AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
10.05.2018
QEYDİYYAT NÖMRƏSİ
64
ADI
“Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018–2020-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 12-05-2018, Nəşr Nömrəsi: 106), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2018, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 1002)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
12.05.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
32201805100064
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
11.05.2018
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018–2020-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alıram:

1. “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018–2020-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi:

2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin;

2.2. Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 may 2018-ci il

                      № 64

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2018-ci il 10 may tarixli 64 nömrəli Sərəncamı ilə

təsdiq edilmişdir

 

Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018–2020-ci illər üçün Milli Fəaliyyət Planı

 

1. Giriş

 

İqtisadi potensialı artdıqca səhiyyənin inkişafı üçün əlverişli şərait yaranmış və əhalinin, eləcə də uşaqların sağlamlığının qorunması problemləri ardıcıllıqla öz həllini tapmaqdadır.

Əhalinin, o cümlədən uşaqların sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş dövlət proqramlarının müstəsna rolu olmuşdur. Uşaqlara tibbi yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi texnika və ləvazimatlarla təchiz edilməsi, yeni tibbi texnologiyaların tətbiqi, tibbi kadrların peşə səviyyəsinin artırılması və digər tədbirlər nəticəsində uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamikaya nail olunmuşdur. Uşaqlar arasında xəstələnmə və ölümün səviyyəsi azalmışdır. Belə ki, körpə ölümü göstəricisi hər 1000 diridoğulana 2006-cı ildə 11,9 olmuşdursa, 2016-cı ildə bu rəqəm 11,4-ə enmişdir.

Bununla yanaşı, sağlamlıq imkanları məhdud hesab edilən uşaqların sayının artması uşaqlıq dövrünə xas olan əlilliyin erkən aşkarlanması, profilaktikası və erkən müdaxiləsi xidmətlərinin səviyyəsinin gücləndirilməsinə, uşaq xəstəliklərinin profilaktikasına yönəlmiş tədbirlərin təkmilləşdirilməsinə ehtiyac olduğunu göstərir.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə milli fəaliyyət planının qəbulu və həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018–2020-ci illər üçün Milli Fəaliyyət Planı (bundan sonra - Milli Fəaliyyət Planı) uşaqlıq dövrünə xas olan əlilliyin erkən aşkarlanma, profilaktika və erkən müdaxilə xidmətlərinin gücləndirilməsini, bu sahədə fəaliyyət göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasını, skrininq və genetik analiz müayinələri üçün tibb müəssisələrinin avadanlıq və reaktivlərlə təchiz edilməsini, kadrların təkmilləşdirilməsini, əhali arasında geniş maarifləndirmə işlərinin aparılmasını nəzərdə tutur.

 

2. Milli Fəaliyyət Planının məqsədi və əsas vəzifələri

 

2.1. Milli Fəaliyyət Planının məqsədi antenatal, neonatal və sonrakı dövrlərdə uşaqlarda risk amillərinin və xəstəliklərin erkən mərhələdə aşkar edilərək əlillik səviyyəsinin azaldılmasıdır. [1]

2.2. Milli Fəaliyyət Planının əsas vəzifələri aşağıdakılardan ibarətdir:

2.2.1. anadangəlmə inkişaf qüsurları ilə müşahidə olunan doğuş hallarında sistemli perinatal nəzarətin aparılması;

2.2.2. erkən aşkarlanma, profilaktika və erkən müdaxilə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi;

2.2.3. az çəki ilə doğulmuş və inkişaf qüsuru olan uşaqların tibbi nəzarətdə saxlanılması məqsədi ilə registrin yaradılması;

2.2.4. əlilliyi olan şəxslərə, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlara xidmət göstərən tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların müasir standartlara uyğunlaşdırılması; [2]

2.2.5. erkən aşkarlanma, profilaktika və erkən müdaxilə xidmətləri göstərən tibb müəssisələrində kadrların bilik səviyyəsinin artırılması;

2.2.6. uşaqlar arasında əlilliyin azaldılması üçün erkən aşkarlanma, profilaktika və erkən müdaxilə xidmətləri ilə bağlı maarifləndirmə işinin gücləndirilməsi. [3]

 

3. Milli Fəaliyyət Planının maliyyələşdirilməsi

 

Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı dövlət orqanları və qurumları üçün nəzərdə tutulmuş vəsaitlər və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

 

4. Milli Fəaliyyət Planının həyata keçirilməsindən gözlənilən nəticələr

 

4.1. Milli Fəaliyyət Planının həyata keçirilməsindən gözlənilən nəticələr aşağıdakılardır:

4.1.1. uşaqlıq dövrünə xas olan əlilliyin erkən aşkarlanması, profilaktikası və erkən müdaxilə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi;

4.1.2. uşaqların sağlamlıq imkanlarının məhdudluğunun və əlillik səviyyəsinin azaldılması;

4.1.3. uşaqlıq dövrünə xas olan əlilliyin erkən aşkarlanması, profilaktikası və erkən müdaxilə xidmətləri işçilərinin biliklərinin artırılması.

 


5. Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı

 

TƏDBİRLƏR PLANI

 

Sıra

№-si

Tədbirin adı

İcraçılar

İcra müddəti

(illər üzrə)

5.1. Uşaqlar arasında 18 yaşınadək əlilliyin, habelə sağlamlıq imkanları məhdudluğunun erkən aşkarlanması sahəsində profilaktik tədbirlər [4]

5.1.1

18 yaşınadək əlilliyi müəyyən edilmiş, habelə sağlamlıq imkanları məhdudluğu olan uşaqlarla işləyən, tibb təhsili olmayan işçilərin və həmin uşaqların valideynlərinin bilik və bacarıqlarının artırılması məqsədilə psixoloji, sosial və fiziki reabilitasiya xidmətləri göstərən dövlət qurumları və ictimai birliklərin əməkdaşları üçün icbari intensiv təlim kurslarının hazırlanması və keçirilməsi [5]

Səhiyyə Nazirliyi,

Təhsil Nazirliyi,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Gənclər və İdman Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi [6]

mütəmadi

5.1.2.

Uşaqlıq dövrünə xas olan əlillik hallarının azaldılması məqsədilə erkən aşkarlanma, profilaktika, erkən müdaxiləyə dair xidmətlərlə bağlı 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqların valideynləri və onlarla işləyən ictimai birliklər üçün müvafiq tibbi-profilaktika müəssisələri tərəfindən geniş maarifləndirmə işi aparılması [7]

Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi [8]

mütəmadi

5.1.3.

Peyvəndlənmənin əhəmiyyəti barədə valideynlərin məlumatlılıq səviyyəsinin artırılması üçün tibb işçilərinin təlimləndirilməsi

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi [9]

mütəmadi

5.1.4.

Erkən aşkarlanma, profilaktika və erkən müdaxilə ilə bağlı yeni metodika və yanaşmaların sınaqdan keçirilməsi və elmi tədqiqatların dəstəklənməsi

Səhiyyə Nazirliyi

2018-2020

5.1.5

Kənd təsərrüfatı sahəsində çalışan fertil yaş dövründəki (15-49 yaş) qadınlar arasında kimyəvi maddələrin (pestisidlər və aqrokimyəvi maddələr, tütün tüstüsü, spirtli içkilər və s.) hamiləliyə və gələcəkdə doğulacaq uşağın sağlamlığına təsirləri ilə bağlı maarifləndirmə işi aparılması

Səhiyyə Nazirliyi,

Kənd Təsərrüfatı Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi [10]

mütəmadi

5.2. Uşaqlıq dövrünə xas olan xəstəliklərin erkən aşkarlanması və profilaktika xidmətləri göstərən tibb müəssisələrində kompleks tədbirlərin həyata keçirilməsi

5.2.1.

Erkən aşkarlanma, profilaktika və erkən müdaxilə xidmətləri göstərən tibb müəssisələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması

Səhiyyə Nazirliyi

2018-2020

5.2.2.

Erkən aşkarlanma, profilaktika və erkən müdaxilə xidmətləri göstərən həkimlərin və orta tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə beynəlxalq mütəxəssislərin iştirakı ilə perinatal dövrdə fetal exokardioqrafiya və ultrasəs müayinəsi, audiometriya, fiziki reabilitasiya və s. üzrə intensiv nəzəri və praktik təlim kurslarının təşkili

Səhiyyə Nazirliyi

2018-2020

5.2.3.

Perinatal və tibbi-genetik məsləhət xidmətləri göstərən həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə beynəlxalq və yerli mütəxəssislərin iştirakı ilə tədris planlarının müasir standartlara və tələblərə uyğunlaşdırılması və onların əsasında hər il təkmilləşdirmə kurslarının keçilməsi

Səhiyyə Nazirliyi

2018-2020

5.2.4.

Uşaqlarda anadangəlmə inkişaf qüsurlarının (anadangəlmə ürək qüsurları, anadangəlmə karlıq, qarın boşluğu orqanlarının anomaliyaları, sinir borusu defektləri və s.) erkən aşkarlanması və ağır dərəcəli əlilliyin profilaktikası üçün ilkin mərhələdə tibb müəssisələrinin ixtisaslaşdırılmış, habelə müasir diaqnostika avadanlığı ilə təchiz edilməsi

Səhiyyə Nazirliyi

2018-2020

5.2.5.

18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlara göstərilən ambulator, stasionar və sanatoriya-kurort xidmətlərinin təkmilləşdirilməsi məqsədilə müvafiq dövlət orqan və qurumlarının tabeliyində olan sanatoriya-kurort müəssisələrinin ehtiyaclarının qiymətləndirilməsi və xidmətlərin müasir standartlara cavab verməsi və uşaqların ehtiyaclarının qarşılanması üçün maddi-texniki bazanın yaxşılaşdırılması [11]

Səhiyyə Nazirliyi,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi

2018-2020

5.2.6.

18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqların müalicəsində sanatoriya-kurort şəraitində yeni müalicə üsullarının tətbiqi

Səhiyyə Nazirliyi,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2018-2019

5.2.7.

Neonatal ürək-damar cərrahiyyəsi və neyrocərrahiyyə xidmətlərinin təkmilləşdirilməsi və tətbiqi sahəsinin genişləndirilməsi

Səhiyyə Nazirliyi

2018-2019

5.2.8.

Uşaq müəssisələrində, uşaqlara xidmət göstərən sosial xidmət müəssisələrində (uşaq evləri, məktəbəqədər təhsil müəssisələri və s.) uşaqlıq dövrünə xas olan əlilliyin erkən aşkarlaması və profilaktikası məqsədilə mütəxəssis hazırlığının həyata keçirilməsi

Səhiyyə Nazirliyi,

Təhsil Nazirliyi,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

2018-2020

5.3. Uşaqlar arasında 18 yaşınadək əlilliyin, habelə sağlamlıq imkanları məhdudluğunun erkən aşkarlanması məqsədi ilə skrininq aparılması

5.3.1.

Antenatal və neonatal skrininq (kardio, eşitmə, görmə, koqnitiv, ünsiyyət və hərəkətin inkişafı) aparılması, qiymətləndirilməsi və müayinə metodlarının təkmilləşdirilməsi

Səhiyyə Nazirliyi

2018

5.3.2.

Geniş yayılmış irsi metabolik və hormonal pozuntuların aşkar edilməsi üçün mərkəzləşdirilmiş laborator diaqnostika imkanlarının yaradılması

Səhiyyə Nazirliyi

2018-2019

5.3.3.

Koqnitiv, ünsiyyət və özünəqulluq bacarıqlarının inkişafı, hərəkət və psixi inkişafda geriləmənin erkən aşkarlanması məqsədi ilə müasir proqramların hazırlanması və həyata keçirilməsi

Səhiyyə Nazirliyi

2018-2019

5.3.4.

Antenatal və neonatal dövrlərdə sağlamlıq imkanları məhdudluğunun erkən aşkarlanması məqsədilə koqnitiv, ünsiyyət, hərəkət, eşitmə, görmə patologiyaları, habelə ciddi əlilliyə səbəb olan və tez-tez rast gəlinən digər anadangəlmə qüsurların müayinəsi üçün vahid diaqnostika metodlarının geniş tətbiqi

Səhiyyə Nazirliyi,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2018-2020

5.3.5.

Tibbi-genetik məsləhət işinin regionlarda gücləndirilməsi məqsədilə regional səviyyədə tibbi genetika üzrə müvafiq kadrların bilik və bacarıqlarının təkmilləşdirilməsi

Səhiyyə Nazirliyi

2018-2020

5.4. 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlara müasir standart və qaydalara uyğun tibbi xidmət göstərilməsi

5.4.1.

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında və Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutunda çalışan pediatr, reabilitoloq, fizioterapevt və bədən tərbiyəsi müəllimləri üçün 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlara müalicə-profilaktika müəssisələrində göstərilən tibbi xidmətlərlə bağlı uyğunlaşdırılmış nəzəri və praktik təlim kurslarının təşkili

Səhiyyə Nazirliyi,

Gənclər və İdman Nazirliyi

2018-2020

5.4.2.

Kəmiyyət və keyfiyyət indikatorları əsasında 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlara hər il dövrü monitorinqlər və illik qiymətləndirmələrin keçirilməsi

Səhiyyə Nazirliyi

2018-2020

5.4.3.

Az çəki ilə doğulmuş və inkişaf qüsuru olan uşaqların registrinin yaradılması

Səhiyyə Nazirliyi

2018-2019

5.5. 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlara tibbi-sosial dəstək göstərilməsi

5.5.1.

Geniş yayılmış irsi metabolik və hormonal pozuntulardan əziyyət çəkən uşaqların dərman preparatları ilə təmin edilməsi

Səhiyyə Nazirliyi

2018-2020

5.5.2.

Geniş yayılmış irsi metabolik və hormonal pozuntulardan əziyyət çəkən uşaqlar üçün müvafiq pəhriz qidalarının istehsalının təşviq edilməsi

İqtisadiyyat Nazirliyi,

Səhiyyə Nazirliyi

2018-2020

5.5.3.

18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqların ailələrinə tibbi-sosial dəstək göstərilməsi üçün beynəlxalq və yerli səviyyədə fəaliyyət göstərən ictimai birliklər və xeyriyyə fondları ilə əməkdaşlığın genişləndirilməsi

Səhiyyə Nazirliyi,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi [12]

mütəmadi

5.6. Uşaqlarda erkən, habelə sonrakı yaş dövrlərində əlilliyin profilaktikası, aşkarlanması, müalicəsi və reabilitasiyası ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi

5.6.1.

Uşaqların əlilliyinin, habelə sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsi ilə bağlı mövcud normativ hüquqi aktların təkmilləşdirilməsi [13]

Səhiyyə Nazirliyi,

Təhsil Nazirliyi,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

2018-2019

5.6.2.

Uğurlu beynəlxalq təcrübə nəzərə alınmaqla psixoloji-tibbi-pedaqoji sahədə fəaliyyət göstərən qurumların işinin təkmilləşdirilməsi

Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi

2018-2019

5.6.3.

Uşaqların erkən, habelə sonrakı yaş dövrlərində sosial-psixoloji qiymətləndirilməsi, inkişaf xüsusiyyətlərinin aşkarlanması, 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqların müalicəsi və reabilitasiyası üzrə təlim-tədris proqramlarının işlənib hazırlanması və tətbiqi

Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi

2018-2020

5.6.4

18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması məqsədi ilə kəmiyyət və keyfiyyət indikatorlarının hazırlanması

Səhiyyə Nazirliyi

2018

5.6.5.

Neonatal ürək-damar cərrahiyyəsinin və neyrocərrahiyyənin təkmilləşdirilməsi məqsədi ilə beynəlxalq standartlara uyğun normativ sənədlərin hazırlanması

Səhiyyə Nazirliyi

2018-2019

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       14 avqust 2020-ci il tarixli 2212 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 15 avqust 2020-ci il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1065)

2.       12 iyun 2021-ci il tarixli 2673 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 607)

3.       18 avqust 2021-ci il tarixli 2863 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 19 avqust 2021-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 946)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 18 avqust 2021-ci il tarixli 2863 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 19 avqust 2021-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 946) ilə “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018–2020-ci illər üçün Milli Fəaliyyət Planı”nın 2.1-ci yarımbəndində “sağlamlıq imkanlarının məhdudluğu” sözləri “əlillik” sözü ilə əvəz edilmişdir.

 

[2] 14 avqust 2020-ci il tarixli 2212 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 15 avqust 2020-ci il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1065) ilə “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018–2020-ci illər üçün Milli Fəaliyyət Planı”nda 2-ci hissənin 2.2.4-cü yarımbəndində “ və sağlamlıq imkanları məhdud olan” sözləri “, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri ilə əvəz edilmişdir.

18 avqust 2021-ci il tarixli 2863 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 19 avqust 2021-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 946) ilə “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018–2020-ci illər üçün Milli Fəaliyyət Planı”nın 2.2.4-cü yarımbəndində “sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilmişdir.

 

[3] 18 avqust 2021-ci il tarixli 2863 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 19 avqust 2021-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 946) ilə “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018–2020-ci illər üçün Milli Fəaliyyət Planı”nın 2.2.6-cı yarımbəndində “uşaqlarda sağlamlıq imkanlarının məhdudluğunun” sözləri “uşaqlar arasında əlilliyin” sözləri ilə əvəz edilmişdir.

 

[4] 14 avqust 2020-ci il tarixli 2212 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 15 avqust 2020-ci il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1065) ilə “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018–2020-ci illər üçün Milli Fəaliyyət Planı”nda 5-ci hissənin 5.1-ci bəndində, 5.1.1-ci, 5.1.2-ci, 5.2.5-ci, 5.2.6-cı yarımbəndlərində, 5.3-cü, 5.4-cü bəndlərində, 5.4.1-ci və 5.4.2-ci yarımbəndlərində, 5.5-ci bəndində, 5.5.3-cü və 5.6.4-cü yarımbəndlərində “məhdud olan” sözləri “məhdud 18 yaşınadək” sözləri ilə əvəz edilmişdir.

18 avqust 2021-ci il tarixli 2863 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 19 avqust 2021-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 946) ilə “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018–2020-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.1-ci və 5.3-cü bəndlərində “Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların” sözləri “Uşaqlar arasında 18 yaşınadək əlilliyin, habelə sağlamlıq imkanları məhdudluğunun” sözləri ilə əvəz edilmişdir.

 

[5] 18 avqust 2021-ci il tarixli 2863 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 19 avqust 2021-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 946) ilə “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018–2020-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.1.1-ci yarımbəndində “Sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş, habelə sağlamlıq imkanları məhdudluğu olan” sözləri ilə əvəz edilmişdir.

 

[6] 12 iyun 2021-ci il tarixli 2673 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 607) ilə “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 20182020-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.1.1-ci yarımbəndin “İcraçılar sütununa İdman Nazirliyi sözlərindən sonra , İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sözləri əlavə edilmişdir.

 

[7] 18 avqust 2021-ci il tarixli 2863 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 19 avqust 2021-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 946) ilə “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018–2020-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.1.2-ci, 5.4.1-ci, 5.4.2-ci və 5.6.3-cü yarımbəndlərində “sağlamlıq imkanları məhdud 18 yaşınadək ” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilmişdir.

 

[8] 12 iyun 2021-ci il tarixli 2673 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 607) ilə “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 20182020-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.1.2-ci yarımbəndin “İcraçılar sütununa Müdafiəsi Nazirliyi sözlərindən sonra , İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sözləri əlavə edilmişdir.

 

[9] 12 iyun 2021-ci il tarixli 2673 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 607) ilə “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 20182020-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.1.3-cü yarımbəndin “İcraçılar sütununa Nazirliyi sözündən sonra , İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sözləri əlavə edilmişdir.

 

[10] 12 iyun 2021-ci il tarixli 2673 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 607) ilə “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 20182020-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.1.5-ci yarımbəndin “İcraçılar sütununa Kənd Təsərrüfatı Nazirliyi sözlərindən sonra , İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri əlavə edilmişdir.

 

[11] 18 avqust 2021-ci il tarixli 2863 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 19 avqust 2021-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 946) ilə “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018–2020-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.2.5-ci, 5.2.6-cı yarımbəndlərində, 5.4-cü, 5.5-ci bəndlərdə, 5.5.3-cü və 5.6.4-cü yarımbəndlərdə “Sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “18 yaşınadək əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilmişdir.

 

[12] 12 iyun 2021-ci il tarixli 2673 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 13 iyun 2021-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 607) ilə “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 20182020-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.5.3-cü yarımbəndin “İcraçılar sütununa Müdafiəsi Nazirliyi, sözlərindən sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, sözləri əlavə edilmişdir.

 

[13] 18 avqust 2021-ci il tarixli 2863 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 19 avqust 2021-ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 946) ilə “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018–2020-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.6.1-ci yarımbəndə “Uşaqların” sözündən sonra “əlilliyinin, habelə” sözləri əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status