AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
06.04.2018
QEYDİYYAT NÖMRƏSİ
135
ADI
Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 10-04-2018, Nəşr Nömrəsi: 79), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2018, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 791)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
10.04.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.020.020
020.080.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201804060135
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
11.04.2018
Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 6 sentyabr tarixli 1593 nömrəli Fərmanının 3.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi əsasında publik hüquqi şəxs statuslu Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi yaradılsın.

2. “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsi” təsdiq edilsin (1 nömrəli əlavə). [1]

3. “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin strukturu” təsdiq edilsin (2 nömrəli əlavə).

4. Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzində (bundan sonra – Mərkəz) təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

4.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

4.1.1. Mərkəzin nizamnaməsinin və strukturunun təsdiq edilməsi;

4.1.2. işçilərin say həddinin və nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

4.1.3. Mərkəzin yenidən təşkili və ləğv edilməsi.

4.2. Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinə (bundan sonra – Agentlik):

4.2.1. inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiq edilməsi;

4.2.2. icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

4.2.3. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi;

4.2.4. xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına razılıq verilməsi.

5. Mərkəzin işçilərinin say həddi 13 ştat vahidi müəyyən edilsin.

6. Agentlik:

6.1. Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin balansındakı əmlakın yeni yaradılmış publik hüquqi şəxs statuslu Mərkəzin balansına verilməsini bir ay müddətində təmin etsin;

6.2. Mərkəzin balansındakı dövlət əmlakının qiymətləndirilərək, onun nizamnamə fondunda əksini tapması üçün müvafiq tədbirlərin bir ay müddətində görülməsini təmin etsin.

6.3. Mərkəzin fəaliyyətini təmin etmək məqsədi ilə bir ay müddətində Müşahidə Şurasının sədrini və üzvlərini, müəyyən edilmiş struktur və işçilərin say həddi daxilində Mərkəzin Nizamnaməsində müəyyən edilmiş icra orqanının rəhbərliyini təyin etsin və ştat cədvəlini təsdiq etsin;

6.4. bu qərardan irəli gələn digər məsələləri həll etsin.

7. Mərkəz dövlət qeydiyyatına alınması üçün bu qərarın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin.

8. Agentlik Mərkəzin dövlət qeydiyyatına alındığı gündən üç gün müddətində bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 6 aprel 2018-ci il

     № 135

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2018-ci il 6 aprel tarixli 135 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

1 nömrəli əlavə

 

 

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin

 

NİZAMNAMƏSİ

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi (bundan sonra - Mərkəz) “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1593 nömrəli Fərmanının 3.6-cı bəndinə əsasən Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin əsasında yaradılmış, bu Nizamnaməyə uyğun olaraq müəlliflik hüququ, əlaqəli hüquqlar, Azərbaycan folkloru nümunələrinə (ənənəvi mədəni nümunələrə) və digər qeyri-maddi mədəni irs nümunələrinə, inteqral sxem topologiyalarına və məlumat toplularına əqli mülkiyyət hüquqlarının (bundan sonra - əqli mülkiyyət hüquqları) təminatını, əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsini həyata keçirən, əqli mülkiyyət sahəsində maarifləndirilmə və əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması sahəsində fəaliyyətlə məşğul olan Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin (bundan sonra - Agentlik) tabeliyində olan publik hüquqi şəxsdir.

1.2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, müəllif-hüquq sahəsində Azərbaycan Respublikasının qanunvericilik aktlarını, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında Nizamnamə”ni (bundan sonra – Nizamnamə), Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, Agentliyin İdarə Heyətinin qərarlarını, Agentlik üzrə əmr və sərəncamları, habelə bu Nizamnaməni rəhbər tutur.

1.3. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Agentlik, dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Mərkəz ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Mərkəzin fəaliyyəti nəticəsində əldə olunan vəsaitlər onun fəaliyyətinin təmin edilməsinə yönəldilir.

1.5. Mərkəz müstəqil balansa, əmlaka, bank hesablarına, öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.6. Mərkəzin qanunvericilikdə nəzərdə tutulmuş qaydada və bu Nizamnaməyə uyğun olaraq əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır, o, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edir.

1.7. Mərkəz Bakı şəhərində yerləşir.

 

2. Mərkəzin fəaliyyətinin məqsədi və fəaliyyət istiqamətləri

 

2.1. Mərkəzin fəaliyyətinin məqsədi müəlliflərin, hüquq sahiblərinin hüquqlarını və Azərbaycan xalqına məxsus olan əqli mülkiyyət hüquqlarının təminatını və idarəçiliyini həyata keçirmək, əqli mülkiyyət sahəsində maarifləndirilmə və əqli mülkiyyət mədəniyyətinin formalaşdırılmasında iştirak etməkdir.

2.2. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.2.1. əqli mülkiyyət hüquqlarının təminatı ilə bağlı səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görmək, o cümlədən beynəlxalq standart eyniləşdirmə nömrələrinin (ISBN, ISMN, ISSN, ISAN və ISRC) verilməsi ilə bağlı işləri təşkil etmək və həyata keçirmək, müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə yapışdırılması üçün nəzarət markalarının hazırlanmasını təmin etmək və onları istifadəçiyə vermək, nəzarət markalarının yapışdırılaraq yayılmasına nəzarət, bu obyektləri dövlət reyestrinə daxil etmək, həmin nüsxələrin yaradılmasının qanuniliyini müəyyənləşdirmək istiqamətində tədbirlər həyata keçirmək;

2.2.2. müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquq-larının rəqəmsal şəbəkələrdə idarə edilməsini təşkil etmək və bu sahənin subyektləri ilə qarşılıqlı əlaqə yaratmaq;

2.2.3. əhalinin əqli mülkiyyət sahəsində maarifləndirilməsində və əqli mülkiyyət mədəniyyətinin formalaşdırılmasında iştirak etmək, o cümlədən müəlliflərin, hüquq sahiblərinin, mütəxəssislərin, tələbələrin, tədqiqatçı alimlərin və digər maraqlı şəxslərin əqli mülkiyyət sahəsində biliklərini artırmaq, mütəxəssislər hazırlamaq və bu istiqamətlərdə işləri təşkil etmək.

 

3. Mərkəzin vəzifələri və hüquqları

 

3.1. Mərkəz bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) nüsxələrinin nəzarət markaları ilə təchiz olunmasını təmin edir;

3.1.2. bu Nizamnamənin 3.1.1-ci yarımbəndində göstərilən müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin hazırlanmasının (istehsal edilməsinin) qanuniliyini müəyyənləşdirir, onları reyestrə daxil edir, müvafiq məlumatları dərc edir;

3.1.3. kitablara, not yazılarına, dövri nəşrlərə, audiovizual əsərlərə, audio və ya videoyazılara beynəlxalq standart eyniləşdirmə nömrələrini (ISBN, ISMN, ISSN, ISAN və ISRC) verir və reyestrə daxil edir, müvafiq məlumatları dərc edir;

3.1.4. müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) nüsxələrinin pirat yolu ilə istehsalına və yayılmasına, habelə nəzarət markası yapışdırılmayan nüsxələrinin yayılmasına qarşı inzibati tədbirlərin təmin olunması məqsədi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada protokolun tərtib edilməsində iştirak edir;

3.1.5. qlobal rəqəmsal şəbəkədə əqli mülkiyyət hüquqları ilə qorunan obyektlərdən istifadə edilməsinə “one-stop-shop” formatında və onlayn qaydada icazə verilməsinə əsaslanan rəqəmsal hüquqları idarəetmə sisteminin yaradılması və istifadəsi ilə bağlı tədbirlər görür;

3.1.6. pirat yolu ilə əldə edilmiş məhsulların və müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunvericiliyin tələblərinin pozulması ilə məhsul buraxan istehsalçıların müəyyən edilməsi məqsədi ilə monitorinqlərin keçirilməsində, əqli mülkiyyət sahəsində qanun pozuntuları üzrə məlumatların toplanılmasında iştirak edir;

3.1.7. rəqəmsal şəbəkədə əsərlərdən istifadənin monitorinqini aparır, kontent haqqında informasiya bankının yaradılması, formalaşdırılması, yeniləşdirilməsi və istifadəçilərin sorğularının eyniləşdirilməsi (identifikasiyası) ilə bağlı işlər görür və rəqəmləşdirilmiş əsərlərdən istifadəyə dair şərtləri razılaşdırır;

3.1.8. müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının, o cümlədən rəqəmsal şəbəkələrdə kollektiv əsasda idarə edilməsini həyata keçirir, bu halda istifadəyə görə qonorarı müvafiq qaydada yığır, hüquq sahiblərinə çatdırır, yığılmış qonorardan qonorarın yığılmasına, bölünməsinə və ödənilməsinə çəkdiyi xərcləri ödəmək üçün Agentliyin İdarə Heyəti tərəfindən müəyyən olunmuş məbləği çıxır və bu sahənin subyektləri ilə qarşılıqlı əlaqə yaradır;

3.1.9. xarici ölkələrin müəlliflərinin və əlaqəli hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi üzrə müvafiq təşkilatları ilə əlaqələrin qurulmasını, bu sahədə əməkdaşlıq haqqında sazişlərin bağlanılmasını, Azərbaycan müəlliflərinin və digər hüquq sahiblərinin əsərlərindən və əlaqəli hüquqların obyektlərindən xaricdə istifadəyə görə qonorarın alınmasını və aidiyyəti üzrə çatdırılmasını təmin edir;

3.1.10. əmlak hüquqlarını, o cümlədən rəqəmsal şəbəkələrdə kollektiv əsasda idarə etdiyi müəlliflər və digər hüquq sahibləri və onların hüquq sahibi olduğu əsərlər və əlaqəli hüquqlar obyektləri, habelə Azərbaycan xalqına məxsus olan folklor nümunələri (ənənəvi mədəni nümunələr), ənənəvi biliklər və digər qeyri-maddi mədəni irs nümunələri, həmçinin standart eyniləşdirmə nömrələri (ISBN, ISMN, ISSN, ISAN və ISRC), müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə yapışdırılması üçün nəzarət markaları verilmiş obyektlər və onların hüquqi sahibləri barədə elektron məlumat bazalarını yaradır;

3.1.11. idarə olunan rəqəmsal kontentin hüquqi qorunmasını həyata keçirir, rəqəmsal hüquqlardan istifadəyə icazə verir və kontent axtarışının xüsusi avtomatlaşdırma mexanizmini təmin edir, texnoloji müdafiə tədbirləri, o cümlədən daxilolmaya və surətçıxarmaya riayət olunması üçün müvafiq tədbirlər görür;

3.1.12. “Hüquqların idarə edilməsi haqqında informasiya” və “texniki müdafiə tədbirləri”nin standartlarının müəyyənləşdirilməsinə dair işləri həyata keçirir, qorunan elementlərə (rəqəmləşdirilmiş müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərinə) identifikatorlar (rəqəmli kodlar) sisteminin daxil edilməsini təşkil edir;

3.1.13. əsərlərdən istifadəni “izləyir”, internet resurslarını və kontent axtarışını indeksləşdirir və istifadəçilər tərəfindən elektron ödəniş edildiyi hallarda, bu ödənişlərin qanunvericiliklə müəyyən edilmiş qaydada istifadəsini təmin edir;

3.1.14. əqli mülkiyyətin müxtəlif sahələri üzrə araşdırmalar aparır, maarifləndirilmə məqsədi ilə müvafiq tədbirlər görür, o cümlədən seminarlar, müzakirələr, simpoziumlar və sərgilər təşkil edir, əqli mülkiyyətlə bağlı ekspozisiyalar və dəyirmi masalar keçirir, bukletlər, bülletenlər, kitablar və digər nəşrlər buraxır, mütəxəssislərin əqli mülkiyyət üzrə bilik və təcrübələrinin artırılması üçün müəyyən işlər görür, müxtəlif beynəlxalq tədbirlərdə iştirak edir, əqli mülkiyyət hüquqları sahiblərinə, onların varislərinə pozulmuş hüquqların bərpası ilə bağlı hüquqi məsləhətlər verir;

3.1.15. əqli mülkiyyət hüquqları sahiblərinin təşəbbüsü ilə onların pozulmuş hüquqlarının bərpasına dair müvafiq məhkəmələrdə iddia qaldırır və hüquq sahiblərinin mənafelərini müdafiə edir, məhkəmədə və digər səlahiyyətli orqanlar tərəfindən keçirilən tədbirlərdə ekspert və nümayəndə qismində iştirak edir;

3.1.16. əqli mülkiyyət hüquqları obyektlərindən qlobal rəqəmsal şəbəkələrdə istifadəyə dair monitorinq aparır və arayışlar hazırlayır;

3.1.17. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet portalının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin portalda yerləşdirilməsini, habelə bu informasiyanın daim yenilənməsini təmin edir;

3.1.18. kargüzarlığı, vətəndaşların qəbulunu, onların təklif, ərizə və müraciətlərinə baxılmasını normativ hüquqi aktların tələblərinə uyğun təşkil edir;

3.1.19. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Akademiyası ilə birgə kadrların əlavə təhsili və peşəkarlığının yüksəldilməsi sahəsində əlaqələrin genişləndirilməsi, bu sahədə informasiya mübadiləsinin təşkil edilməsi və şəbəkənin rəqəmsal kitabxana-larından istifadə etməklə, yeniliklər barədə informasiyanın hazırlanması ilə bağlı tədbirlər həyata keçirir;

3.1.20. əhalinin, o cümlədən müəlliflərin, hüquq sahiblərinin, mütəxəssislərin, tələbələrin, tədqiqatçı alimlərin və digər maraqlı şəxslərin əqli mülkiyyət sahəsində biliklərinin artırılması, bu sahə üzrə mütəxəssislərin hazırlanması və digər istiqamətlərdə işlər görür;

3.1.21. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.

3.2. Mərkəz bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı hüquqlara malikdir:

3.2.1. müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının, o cümlədən rəqəmli şəbəkələrdə kollektiv əsasda idarə edilməsini təşkil etmək və həyata keçirmək;

3.2.2. bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Agentliyin struktur bölmələrinə, dövlət və yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə öz fəaliyyət istiqamətlərinə aid müvafiq qaydada sorğular göndərmək və məlumatlar (sənədlər) almaq;

3.2.3. vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, Agentliyin struktur bölmələrinin, həmçinin fiziki və hüquqi şəxslərin sorğuları əsasında rəylər vermək;

3.2.4. qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə xarici və yerli ekspertləri və mütəxəssisləri cəlb etmək;

3.2.5. hüquqi və fiziki şəxslərlə bağlanılmış müqavilələrə əsasən, əqli mülkiyyət sahəsi üzrə rəylər hazırlamaq, digər işlər görmək və xidmətlər göstərmək;

3.2.6. nəşriyyat fəaliyyəti ilə məşğul olmaq, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

3.2.7. əqli mülkiyyət sahəsində dövlət orqanları ilə, hüquqi şəxslərlə və beynəlxalq təşkilatlarla, o cümlədən əmlak hüquqlarını idarə edən təşkilatlarla əməkdaşlıq etmək;

3.2.8. əhalinin, o cümlədən müəlliflərin, hüquq sahiblərinin, mütəxəssislərin, tələbələrin, tədqiqatçı alimlərin və digər maraqlı şəxslərin əqli mülkiyyət sahəsində biliklərinin artırılması, bu sahə üzrə mütəxəssislərin hazırlanması və digər istiqamətlərdə işlər görmək;

3.2.9. iclaslar, elmi-metodiki konfranslar, seminarlar keçirmək, dövri nəşrlər təsis etmək, sahə üzrə dərs vəsaitləri və digər metodiki vasitələr hazırlamaq, mütəxəssislərin tədrisi ilə bağlı işlər görmək;

3.2.10. analoji qurumlarla, o cümlədən xarici ölkələrin alim və mütəxəssisləri ilə informasiya mübadiləsi aparmaq, fəaliyyət istiqamətlərinə uyğun olaraq beynəlxalq təcrübəni öyrənmək;

3.2.11. vəzifələrinin yerinə yetirilməsi məqsədi ilə qanun-vericiliklə müəyyən edilmiş qaydada təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak edilməsi, idarə, filial və nümayəndəliklərin yaradılması ilə bağlı Agentliyin İdarə Heyətinin sədrinə təkliflər vermək;

3.2.12. Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində Agentliyə təkliflər vermək.

 

4. Mərkəzin idarə olunması

 

4.1. Mərkəz öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Mərkəzi Müşahidə Şurası və direktor idarə edirlər.

4.3. Müşahidə Şurası (bunda sonra – Şura) Mərkəzin fəaliyyətinə ümumi nəzarəti həyata keçirir.

4.4. Şura Agentliyin İdarə Heyətinin sədri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən Şuranın sədri də daxil olmaqla, beş üzvdən ibarətdir. Şuranın tərkibi Agentliyin (3 nəfər) və ictimai yaradıcılıq təşkilatlarının (2 nəfər) nümayəndələrindən ibarətdir. Şura üzvlərinin səlahiyyət müddəti 5 (beş) ildir. Agentliyin İdarə Heyətinin sədri Şuranın sədrini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir, həmçinin onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verir.

4.5. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.

4.6. Şura qərar qəbul etməkdə müstəqildir.

4.7. Şura aşağıdakı vəzifələri yerinə yetirir:

4.7.1. Mərkəzin inkişaf istiqamətlərinin müəyyən edilməsi ilə bağlı müzakirələr aparır və bu barədə təkliflərini Agentliyin İdarə Heyətinə təqdim edir;

4.7.2. Şura üzvləri və Mərkəzin direktoru tərəfindən qaldırılan məsələlərə baxır və müzakirə olunan məsələlərlə bağlı təkliflərini Agentliyin İdarə Heyətinə təqdim edir;

4.7.3. Mərkəzin fəaliyyətinə dair illik hesabatı dinləyir;

4.7.4. Mərkəzin kənar auditorunun təyin edilməsi barədə Agentliyin İdarə Heyətinin sədrinə təkliflər verir.

4.8. Şuranın iclasları rübdə bir dəfə olmaqla çağırılır. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya Mərkəzin direktoru çıxış edir. Şuranın iclasları Şura üzvlərinin ən azı üçü iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə təkliflərin Agentliyin İdarə Heyətinə təqdim edilməsinə dair qərarlar qəbul edilir. Şuranın iclasında hər üzv bir səsə malikdir və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər olduqda, Şura sədrinin (və ya onu əvəz edən Şuranın digər üzvünün) səsi həlledici sayılır. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Şuranın iclaslarında Mərkəzin direktoru və onun müavini iştirak edə bilər.

4.9. Şuranın sədri:

4.9.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir;

4.9.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;

4.9.3. öz təşəbbüsü ilə, həmçinin Şuranın hər hansı bir üzvünün və ya Mərkəzin direktorunun müraciəti əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;

4.9.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.

4.10. Şuranın üzvləri:

4.10.1. Şuranın səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;

4.10.2. Şuranın iclasının gündəliyi və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.10.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;

4.10.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxılması barədə təkliflər verirlər;

4.10.5. Şuranın qərarları, iclas protokolları və digər sənədlərlə tanış olurlar.

4.11. Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər.

4.12. Mərkəzin cari fəaliyyətinə Agentliyin İdarə Heyətinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir. Direktor Mərkəzə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün cavabdehdir.

4.13. Direktorun Agentliyin İdarə Heyətinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini vardır. Direktorun müavini direktorun ona həvalə etdiyi vəzifələri yerinə yetirir. Direktor müvəqqəti olmadıqda, Agentliyin İdarə Heyətinin sədrinin müvafiq əmri ilə direktor müavini onu əvəz edir.

4.14. Direktor aşağıdakı vəzifələri yerinə yetirir:

4.14.1. Mərkəzin fəaliyyətini təşkil edir, onun cari fəaliyyətinə rəhbərlik edir və Mərkəzi təmsil edir;

4.14.2. Mərkəzin fəaliyyətinə dair aylıq, rüblük və illik hesabatlar hazırlayaraq Agentliyin İdarə Heyətinin sədrinə təqdim edir;

4.14.3. Şuranın səlahiyyətlərinə aid olan məsələlərlə bağlı Şuraya təkliflər təqdim edir və Şura qarşısında məsələ qaldırır;

4.14.4. Mərkəzin cari fəaliyyətinə dair sərəncam və göstərişlər verir, daxili təşkilati-sərəncamverici sənədləri təsdiq edir, onların icrasını təşkil edir və icrası üzərində nəzarəti həyata keçirir;

4.14.5. Mərkəzin fəaliyyətinə dair daxili qaydaları, habelə struktur bölmələrinin əsasnamələrini və işçilərin vəzifə təlimatlarını təsdiq edir;

4.14.6. qanunvericiliklə müəyyən edilmiş qaydada təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak edilməsi, idarə, filial və nümayəndəliklərin yaradılması barədə Agentliyin İdarə Heyətinin sədrinə təkliflər verir;

4.14.7. xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında Agentliyin İdarə Heyətinin sədrinə təkliflər verir;

4.14.8. aidiyyəti şəxslə dəyəri Mərkəzin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında Şuraya təkliflər verir;

4.14.9. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Mərkəzin strukturunu və ştat cədvəlinə dair təklifləri Agentliyin İdarə Heyətinin sədrinə təqdim edir;

4.14.10. Mərkəzin işçilərinə əlavə ödənilən həvəsləndirmə sistemi ilə bağlı Agentliyin İdarə Heyətinin sədrinə təkliflər verir;

4.14.11. Mərkəzin işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Agentliyin İdarə Heyətinin sədrinə təqdimat verir;

4.14.12. Mərkəzin işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi barədə Agentliyin İdarə Heyətinin sədrinə təkliflər verir;

4.14.13. bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində Agentliyin İdarə Heyətinin sədri ilə razılaşdırmaqla Mərkəzin adından müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir və etibarnamələr verir;

4.14.14. Mərkəzin vəzifə və hüquqlarına uyğun olaraq, dövlət sirrinin qorunmasını və məxfilik rejimini, həmçinin kargüzarlıq işlərinin aparılmasını təmin edir;

4.14.15. audit hesabatını qəbul edir, kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür və nəticə barədə Agentliyin İdarə Heyətinin sədrinə məlumat verir;

4.14.16. Agentliyin İdarə Heyətinin sədri ilə razılaşdırmaqla, Şuranın səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar verir;

4.14.17. Mərkəzə ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

4.14.18. əmlak hüquqlarının idarəçiliyini həyata keçirdiyi hüquq sahiblərinə istifadəyə görə yığılmış qonorardan qonorarın yığılmasına, bölünməsinə və ödənilməsinə çəkdiyi xərcləri ödəmək üçün çıxılacaq məbləğin müəyyən edilməsi barədə Agentliyin İdarə Heyətinə təkliflər verir;

4.14.19. Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində Agentliyin İdarə Heyətinin sədrinə təkliflər verir.

4.5. Mərkəzin nəzdində Agentlik ilə razılaşdırmaqla mütəxəssislərdən ibarət Elmi-Texniki Məşvərət Şurası, həmçinin əsərin, əlaqəli hüquqlar obyektinin, məlumat toplusunun və inteqral sxem topologiyasının orijinallığının müəyyən edilməsi məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada ödənişli əsaslarla ekspert qrupları yaradıla bilər.

 

5. Mərkəzin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

 

5.1. Mərkəzin nizamnamə Fondu Mərkəzin mülkiyyətinə verilmiş və qanunla müəyyən edilmiş qaydada qiymətləndirilmiş aktivlərin balans dəyərindən təşkil olunur.

5.2. Mərkəzin əmlakı nizamnamə fondundan, təsisçilərin verdiyi digər əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır.

5.3. Mərkəz öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Mərkəz balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra fəaliyyətindən əldə edilmiş vəsait üzərində sərəncam vermək hüququ Mərkəzə aiddir, həmin vəsaitin xərclənməsi Agentliyin İdarə Heyətinin sədri ilə razılaşdırılmaqla həyata keçirilir.

5.5. Mərkəzin direktorunun, direktor müavinin və işçilərinin vəzifə maaşları, müvafiq olaraq “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 mart tarixli 94 nömrəli qərarının 10 nömrəli əlavəsində göstərilən vəzifə maaşlarına bərabər tutulur.

 

6. Mərkəzin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

 

6.1. Mərkəzin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Nazirlər Kabineti, həmçinin təsisçinin səlahiyyətləri çərçivəsində Agentlik həyata keçirirlər.

6.2. Mərkəzin fəaliyyətinə dair illik hesabat Agentliyin İdarə Heyətinin sədrinə təqdim edilir.

 

7. Mərkəzdə uçot və hesabat

 

7.1. Mərkəz “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotunu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Mərkəz “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

 

8. Mərkəzin ləğvi və yenidən təşkili

 

8.1. Mərkəzin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2018-ci il 6 aprel tarixli 135 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

2 nömrəli əlavə

 

 

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin

 

S T R U K T U R U

 

1. Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Aparatı (şöbələr və xidmətlər).

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       13 oktyabr 2018-ci il tarixli 443 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 oktyabr 2018-ci il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2158)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 13 oktyabr 2018-ci il tarixli 443 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 oktyabr 2018-ci il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2158) ilə 2-5-ci, 6.2-6.3-cü və 7-8-ci hissələr ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status