«Kollektiv müqavilələr və sazişlər haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına əlavələr və dəyişikliklər edilməsi barədə
Azərbaycan RESPUBLİKASININ Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinə («Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı», 1971-ci il, № 23, maddə 190) aşağıdakı əlavə və dəyişikliklər edilsin:
1. II fəslin adı və 7—13-cü maddələri müvafiq olaraq aşağıdakı redaksiyada verilsin:
“II fəsil
Kollektİv müqavİlə və sazİş
Maddə 7. Kollektiv müqavilə və saziş
Kollektiv müqavilə – işəgötürənin və əmək kollektivinin və ya onun qərarı əsasında həmkarlar ittifaqı təşkilatının arasında yazılı formada bağlanan, müəssisə daxilində əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilədir.
Kollektiv saziş – müvafiq icra hakimiyyəti orqanı, həmkarlar ittifaqlarının və işəgötürənlərin respublika, peşələr, sahələr və ya ərazi üzrə birlikləri arasında bağlanan işçilərin əmək şəraitinin yaxşılaşdırılması, məşğulluğun təmin edilməsi və digər sosial müdafiə tədbirlərinin həyata keçirilməsi sahəsində birgə fəaliyyətə dair tərəflərin öhdəliklərini müəyyən edən razılaşmadır.
Maddə 8. Kollektiv müqavilənin və sazişin hazırlanması və bağlanması qaydaları
Kollektiv müqavilənin və sazişin hazırlanması və bağlanması qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Maddə 9. Kollektiv müqavilənin məzmunu
Kollektiv müqavilənin məzmununu tərəflər müəyyənləşdirirlər.
Kollektiv müqaviləyə aşağıdakı məsələlər üzrə tərəflərin qarşılıqlı öhdəlikləri daxil edilə bilər:
müəssisənin istehsal və iqtisadi fəaliyyətinin səmərəliyinin yüksəldilməsi;
əməyin ödənilməsi qaydaları və miqdarının, pul mükafatlarının, müavinətlərin, əlavələrin və digər ödəmələrin müəyyən edilməsi;
qiymətlərin artımı, inflyasiyanın səviyyəsi nəzərə alınmaqla əmək haqqı miqdarının tənzimlənmə mexanizmi;
məşğulluq, kadr hazırlığı və ixtisasartırma, işçilərin sərbəstləşdirilməsi şərtləri;
iş və istirahət vaxtı, məzuniyyətlərin müddəti haqqında şərtlər;
işçilərə və onların ailə üzvlərinə mədəni və məişət xidmətlərinin, sosial təminatlar və güzəştlərin müəyyən edilməsi;
əməyin qiymətləndirilməsi, əmək normalarının müəyyən edilməsi və yenidən işlənməsi qaydaları;
qadınların, 18 yaşına çatmamış işçilərin əmək şəraitinin yaxşılaşdırılması;
əməyin mühafizəsinin yaxşılaşdırılması üçün əlavə təminatların müəyyən edilməsi;
əmək vəzifələrini yerinə yetirməklə əlaqədar işçilərə dəyən ziyanın ödənilməsi;
fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması və onun fəaliyyət qaydası;
işçilərin tibbi və sosial sığortasının üstün əlavə şəraitlərinin müəyyən edilməsi;
işəgötürənin təşəbbüsü ilə fərdi əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqı təşkilatı ilə məsləhətləşmələr, razılaşmalar aparılması;
işçilərin ekoloji təhlükəsizliyinin və sağlamlığının gözlənilməsi;
həmkarlar ittifaqı təşkilatının fəaliyyəti üçün şərait yaradılması;
kollektiv mübahisələrin tənzimlənməsinin əlavə üsulları haqqında razılaşmalar;
kollektiv müqavilənin şərtlərinin yerinə yetirilməsinə nəzarət;
müqavilə şərtlərinin pozulmasına görə tərəflərin məsuliyyəti.
Kollektiv müqavilədə müəssisənin iqtisadi imkanları nəzərə alınmaqla digər, o cümlədən qanunvericilikdə nəzərdə tutulduğundan daha güzəştli əmək və sosial-iqtisadi şərtlər də (əlavə məzuniyyətlər, pensiyalara əlavələr, nəqliyyat və ezamiyyə xərclərinin ödənilməsi, pulsuz və ya güzəştli qiymətlərlə yemək verilməsi və digər güzəşt və əvəzlər) nəzərdə tutula bilər.
Qanunvericilik aktlarında kollektiv müqaviləyə daxil edilməsi nəzərdə tutulmuş normativ müddəaların kollektiv müqavilədə əks etdirilməsi məcburidir.
Maddə 10. Kollektiv müqavilənin və sazişin qüvvəsi
Kollektiv müqavilə və saziş bir ildən üç ilədək müddətə bağlanıla bilər.
Kollektiv müqavilə və saziş imzalandığı və ya müqavilədə və sazişdə göstərilən gündən qüvvəyə minir.
Müəyyən olunmuş müddət qurtardıqdan sonra kollektiv müqavilə yenisi bağlananadək qüvvədə olur.
Müəssisənin mülkiyyətçisinin dəyişdiyi və ya ləğv edildiyi hallardan başqa müəssisədə təşkilati-struktur dəyişikliklərinin edilməsi, eləcə də həmkarlar ittifaqı təşkilatının fəaliyyətinə xitam verilməsi kollektiv müqavilənin hüquqi qüvvəsinin itirilməsinə səbəb olmur.
Müəssisənin mülkiyyətçisi dəyişdikdə kollektiv müqavilə üç ay müddətində qüvvədə qalır. Bu müddət ərzində tərəflər yeni kollektiv müqavilə bağlamaq və ya əvvəlkini qüvvədə saxlamaq, ona əlavələr və dəyişikliklər edilməsi məqsədilə danışıqlara başlamalıdırlar.
Müəssisə qanunvericiliklə müəyyən olunmuş qayda və şərtlərlə ləğv olunarsa, kollektiv müqavilə bütün ləğvetmə müddəti ərzində qüvvədə olur.
Kollektiv müqavilə müəssisənin bütün işçilərinə, o cümlədən kollektiv müqavilə qüvvəyə mindikdən sonra işə qəbul olunan şəxslərə də şamil edilir.
Maddə 11. Kollektiv müqaviləyə və sazişə əlavələr və dəyişikliklər edilməsi
Kollektiv müqavilənin və sazişin qüvvədə olduğu müddətə onlara əlavələr və dəyişikliklər edilməsi yalnız tərəflərin qarşılıqlı razılığı əsasında kollektiv müqavilədə və sazişdə müəyyən edilmiş qaydada aparılır. Əgər belə qayda müəyyən olunmayıbsa, əlavələr və dəyişikliklər kollektiv müqavilənin və sazişin bağlanması üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan qaydada edilir.
Ayrı-ayrı peşə qruplarını əhatə edən müəssisələrin işəgötürənlərin və ya onların birliklərinin və müvafiq həmkarlar ittifaqları birliyinin sahə (tarif) sazişinə qoşulması barədə müraciətləri əsasında həmin sazişin tərəfləri sazişə müvafiq dəyişikliklər edə bilərlər.
Maddə 12. Kollektiv müqavilənin və sazişin yerinə yetirilməsinə nəzarət
Kollektiv müqavilənin və sazişin yerinə yetirilməsinə nəzarəti tərəflər, habelə müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
Nəzarəti həyata keçirən səlahiyyətli şəxslərə bütün zəruri məlumatlar təqdim edilməlidir.
Tərəflər kollektiv müqavilənin yerinə yetirilməsi haqqında müqavilədə nəzərdə tutulmuş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq əmək kollektivinə hesabat verməlidirlər.
Maddə 13. Mübahisələrin həlli
Kollektiv müqavilənin və sazişin hazırlanması, bağlanması və onlara dəyişikliklər edilməsi, habelə kollektiv müqavilə və saziş üzrə öhdəliklərin yerinə yetirilməsi zamanı tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir”.
2. Məcəlləyə aşağıdakı məzmunda 9 – 1-ci maddə əlavə edilsin:
«Maddə 9-1. Kollektiv sazişin məzmunu
Kollektiv sazişin məzmunu tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.
Tərəflər kollektiv sazişə aşağıdakı öhdəlikləri daxil edə bilərlər:
müvafiq sahələrin və müəssisələrin iqtisadi və təsərrüfat fəaliyyətinin yaxşılaşdırılması tədbirlərinin müəyyən edilməsi və həyata keçirilməsi;
orta əmək haqqının artım səviyyəsinin inflyasiyaya uyğun təmin edilməsi;
kompensasiya və əmək haqqına əlavələrin (dövlət tərəfindən müəyyən olunmuş miqdardan az olmamaq şərtilə) məbləğinin müəyyən edilməsi;
daha əlverişli əmək şəraitinin müəyyən edilməsi;
məşğulluğa kömək göstərilməsi;
təsərrüfatçılığın mütərəqqi forma və üsullarının inkişaf etdirilməsi;
müəssisələrdə qabaqcıl texnika və texnologiyanın, elmi-texniki tərəqqinin digər nailiyyətlərinin tətbiqi;
tələbata uyğun və rəqabət qabiliyyətli məhsulların istehsalı;
ekoloji təhlükəsizliyin təmin edilməsi;
müəssisənin bağlanması və işçilərin kütləvi surətdə işdən azad edilməsi hallarından imtina edilməsi, işdən çıxarılma hallarının qarşısını ala biləcək tədbirlərin görülməsi;
işçilərin və onların ailə üzvlərinin sosial müdafiəsi üzrə xüsusi tədbirlərin görülməsi;
əlillərin, gənclərin (yeniyetmələrin) əməyindən istifadə etməklə əlavə iş yerləri yaradan müəssisələrə güzəştlərin müəyyən olunması;
əmək intizamının təmin edilməsi».
3. 14-cü maddənin adında və mətnində «müqavilənin» sözündən sonra «və sazişin» sözləri əlavə edilsin;
4. 15-ci maddənin adında və mətnində «müqavilələr» sözündən sonra «və sazişlər» sözləri əlavə edilsin.
II. «Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikası Qanununun («Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı», 1994-cü il, №-17, maddə 235) 14-cü maddəsi aşağıdakı redaksiyada verilsin:
«Maddə 14. Kollektiv müqavilələrin və sazişlərin bağlanması sahəsində həmkarlar ittifaqlarının hüquqları
Kollektiv müqavilələrin və sazişlərin bağlanması sahəsində həmkarlar ittifaqlarının hüquqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir».
III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 25 aprel 1997-ci il
№ 280-IQD