×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
22.05.2018
QEYDİYYAT NÖMRƏSİ
90
ADI
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 23-05-2018, Nəşr Nömrəsi: 115), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2018, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 958)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
23.05.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.180.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201805220090
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
29.11.2019
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında əsasnamələr

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur). [2]

2. “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur). [3]

3. “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 327; 2008, № 8, maddə 720, № 11, maddələr 970, 980; 2009, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2012, № 7, maddə 678; 2013, № 6, maddə 655; 2014, № 5, maddə 474, № 12, maddə 1574; 2015, № 9, maddə 1008) ləğv edilsin.

4. “Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 aprel tarixli 565 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 4, maddə 327; 2008, № 11, maddə 970; 2009, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2014, № 12, maddə 1572; 2017, № 11, maddə 2014) ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 22 may 2018-ci il

   90

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2018-ci il 22 may tarixli 90 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

 

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi haqqında

 

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi (bundan sonra – Agentlik) Azərbaycan Respublikasının ərazisində dəniz nəqliyyatı sahəsində (bundan sonra – müvafiq sahədə) dövlət nəzarətini və tənzimləməsini həyata keçirən icra hakimiyyəti orqanıdır.

1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (bundan sonra – Nazirlik) hüquqi aktlarını rəhbər tutur.

1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları ilə, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Agentliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və Azərbaycan, həmçinin ingilis dillərində öz adı həkk olunmuş möhürü, rəsmi emblemi, özünün xüsusi bayrağı, müvafiq ştampları və blankları vardır.

1.5. Agentlik işçilərinin xüsusi xidməti geyim forması vardır.

1.6. Agentliyin saxlanma xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunla nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.

1.7. Agentlik Bakı şəhərində yerləşir.

 

2. Agentliyin fəaliyyət istiqamətləri

 

2.0. Agentlik aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

2.0.1. müvafiq sahədə dövlət siyasətinin hazırlanması ilə bağlı Nazirliyə təkliflər verir və bu sahədə müəyyən olunmuş siyasətin həyata keçirilməsində iştirak edir;

2.0.2. müvafiq sahənin inkişafını təmin edir.

 

3. Agentliyin vəzifələri

 

3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır:

3.0.1. müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, onlara dair rəy və təkliflər vermək;

3.0.2. dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini təmin etmək;

3.0.3. müvafiq sahədə dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi barədə Nazirliyə təkliflər vermək;

3.0.4. müvafiq sahəyə aid beynəlxalq müqavilələrlə bağlı danışıqlarda iştirak etmək;

3.0.5. müvafiq sahədə dövlət nəzarətini həyata keçirmək;

3.0.6. dəniz nəqliyyatı sahəsində beynəlxalq müqavilələrə uyğun olaraq sənədlər, gəmi agenti xidmətlərinin göstərilməsi üçün sertifikat, dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzlərinə, habelə fiziki və hüquqi şəxslərə onların fəaliyyətinin beynəlxalq konvensiyaların tələblərinə uyğun olması barədə şəhadətnamə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda ixrac nəzarətinə düşən mallara (işlərə, xidmətlərə, əqli fəaliyyətin nəticələrinə) icazə vermək, icazə şərtlərinə əməl edilməsinə nəzarət etmək;

3.0.7. Azərbaycan Respublikasının ərazisində liman nəzarətini və Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərə münasibətdə bayraq nəzarətini tabeliyindəki qurum vasitəsilə təmin etmək;

3.0.8. dəniz üzgüçülüyünün təhlükəsizlik sistemini təşkil etmək və Azərbaycan Respublikasının ərazisində dəniz üzgüçülüyü qaydalarına nəzarəti tabeliyindəki qurum vasitəsilə təmin etmək;

3.0.9. Azərbaycan Respublikasının ərazisində dəniz üzgüçülüyündə bələdçi xidmətinin fəaliyyətinə nəzarəti həyata keçirmək;

3.0.10. tabeliyindəki qurum vasitəsilə Azərbaycan Respublikasının ərazisində gəmilərin üzmə rejimini təşkil etmək və həmin rejimə riayət edilməsinə nəzarəti həyata keçirmək, gəmilərin hərəkətini tənzimləmək məqsədi ilə gəmi sürücülərinə icrası məcburi olan göstərişlər vermək;

3.0.11. müvafiq sahənin sabit fəaliyyətinin təmin olunması üçün tədbirlər görmək;

3.0.12. dənizdə batmış üzmə vasitələrinin (əmlakı ilə birlikdə) çıxarılmasını təşkil etmək və onların mühafizə olunması üçün tədbirlər görmək;

3.0.13. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərin (kiçikhəcmli gəmilər istisna olmaqla) dövlət qeydiyyatını və dövlət reyestrini aparmaq, habelə gəmilərdə texniki müayinə aparmaq, gəmilərdən tonnaj yığımını təmin etmək və gəmi sənədlərini vermək;

3.0.14. Azərbaycan Respublikasında təsnifat cəmiyyətlərinin fəaliyyət göstərməsinə razılıq vermək və onların fəaliyyətinə nəzarət etmək;

3.0.15. gəmilərə çağırış siqnallarının, gəmi radiostansiyasının fərdi çağırış nömrələrinin və gəmi peyk rabitə stansiyasının identifikasiya nömrələri daxil olmaqla müvafiq sənədlərin verilməsi üçün tədbirlər görülməsini tabeliyindəki qurum vasitəsilə təmin etmək;

3.0.16. gəmilərin saxlanılmasına və istismarına dair texniki tələb və qaydalara dair təklifləri Nazirliyə təqdim etmək;

3.0.17. dənizçilik rütbələrinin verilmə qaydalarına dair təkliflərini Nazirliyə təqdim etmək, dənizçilərə ixtisas şəhadətnamələri (diplomlar) və dənizçinin şəxsiyyət sənədlərini vermək;

3.0.18. gəmilərə və ya inşa edilməkdə olan gəmilərə mülkiyyət hüququnu, gəmilərin və ya inşa edilməkdə olan gəmilərin və onlar üzərində hüquqların ipotekasını dövlət qeydiyyatına almaq və müvafiq sənədlər vermək;

3.0.19. müvafiq sahəyə aid obyektlərdə qəza hallarını araşdırmaq və onların qeydiyyatını aparmaq;

3.0.20. dəniz yollarında naviqasiya təminatına nəzarəti, Azərbaycan Respublikasının ərazi sularında Gəmilərin Hərəkətini İdarəetmə Sisteminin (GHİS) təşkilini tabeliyindəki qurum vasitəsilə təmin etmək;

3.0.21. dəniz nəqliyyatı sahəsinə aid olan obyektlərin, gəmilərin, texniki gəmi avadanlıqlarının və digər qurğuların tikintisi, istismarı, təmiri və təchizatı ilə əlaqədar tələblərə dair təkliflərini Nazirliyə təqdim etmək;

3.0.22. dəniz yollarını, habelə dəniz yollarında və sahildə naviqasiya avadanlıqlarının quraşdırılması yerlərini müəyyən etmək;

3.0.23. müvafiq sahəyə aid olan obyektlərin (limanlar, yükaşırma terminalları) inşasının, yenidən qurulmasının və texniki baxımdan müasirləşdirilməsinin texniki göstəricilərini yoxlamaq və rəy vermək;

3.0.24. limanlar və yükaşırma terminalları daxil olmaqla dəniz nəqliyyatı obyektlərinin tikintisi ilə bağlı rəyini Nazirliyə təqdim etmək, habelə limanda inşaat işlərinin, hidrotexniki və digər işlərin görülməsinə icazə vermək;

3.0.25. limanların dövlət reyestrinin aparılmasını təmin etmək;

3.0.26. limanların fəaliyyətə başlamağa hazırlıq səviyyəsini yoxlamaq;

3.0.27. limanların müvəqqəti bağlı elan edilməsinə dair qərar qəbul etmək;

3.0.28. limanların bağlı elan edilməsinə dair vəsatətlə çıxış etmək;

3.0.29. tabeliyindəki qurum tərəfindən dəniz üzgüçülüyünün təhlükəsizliyi ilə bağlı xidmətlər (naviqasiya, bələdçi, kanal, lövbər, mayak, gəmi yığımı və s.) göstərilməsinə görə müəyyən olunmuş tariflərə əsasən yığımların təmin olunmasına nəzarət etmək;

3.0.30. limanlarda dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi ilə bağlı tədbirlər görmək, icrası məcburi olan göstərişlər vermək;

3.0.31. limanlara “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə”də nəzərdə tutulmuş sənədlərin verilməsini təmin etmək;

3.0.32. mülkiyyət növündən və milli mənsubiyyətindən (Dövlət bayrağı) asılı olmayaraq, gəmilərdən və obyektlərdən neft və neft məhsullarının və digər zərərli maddələrin dənizə axıdılmasının qarşısını almaq üçün tədbirlər görmək;

3.0.33. Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda qəzaya uğramış insanların axtarışı və xilas edilməsi üçün Azərbaycan Respublikasının, eləcə də xarici dövlətlərin axtarış və xilasetmə işlərinə məsul olan dəniz və aviasiya qəza-xilasetmə xidmətlərinin həyata keçirdiyi zəruri tədbirlərdə iştirak etmək;

3.0.34. gəmi və dəniz nəqliyyatının digər obyektləri ilə kriptoqrafik rabitənin təşkilində iştirak etmək;

3.0.35. mülkiyyət növündən asılı olmayaraq bütün gəmilərin və digər üzən qurğuların adlandırılması (kiçikhəcmli gəmilər istisna olmaqla) qaydalarını, habelə Azərbaycan Respublikasının ərazi sularında üzmə qaydalarını Nazirliyə təqdim etmək;

3.0.36. dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz mühitinin mühafizəsi sahəsində normativ hüquqi aktların layihələrini Nazirliyə təqdim etmək;

3.0.37. su nəqliyyatı vasitələri sərnişinlərinin fərdi qəza sığortası üzrə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət etmək;

3.0.38. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.0.39. müvafiq sahədə əməyin mühafizəsi tədbirlərinin həyata keçirilməsində iştirak etmək;

3.0.40. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;

3.0.41. müvafiq sahəyə aid qanunvericiliyin pozulmasına görə şəxslərin məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək;

3.0.42. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin etmək;

3.0.43. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqi ilə bağlı təklif vermək;

3.0.44. müvafiq sahəyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.0.45. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

3.0.46. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;

3.0.47. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq.

 

4. Agentliyin hüquqları

 

4.0. Agentliyin öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır:

4.0.1. müvafiq sahəyə aid normativ hüquqi aktların və sahə standartlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

4.0.2. Azərbaycan Respublikasının müvafiq sahə üzrə beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə Nazirliyə təkliflər vermək;

4.0.3. dövlət qurumlarına və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə müvafiq sahə üzrə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.4. müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

4.0.5. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahədə tədqiqat işləri görmək, təkliflər vermək;

4.0.6. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

4.0.7. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

4.0.8. gəmi heyəti üzvlərinə verilmiş şəhadətnamələri (diplomları) ləğv etmək və ya onların qüvvədə olmasını dayandırmaq;

4.0.9. xarici dövlətin bayrağı altında üzən gəmilər vasitəsilə kabotaja icazə verilməsi məsələlərini həll etmək;

4.0.10. müvafiq sahədə baş verən qəza hadisələrinin və onların baş verməsi səbəblərinin araşdırılmasını, habelə təhqiqatını liman kapitanlarının və gəmi sahiblərinin aparması üçün zəruri tədbirlər görmək;

4.0.11. müvafiq sahədə işçi qruplar və komissiyalar yaratmaq;

4.0.12. müvafiq sahə ilə bağlı konfranslar, seminarlar və digər tədbirlər keçirmək;

4.0.13. dəniz üzgüçülüyünün təhlükəsizliyinə və sahil zonasının çirkləndirilməməsinə dair tələblərin pozulması ilə bağlı tədbirlər görmək;

4.0.14. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində mülkiyyət növündən və milli mənsubiyyətindən (Dövlət bayrağı) asılı olmayaraq bütün dəniz gəmilərinə, liman və digər dəniz nəqliyyatı obyektlərinə maneəsiz daxil olmaq;

4.0.15. müvafiq sertifikatların (diplomların) verilməsi üzrə ixtisas komissiyaları yaratmaq, onların fəaliyyətinə rəhbərlik etmək, habelə aidiyyəti təşkilatları cəlb etməklə müvafiq sahədə birgə komissiyaların işini təşkil etmək;

4.0.16. dəniz və digər nəqliyyat növləri arasında nəqliyyat qovşaqlarında yük sahibləri ilə, operatorlarla, ekspeditorlarla, agentlik və digər təşkilatlarla qarşılıqlı münasibətlərin təkmilləşdirilməsinə dair aidiyyəti üzrə təkliflər vermək.

 

5. Agentliyin fəaliyyətinin təşkili

 

5.1. Agentlik öz fəaliyyətini Aparatı və onun strukturuna daxil olan qurumlar və tabeliyindəki digər qurumlar vasitəsilə həyata keçirir.

5.2. Agentliyə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir.

5.3. Agentliyin direktoru bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin icrasına görə şəxsən məsuliyyət daşıyır.

5.4. Agentlik direktorunun nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri ilə razılaşdırmaqla, Agentliyin direktoru tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır.

5.5. Agentliyin Aparatının və tabeliyindəki qurumların strukturunu, ştat cədvəlini və xərclər smetasını müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Nazirlik təsdiq edir.

5.6. Agentliyin direktoru:

5.6.1. Agentliyə rəhbərlik edir və onun fəaliyyətini təşkil edir;

5.6.2. müavinləri arasında vəzifə bölgüsü aparır;

5.6.3. Agentliyin Aparatının və tabeliyindəki qurumlarının strukturunu, ştat cədvəlini və xərclər smetasını müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində təsdiq edilmək üçün Nazirliyə təqdim edir;

5.6.4. Agentliyə dövlət büdcəsindən ayrılmış vəsaitin xərclənməsinə dair hesabatları Nazirliyə təqdim edir;

5.6.5. Agentliyin işçilərini (Agentlik direktorunun müavinlərini, Agentliyin baş mühasibini, Aparatının struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərini – nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri ilə razılaşdırmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, onların barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.6.6. dəniz nəqliyyatı sahəsində çalışan mütəxəssisləri “Donanmanın fəxri işçisi” döş nişanı ilə təltif edir;

5.6.7. Agentliyin Aparatının, tabeliyindəki qurumların fəaliyyətinə dair əmr və göstərişlər verir;

5.6.8. bütün dövlət qurumları, yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Agentliyi təmsil edir;

5.6.9. Agentliyin Aparatının struktur bölmələrinin və tabeliyindəki qurumların əsasnamələrinin və ya nizamnamələrinin layihələrini hazırlayır və Nazirliyə təqdim edir;

5.6.10. Agentliyin fəaliyyəti barədə Nazirliyin müəyyən etdiyi qaydada və müddətlərdə Nazirliyə hesabat verir.

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2018-ci il 22 may tarixli 90 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

 

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında [4]

 

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi (bundan sonra – Agentlik) mülki aviasiya sahəsində (bundan sonra – müvafiq sahədə) dövlət nəzarətini və tənzimləməsini həyata keçirən icra hakimiyyəti orqanıdır.

1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, beynəlxalq mülki aviasiya təşkilatlarının tələblərini, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) hüquqi aktlarını rəhbər tutur.

1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları ilə, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Agentliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və Azərbaycan, həmçinin ingilis dillərində öz adı həkk olunmuş möhürü, rəsmi emblemi, müvafiq ştampları və blankları vardır.

1.5. Agentlik işçilərinin xüsusi xidməti geyim forması vardır.

1.6. Agentliyin saxlanma xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunla nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.

1.7. Agentlik Bakı şəhərində yerləşir.

 

2. Agentliyin fəaliyyət istiqamətləri

 

2.0. Agentlik aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

2.0.1. müvafiq sahədə dövlət siyasətinin hazırlanması ilə bağlı Nazirliyə təkliflər verir və bu sahədə müəyyən olunmuş siyasətin həyata keçirilməsində iştirak edir;

2.0.2. müvafiq sahənin inkişafını təmin edir.

 

3. Agentliyin vəzifələri

 

3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır:

3.0.1. müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, onlara dair rəy və təkliflər vermək;

3.0.2. dövlət proqramları və inkişaf konsepsiyalarının layihələrinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.0.3. müvafiq sahədə digər dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi barədə Nazirliyə təkliflər vermək;

3.0.4. müvafiq sahəyə aid olan beynəlxalq müqavilələrlə bağlı danışıqlarda iştirak etmək;

3.0.5. müvafiq sahədə dövlət nəzarətini həyata keçirmək;

3.0.6. mülki aviasiya sahəsində beynəlxalq müqavilələrə uyğun olaraq sənədlər, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda ixrac nəzarətinə düşən mallara (işlərə, xidmətlərə, əqli fəaliyyətin nəticələrinə) icazə vermək, icazə şərtlərinə əməl edilməsinə nəzarət etmək;

3.0.7. Nazirliyin müəyyən etdiyi qaydada Beynəlxalq Mülki Aviasiya Təşkilatı ilə və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, onların işində iştirak etmək, həmçinin xarici ölkələrin aidiyyəti qurumları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərmək;

3.0.8. mülki aviasiya sahəsində yaranan münasibətləri tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş tələblərə, beynəlxalq standartlara və tövsiyə edilən təcrübəyə riayət olunmasına nəzarət etmək, habelə müvafiq sahədə hüquqi aktlarla Beynəlxalq Mülki Aviasiya Təşkilatının Standartları və Tövsiyə olunan təcrübəsi arasında fərqlərin mövcudluğu barədə Nazirliyə məlumat vermək; [5]

3.0.9. aviadaşımalar bazarının rəqabət əsasında formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək;

3.0.10. müvafiq sahəyə maliyyə yardımı və texniki yardım cəlb edilməsi məqsədi ilə beynəlxalq təşkilatlarla əməkdaşlığa dair təkliflər vermək;

3.0.11. mülki hava gəmilərinin uçuşa yararlılığının təmin edilməsi sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;

3.0.12. aviasiya texnikası və avadanlığı da daxil olmaqla, Azərbaycan Respublikasının bütün mülki aviasiya subyektlərinin milli və beynəlxalq tələblərə uyğun olaraq icbari sertifikatlaşdırılmasını, həmçinin mülki aviasiya subyektlərinə verilmiş sertifikatların şərtlərinə onların riayət etməsinə nəzarəti həyata keçirmək;

3.0.13. hava nəqliyyatı vasitələri sərnişinlərinin fərdi qəza sığortası üzrə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət etmək;

3.0.13-1. uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət nəzarətini həyata keçirmək; [6]

3.0.14. mülki hava gəmiləri ilə baş vermiş aviasiya hadisələrini (qəzalarını) aidiyyəti qurumlarla birgə araşdırmaq, aviasiya hadisələri (qəzaları) və insidentlərinin qarşısını almaq məqsədi ilə aviasiya ictimaiyyəti arasında informasiyanın yayılmasını həyata keçirmək, aviasiya hadisələrinin və insidentlərinin uçotunu aparmaq, onlar barədə müvafiq beynəlxalq mülki aviasiya təşkilatlarına vaxtında məlumat vermək;

3.0.14-1. aviasiya hadisələrinin monitorinqinin, onlara nəzarətin həyata keçirilməsi və onların qarşısının alınması məqsədilə uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi üzrə məlumatların avtomatlaşdırılmış qaydada toplanması və təhlili sistemini təsdiq, eləcə də tətbiq etmək; [7]

3.0.15. hava məkanından istifadəni tənzimləyən qaydaları, Azərbaycan Respublikasının hava məkanında mülki hava gəmilərinin uçuş qaydalarını və müvafiq sahədə digər normativ hüquqi aktları aidiyyəti qurumlarla birgə işləyib hazırlamaq;

3.0.16. müvafiq sahəyə investisiyaların cəlb edilməsi və onlardan səmərəli istifadə üçün əlverişli şərait yaradılmasına dair təkliflər hazırlamaq;

3.0.17. hava limanlarının, aerodromların, helikopter meydançalarının və dövlət əhəmiyyətli digər mülki aviasiya obyektlərinin tikintisi və bu işlərin əlaqələndirilməsi barədə Nazirliyə təkliflər vermək; [8]

3.0.18. mülki hava limanlarının, aerodromların, helikopter meydançalarının beynəlxalq uçuşlar üçün açılması (bağlanması) barədə Nazirliyə təkliflər vermək;

3.0.19. hava limanlarının, aerodromların, helikopter meydançalarının və dövlət əhəmiyyətli digər mülki aviasiya obyektlərinin tikintisi, yenidən qurulması və texniki cəhətdən təkmilləşdirilməsi zamanı işçi qruplar yaratmaq, həmçinin dövlət komissiyalarının işində iştirak etmək;

3.0.19-1. aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində fəaliyyət göstərən komissiyaların işində iştirak etmək;

3.0.19-2. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın Katibliyinin funksiyalarını həyata keçirmək; [9]

3.0.20. “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, mülki aviasiya istismarçılarına sertifikatların və bu sahədə fəaliyyət göstərən digər subyektlərə uyğunluq sertifikatlarının verilməsi, onları verməkdən imtina edilməsi, qüvvədə olma müddətlərinin dayandırılması və ləğv edilməsi barədə qərarlar qəbul etmək; [10]

3.0.21. təhlükəli yüklərin ölkənin hava məkanı üzərindən daşınması üçün hava gəmilərinə icazələr verilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;

3.0.22. hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada razılıq vermək; [11]

3.0.23. Azərbaycan Respublikasının hava məkanında və hava limanlarında hava gəmilərinin uçuşlarına aeronaviqasiya, telekommunikasiya, informasiya xidmətləri və meteoroloji xidmət göstərilməsini təşkil etmək və həmin xidmətləri göstərənlər üçün tələblərin müəyyən edilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;

3.0.24. mülki hava gəmilərinin dövlət reyestrini, sertifikatlaşdırılmış aviasiya personalının, sertifikatlaşdırılmış aerodromların, helikopter meydançalarının və mülki aviasiya subyektlərinin reyestrlərini aparmaq, mülki hava gəmilərinin qeydiyyatını həyata keçirmək, müvafiq şəhadətnamə və vəsiqələr vermək, həmçinin xarici dövlətlərin səlahiyyətli orqanlarının verdikləri analoji sənədlərin tanınmasına dair tələblərin müəyyən edilməsi ilə bağlı Nazirliyə təkliflər təqdim etmək;

3.0.25. ölkənin mülki aviasiya hava limanlarının və aerodromlarının imkanları, habelə aviasiya texnikasına texniki xidmət imkanları nəzərə alınmaqla, mülki aviasiya subyektlərinin əldə etdikləri aviasiya texnikasının Azərbaycan Respublikası ərazisində yerləşdirilməsi və istifadəsi məsələlərini razılaşdırmaq;

3.0.26. ölkənin sertifikatlaşdırılmış aviaşirkətlərini təyin etmək və hökumətlərarası sazişlərə əsasən, respublika daxilində və respublikanın hüdudlarından kənarda onların uçuş marşrutlarını təsdiq etmək, bu marşrutların istismarı üçün müvafiq icazələr vermək, habelə xarici dövlətlərin hava gəmilərinə Azərbaycan Respublikasının mülki aviasiya hava limanlarına uçuşlar (müntəzəm uçuşlar və çarter uçuşları) yerinə yetirmək üçün icazələr vermək;

3.0.27. respublikanın mülki aviasiya subyektlərinin fəaliyyətinin müfəttiş yoxlamalarını, həmçinin Azərbaycan Respublikasının hava limanlarına uçuşlar yerinə yetirən xarici hava gəmilərinin perron yoxlamalarını həyata keçirmək və aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;

3.0.28. təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün mülki aviasiya subyektləri üçün mülki hava gəmilərinin və hava limanlarının rejim zonalarının ərazisində digər nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinə və istismarına dair texniki tələb, qayda və təlimatların layihələrini Nazirliyə təqdim etmək, onların icrasına nəzarəti həyata keçirmək;

3.0.29. aviasiya mütəxəssislərinin ayrı-ayrı kateqoriyalarının sağlamlıq vəziyyətinə, həmçinin onların peşəkar hazırlıq səviyyəsinə və onun yoxlanmasına dair tələbləri Nazirliyə təqdim etmək;

3.0.30. mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktları ilə bağlı yaranmış böhran vəziyyətinin nizamlanması üçün əməliyyatların həyata keçirilməsində, qəzaya uğramış və ya qəzaya uğrayan hava gəmiləri ilə bağlı axtarış və qəza-xilasetmə işlərinin təşkilində iştirak etmək, həmçinin qanunsuz müdaxilə aktları barədə xidməti araşdırma aparmaq;

3.0.31. dövlət və hökumət başçıları, habelə yüksək vəzifəli nümayəndə heyətləri üçün nəzərdə tutulmuş uçuşların (liter reyslərinin) hazırlanmasına və yerinə yetirilməsinə nəzarəti həyata keçirmək;

3.0.32. müvafiq sahəyə aid beynəlxalq müqavilələrin (sazişlərin) layihələrini işləyib hazırlamaq, yeni hava əlaqələrini (marşrutları), beynəlxalq hava daşımaları üçün uçuş tezliklərini və onların yerinə yetirilməsinin kommersiya şərtlərini müəyyən etmək;

3.0.33. Azərbaycan Respublikasının ərazisində yerli hava xətlərində aviadaşımalar və aviasiya xidmətinin bütün növləri ilə bağlı tarif və yığımların tətbiqinə dair Nazirliyə təkliflər vermək;

3.0.34. beynəlxalq daşıma tariflərini və yığımlarını qüvvədə olan beynəlxalq qaydalara uyğun işləyib hazırlamaq və təsdiq edilməsi üçün təqdim etmək;

3.0.35. beynəlxalq hava daşımaları ilə məşğul olan mülki hava gəmiləri ekipajlarının və Agentliyin personalının pasport–viza təminatı məsələlərini həll etmək;

3.0.36. mülki aviasiyaya dair müvafiq texnoloji, texniki, iqtisadi, maliyyə, sosial, ekoloji və digər məlumatlardan ibarət informasiya bazası yaratmaq;

3.0.37. fövqəladə hallarda aidiyyəti dövlət qurumları ilə birgə mülki aviasiya müəssisə, idarə və təşkilatlarında səfərbərlik hazırlığını həyata keçirmək, mülki müdafiə tədbirləri görmək, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak etmək;

3.0.38. mülki aviasiya obyektlərinin tikintisi, yenidən qurulması və texniki cəhətdən təkmilləşdirilməsi ilə bağlı texniki-iqtisadi göstəricilərə və layihə-smeta sənədlərinə dair rəy vermək;

3.0.39. mülki aviasiya subyektlərinin iqtisadi və maliyyə vəziyyətini təhlil etmək, onların fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı tədbirlər görmək;

3.0.40. müvafiq sahədə maliyyə-iqtisadi, investisiya və tarif-qiymət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək, beynəlxalq tarif siyasətinə dair Nazirliyə təkliflər vermək;

3.0.41. Nazirliklə razılaşdırmaqla, mülki aviasiya sahəsində uçuşların təhlükəsizliyinin və aviasiya təhlükəsizliyinin idarə edilməsi sistemlərini təşkil etmək;

3.0.42. uçuşların təhlükəsizliyinin və aviasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı göstərilən xidmətlərə, görülən işlərə və bununla bağlı müəyyənləşdirilmiş qiymətlərin tətbiqinə nəzarət etmək;

3.0.43. mülki aviasiya sahəsində yüklərin və poçtun aviasiya təhlükəsizliyini təmin etmək məqsədi ilə yük agentlərinin və məlum yükgöndərənlərin qeydiyyatını aparmaq, onlara sertifikatlar və fərdi kod nömrəsi vermək, verilmiş sertifikatların şərtlərinə riayət olunmasına nəzarəti həyata keçirmək;

3.0.44. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.0.45. müvafiq sahədə əməyin mühafizəsi tədbirlərinin həyata keçirilməsində iştirak etmək;

3.0.46. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;

3.0.47. müvafiq sahəyə aid qanunvericiliyin pozulmasına görə şəxslərin məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək;

3.0.48. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin etmək;

3.0.49. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqi ilə bağlı təklif vermək;

3.0.50. müvafiq sahəyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.0.51. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

3.0.52. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;

3.0.53. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq.

 

4. Agentliyin hüquqları

 

4.0. Agentliyin öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır:

4.0.1. müvafiq sahəyə aid qanunvericilik aktlarının layihələrini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

4.0.2. Azərbaycan Respublikasının müvafiq sahə üzrə beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə Nazirliyə təkliflər vermək;

4.0.3. dövlət qurumlarına və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.4. müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

4.0.5. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahədə tədqiqat işləri görmək, təkliflər vermək;

4.0.6. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

4.0.7. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

4.0.8. müvafiq sahənin fəaliyyətini tənzimləmək məqsədi ilə strukturların yaradılması, ləğv edilməsi və yenidən təşkili üzrə təkliflər irəli sürmək;

4.0.9. müfəttiş yoxlamalarını həyata keçirən şəxslərin hava gəmilərinə, xidməti otaqlara daxil olması, texniki vasitələrlə, mülki aviasiya subyektlərinin fəaliyyətinə dair bütün sənədlərlə (məlumatlarla) sərbəst tanış olması, mülki aviasiya sahəsində çalışan vəzifəli şəxslərə uçuşların və aviasiya təhlükəsizliyinin təmin edilməsi məsələləri barədə müvafiq tapşırıqlar və müfəttiş göstərişləri vermək, habelə onların icra müddətlərini müəyyən etmək;

4.0.10. mülki aviasiyanın fəaliyyətinin təkmilləşdirilməsi və inkişaf problemləri ilə bağlı konfranslar, müşavirələr və seminarlar keçirmək, sərgilər təşkil etmək;

4.0.11. mülki aviasiyanın ümumi fəaliyyət qaydalarını müəyyən edən müvafiq qanunvericilik aktlarının və sahə standartlarının layihələrini hazırlamaq, qüvvədə olan qanunvericilik aktlarında zəruri hallarda dəyişikliklər edilməsinə dair təkliflər vermək;

4.0.12 ICAO-nun Standartlarına və Tövsiyə olunan təcrübəsinə əlavə və dəyişikliklər edilməsi barədə qeyd edilən təşkilata təkliflər verilməsi ilə bağlı Nazirliyə müraciət etmək;

4.0.13. Agentliyin rəsmi rəmzlərinin və fərqlənmə nişanlarının işlənilib hazırlanmasına dair təkliflər vermək;

4.0.14. geyim formaları nümunələrinin, fərqlənmə nişanlarının və mülki aviasiyada geyim formalarının daşınması qaydalarının təsdiq edilməsinə dair təkliflər vermək;

4.0.15. Agentliyin səlahiyyətlərinə aid olan məsələlərin (aviasiya hadisələrinin və insidentlərinin araşdırılması, müvafiq rəylərin hazırlanması və s.) həlli məqsədi ilə elmi və kommersiya təşkilatlarını, ayrı-ayrı mütəxəssisləri, o cümlədən xarici mütəxəssisləri müqavilə əsasında cəlb etmək. [12]

 

5. Agentliyin fəaliyyətinin təşkili

 

5.1. Agentlik öz fəaliyyətini Aparatı və onun strukturuna daxil olan qurumlar və tabeliyindəki digər qurumlar vasitəsilə həyata keçirir.

5.2. Agentliyə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir.

5.3. Agentliyin direktoru bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin icrasına görə şəxsən məsuliyyət daşıyır.

5.4. Agentlik direktorunun rəqəmsal inkişaf və nəqliyyat naziri ilə razılaşdırmaqla, Agentliyin direktoru tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. [13]

5.5. Agentliyin Aparatının və tabeliyindəki qurumların strukturunu, ştat cədvəlini və xərclər smetasını müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Nazirlik təsdiq edir.

5.6. Agentliyin direktoru:

5.6.1. Agentliyə rəhbərlik edir və onun fəaliyyətini təşkil edir;

5.6.2. müavinləri arasında vəzifə bölgüsü aparır;

5.6.3. Agentliyin Aparatının və tabeliyindəki qurumların strukturunu, ştat cədvəlini və xərclər smetasını müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində təsdiq edilmək üçün Nazirliyə təqdim edir;

5.6.4. Agentliyə dövlət büdcəsindən ayrılmış vəsaitin xərclənməsinə dair hesabatları Nazirliyə təqdim edir;

5.6.5. Agentliyin işçilərini (Agentlik direktorunun müavinlərini, Agentliyin baş mühasibini, Aparatının struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərini – rəqəmsal inkişaf və nəqliyyat naziri ilə razılaşdırmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.6.6. Agentliyin Aparatının, tabeliyindəki qurumların fəaliyyətinə dair əmr və göstərişlər verir;

5.6.7. bütün dövlət qurumları, yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Agentliyi təmsil edir;

5.6.8. Agentliyin Aparatının struktur bölmələrinin və tabeliyindəki qurumların əsasnamələrinin və ya nizamnamələrinin layihələrini hazırlayır və təsdiq olunmaq üçün Nazirliyə təqdim edir;

5.6.9. Agentliyin fəaliyyəti barədə Nazirliyin müəyyən etdiyi qaydada və müddətlərdə Nazirliyə hesabat verir.

 



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       14 noyabr 2019-cu il tarixli 854 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 noyabr 2019-cu il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1702)

2.       28 dekabr 2022-ci il tarixli 1926 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2022-ci il,Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1436)

3.       20 aprel 2023-cü il tarixli 2113 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 aprel 2023-cü il, “Xalq” qəzeti, 21 aprel 2023-cü il, № 83)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 



[1] 28 dekabr 2022-ci il tarixli 1926 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2022-ci il,Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1436) ilə adı yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında əsasnamələrin təsdiq edilməsi barədə

 

[2] 28 dekabr 2022-ci il tarixli 1926 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2022-ci il,Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1436) ilə 1-ci hissə ləğv edilmişdir.

 

[3] 28 dekabr 2022-ci il tarixli 1926 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2022-ci il,Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1436) ilə 2-ci hissədə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.

 

[4] 28 dekabr 2022-ci il tarixli 1926 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2022-ci il,Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1436) ilə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında Əsasnamə”nin adında, 1.1-ci və 1.2-ci bəndlərdə (hər iki halda) “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.

 

[5] 14 noyabr 2019-cu il tarixli 854 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 noyabr 2019-cu il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1702) ilə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında Əsasnamə”nin 3.0.8-ci yarımbəndində “müvafiq sahədə milli qayda, norma və prosedurlara” sözləri “mülki aviasiya sahəsində yaranan münasibətləri tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş tələblərə” sözləri ilə əvəz edilmişdir.

 

[6] 14 noyabr 2019-cu il tarixli 854 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 noyabr 2019-cu il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1702) ilə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında Əsasnamə”yə yeni məzmunda 3.0.13-1-ci yarımbənd əlavə edilmişdir.

 

[7] 14 noyabr 2019-cu il tarixli 854 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 noyabr 2019-cu il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1702) ilə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında Əsasnamə”yə yeni məzmunda 3.0.14-1-ci yarımbənd əlavə edilmişdir.

 

[8] 14 noyabr 2019-cu il tarixli 854 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 noyabr 2019-cu il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1702) ilə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında Əsasnamə”nin 3.0.17–3.0.19-cu və 3.0.24-cü yarımbəndlərində “vertodromların” sözü “helikopter meydançalarının” sözləri ilə əvəz edilmişdir.

 

[9] 20 aprel 2023-cü il tarixli 2113 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 aprel 2023-cü il, “Xalq” qəzeti, 21 aprel 2023-cü il, № 83) ilə “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında Əsasnamə”yə yeni məzmunda 3.0.19-1-ci və 3.0.19-2-ci yarımbəndlər əlavə edilmişdir.

 

[10] 14 noyabr 2019-cu il tarixli 854 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 noyabr 2019-cu il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1702) ilə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında Əsasnamə”nin 3.0.20-ci yarımbəndində “hava nəqliyyatı istismarçılarının sertifikatlarının və” sözləri “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, mülki aviasiya istismarçılarına sertifikatların və bu sahədə fəaliyyət göstərən digər subyektlərə” sözləri ilə əvəz edilmişdir.

 

[11] 14 noyabr 2019-cu il tarixli 854 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 noyabr 2019-cu il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1702) ilə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında Əsasnamə”nin 3.0.22-ci yarımbəndin “müəyyən edilmiş qaydada” sözləri “Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada” sözləri ilə əvəz edilmişdir.

 

[12] 14 noyabr 2019-cu il tarixli 854 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 noyabr 2019-cu il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 11, maddə 1702) ilə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında Əsasnamə”nin 4.0.15-ci yarımbəndində “elmi təşkilatları, şirkətləri” sözləri “elmi və kommersiya təşkilatlarını” sözləri ilə əvəz edilmişdir.

 

28 dekabr 2022-ci il tarixli 1926 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2022-ci il,Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1436) ilə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında Əsasnamə”nin 5.4-cü bənddə və 5.6.5-ci yarımbənddə “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status