«Toxumçuluq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
Azərbaycan RESPUBLİKASI Prezİdentİnİn Fərmanı
«Toxumçuluq haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının «Toxumçuluq haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
«Toxumçuluq haqqında» Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
həmin Qanunun 28-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulduğu karantin obyektlərinin yayılmasının qarşısını almaq üçün profilaktiki və ləğvedici tədbirlərin aparılması nəticəsində məhv edilən toxumlara və toxumluq əkinlərinə çəkilən xərclərin dövlət tərəfindən kompensasiya edilməsinin qaydasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
öz səlahiyyəti daxilində həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
3. Müəyyən edilsin ki:
3.1. “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinin beşinci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [1]
3.2. həmin Qanunun 1-ci maddəsinin, on beşinci abzasında, 7-ci maddəsinin ikinci hissəsində, 8-ci, 9-cu maddələrində, 12-ci maddəsinin birinci hissəsində, 16-cı maddəsinin birinci hissəsində, 22-ci maddəsinin ikinci, üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş «dövlət toxumçuluq xidməti»nin kənd təsərrüfatı, meşə və dərman bitkiləri toxumçuluğu sahəsində səlahiyyətlərini müvafiq olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirirlər; [2]
3.3. həmin Qanunun 7-ci maddəsinin birinci hissəsində, 15-ci maddəsinin dördüncü (dövlət və sığorta toxum fondlarına toxum tədarükü məsələləri üzrə), beşinci (dövlət və sığorta toxum fondlarına sifariş verilməsi məsələləri üzrə) və yeddinci (dövlət və sığorta fondlarına sərəncam verilməsi məsələləri üzrə) hissələrində, nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini müvafiq olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirirlər;
[3]
3.4. həmin Qanunun 10-cu maddəsinin ikinci hissəsində, 15-ci maddəsinin üçüncü və onuncu hissələrində, 26-cı maddəsinin üçüncü hissəsinin üçüncü abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın və «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
3.5. həmin Qanunun 15-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş «Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir;
3.6. həmin Qanunun 15-ci maddəsinin dördüncü (yerli toxum fonduna toxum tədarükü məsələləri üzrə), beşinci (yerli toxum fonduna sifariş verilməsi məsələləri üzrə) və yeddinci (yerli toxum fonduna sərəncam verilməsi məsələləri üzrə) hissələrində «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər.
[4]
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 7 aprel 1997-ci il
№ 569
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546)
2.
27 dekabr 2006-cı il tarixli 502 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1049)
3.
1 may 2020-ci il tarixli 1009 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 2 may 2020-ci il, № 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 534)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
1 may 2020-ci il tarixli 1009 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 2 may 2020-ci il, № 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 534) ilə 3-cü hissəyə yeni məzmunda ikinci abzas əlavə edilmişdir.
[2]
1 may 2020-ci il tarixli 1009 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 2 may 2020-ci il, № 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 534) ilə 3.2-ci bənddə “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri “həmin Qanunun” sözləri ilə əvəz edilmişdir.
[3]
23 oktyabr 2003-cü il tarixli 941 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 546) ilə 3-cü bəndin ikinci və üçüncü abzaslarında "Azərbmeşə" İstehsalat Birliyi" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
[4]
27 dekabr 2006-cı il tarixli 502 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1049) ilə 3-cü bəndinin ikinci abzasından “13-cü, 14-cü maddələrində,” sözləri, üçüncü abzasından “16-cı maddəsinin birinci hissəsində” sözləri, altıncı abzasından “14-cü maddəsində,” sözləri çıxarılmışdır, 3-cü bəndinin dördüncü abzasında “26-cı maddəsinin ikinci hissəsinin” sözləri “26-cı maddəsinin üçüncü hissəsinin” sözləri ilə əvəz edilmişdir;
1 may 2020-ci il tarixli 1009 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 2 may 2020-ci il, № 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 534) ilə 3-cü hissənin . ikinci-yeddinci abzaslar müvafiq olaraq 3.1 ̶ 3.6-cı bəndlər hesab edilmişdir.