×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
22.06.1999
QEYDİYYAT NÖMRƏSİ
693-IQ
ADI
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-1999, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 477)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından 23 yaşınadək olan şəxslərin sosial müdafiəsi üzrə dövlət təminatının məzmununu, tədbirlərini müəyyən edir, həmin təminatın verilməsi və həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.

 

Maddə 1. Əsas anlayışlar

 

Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

valideynlərini itirmiş uşaqlar - hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir;

valideyn himayəsindən məhrum olmuş uşaqlar - hər iki valideyni:

məlum olmayan;

valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan;

xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən;

cəzaçəkmə müəssisələrində cəzasını çəkən; [1]

uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən;

uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; [2]

qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir.

Bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər; [3]

valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər - valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir; [4]

valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların saxlanıldığı, təhsil və (və ya) tərbiyə aldığı təhsil müəssisələri;

ailə tipli uşaq evləri;

sosial xidmət müəssisələri (uşaq evləri; [5]

18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün internatlar, sosial-reabilitasiya yardım mərkəzləri, sosial sığınacaqlar); [6]

səhiyyə sistemi müəssisələri və qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılan digər dövlət və qeyri-dövlət müəssisələridir;

qəyyumluq və himayə - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların saxlanılması, tərbiyə olunması və təhsili, habelə hüquq və mənafelərinin müdafiəsi məqsədilə onların yerləşdirilməsi formasıdır. Qəyyumluq 14 yaşınadək olan uşaqlara, himayə 14 yaşından 18 yaşınadək olan uşaqlara müəyyən edilir. övladlığa götürən şəxs - qanunvericiliklə müəyyən edilmiş qaydada valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürən ər-arvad və ya ayrı-ayrı şəxslərdir; [7]

 valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların tam dövlət təminatı - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara müvafiq dövlət və ya bələdiyyə müəssisələrində, qəyyumun (himayəçinin) ailəsində olduqları müddətdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qaydada yemək, paltar və ayaqqabı dəsti verilməsi, yaşaması, təhsil alması və tibbi xidmət göstərilməsi və ya onların tam dəyərinin dövlət büdcəsi hesabına ödənilməsidir. [8]

 

Maddə 2. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi sahəsində qanunvericilik

 

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi sahəsində qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi-aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.

 

Maddə 3. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi üzrə tədbirlər

 

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi mövcud qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən təmin olunur və qorunur.

Müvafiq icra hakimiyyəti orqanları valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların və onların arasından olan şəxslərin sosial müdafiəsi üzrə məqsədli proqramları hazırlayır və həyata keçirir, onlar üçün mərkəzləşmiş xüsusi yaşayış yerləri, habelə təhsil, sosial xidmət və digər müəssisələrin bazasında sosial uyğunlaşma və reabilitasiya üzrə dövlət müəssisələri yaradırlar.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi üzrə maliyyə xərcləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən minimum dövlət sosial standartlarına əsaslanır.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün qəyyumlara (himayəçilərə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydada və məbləğdə aylıq müavinətlər verilir. [9]

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər sosial müdafiə tədbirləri də müəyyən edilə bilər.

Dövlət və bələdiyyə bədən tərbiyəsi-idman təşkilatlarında valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara bədən tərbiyəsi-idman xidmətləri pulsuz göstərilir. [10]

 

Maddə 4. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi üzrə tədbirlərin maliyyələşdirilməsi

 

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi üzrə tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi, dövlət və qeyri-dövlət fondları, qrantlar və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.

 

Maddə 5. Təhsil üzrə təminatlar

 

Bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər həmin təhsil müəssisəsini və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini bitirənədək tam dövlət təminatına götürülürlər. [11]

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayırlar. [12]

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə tam dövlət təminatından əlavə, həmin təhsil müəssisəsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda təqaüd verilir, habelə istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilir.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada və miqdarda müavinət verilir. [13]

Ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alarkən tibbi göstərişlər üzrə akademik möhlət verilən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə həmin müddət ərzində tam dövlət təminatı saxlanılır, təqaüdlər verilir. Həmin müəssisələr və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat onların müalicəsinin təşkilinə kömək edirlər. [14]

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara şəhər və şəhərətrafı nəqliyyat vasitələrindən (taksidən başqa) istifadə üçün müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir. [15]

Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil müəssisələrini və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini bitirdikləri zaman müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar və ayaqqabı, habelə respublika üzrə orta əmək haqqının iki mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurlar. [16]

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların bir təhsil müəssisəsindən digərinə keçirilməsinə, ümumi əsas təhsil alana qədər təhsilin formasının dəyişdirilməsinə, habelə onların istənilən təhsil müəssisəsindən kənar edilməsinə yalnız qəyyumluq və himayə orqanlarının razılığı əsasında yol verilir. [17]

 

Maddə 6. Tibbi xidmət üzrə təminatlar

 

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə dövlət büdcəsinin vəsaitləri hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) bütün dövlət müalicə-profilaktika müəssisələrində tibbi xidmət göstərilir və onlar mütəmadi tibbi müayinədən keçirilir. [18]

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar tibb müəssisələrinin göndərişi əsasında Azərbaycan Respublikasının hüdudları daxilində sanatoriya-kurort müalicəsi və müalicə ocaqlarına gediş-gəliş xərcləri ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada təmin edilirlər. [19]

 

Maddə 7. Əmlak və yaşayış sahəsi üzrə təminatlar

 

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər və qəyyumluqda (himayədə) olan uşaqlar bütün tipdən olan təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil aldıqları, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında xidmət etdikləri, əhaliyə sosial xidmət və habelə cəzaçəkmə müəssisələrində olduqları bütün müddət ərzində qanunvericiliklə müəyyən olunmuş qaydada valideynlərinə və ya özlərinə məxsus olan, yaxud əvvəllər yaşamış olduqları mənzil sahələrinə hüquqlarını saxlayırlar. Bu mənzilə köçmək mümkün olmadıqda, onlar həmin yaşayış sahəsinə bərabər olan mənzillə növbədənkənar təmin edilirlər. [20]

Əvvəllər mənzil sahəsi olmayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə qəyyumluqda (himayədə) olan uşaqlar bütün tipdən olan təhsil müəssisələrini və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini bitirməyə, əhaliyə sosial xidmət müəssisələrindən və Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarından buraxılmağa, cəzaçəkmə müəssisələrindən azad olunmağa üç ay qalmış müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən olunmuş sosial normalardan az olmayan yaşayış yeri ilə növbədənkənar təmin olunurlar. Sosial xidmət müəssisələrində yaşayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqların növbədənkənar mənzil almaq hüququ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 32.3-cü maddəsinə uyğun olaraq müəyyən edilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş yetkinlik yaşına çatmayanların yaşayış sahəsi olmadıqda, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən internat məktəblərinə göndərilir və tam dövlət təminatına götürülürlər. [21]

Sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə aid olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri verilir. [22]

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar), qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri üzrə aparılır.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların mülkiyyətində olan özəlləşdirilmiş mənzil sahələri, habelə həmin uşaqların müvəqqəti yaşamadıqları, lakin özəlləşdirilmə zamanı müvafiq yaşayış sahəsinə mülkiyyətçi və ya icarəçi ilə bərabər hüququ olduğu yaşayış sahəsi barəsində əqdlər yerinə yetirilərkən müvafiq icra hakimiyyəti orqanının həmin uşaqlar üzərində qəyyumluq və himayəçilik təyin edildikdə isə qəyyumluq və himayəçilik orqanının əvvəlcədən razılığı olmalıdır. [23]

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxs yaşayış sahəsinə yerləşdirilərkən, həmin yaşayış sahəsində himayəyə verilmiş valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar yaşadıqda, qəyyumluq və himayə orqanının razılığı tələb olunur (cəza çəkməkdən azad edilmiş şəxs mənzilin mülkiyyətçisi olduğu hallar istisna olmaqla). [24]

Valideynlər vəfat etdikdə, yaxud valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin yaşayış sahəsi məcburi dəyişdirildikdə müvafiq icra hakimiyyəti orqanı, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrin rəhbərləri, qəyyumlar (himayəçilər), övladlığa götürən şəxslər valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların hüququ olduğu yaşayış sahəsini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq özəlləşdirməli və həmin yaşayış sahəsi məcburi dəyişdirildiyi halda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların mülkiyyətinə keçməsi barədə müqavilə bağlamalıdırlar.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər və qəyyumluqda (himayədə) olan uşaqlar mülki-hüquqi əqdlərin bağlanması zamanı, habelə mənzil (fərdi ev) alarkən və ya dəyişdirilərkən dövlət rüsumunu ödəməkdən azad olunurlar.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin yaşayış sahəsi ilə təmin olunması üçün dövlət büdcəsi və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına xüsusi mənzil fondları yaradıla bilər.

Qanunvericiliklə müəyyən olunmuş qaydada valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə fərdi ev tikintisi üçün torpaq sahələri ayrılır və məqsədli qaytarılmayan ssuda verilir.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər onların valideynlərinin mülkiyyətində olmuş əmlakın, torpağın və dövlət əmlakının özəlləşdirilməsi zamanı aldıqları paylar üzərində ümumi qaydada vərəsəlik hüququna malikdirlər.

 

Maddə 8. Əmək hüququ üzrə təminatlar

 

15 yaşından 18 yaşınadək olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar müraciət etdikdə müvafiq icra hakimiyyəti orqanı onlarla peşə yönümü barədə iş aparır və səhhəti nəzərə alınmaqla onların peşə yararlığının diaqnostikasını təmin edirlər.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər üçün əlavə iş yerləri yaratmış işəgötürənlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq güzəştlərdən istifadə edirlər. [25]

Müvafiq icra hakimiyyəti orqanı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, habelə onların arasından olan şəxslərin peşə hazırlığını və peşə fəaliyyətini təmin edirlər. Onlar üçün sosial xidmət müəssisələrində xüsusiləşdirilmiş iş yerləri yaradıla bilər.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalara uyğun paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqla, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunurlar. Onların arzusu ilə həmin ləvazimat və avadanlıqların əvəzinə pul kompensasiyaları verilir və ya həmin kompensasiyalar müvafiq banklarda həmin şəxslərin adına açılan hesablara köçürülür.

İlk dəfə iş axtaran və müvafiq icra hakimiyyəti orqanında işsiz statusunda qeydə alınmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə mövcud qanunvericiliyə uyğun olaraq işsizliyə görə orta əmək haqqı miqdarında müavinət verilir. Müvafiq icra hakimiyyəti orqanı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin peşə yönümünü, peşə hazırlığını və işə düzəldilməsini həyata keçirir. [26]

İşəgötürənlər (onların hüquqi varisləri) iş yerlərinin ixtisarı ilə əlaqədar işdən azad olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq, habelə onların arasından olan şəxs hesab edilən işçiləri sonradan həmin müəssisədə və ya digər müəssisədə işə düzəltmək üçün öz vəsaiti hesabına zəruri yeni peşə hazırlığına cəlb edirlər.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin məşğulluğunun təmin edilməsi “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Buna əməl edilmədikdə, işəgötürən hər iş yeri üçün (işlə təmin olunmayan aylar üzrə) respublika üzrə müəyyən edilmiş orta aylıq əmək haqqının üç misli məbləğində cərimə ödəyir. [27]

 

Maddə 9. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının müdafiəsi

 

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini onların özləri, qanuni nümayəndələri, qəyyumları (himayəçiləri), müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər və həmkarlar ittifaqı təşkilatları Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirirlər.

 

Maddə 10. Qanunun tələblərinin pozulmasına görə məsuliyyət

 

Bu Qanunun tələblərinin pozulmasına görə vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyırlar.

 

Azərbaycan Respublikasının Prezidenti   HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 22 iyun 1999-cu il

№ 693-IQ

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       12 oktyabr 2001-ci il tarixli 194-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 687)

2.       15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731)

3.       23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736)

4.       23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241)

5.       24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 328)

6.       30 dekabr 2005-ci il tarixli 50-IIIQD  nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 75)

7.       17 aprel 2007-ci il tarixli 317-IIIQD  nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 561)

8.       6 noyabr 2007-ci il tarixli 480-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1197)

9.       13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602)

10.    5 mart 2010-cu il tarixli 971-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 275)

11.    19 aprel 2013-cü il tarixli 629-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 may 2013-cü il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 477)

12.    14 oktyabr 2016-cı il tarixli 337-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 noyabr 2016-cı il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1765)

13.    24 aprel 2018-ci il tarixli 1085-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 may 2018-ci il, № 111, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 872)

14.    30 noyabr 2018-ci il tarixli 1369-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 dekabr 2018-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2505)

15.    12 iyul 2019-cu il tarixli 1661-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 avqust 2019-cu il, № 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1382)

16.    3 dekabr 2019-cu il tarixli 1722-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2019-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1908)

17.    17 aprel 2020-ci il tarixli 50-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 may 2020-ci il, № 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 507)

18.    8 may 2020-ci il tarixli 92-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyul 2020-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 670)

19.    19 may 2020-ci il tarixli 109-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2020-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 827)

20.    6 oktyabr 2020-ci il tarixli 180-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 noyabr 2020-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1330)

21.    20 noyabr 2020-ci il tarixli 200-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 yanvar 2021-ci il, № 3, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1425)

22.    30 sentyabr 2021-ci il tarixli 382-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 noyabr 2021-ci il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №11, maddə 1200)

23.    22 iyun 2021-ci il tarixli 351-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 avqust 2021-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8 maddə 897)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 328) ilə 1-ci maddənin yeddinci abzasında "azadlıqdan məhrum edilmə yerlərində" sözləri "cəzaçəkmə müəssisələrində" sözləri ilə əvəz edilmişdir.

 

[2] 3 dekabr 2019-cu il tarixli 1722-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2019-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1908) ilə 1-ci maddəsinin doqquzuncu abzasda “tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və digər analoji müəssisələrdən” sözləri “uşaqlar üçün sosial xidmət müəssisələrindən” sözləri ilə əvəz edilmişdir.

 

[3] 19 may 2020-ci il tarixli 109-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2020-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 827) ilə 1-ci maddənin on birinci abzasında “II qrup əlil” sözləri “II dərəcə əlilliyi olan şəxs” sözləri ilə əvəz edilmişdir.

22 iyun 2021-ci il tarixli 351-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 avqust 2021-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8 maddə 897) ilə 1-ci maddənin birinci hissəsinin on birinci abzasda “I və II dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilmişdir.

 

[4] 14 oktyabr 2016-cı il tarixli 337-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 noyabr 2016-cı il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1765) ilə 1-ci maddənin “valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər” abzasında “orta peşə-ixtisas təhsili müəssisələrində” sözləri “orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində” sözləri ilə əvəz edilmişdir.

30 noyabr 2018-ci il tarixli 1369-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 dekabr 2018-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2505) ilə 1-ci maddəsinin “valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər” bəndində “18 yaşınadək hər iki valideynini itirmiş, habelə hər iki valideyninin” sözləri “valideynlərini itirmiş, habelə valideyn” sözləri ilə əvəz edilmişdir.

17 aprel 2020-ci il tarixli 50-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 may 2020-ci il, № 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 507) ilə 1-ci maddənin “valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər” bəndində “və orta ixtisas” sözləri “, orta ixtisas və peşə” sözləri ilə əvəz edilmişdir.

 

[5] 3 dekabr 2019-cu il tarixli 1722-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2019-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1908) ilə 1-ci maddəsinin on beşinci abzasda “əhalinin sosial müdafiəsi müəssisələri” sözləri “sosial xidmət müəssisələri” sözləri ilə əvəz edilmişdir.

 

[6] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 1-ci maddəsinin ikinci hissəsinin beşinci abzasında “əqli geriliyi və fiziki çatışmazlığı olan əlil” sözləri “sağlamlıq imkanları məhdud” sözləri ilə əvəz edilmişdir.

22 iyun 2021-ci il tarixli 351-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 avqust 2021-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8 maddə 897) ilə 1-ci maddənin on altıncı abzasda “sağlamlıq imkanları məhdud uşaqlar” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” sözləri ilə əvəz edilmişdir.

 

[7] 12 oktyabr 2001-ci il tarixli 194-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddə 687) ilə 1-ci maddənin on altıncı abzasında "15" rəqəmi "14" rəqəmi ilə əvəz edilmişdir.

 

[8] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 1-ci maddənin sonuncu abzasında "pulsuz" sözü "müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qaydada" sözləri ilə əvəz edilmişdir.

 

[9] 17 aprel 2007-ci il tarixli 317-IIIQD  nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 561) ilə 3-cü maddəsinin dördüncü hissəsindən “qaydada və” sözləri çıxarılmışdır.

 

[10] 5 mart 2010-cu il tarixli 971-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 275) ilə 3-cü maddəsinə altıncı hissə əlavə edilmişdir.

 

[11] 19 aprel 2013-cü il tarixli 629-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 may 2013-cü il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 477) ilə birinci hissədə “təhsil müəssisələrində” sözlərindən sonra “, habelə bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində” sözləri əlavə edilmişdir.

14 oktyabr 2016-cı il tarixli 337-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 noyabr 2016-cı il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1765) ilə 5-ci maddənin birinci hissədə “dövlət təhsil müəssisələrində,” sözlərindən sonra “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində,” sözləri, “həmin təhsil müəssisəsini” sözlərindən sonra “və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini” sözləri əlavə edilmişdir.

17 aprel 2020-ci il tarixli 50-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 may 2020-ci il, № 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 507) ilə 5-ci maddənin birinci, ikinci və dördüncü hissələrdə, beşinci hissənin birinci cümləsində “və orta ixtisas” sözləri “, orta ixtisas və peşə” sözləri ilə əvəz edilmişdir.

 

[12] 19 aprel 2013-cü il tarixli 629-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 may 2013-cü il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 477) ilə maddəyə ikinci hissə əlavə edilmişdir.

14 oktyabr 2016-cı il tarixli 337-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 noyabr 2016-cı il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1765) ilə 5-ci maddənin ikinci hissədə “təhsili müəssisələrində” sözlərindən sonra, üçüncü hissədə “təhsil müəssisəsində” sözlərindən sonra “və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində” sözləri əlavə edilmişdir.

6 oktyabr 2020-ci il tarixli 180-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 noyabr 2020-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 11, maddə 1330) ilə 5-ci maddənin ikinci hissəsinə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[13] 14 oktyabr 2016-cı il tarixli 337-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 noyabr 2016-cı il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1765) ilə 5-ci maddənin dördüncü hissədə və beşinci hissənin birinci cümləsində “orta peşə-ixtisas təhsili müəssisələrində” sözləri “orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində” sözləri ilə əvəz edilmişdir.

 

[14] 14 oktyabr 2016-cı il tarixli 337-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 noyabr 2016-cı il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1765) ilə 5-ci maddənin beşinci hissənin ikinci cümləsinə “müəssisələr” sözündən sonra “və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat” sözləri əlavə edilmişdir.

 

[15] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 5-ci maddənin beşinci hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi.

Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqlar və onların arasından olan şəxslər şəhər, şəhərətrafı, kənd yerlərində daxili nəqliyyatda (taksidən başqa), habelə tətil müddətində təhsil müəssisələrindən yaşadıqları yerə və geriyə gedib-gələrkən gediş haqqından azad olunurlar.

 

30 sentyabr 2021-ci il tarixli 382-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 noyabr 2021-ci il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №11, maddə 1200) ilə 5-ci maddəsinin altıncı hissəsi ləğv edilmişdir.

 

[16] 14 oktyabr 2016-cı il tarixli 337-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 noyabr 2016-cı il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1765) ilə 5-ci maddənin yeddinci hissədə “orta, orta peşə-ixtisas və ali peşə-ixtisas təhsil müəssisələrini” sözləri “ümumi təhsil, orta ixtisas təhsili, ali təhsil müəssisələrini və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini” sözləri ilə əvəz edilmişdir.

17 aprel 2020-ci il tarixli 50-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 may 2020-ci il, № 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 507) ilə 5-ci maddənin yeddinci hissəyə “ümumi təhsil,” sözlərindən sonra “peşə və” sözləri əlavə edilmişdir.

 

[17]   30 dekabr 2005-ci il tarixli 50-IIIQD  nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 75) ilə 5-ci maddəyə yeddinci hissə əlavə edilmişdir.

 

[18] 20 noyabr 2020-ci il tarixli 200-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 yanvar 2021-ci il, № 3, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1425) ilə 6-cı maddəsinin birinci hissəsinə “dövlət büdcəsinin vəsaitləri hesabına” sözlərindən sonra “(“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına)” sözləri əlavə edilmişdir.

 

[19] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 6-cı maddənin ikinci hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə şagird və tələbə əmək və istirahət idman-sağlamlıq düşərgələrinə (bazalarına), tibbi göstərişlər olduqda sanatoriya-kurort müəssisələrinə dövlət büdcəsi, dövlət və qeyri-dövlət fondları və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına putyovkalar verilir, istirahət və müalicə yerlərinə və geriyə gedib-gəlmələri üçün yol pulu ilə təmin olunurlar.

 

[20] 14 oktyabr 2016-cı il tarixli 337-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 noyabr 2016-cı il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1765) ilə 7-ci maddənin birinci hissənin birinci cümləsində “təhsil müəssisələrində” sözlərindən sonra “və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində” sözləri əlavə edilmişdir.

 

[21] 24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 328) ilə 7-ci maddənin birinci hissəsinin birinci cümləsində və ikinci hissəsində "azadlıqdan məhrum edilmə" sözləri "cəzaçəkmə" sözü ilə əvəz edilmişdir.

6 noyabr 2007-ci il tarixli 480-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1197) ilə 7-ci maddənin ikinci hissəyə ikinci cümlə əlavə edilmişdir.

14 oktyabr 2016-cı il tarixli 337-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 noyabr 2016-cı il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1765) ilə 7-ci maddənin ikinci hissənin birinci cümləsində “təhsil müəssisələrini” sözlərindən sonra “və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini” sözləri əlavə edilmişdir.

19 may 2020-ci il tarixli 109-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2020-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 827) ilə 7-ci maddənin ikinci hissəsinin ikinci cümləsi üçüncü cümlə hesab olunmuşdur və yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

22 iyun 2021-ci il tarixli 351-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 avqust 2021-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8 maddə 897) ilə 7-ci maddənin ikinci hissəsinin ikinci cümləsində “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilmişdir.

 

[22] 8 may 2020-ci il tarixli 92-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyul 2020-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 670) ilə 7-ci maddəsinə yeni məzmunda üçüncü hissə əlavə edilmişdir.

 

[23] 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 7-ci maddənin beşinci hissəsində "orqanın" sözündən sonra "həmin uşaqlar üzərində qəyyumluq və himayəçilik təyin edildikdə isə qəyyumluq və himayəçilik orqanının" sözləri əlavə edilmişdir.

 

[24] 6 noyabr 2007-ci il tarixli 480-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1197) ilə 7-ci maddənin altıncı-onuncu hissələr yeddinci-on birinci hissələr hesab edilsin və altıncı hissə əlavə edilmişdir.

 

[25] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 736) ilə 8-ci maddənin ikinci hissəsində "vergi güzəştlərindən" sözləri "güzəştlərdən" sözü ilə əvəz edilmişdir.

12 iyul 2019-cu il tarixli 1661-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 avqust 2019-cu il, № 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1382) ilə 8-ci maddənin ikinci hissəsində “xüsusi” sözü “əlavə” sözü ilə əvəz edilmişdir.

 

[26] 24 aprel 2018-ci il tarixli 1085-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 may 2018-ci il, № 111, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 872) ilə 8-ci maddənin beşinci hissəsinin birinci cümlə çıxarılmışdır və ikinci cümlədə “bu müddət ərzində həmin kateqoriyadan olan şəxslərin” sözləri “valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin” sözləri ilə əvəz edilmişdir.

 

[27] 12 iyul 2019-cu il tarixli 1661-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 avqust 2019-cu il, № 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1382) ilə 8-ci maddənin altıncı hissəsində ikinci cümlə yeni redaksiyada verilmişdir və üçüncü cümlə çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan işəgötürənlər mövcud olan hər əlli iş yerindən birini valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər üçün nəzərdə tutmalıdırlar.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status