×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
18.06.1999
QEYDİYYAT NÖMRƏSİ
687-IQ
ADI
Terrorçuluğa qarşı mübarizə haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-1999, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 475)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
390.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Terrorizmə qarşı mübarizə haqqında

Terrorçuluğa qarşı mübarizə haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu qanun Azərbaycan Respublikasında terrorçuluğa qarşı mübarizənin hüquqi və təşkilati əsaslarını müəyyən edir, terrorçuluq əleyhinə mübarizəni həyata keçirən dövlət orqanlarının fəaliyyətini əlaqələndirir, habelə həmin orqanların və vətəndaşların hüquqlarını və vəzifələrini təsbit edir.

I fəsil

Ümumİ müddəalar

Maddə 1. Əsas anlayışlar

Bu qanunda aşağıdakı anlayışlar istifadə olunur:

terrorçuluq - ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədi ilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmədir; [2]

terrorçu - hər hansı formada, birbaşa və ya dolayısı ilə, qəsdən terror fəaliyyətinin həyata keçirilməsində təşkilatçı, təhrikçi, köməkçi və ya icraçı qismində iştirak edən və ya bu cür aktları hazırlayan və ya onların törədilməsinə cəhd edən, habelə əvvəlcədən əlbir olan bir qrup şəxsin, mütəşəkkil dəstənin və ya cinayətkar birliyin terror fəaliyyətini həyata keçirməsinə bilə-bilə yardım göstərən fiziki şəxsdir; [3]

terror qrupu - terror fəaliyyətinin həyata keçirilməsi məqsədilə iki və daha artıq şəxsin birləşməsidir;

terror təşkilatı - hər hansı formada, birbaşa və ya dolayısı ilə, qəsdən terror fəaliyyətinin həyata keçirilməsində təşkilatçı, təhrikçi, köməkçi və ya icraçı qismində iştirak edən, terror aktlarını hazırlayan və ya onların törədilməsinə cəhd edən, habelə əvvəlcədən əlbir olan bir qrup şəxsin, mütəşəkkil dəstənin və ya cinayətkar birliyin terror fəaliyyətini həyata keçirməsinə bilə-bilə yardım göstərən terrorçu şəxslərin qrupu və ya öz fəaliyyətində terrorçuluqdan istifadəni mümkün hesab edən təşkilatdır. Əgər struktur bölmələrindən biri təşkilatın hər hansı bir rəhbər orqanının razılığı ilə terror fəaliyyəti ilə məşğuldursa, həmin təşkilat terror təşkilatı hesab edilir; [4]

terrorçuluğa qarşı mübarizə - terror fəaliyyətinin aşkar edilməsi, qarşısının alınması, habelə terror nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsi ilə bağlı fəaliyyətdir;

terror əleyhinə aparılan əməliyyatlar - terror aktlarının qarşısının alınması, fiziki şəxslərin təhlükəsizliyinin təmin edilməsi, terrorçuların tərksilah edilməsi, zərərsizləşdirilməsi, habelə terror aktı nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsi məqsədilə həyata keçirilən xüsusi tədbirlərdir; [5]

terror əleyhinə aparılan əməliyyat zonası - ərazinin və ya akvatoriyanın ayrıca sahələrində, nəqliyyat vasitələrində, binalarda, tikililərdə, qurğularda, yaşayış evlərində və ona bitişik ərazilərdə və ya akvatoriyada əməliyyatların aparıldığı hüdudlardır;

terror fəaliyyəti - terror aktları təşkil etmə, planlaşdırma, hazırlama və həyata keçirmə, fiziki və hüquqi şəxslər üzərində zorakılıq etmə, terror məqsədilə maddi obyektləri məhv etmə və ya zədələmə, terror aktlarının həyata keçirilməsi məqsədilə qanunsuz silahlı birləşmələr, cinayətkar qruplar yaratma, habelə belə aktlarda iştirak etmə, şəxsləri terrorçuluğa cəlb etmə, silahlandırma, onlara təlim keçmə və onlardan istifadə etmə, bilərəkdən terror təşkilatlarını və ya terror qruplarını maliyyələşdirmə və ya onlara digər yardımlar etmə ilə bağlı olan fəaliyyətdir; [6]

beynəlxalq terror fəaliyyəti - terrorçular və ya terror təşkilatları tərəfindən bir neçə dövlətin ərazisində həyata keçirilən və ya bir neçə dövlətin maraqlarına zərər vura bilən, şəxs tərəfindən onun mənsub olduğu dövlətin və ya başqa bir dövlətin ərazisində hər hansı bir dövlətin vətəndaşına qarşı edilən, terrorçu və terrorçuluğa məruz qalan şəxslər eyni və ya müxtəlif dövlətlərin vətəndaşları olduqları halda, həmin dövlətlərin ərazisindən kənarda törədilən cinayətlə bağlı olan fəaliyyətdir.

terrorçuluğun maliyyələşdirilməsi - əldə olunma mənbəyindən asılı olmayaraq, pul vəsaitlərinin və ya digər əmlakın tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 102, 214, 214-2, 214-3, 215, 219, 219-1, 219-2, 226, 227, 227-1, 270-1, 277, 278, 279, 280, 282 və 283-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin, yaxud terrorçunun və ya terrorçu qrupun (dəstənin, təşkilatın) maliyyələşdirilməsi üçün istifadə olunacağını bilərək pul vəsaitlərinin və ya digər əmlakın qəsdən toplanılması və ya verilməsidir; [7]

pul vəsaitləri və ya digər əmlak - əldə edilmə üsulundan asılı olmayaraq, istənilən növ maddi və qeyri-maddi əmlak nemətləri, daşınar və ya daşınmaz əmlak, həmçinin bank kreditləri, yol çekləri, bank çekləri, poçt-göndərişləri, akkreditivlər, habelə səhmlər, istiqrazlar, veksellər və digər qiymətli kağızlar da daxil olmaqla, bu cür aktivlərə olan hüquqları təsdiq edən elektron və ya hər hansı digər formada tərtib olunan hüquqi sənədlər və ya aktlar. [8]

Maddə 2. Terrorçuluğa qarşı mübarizə haqqında qanunvericilik

Terrorçuluğa qarşı mübarizə haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

Maddə 3. Terrorçuluğa qarşı mübarizənin məqsədi

Azərbaycan Respublikasında terrorçuluğa qarşı mübarizə aşağıdakı məqsədlərlə həyata keçirilir:

1) insan hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin təhlükəsizliyinin təmin edilməsi;

2) terrorçuluğun aşkar edilməsi, qarşısının alınması və terrorçuluq nəticəsində gözlənilən zərərin minimuma endirilməsi;

3) terrorçuluğun yaranması və həyata keçirilməsi səbəbinin və şəraitinin habelə terrorçuluğun maliyyələşdirilməsi və digər yardımlar edilməsi hallarının aşkar və ləğv edilməsi. [9]

Maddə 4. Terrorçuluğa qarşı mübarizənin əsas prinsipləri

Azərbaycan Respublikasında terrorçuluğa qarşı mübarizə aşağıdakı prinsiplərə əsaslanır:

1) qanunçuluğun təmin edilməsi;

2) terror fəaliyyətinin həyata keçirilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş cəzanın labüdlüyü;

3) terrorçuluğa qarşı mübarizə zamanı açıq və gizli metodların əlaqələndirilməsi;

4) hüquqi, siyasi, sosial-iqtisadi və təşkilati profilaktik tədbirlərin kompleks istifadəsi;

5) terror fəaliyyəti nəticəsində təhlükəyə məruz qalmış şəxslərin hüquqlarının müdafiəsinin üstünlüyü;

6) terrorçuluq əleyhinə aparılan əməliyyatlara cəlb olunmuş qüvvələrin idarə edilməsində təkbaşçılıq;

7) terrorçuluq əleyhinə aparılan əməliyyatların həyata keçirilməsində iştirak edən şəxsi heyətin, o cümlədən bu məqsədlə istifadə edilən texniki üsulların və taktikanın elan edilməsində minimal aşkarlıq.

II fəsil

terrorçuluğa qarşı mübarİzənİn təşkİlİ. Terror əleyhİnə əməlİyyatların aparılması

Maddə 5. Terrorçuluğa qarşı mübarizəni həyata keçirən orqanlar

Terrorçuluğa qarşı mübarizənin zəruri qüvvələrlə, vasitələrlə təmin edilməsini, habelə terrorçuluğa qarşı mübarizə sahəsində rəhbərliyi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Azərbaycan Respublikasının digər müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində bu qanuna uyğun olaraq terrorçuluğa qarşı mübarizədə iştirak edirlər.

Maddə 6. Terrorçuluğa qarşı mübarizə aparan dövlət orqanlarına kömək göstərilməsi

Dövlət və yerli özünüidarəetmə orqanları, mülkiyyət formasından asılı olmayaraq təşkilatlar, ictimai birliklər, vəzifəli şəxslər və vətəndaşlar terrorçuluğa qarşı mübarizə aparan dövlət orqanlarına kömək etməyə borcludurlar.

Terrorçuluğun aşkar edilməsində və qarşısının alınmasında, habelə bu fəaliyyət nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsində kömək edə biləcək məlumatlar və hadisə barəsində hüquq-mühafizə orqanlarına xəbər vermək hər kəsin borcudur.

Maddə 7. Terror əleyhinə aparılan əməliyyatlara rəhbərlik

Terror əleyhinə aparılan əməliyyatlara birbaşa və vahid rəhbərliyin təmin edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə xarakterindən asılı olaraq zəruri hallarda müvəqqəti əsaslarla (terror əməlinə qarşı aparılan əməliyyatların həyata keçirildiyi müddətə) terror əleyhinə əməliyyatlara idarəetmə üzrə əməliyyat qərargahı yaradılır (bundan sonra - əməliyyat qərargahı) və həmin qərargaha rəhbər təyin olunur.

Əməliyyat qərargahının fəaliyyət qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən Əsasnamə ilə müəyyən edilir.

Terror əleyhinə aparılan əməliyyatlara cəlb edilmiş şəxsi heyət: hərbi qulluqçular, əməkdaşlar və mütəxəssislər əməliyyatın başlandığı andan əməliyyat qərargahının rəhbərinə tabedirlər.

Əməliyyat qərargahının rəhbəri terror əleyhinə aparılan əməliyyat zonasını, əməliyyatın xüsusiyyətlərini müəyyənləşdirir, habelə bu məqsədlə cəlb olunmuş qüvvələrin və vasitələrin istifadə edilməsi haqqında qərarlar qəbul edir.

Əməliyyat qərargahının rəhbəri digər qərarlar, o cümlədən terror əleyhinə aparılan əməliyyat zonasında qismən və müvəqqəti olaraq onların təhlükəsizliyinin təmin edilməsi məqsədilə vəzifəli şəxslərin və vətəndaşların hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edir.

Əməliyyat qərargahının rəhbərinin göstərişləri terror əleyhinə aparılan əməliyyat zonasında bütün vəzifəli şəxslər və vətəndaşlar tərəfindən hökmən icra olunmalıdır.

Qərargahı yaratmış müvafiq icra hakimiyyəti orqanının rəhbərindən başqa heç kəs terror əleyhinə aparılan əməliyyat zamanı əməliyyat qərargahının rəhbərinin hərəkətlərinə qarışa bilməz və ya onun verdiyi qərarları ləğv edə bilməz.

Maddə 8. Terror əleyhinə aparılan əməliyyatların qüvvə və vasitələrlə təmin edilməsi

Terror əleyhinə əməliyyatların aparılması məqsədilə əməliyyat qərargahı terrorçuluğa qarşı mübarizədə iştirak edən müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan lazımi qüvvələrdən və vasitələrdən istifadə edir.

Maddə 9. Terror əleyhinə aparılan əməliyyat zonasının hüquqi rejimi

Terror əleyhinə aparılan əməliyyat zonasında bu əməliyyatı aparan şəxslər aşağıdakı hüquqlara malikdirlər:

1) zərurət olduqda küçələrdə və yollarda nəqliyyat vasitələrinin və piyadaların hərəkətini müvəqqəti məhdudlaşdıran və ya qadağan edən tədbirləri tətbiq etmək, ərazinin müəyyən sahələrinə və obyektlərə nəqliyyat vasitələrini buraxmamaq, nəqliyyat vasitələrinin yedəyə alınmasına icazə verməmək;

2) vətəndaşların və vəzifəli şəxslərin səlahiyyətini təsdiq edən sənədləri yoxlamaq, belə sənədlər olmadıqda isə şəxsiyyətinin müəyyən edilməsi məqsədilə həmin şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətə tutmaq; [10]

3) terror əleyhinə əməliyyatlar aparan şəxslərin qanuni tələblərinə mane olmağa yönəldilmiş hərəkətlər törədən şəxsləri tutmaq və onları müvafiq icra hakimiyyəti orqanına təhvil vermək;

4) terror aktlarının qarşısının alınması, bu aktların həyata keçirilməsində şübhə edilən şəxslərin tutulması zamanı, əgər bu hərəkətlərin gecikdirilməsi insanların həyatını və sağlamlığını real təhlükəyə məruz qoyursa, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada vətəndaşların mənzilinə və digər yaşayış yerlərinə, onların torpaq sahələrinə, habelə mülkiyyət formasından asılı olmayaraq təşkilatların, ictimai birliklərin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə girmək;

5) terror əleyhinə aparılan əməliyyat zonasına gediş və ya bu zonadan çıxış zamanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada vətəndaşları, onların əşyalarını, nəqliyyat vasitəsi və nəqliyyat vasitəsində olan əşyaları, diplomatik nümayəndəliyin və ya konsulluq idarələrinin nəqliyyat vasitələri istisna olmaqla, texniki vasitələr tətbiq etməklə və ya etmədən gözdən keçirmək;

6) xidməti məqsədlər üçün, diplomatik nümayəndəliyin və ya konsulluq idarələrinin rabitə və nəqliyyat vasitələri istisna olmaqla, mülkiyyət formasından asılı olmayaraq vətəndaşlara, təşkilatlara, ictimai birliklərə məxsus olan rabitə və nəqliyyat vasitələrindən istifadə etmək.

Terror əleyhinə aparılan əməliyyat zonasında media sahəsində çalışan işçilərin fəaliyyəti əməliyyat qərargahının rəhbəri tərəfindən müəyyən edilir. [11]

Maddə 10. Terrorçularla danışıqların aparılması

İnsanların həyatının və sağlamlığının, maddi sərvətlərin qorunması, habelə terror aktlarının qarşısının alınması imkanlarının öyrənilməsi məqsədilə terrorçularla danışıqların aparılmasına yol verilir.

Terrorçularla danışıqların aparılmasına yalnız əməliyyat qərargahının rəhbəri tərəfindən vəkil edilmiş şəxslər buraxılırlar.

Terrorçularla danışıqlar zamanı şərt olaraq terror aktlarının dayandırılması məqsədilə terrorçulara hər hansı bir şəxsin onun iradəsi əleyhinə olaraq verilməsi, siyasi tələblərin icra edilməsi, habelə tətbiqi insanların həyatına və sağlamlığına təhlükə yaradan silahların və ya başqa vasitələrin verilməsi qadağandır.

Terrorçularla danışıqların aparılması törətdikləri əməllərə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətdən onların azad edilməsinə əsas ola bilməz.

Maddə 11. Terror aktları barəsində ictimaiyyətə məlumat verilməsi [12]

Terror əleyhinə aparılan əməliyyatlar zamanı terror aktları barəsində ictimaiyyətə məlumatlar əməliyyat qərargahının rəhbərinin və ya əməliyyat qərargahının ictimaiyyətlə əlaqələr üzrə məsul nümayəndəsinin müəyyən etdiyi formada və həcmdə verilir.

Aşağıdakı məlumatların yayılmasına yol verilmir:

1) terror əleyhinə əməliyyatların aparılması taktikası və texniki üsulları haqqında;

2) terror əleyhinə aparılan əməliyyatlar zonasında və ya bu zonanın hüdudlarından kənarda olan insanların həyatına və sağlamlığına təhlükə yaradan və terror əleyhinə əməliyyatların aparılmasına əngəllik törədən məlumatlar haqqında;

3) terrorçuluğa bəraət qazandıran və ya onların təbliğinə xidmət edən məlumatlar haqqında;

4) terror əleyhinə aparılan əməliyyatlarda iştirak edən, habelə bu əməliyyatların aparılmasına kömək edən şəxslər haqqında.

Maddə 12. Terror əleyhinə aparılan əməliyyatın başa çatması

Terror aktının qarşısı alındıqda və terror əleyhinə aparılan əməliyyat zonasında olan insanların həyatına və sağlamlığına qorxu yaradan təhlükə ləğv edildikdə terror əleyhinə aparılan əməliyyat başa çatmış hesab edilir.

Terror əleyhinə aparılan əməliyyatın başa çatması əməliyyat qərargahının rəhbəri tərəfindən elan edilir.

III fəsil

Terror aktları nətİcəsİndə dəyən zİyanın ödənİlməsİ. terrorçuluğa qarşı mübarİzədə İştİrak edən şəxslərİn hüquqİ və sosİal müdafİəsİ

Maddə 13. Terror aktları nəticəsində dəyən ziyanın ödənilməsi və zərər çəkmiş şəxslərin sosial reabilitasiyası

Terror aktları nəticəsində fiziki və hüquqi şəxslərin əmlakına dəyən ziyan dövlət büdcəsinin vəsaiti hesabına tam həcmdə ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur.

Terror aktları nəticəsində zərər çəkmiş şəxslərin sosial reabilitasiyası, həmin şəxslərə göstərilən hüquqi, psixoloji, tibbi, professional yardımları, onların işlə və mənzillə təmin olunmasını nəzərdə tutur.

Terror aktları nəticəsində zərər çəkmiş, habelə bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş şəxslərin sosial reabilitasiyası dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Terror aktları nəticəsində zərər çəkmiş şəxslərin sosial reabilitasiyasının həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 14. Terrorçuluğa qarşı mübarizə aparan şəxslərin hüquqi və sosial müdafiəsi

Terrorçuluğa qarşı mübarizə aparan şəxslər dövlətin müdafiəsi altındadırlar. Hüquqi və sosial müdafiə tədbirləri aşağıdakı şəxslər barəsində tətbiq edilir:

1) müvafiq icra hakimiyyəti orqanının terrorçuluğa qarşı mübarizədə bilavasitə iştirak edən əməkdaşları;

2) dövlət orqanlarına daimi və ya müvəqqəti əsaslarla terror fəaliyyətinin qarşısının alınmasında, aşkar edilməsində və bu fəaliyyət nəticəsində dəyə biləcək ziyanın minimuma endirilməsində kömək edən şəxslər;

3) bu maddənin 1-ci və 2-ci bəndlərində nəzərdə tutulmuş şəxslər xidmət vəzifələrinin yerinə yetirərkən onların yaxın qohumlarının sağlamlığına və ya əmlakına ziyan dəydiyi hallarda, həmin şəxslərin yaxın qohumları.

Terrorçuluğa qarşı mübarizə aparan şəxslərin sağlamlığına və əmlakına dəyən ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir.

Terrorçuluğa qarşı mübarizədə iştirak edən şəxs terror əleyhinə aparılan əməliyyatlar zamanı həlak olduqda (vəfat etdikdə) onun ailəsinə, habelə öhdəsində olanlara dövlət büdcəsinin vəsaiti hesabına orta aylıq əmək haqqı məbləğinin yüz misli miqdarında birdəfəlik müavinət ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur.

Terrorçuluğa qarşı mübarizədə iştirak edən şəxs terror əleyhinə aparılan əməliyyatlar zamanı xidmətini davam etdirilməsinə imkan verməyən dərəcədə xəsarət (yaralanma, travma, kontuziya) aldıqda, ona dövlət büdcəsinin vəsaiti hesabına orta əmək haqqı məbləğinin doxsan misli miqdarında birdəfəlik müavinət ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur. [13]

Bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulan birdəfəlik müavinət “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. [14]

Maddə 15. Dəymiş ziyana görə məsuliyyətdən azad olma

Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada terror əleyhinə aparılan əməliyyat zamanı terrorçuların həyatına, sağlamlığına və ya əmlakına ziyan vurulmasına yol verilir. Terrorçuluğa qarşı mübarizədə iştirak edən şəxs terror əleyhinə aparılan əməliyyat zamanı vurulmuş bu cür ziyana görə məsuliyyət daşımır.

Maddə 16. Xidmət illərinin güzəştli hesablanması

Terrorçuluğa qarşı mübarizəni bilavasitə həyata keçirən bölmələrdə xidmət edən müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşları üçün pensiyanın məbləğinin hesablanmasında xidmət illəri bir xidmət günü iki xidmət günü kimi, terror əleyhinə aparılan əməliyyatlarda iştirak müddəti isə bir xidmət günü üç xidmət günü kimi hesablanır. [15]

IV fəsil

Terror fəalİyyətİndə İştİraka görə məsulİyyət

Maddə 17. Terror fəaliyyətində iştiraka görə məsuliyyət

Terror fəaliyyətində iştirak edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

İnsan hüquqları və azadlıqları, dövlət təhlükəsizliyinin və beynəlxalq təhlükəsizliyin təmin olunması maraqlarını rəhbər tutaraq, terror əməlləri törədən və ya bu cür əməllərin törədilməsində iştirakçı olan şəxslər bu əməllərin planlaşdırılması və ya həyata keçirilməsi yerindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə əsasən cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılırlar və ya cinayət məsuliyyətinə cəlb edilməsi, yaxud təyin edilmiş cəzanın icrası üçün xarici dövlətə geri verilə bilərlər.

Maddə 18. Terror fəaliyyəti ilə bağlı işlərə baxılması

Terror fəaliyyəti ilə bağlı cinayətlərə, habelə terror aktları nəticəsində dəyən ziyanın ödənilməsi üzrə işlərə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmənin (hakimin) qərarı ilə qapalı məhkəmə iclasında baxıla bilər.

Maddə 19. Terror fəaliyyətinə görə təşkilatların məsuliyyəti

Terror fəaliyyəti ilə əlaqəsinə görə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təşkilat (onun filialı nümayəndəliyi) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəmənin qərarı əsasında ləğv edilə bilər.

Terror fəaliyyəti ilə əlaqəsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilmiş təşkilat ləğv edilərkən ona mənsub olan əmlak Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilir və dövlətin hesabına keçirilir.

V fəsil

Yekun müddəalar

Maddə 20. Terrorçuluğa qarşı mübarizənin həyata keçirilməsinin qanuniliyinə nəzarət

Terrorçuluğa qarşı mübarizənin həyata keçirilməsinin qanuniliyinə nəzarəti Azərbaycan Respublikasının baş prokuroru və ona tabe olan prokurorlar həyata keçirirlər.

Terror fəaliyyətinə görə təşkilatın məsuliyyətə cəlb olunması barəsində ərizə ilə məhkəməyə Azərbaycan Respublikasının baş prokuroru və ya ona tabe olan prokurorlar müraciət edirlər.

Maddə 21. Terrorçuluğa qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq

Azərbaycan Respublikası tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə əsasən terrorçuluğa qarşı mübarizə sahəsində xarici dövlətlərlə, onların hüquq-mühafizə orqanları ilə, habelə terrorçuluğa qarşı mübarizə aparan beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

Maddə 22. Qanunun pozulmasına görə məsuliyyət

Bu qanunun pozulmasına görə vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 18 iyun 1999-cu il

                 № 687-IQ

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       5 oktyabr 2001-ci il tarixli 183-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 676)

2.       17 may 2002-ci il tarixli 332-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 258)

3.       5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133)

4.       1 sentyabr 2005-ci il tarixli 977-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 oktyabr 2005-ci il)

5.       16 dekabr 2008-ci il tarixli 741-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  18 fevral 2009-cu il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 46)

6.       05 mart 2010-cu il tarixli 973-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  21 mart 2010-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №03, maddə 178)

7.       14 mart 2014-cü il tarixli 921-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 aprel 2014-cü il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 329)

8.       31 may 2016-cı il tarixli 266-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 iyul 2016-cı il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1003)

9.       13 iyun 2017-ci il tarixli 733-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul 2017-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1292)

10.    13 iyun 2017-ci il tarixli 723-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 iyul 2017-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1282)

11.    1 fevral 2018-ci il tarixli 978-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 mart 2018-ci il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 371)

12.    30 may 2019-cu il tarixli 1599-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 iyun 2019-cu il, № 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 1002)

13.    2 dekabr 2022-ci il tarixli 671-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı 27 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 28 dekabr 2022-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1379)

14.    17 fevral 2023-cü il tarixli 816-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 5 oktyabr 2001-ci il tarixli 183-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 676) ilə Qanunun adında və mətnində "terrorizm" sözü ismin müvafiq hallarında "terrorçuluq" sözü ilə əvəz edilmişdir.

 

[2] 5 oktyabr 2001-ci il tarixli 183-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 676) ilə 1-ci maddənin ikinci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

terrorçuluq - ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq və ya dövlət hakimiyyəti orqanları tərəfindən terrorçuların maraqlarına cavab verən qərarların qəbul edilməsinə nail olmaq məqsədilə insanların kütləvi surətdə qırılmasına, onlara bədən xəsarəti yetirilməsinə, yaxud səhhətinə başqa cür zərər vurulmasına və ya onların əmlakının məhv edilməsinə (zədələnməsinə) və ya başqa ağır nəticələrə səbəb olan əməllər törədilməsi və ya bu cür əməllərin törədilməsinə yönəldilmiş hədədir;

17 may 2002-ci il tarixli 332-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 258) ilə 1-ci maddənin ikinci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

terrorçuluq - adamların həlak olması, əhəmiyyətli əmlak ziyanının vurulması, habelə başqa ağır nəticələrin baş verməsi təhlükəsi törədən partlayışların, yanğınların və ya digər hərəkətlərin edilməsi, bu hərəkətlər ictimai təhlükəsizliyi pozmaq, əhalini qorxutmaq, yaxud təqsirkarın tələbinə əsasən hakimiyyət orqanlarının qərar qəbul etməsinə təsir göstərmək məqsədilə əməllər törədilməsi, habelə həmin məqsədlə bu hərəkətlərin törədilməsinə yönəldilmiş hədədir;

31 may 2016-cı il tarixli 266-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 iyul 2016-cı il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1003) ilə 1-ci maddənin ikinci abzasına “digər hərəkətlər” sözlərindən sonra “(terror aktı)” sözləri əlavə edilmişdir.

 

[3] 13 iyun 2017-ci il tarixli 733-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul 2017-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1292) ilə 1-ci maddəsinin üçüncü abzas yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

terrorçu - hər hansı bir formada terror fəaliyyətinin həyata keçirilməsində iştirak edən şəxs;

 

[4] 13 iyun 2017-ci il tarixli 733-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul 2017-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1292) ilə 1-ci maddəsinin beşinci abzasın birinci cümləsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

terror təşkilatı - terror fəaliyyətinin həyata keçirilməsi məqsədilə yaradılan və ya öz fəaliyyətində terrorçuluqdan istifadəni mümkün hesab edən təşkilatdır.

 

[5] 31 may 2016-cı il tarixli 266-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 iyul 2016-cı il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1003) ilə 1-ci maddənin yeddinci və doqquzuncu (hər iki halda) abzaslarında, 9-cu maddənin birinci hissəsinin 4-cü bəndində, 10-cu maddənin birinci və üçüncü hissələrində, 11-ci maddənin birinci hissəsində və 18-ci maddədə ismin müvafiq hallarında “terror aksiyaları” sözləri ismin müvafiq hallarında “terror aktları” sözləri ilə əvəz edilmişdir.

 

31 may 2016-cı il tarixli 266-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 iyul 2016-cı il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1003) ilə 1-ci maddənin yeddinci abzasında və 12-ci maddənin birinci hissəsində ismin müvafiq hallarında “terror aksiyası” sözləri “terror aktı” sözləri ilə əvəz edilmişdir.

 

[6] 31 may 2016-cı il tarixli 266-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 iyul 2016-cı il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1003) ilə 1-ci maddənin doqquzuncu abzasında “aksiyalarda” sözü “aktlarda” sözü ilə, 9-cu maddənin birinci hissəsinin 4-cü bəndində “aksiyaların” sözü “aktların” sözü ilə əvəz edilmişdir.

 

[7] 17 may 2002-ci il tarixli 332-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 258) ilə 1-ci maddəyə on birinci abzas əlavə edilmişdir.

 

05 mart 2010-cu il tarixli 973-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  21 mart 2010-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №03, maddə 178) ilə 1-ci maddənin 11-ci abzas yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi.

terrorçuluğun maliyyələşdirilməsi - pul vəsaitlərinin və ya digər əmlakın tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə terrorçuluğun törədilməsinə qəsdən yönəldilməsi və ya pul vəsaitlərinin və ya digər əmlakın qəsdən həmin məqsədlə toplanılmasıdır.

 

14 mart 2014-cü il tarixli 921-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 aprel 2014-cü il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 329) ilə 1-ci maddəsinin 11-ci abzasında “ 214,” rəqəmlərindən sonra “214-2, 214- 3,” rəqəmləri, “219- 1,” rəqəmlərindən sonra “226, 227,” rəqəmləri əlavə edilsin, “və 282-ci” sözləri “, 282 və 283-1-ci” sözləri ilə əvəz edilmişdir.

 

30 may 2019-cu il tarixli 1599-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 iyun 2019-cu il, № 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 1002) ilə 1-ci maddənin on birinci abzasında “219-1, 226, 227, 277, 278, 279, 280, 282 və 283-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin maliyyələşdirilməsi üçün, yaxud göstərilən cinayətlərin törədilməsi məqsədilə şəxsin və ya həmin məqsədlə yaradılan qrupun (dəstənin, təşkilatın) təmin edilməsi” sözləri “219-1, 219-2, 226, 227, 227-1, 270-1, 277, 278, 279, 280, 282 və 283-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin, yaxud terrorçunun və ya terrorçu qrupun (dəstənin, təşkilatın) maliyyələşdirilməsi” sözləri ilə əvəz edilmişdir.

 

[8] 05 mart 2010-cu il tarixli 973-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  21 mart 2010-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №03, maddə 178) ilə 1-ci maddəyə 12-ci abzas əlavə olunmuşdur.

2 dekabr 2022-ci il tarixli 671-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı 27 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 28 dekabr 2022-ci il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1379) ilə 1-ci maddəsinin birinci hissəsinin on ikinci abzasında “səhmlər və qiymətli kağızlar, istiqrazlar, veksellər, akkreditivlər də” sözləri “akkreditivlər, habelə səhmlər, istiqrazlar, veksellər və digər qiymətli kağızlar da” sözləri ilə əvəz edilmişdir.

 

[9] 17 may 2002-ci il tarixli 332-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 258) ilə 3-cü maddənin üçüncü bəndində "şəraitinin" sözündən sonra "habelə terrorçuluğun maliyyələşdirilməsi və digər yardımlar edilməsi hallarının" sözləri əlavə edilmişdir.

 

[10] 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133) ilə 9-cu maddənin birinci hissəsinin 2-ci bəndində "üç günədək müddətə saxlamaq;" sözləri "Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətə tutmaq;" sözləri ilə əvəz edilmişdir.

 

[11] 17 fevral 2023-cü il tarixli 816-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73) ilə 9-cu maddəsinin ikinci hissəsində “kütləvi informasiya vasitələri işçilərinin” sözləri “media sahəsində çalışan işçilərin” sözləri ilə əvəz edilmişdir.

 

[12] 31 may 2016-cı il tarixli 266-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 iyul 2016-cı il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1003) ilə 11-ci maddənin və III Fəslin adlarında, 13-cü maddənin adında və birinci – dördüncü hissələrində “Terror aksiyaları” sözləri “Terror aktları” sözləri ilə əvəz edilmişdir.

 

[13] 16 dekabr 2008-ci il tarixli 741-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  18 fevral 2009-cu il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 46) ilə 14-cü maddəsinin dördüncü hissəsində “zədələndikdə, yaralandıqda, kontuziya olduqda, xəsarət” sözləri “xəsarət (yaralanma, travma, kontuziya)” sözləri ilə əvəz edilmişdir.

 

[14] 13 iyun 2017-ci il tarixli 723-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 iyul 2017-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1282) ilə 14-cü maddəsinə yeni məzmunda beşinci hissə əlavə edilmişdir.

 

1 fevral 2018-ci il tarixli 978-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 mart 2018-ci il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 371) ilə 14-cü maddəsinin beşinci hissəsində “yalnız nağdsız qaydada” sözləri “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri ilə əvəz edilmişdir.

 

[15] 1 sentyabr 2005-ci il tarixli 977-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 10, maddə 871) ilə 16-cı maddədə "pensiyanın təyin olunmasında" sözləri "pensiyanın məbləğinin hesablanmasında" sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status