşə təlimlərinin keçirilməsi;
10. müəllimlərin təlim fəaliyyətlərinin qarşılıqlı olaraq təşviq edilməsi;
11. təhsil sahəsində birgə tədqiqat fəaliyyətlərinin aparılması;
12. hər iki ölkədə tətbiq edilən ölçmə və qiymətləndirmə sistemləri haqqında qarşılıqlı məlumat mübadiləsi;
13. hər iki ölkədə istifadə olunan dərsliklərin, təhsil materiallarının və yeni tədris resurslarının hazırlanmasında əməkdaşlıq;
14. birgə doktorantura proqramlarının təşviq edilməsi;
15. ali təhsil müəssisələrində keyfiyyətin təmin olunması sahəsində təcrübə mübadiləsi;
16. ali təhsil müəssisələrində akademik heyətin təlimi sahəsində Tərəflərin təcrübəsindən yararlanma;
17. Azərbaycanda fəaliyyət göstərən Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin tabeliyində olan müvafiq təhsil müəssisələri ilə yanaşı, Türkiyə Respublikası adından 6721 nömrəli Qanunla yaradılan Türkiyə Maarif Fondu tərəfindən aparılacaq fəaliyyətlərin dəstəklənməsi. Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Maarif Fondunun qarşılıqlı razılığı əsasında hazırlanacaq protokol çərçivəsində müəyyən olunan fəaliyyətlərin həyata keçirilməsi.
Təhsil qurumları
1. Bakı Türk Uşaq Bağçası, Bakı Türk İbtidai Məktəbi, Bakı Türk Orta Məktəbi, Bakı Türk Anadolu Liseyi və Bakı Türk Dili Təhsil-Tədris Mərkəzi fəaliyyətlərini Türkiyə Respublikasının Milli Təhsil Nazirliyinin tabeliyində olan “Bakı Türk Təhsil Müəssisələri” nəzdində davam etdirir.
Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin tabeliyində olan “Bakı Türk Təhsil Müəssisələri”nin Nizamnaməsi Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Təhsil Müşavirliyi tərəfindən, hər iki Tərəfin rəylərinə uyğun olaraq, hazırlanır. Nizamnamə Bakı Türk Uşaq Bağçası, Bakı Türk İbtidai Məktəbi, Bakı Türk Orta Məktəbi, Bakı Türk Anadolu Liseyi və Bakı Türk Dili Təhsil-Tədris Mərkəzinin tədris və idarəetmə proseslərini əhatə etməklə hazırlanır. Hazırlanmış Nizamnamə hər iki Tərəfdən təsdiq ediləndən sonra tətbiq edilir.
2. Tərəflər Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin tabeliyində olan “Bakı Türk Təhsil Müəssisələri”nin binaları, heyəti, şagirdləri ilə bağlı yarana biləcək məsələlərdə əməkdaşlıq edirlər.
3. Tərəflər Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin tabeliyində olan “Bakı Türk Təhsil Müəssisələri”nin imkanlarının artırılması məqsədi ilə əməkdaşlıq etmək məsələsində razılığa gəlmişlər. Azərbaycan Respublikası tərəfindən Bakıda məktəb tikintisi üçün torpaq sahəsi ayrılacaqdır və Türkiyə Respublikası tərəfindən tikintinin başa çatdırılmasından və tədrisin başlanmasından sonra Türkiyə tərəfindən binaya ehtiyac olmadığı bildirilərsə, “Bakı Türk Təhsil Müəssisələri”nin mövcud binası Azərbaycan Respublikasına təhvil verilir. Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Təhsil Müşavirliyi Türkiyə Respublikası Milli Təhsil Nazirliyi adından müvafiq işləri və prosedurları həyata keçirir.
4. Azərbaycanlı şagirdlər Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin tabeliyində olan “Bakı Türk Təhsil Müəssisələri”nə 1-ci sinifdən qəbul edilə bilərlər və azərbaycanlı və türkiyəli şagirdlər bu müəssisələrdə eyni siniflərdə təhsil alırlar. Tədris türk dilində aparılır. “Bakı Türk Təhsil Müəssisələri”ndə təhsil Türkiyə Respublikasının təhsil sisteminə əsaslanır. Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi və coğrafiyası fənləri də tədris edilir. Bu fənləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən uyğun hesab edilən müəllimlər tədris edilir.
5. “Bakı Türk Təhsil Müəssisələri”nə təyin edilən türkiyəli müəllimlərin maaşları Türkiyə tərəfindən, azərbaycanlı müəllimlərin maaşları isə Azərbaycan tərəfindən ödənilir. Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin tabeliyində olan “Bakı Türk Təhsil Müəssisələri”ndə çalışan azərbaycanlı müəllimlərin əlavə əməkhaqqı Türkiyə Maarif Fondu tərəfindən ödənilir.
6. Azərbaycan tərəfi milli qanunvericiliyinə uyğun olaraq, “Bakı Türk Təhsil Müəssisələri”nə Türkiyə tərəfinin pulsuz göndərdiyi dərsliklərin və tədris ləvazimatlarının Azərbaycan Respublikasına gömrük məntəqələrindən ödənişsiz girişini təmin edir.
Maddə 4
Azərbaycan tərəfi Azərbaycan Respublikasında Türkiyə tərəfindən təyin edilən xüsusi və xidməti pasport sahibi olan müəllimlərə və onların ailə üzvlərinə onların vəzifə müddətində ödənişsiz müvəqqəti yaşama icazəsi verir.
Azərbaycan tərəfi Türkiyə Respublikasında verilən və/və ya Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Təhsil Müşavirliyi tərəfindən təsdiq edilən sağlamlıq haqqında arayışı və digər sənədləri qəbul edir.
Türkiyə tərəfi də Azərbaycan tərəfinin oxşar tələblərini yerinə yetirir.
İlk peşə-ixtisas təhsili
Azərbaycanda təsis ediləcək ilk peşə-ixtisas təhsili müəssisəsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Milli Təhsil Nazirliyi arasında imzalanacaq Protokolun və Əsasnamənin müddəalarına əsasən fəaliyyətini həyata keçirir.
Azərbaycan Respublikasında Türkiyə Respublikası tərəfindən açılacaq peşə-ixtisas təhsili müəssisəsinə təyin olunacaq azərbaycanlı müəllimlərə “Bakı Türk Təhsil Müəssisələri”nə təyin olunan azərbaycanlı müəllimlərə ödənilən miqdarda əlavə əməkhaqqı Türkiyə Maarif Fondu tərəfindən ödənilir.
Maddə 6
Ortaq türk tarixi və ədəbiyyatı dərslikləri
Tərəflər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində türk tarixi və ədəbiyyatı ilə bağlı birgə dərsliklərin hazırlanması istiqamətində aparılan fəaliyyəti dəstəkləyirlər.
Maddə 7
Azərbaycan və türk dillərinin tədrisi
Azərbaycan tərəfi özünün bütün təhsil müəssisələrində türk dilinin və ədəbiyyatının, Türkiyə tərəfi isə özünün bütün təhsil müəssisələrində Azərbaycan dilinin və ədəbiyyatının tədrisini təşviq edir; Tərəflər dərsliklər, tədris ləvazimatlarının təmin edilməsi və müəllimlərin ehtiyaclarının qarşılanması üçün zəruri tədbirlər görürlər.
Maddə 8
Azərbaycanşünaşlıq və türkiyəşünaslıq bölmələrinin təsis edilməsi
1. Tərəflər regionşünaslıq çərçivəsində qarşılıqlı olaraq azərbaycanşünaslıq və türkiyəşünaslıq bölmə və proqramlarının təsis olunmasını təşviq edir və bu bölmələrin təchizatım və tədris ləvazimatlarını təmin edirlər. Hər bir Tərəf digər Tərəfin razılığı ilə sözügedən bölmələrə müəllimləri təyin edir.
2. Tərəflər azərbaycanşünaslıq və türkiyəşünaslıq bölmələrinin tələbələrinin Azərbaycan Respublikasında və Türkiyə Respublikasında qısamüddətli yay proqramları vasitəsilə orta və ali təhsildə sahəvi biliklərinin inkişaf etdirilməsi məqsədi ilə zəruri dəstək verirlər.
Maddə 9
1. Tərəflər ortaq dəyərlərin zənginləşdirilməsi məqsədi ilə bir-birlərinin tarixi, coğrafiyası, dili, mədəniyyəti və adət-ənənələrinin dərsliklərdə düzgün əks etdirilməsini və daha geniş şəkildə təşviq olunmasını təmin edirlər.
2. Tərəflər düzgün və qərəzsiz məlumat əldə etmək üçün təhsil müəssisələrində istifadə edilən tarix və coğrafiya dərsliklərinin, həmçinin xəritə və atlasların qarşılıqlı mübadiləsini təmin edirlər.
Maddə 10
Birgə İşçi Qrup
1. Tərəflər aidiyyəti qurumlara mütəmadi hesabatların verilməsi vasitəsilə bu Sazişin tətbiqi, təftişi və qiymətləndirilməsini asanlaşdırmaq üçün Birgə İşçi Qrup yaradırlar.
2. Birgə İşçi Qrupa Tərəflərin təhsil nazirləri və ya səlahiyyətli yüksək səviyyəli rəsmiləri həmsədrlik edəcəklər. Müvafiq qurumların nümayəndələri ildə bir dəfə və ya Tərəflərdən birinin sorğusu ilə Azərbaycan Respublikasında və ya Türkiyə Respublikasında görüşürlər.
3. Tərəflər görüş keçirə bilmədikləri təqdirdə, bu görüşün əvəzinə sənədlərin mübadiləsini həyata keçirirlər.
Maddə 11
Təqaüdlər
1. Tərəflər imkanları çərçivəsində ehtiyac duyulan sahələr üzrə hər il dil kursları, bakalavr, magistr, doktorantura və tədqiqat təqaüdləri verirlər. Təqaüdlərin sayı və verilmə şərtləri Tərəflərin müvafiq milli qanunvericiliyindən asılıdır.
2. Tərəflər öz müvafiq ölkələrində təqaüdlə təhsilalanların üzləşə biləcəyi problemlərin həlli istiqamətində lazımi tədbirlər görürlər.
Maddə 12
Diplomların tanınması və ekvivalentliyi
Azərbaycanlı tələbələrə Türkiyə Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, türkiyəli tələbələrə Azərbaycan Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Türkiyə Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Maddə 13
Öz imkanları ilə təhsilalan (alacaq) tələbələr
1. Öz imkanları ilə Türkiyə Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları Türkiyə Respublikasının Ali Təhsil Şurası və ya Türkiyə Respublikasındakı ali təhsil müəssisələri tərəfindən müəyyən edilən şərtlər əsasında Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların nəticələri nəzərə alınaraq qəbul edilir.
2. Azərbaycan tərəfi Azərbaycan Respublikasındakı ali təhsil müəssisələrində öz imkanları ilə təhsilalan Türkiyə Respublikası vətəndaşlarına Türkiyə Respublikasının ehtiyacları nəzərə alınaraq imkanları daxilində yataqxana kvotası ayırır.
3. Türkiyə tərəfi Türkiyə Respublikasındakı ali təhsil müəssisələrində öz imkanları ilə təhsilalan Azərbaycan Respublikası vətəndaşlarına Azərbaycan Respublikasının ehtiyacları nəzərə alınaraq imkanları daxilində yataqxana kvotası ayırır.
4. Azərbaycan Respublikasındakı ali təhsil müəssisələrində təhsilalan türkiyəli tələbələrin ehtiyaclarını qarşılamaq məqsədi ilə Bakıda Türkiyə Respublikasının Gənclər və İdman Nazirliyinin Ali Təhsil Kredit və Yataqxanalar Qurumu tərəfindən yataqxana tikintisi işləri aparılır. Azərbaycan Respublikası tərəfindən sözügedən yataqxana üçün ərazinin təmin edilməsi, ərazinin təmin edilməsi mümkün olmayacağı təqdirdə, satın alınması üçün Türkiyə tərəfinə lazımi kömək göstərilir.
5. Hər iki ölkənin ali təhsil müəssisələrində Azərbaycan Respublikasından və Türkiyə Respublikasından olan çox sayda tələbənin təhsil aldığını nəzərə alaraq, Tərəflər ali təhsil sahəsində qanunvericiliklərində hər hansı dəyişikliklər barədə diplomatik kanallar vasitəsilə bir-birini məlumatlandırırlar.
Maddə 14
Fərdi əqli mülkiyyət hüquqlarının qorunması
Bu Sazişə uyğun olaraq əməkdaşlıq çərçivəsində yaradılan və istifadə olunan əqli mülkiyyət hüquqlarının qorunması Tərəflərin milli qanunvericiliyinə və Tərəflərin tərəf olduğu beynəlxalq müqavilələrə uyğun olaraq təmin olunur.
Səlahiyyətli qurumlar
Hazırkı Sazişin icrası üzrə məsul olan səlahiyyətli qurumlar:
1. Azərbaycan Respublikası Hökuməti tərəfindən: Azərbaycan Respublikasının Təhsil Nazirliyi.
2. Türkiyə Respublikası Hökuməti tərəfindən: Türkiyə Respublikasının Milli Təhsil Nazirliyi və 6721 saylı Qanunla yaradılmış Türkiyə Maarif Fondu.
Səlahiyyətli qurumlarla əlaqədar hər hansı dəyişiklik olarsa, Tərəflər bir-birini vaxtında məlumatlandırırlar.
Maddə 16
Bu Sazişlə razılaşdırılan fəaliyyətlərin icrası Tərəflərin maliyyə resursları və kadr imkanlarının mövcudluğundan asılıdır.
Bu Sazişdən irəli gələn fəaliyyətlərin əhatə dairəsi çərçivəsində göndərən Tərəf öz nümayəndə heyətinin gediş-dönüş yol xərclərini qarşılayır və qəbul edən Tərəf isə qida və mehmanxana xərclərini və iştirakçıların bu Sazişə uyğun olaraq fəaliyyətlərindən irəli gələn daxili nəqliyyat xərclərini qarşılayır.
Maddə 17
Qüvvədəndüşmə
Bu Sazişin qüvvəyə minməsi ilə:
1997-ci il 1 mart tarixində imzalanmış “Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Milli Təhsil Nazirliyi arasında təhsil və elm sahələrində Əməkdaşlıq Protokolu”;
1998-ci il 4 noyabr tarixində imzalanmış “Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Milli Təhsil Nazirliyi və Türkiyə Respublikası Ali Təhsil Şurası arasında təhsil, təlim və elm sahələrində Anlaşma Memorandumu”;
2000-ci il 1 dekabr tarixində imzalanmış “Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Milli Təhsil Nazirliyi arasında təhsil və elm sahələrində Əməkdaşlıq Protokolu” qüvvədən düşür.
Fikir ayrılıqlarının həlli
Bu Sazişin təfsiri və/və ya tətbiqi ilə bağlı yarana biləcək hər hansı fikir ayrılığı Tərəflər arasında dostcasına məsləhətləşmə və danışıqlar yolu ilə həll edilir.
Maddə 19
Əlavə və dəyişikliklər
Bu Sazişə Tərəflərin qarşılıqlı razılığı ilə istənilən əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir və bu Sazişin 20-ci maddəsində müəyyən edilmiş müddəalara uyğun olaraq qüvvəyə minir.
Maddə 20
Qüvvəyəminmə, qüvvədəolma müddəti və ləğvetmə
1. Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların tamamlanması barədə Tərəflərin bir-birini diplomatik kanallar vasitəsilə məlumatlandırdığı sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.
2. Bu Saziş 5 (beş) illik müddətə bağlanılır və Tərəflərdən biri bu Sazişin müddətinin bitməsinə ən azı 6 (altı) ay qalmış onu ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərmədiyi təqdirdə, avtomatik olaraq növbəti 5 (beş) illik müddətlərə uzadılır.
Bu Sazişin ləğv edilməsi bu Saziş çərçivəsində başladılmış və davam edən fəaliyyətlərin və layihələrin başa çatdırılmasına təsir etmir.
Bakı şəhərində 2017-ci il 31 oktyabr tarixində, hər biri Azərbaycan, türk və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin təfsirində və tətbiqində fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.
Azərbaycan Respublikası
|
Türkiyə Respublikası
|
Hökuməti adından
|
Hökuməti adından
|
Mikayıl CABBAROV,
|
İsmət YILMAZ,
|
təhsil naziri
|
milli təhsil naziri
|