AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
10.06.1997
QEYDİYYAT NÖMRƏSİ
310-IQ
ADI
Məhkəmələr və hakimlər haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-1997, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 413)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
380.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Məhkəmələr və hakimlər haqqında

Məhkəmələr və hakimlər haqqında

 

Azərbaycan Respublİkasının Qanunu

 

Bu Qanun Azərbaycan Respublikasında ədalət mühakiməsinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş müstəqil məhkəmə hakimiyyəti yaratmağa yönəlmişdir.

 

Bİrİncİ bölmə

Məhkəmələr

 

I fəsil

Məhkəmə hakİmİyyətİ

 

Maddə 1. Azərbaycan Respublikasında məhkəmələrin təsis olunması

 

Azərbaycan Respublikasında Azərbaycan Respublikasının qanunları ilə təsis edilmiş Azərbaycan Respublikası məhkəmələri fəaliyyət göstərirlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VI hissəsinə uyğun olaraq məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi və fövqəladə məhkəmələrin, eləcə də xarici dövlətlərin, yaxud bu qanunla nəzərdə tutulmayan qaydada məhkəmələrin yaradılması qadağandır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin (bundan sonra — Konstitusiya Məhkəməsi) fəaliyyəti və hakimlərinin statusu «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunur.

 

Maddə 2. Məhkəmələr və hakimlər haqqında qanunvericilik

 

Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Ələt azad iqtisadi zonasında mübahisələrin həlli zamanı “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınır. [1]

 

Maddə 3. Məhkəmələrin vəzifələri

 

Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir. [2]

Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asıla olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Azərbaycan Respublikasının Konstitusiyasında və bu qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər.

Məhkəmələrin üzərinə başqa vəzifələr qoyulması yolverilməzdir.

 

Maddə 4. Məhkəmələrdə işlərə baxılması

 

Məhkəmələrdə işlərə birinci instansiya, apellyasiya və kassasiya instansiyaları üzrə baxılır.

Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qaydada Azərbaycan Respublikası məhkəmələrində işlərə kollegial və hakim tərəfindən təkbaşına: birinci instansiya məhkəməsində işlərə təkbaşına və ya üç hakimdən ibarət tərkibdə, yaxud andlı iclasçılardan ibarət tərkibdə, appelyasiya və kassasiya instansiyası məhkəməsində üç və ya daha çox hakimdən ibarət tərkibdə baxılır. [3]

Məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar.

Məhkəmələrdə işlərə baxılarkən məhkəmə iclasının protokolu aparılır. Məhkəmə iclasının gedişini və məhkəmə istintaqı zamanı aparılan prosessual hərəkətləri qeyd etmək üçün texniki vasitələrdən istifadə edilə bilər.

 

Maddə 5. Məhkəmələrin qərarları

 

Məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra — qərarlar) çıxarırlar.

Məhkəmələrin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq anonimləşdirilməklə elektron qaydada yayılmalıdır. [4]

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır.

Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

 

Maddə 6. Məhkəmə hakimiyyətinin rəmzləri

 

Azərbaycan Respublikasında məhkəmə hakimiyyətinin rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağından, Dövlət gerbindən və ədalət mühakiməsinin rəsmi emblemlərindən ibarətdir.

Azərbaycan Respublikası məhkəmələrinin bütün hakimləri məhkəmə iclaslarını xüsusi geyimdə aparırlar.

Ədalət mühakiməsinin rəsmi emblemlərinin və hakimlərin xüsusi geyim formasının təsviri Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 5-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilir.

 

II fəsil

ƏDALƏT MÜHAKİMƏSİNİN HƏYATA KEÇİRİLMƏSİNƏ DAİR əsas müddəalar

 

Maddə 7. Hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi

 

Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında ədalət mühakiməsi irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər bir şəxsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir.

 

Maddə 8. Ədalət mühakiməsinin hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilməsi

 

Ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir.

 

Maddə 9. Məhkəmə icraatına müdaxilənin və məhkəməyə hörmətsizlik göstərilməsinin yolverilməzliyi

 

Hər hansı bir şəxs tərəfindən, hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, təsir, hədə və müdaxilə edilməsi, habelə məhkəməyə hörmətsizlik göstərilməsi, yaxud aşkar etinasızlıq göstərildiyini bildirən hərəkətlər edilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə səbəb olur.

 

Maddə 10. Müdafiə hüquqlarının təmin edilməsi

 

Azərbaycan Respublikası vətəndaşlarının, onun ərazisində yaşayan xarici vətəndaşların, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunlarda nəzərdə tutulmuş hüquq və azadlıqlarının, hüquqi şəxslərin qanuni mənafelərinin hər cür qəsdlərdən və qanun pozuntularından məhkəmə icraatının istənilən mərhələsində məhkəmə müdafiəsi hüququ təmin olunur. Heç kəs məhkəmə müdafiəsi hüququndan məhrum edilə bilməz.

Şübhə edilən, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş vasitələrlə müdafiə hüququna, o cümlədən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququna təminat verilir. [5]

Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin II hissəsinə uyğun olaraq qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir.

 

Maddə 11. Təqsirsizlik prezumpsiyasının təmin edilməsi

 

Ədalət mühakiməsi həyata keçirilərkən Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası prinsipinə riayət olunması təmin edilir.

 

Maddə 12. Məhkəmə icraatının açıq aparılması

 

Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin V hissəsinə əsasən işlərə məhkəmənin qapalı iclaslarında baxılması halları istisna olmaqla, bütün məhkəmələrdə işlərin icraatı açıq aparılır.

Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, cinayət işlərinin qiyabi məhkəmə icraatına yol verilmir.

Bütün hallarda məhkəmələrin qərarları açıq elan edilir.

 

Maddə 13. Məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi

 

Azərbaycan Respublikasında məhkəmə icraatı tərəflərin hüquq bərabərliyi təmin olunmaqla Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin VII hissəsinə uyğun olaraq çəkişmə prinsipi əsasında həyata keçirilir.

 

Maddə 14. Məhkəmə icraatının aparıldığı dil

 

Məhkəmə icraatının aparıldığı dil Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin X hissəsində müəyyən edilir. Məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda hər kəsin tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək hüququ təmin edilir.

 

Maddə 15. Məhkəmə aidiyyətinə riayət edilməsi

 

İşlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır.

 

Maddə 16. Hakimin məhkəmə baxışında iştirakının məhdudlaşdırılması

 

Birinci instansiya, appelyasiya və ya kassasiya instansiyası məhkəməsində işə baxılmasında iştirak etmiş hakimin həmin işə təkrar məhkəmə baxışında iştirakı yolverilməzdir.

Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda hakimlərin qərəzsizliyinə şübhə doğuran hallar yarandıqda hakim həmin işə baxılmasından çəkinməli, yaxud kənarlaşdırılmalıdır.

 

Maddə 17. Məhkəmə icraatında qeyri-prosessual münasibətlərin yolverilməzliyi

 

Məhkəmə tərkibi ilə məhkəmə iştirakçıları arasında, yaxud işlərə baxılması ilə əlaqədar birinci instansiya, appelyasiya və kassasiya instansiyası məhkəmələri arasında qanunda nəzərdə tutulmamış qeyri-prosessual münasibətlər yolverilməzdir.

 

Maddə 18. Ədalət mühakiməsinin həyata keçirilməsinin zəruri şərtləri

 

Azərbaycan Respublikasının məhkəmələri ədalət mühakiməsinin məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan, bütün prosessual tələblərin yerinə yetirilməsinə imkan verən, hakimlərin öz iradəsini ifadə etmək azadlığına təsiri istisna edən şəraitdə həyata keçirirlər.

Ədalət mühakiməsinin həyata keçirilməsinə dair müddəaların pozulması qanunda nəzərdə tutulmuş hüquqi nəticələrə səbəb olur.

 

III fəsil

Azərbaycan Respublİkasının məhkəmə sİstemİ

 

Maddə 19. Ədalət mühakiməsini həyata keçirən məhkəmələr

 

Azərbaycan Respublikasında ədalət mühakiməsini Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan aşağıdakı məhkəmələr həyata keçirirlər:

rayon (şəhər) məhkəmələri;

ağır cinayətlər məhkəmələri; [6]

Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər məhkəməsi; [7]

hərbi məhkəmələr;

Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının hərbi məhkəməsi (bundan sonra — Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmə); [8]

inzibati məhkəmələr; [9]

kommersiya məhkəmələri; [10]

Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair Azərbaycan Respublikasının iqtisad məhkəməsi (bundan sonra — Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsi); [11]

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi;

apellyasiya məhkəmələri; [12]

(Çıxarılıb) [13]

Azərbaycan Respublikasının Ali Məhkəməsi (bundan sonra — Ali Məhkəmə).

Azərbaycan Respublikasının məhkəmə sistemi daxilində qanunla müəyyən edilmiş qaydada digər məhkəmələr da yaradıla bilər.

Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyənləşdirilir. [14]

Azərbaycan Respublikasının hər bir məhkəməsi müstəqil hüquqi şəxsdir və onun Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürü vardır.

 

IV fəsil

Rayon (şəhər) məhkəmələrİ

 

Maddə 20.   Rayon (şəhər) məhkəməsi və onun səlahiyyətləri

 

Rayon (şəhər) məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət işlərinə, inzibati xətalara dair və digər işlərə baxır. [15]

Rayon (şəhər) məhkəməsi məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir. [16]

 

Maddə 21.   Rayon (şəhər) məhkəməsinin təşkili

 

Rayon (şəhər) məhkəməsi Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində (rayon tabeli şəhərlərdən başqa), şəhərdəki rayonlarında təşkil edilir və onun yurisdiksiyası Azərbaycan Respublikasının müvafiq rayonuna, şəhərinə və ya şəhərdəki rayonuna şamil edilir. [17]

Rayon (şəhər) məhkəməsinin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyənləşdirilir. [18]

Bir rayonda (şəhərdə) yalnız bir rayon (şəhər) məhkəməsi təşkil edilə bilər.

 

Maddə 22.   Rayon (şəhər) məhkəməsinin tərkibi

 

Rayon (şəhər) məhkəməsi bir hakimdən ibarətdirsə, həmin hakim eyni zamanda bu məhkəmənin sədri təyin olunur. [19]

Rayon (şəhər) məhkəməsi sədrdən və hakimlərdən ibarətdir. Tərkibində 12 və daha çox hakim olan rayon (şəhər) məhkəməsində sədr müavini vəzifəsi təsis edilir. [20]

Rayon (şəhər) məhkəməsi hakimlərinin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyənləşdirilir.

 

Maddə 23.   Rayon (şəhər) məhkəməsi sədrinin səlahiyyətləri

 

Rayon (şəhər) məhkəməsinin sədri:

məhkəmədə işin təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik edir, məhkəmədə əmək və icra intizamına əməl olunmasını təmin edir;

məhkəmə iclaslarına sədrlik edir, işlərin kargüzarlıq qaydalarına uyğun bölüşdürülməsinə nəzarət edir; [21]

məhkəmə aparatı işlərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və intizam qaydasında cəzalandırılması məsələlərini həll edir;

Ali Məhkəmənin Plenumunda və müvafiq apellyasiya instansiyası məhkəməsinin Rəyasət Heyətində rayon (şəhər) məhkəməsində ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumat verir; [22]

məhkəmə fəaliyyətinin təşkili vəziyyətinin, məhkəmə təcrübəsinin öyrənilməsinə və ümumiləşdirməsinə, məhkəmə statistikasının aparılmasına rəhbərlik edir; [23]

şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil edir; [24]

Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

Rayon (şəhər) məhkəməsinə bir hakim təyin olunmuşsa, o, həmin məhkəmənin sədrinin səlahiyyətlərini həyata keçirir. [25]

 

Maddə 23-1. Rayon (şəhər) məhkəməsi sədrinin müavininin səlahiyyətləri [26]

 

Rayon (şəhər) məhkəməsi sədrinin müavini məhkəmə iclaslarına sədrlik edir, rayon (şəhər) məhkəməsinin sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədiyi müddətdə onu əvəz edir.

 

Maddə 24. (Çıxarılıb) [27]

 

V fəsil

Ağır cinayətlər məhkəmələri [28]

 

Maddə 25. ağır cinayətlər məhkəməsi və onun səlahiyyətləri

 

Ağır cinayətlər məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş cinayət işlərinə baxır.

Ağır cinayətlər məhkəməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) məsələsini həll edir, məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, Azərbaycan Respublikası qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir. [29]

 

M a d d ə 2 6. Ağır cinayətlər məhkəməsinin təşkili

 

Ağır cinayətlər məhkəməsinin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyənləşdirilir. [30]

 

Maddə 27.   Ağır cinayətlər məhkəməsinin tərkibi

 

Ağır cinayətlər məhkəməsi sədrdən və hakimlərdən ibarətdir. Tərkibində 12 və daha çox hakim olan ağır cinayətlər məhkəməsində sədr müavini vəzifəsi təsis edilir. [31]

Qanunla nəzərdə tutulmuş hallarda və qaydada ağır cinayətlərə dair işlərə birinci instansiya üzrə baxılması üçün bu məhkəmənin tərkibində andlılar məhkəməsi yaradıla bilər. [32]

Ağır cinayətlər məhkəməsi hakimlərinin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyənləşdirilir. [33]

 

Maddə 28.   Ağır cinayətlər məhkəməsi sədrinin səlahiyyətləri

 

Ağır cinayətlər məhkəməsinin sədri:

məhkəmədə işin təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik edir, məhkəmədə əmək və icra intizamına əməl olunmasını təmin edir;

məhkəmə iclaslarına sədrlik edir, işlərin kargüzarlıq qaydalarına uyğun bölüşdürülməsinə nəzarət edir;

məhkəmə aparatı işçilərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və intizam qaydasında cəzalandırılması məsələlərini həll edir;

Ali Məhkəmənin Plenumunda və müvafiq apellyasiya instansiyası məhkəməsinin Rəyasət Heyətində Ağır cinayətlər məhkəməsiтdə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumat verir; [34]

məhkəmə fəaliyyətinin təşkili vəziyyətinin, məhkəmə təcrübəsinin öyrənilməsinə və ümumiləşdirilməsinə, məhkəmə statistikasının aparılmasına rəhbərlik edir; [35]

şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil edir; [36]

Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

 

Maddə 29.   Ağır cinayətlər məhkəməsinin sədr müavininin səlahiyyətləri

 

Ağır cinayətlər məhkəməsinin sədr müavini:

məhkəmə iclaslarında sədrlik edir, Ağır cinayətlər məhkəməsi sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədikdə onu əvəz edir;

Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

 

Maddə 30.(Çıxarılıb) [37]

 

V-I fəsil [38]

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ

 

Maddə 30-1. Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər məhkəməsi və onun səlahiyyətləri

 

Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş cinayət işlərinə baxır.

Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər məhkəməsi məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, Azərbaycan Respublikası qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

 

Maddə 30-2. Naxçıvan Muxtar Respublikası Ağır cinayətlər məhkəməsinin təşkili

 

Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər məhkəməsi Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində təşkil edilir, onun yurisdiksiyası Naxçıvan Muxtar Respublikasının bütün ərazisinə şamil edilir. [39]

 

Maddə 30-3. Naxçıvan Muxtar Respublikası Ağır cinayətlər məhkəməsinin tərkibi

 

Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər məhkəməsi sədrdən və hakimlərdən ibarətdir.

Qanunla nəzərdə tutulmuş hallarda və qaydada ağır cinayətlərə dair işlərə birinci instansiya üzrə baxılması üçün bu məhkəmənin tərkibində andlılar məhkəməsi yaradıla bilər. [40]

Naxçıvan Muxtar Respublikası Ağır cinayətlər məhkəməsinin hakimlərinin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyənləşdirilir.

 

Maddə 30-4. Naxçıvan Muxtar Respublikası Ağır cinayətlər məhkəməsinin sədrinin səlahiyyətləri

 

Naxçıvan Muxtar Respublikası Ağır cinayətlər məhkəməsinin sədri:

məhkəmədə işin təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik edir, məhkəmədə əmək və icra intizamına əməl olunmasını təmin edir;

məhkəmə iclaslarına sədrlik edir, işlərin kargüzarlıq qaydalarına uyğun bölüşdürülməsinə nəzarət edir;

məhkəmə aparatı işçilərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və intizam qaydasında cəzalandırılması məsələlərini həll edir;

Ali Məhkəmənin Plenumunda və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətində Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər məhkəməsində ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumat verir;

məhkəmə fəaliyyətinin təşkili vəziyyətinin, məhkəmə təcrübəsinin öyrənilməsinə və ümumiləşdirilməsinə, məhkəmə statistikasının aparılmasına rəhbərlik edir;

şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil edir;

Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

VI fəsil

Hərbİ məhkəmələr

 

Maddə 31.   Hərbi məhkəmə və onun səlahiyyətləri

 

Hərbi məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş cinayət işlərinə, habelə inzibati xətalar haqqında işlərə baxır. [41]

Hərbi məhkəmə məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir. [42]

 

Maddə 32.   Hərbi məhkəmənin təşkili [43]

 

Hərbi məhkəmə Azərbaycan Respublikasının Silahlı Qüvvələri və başqa silahlı birləşmələri hərbi hissələrinin sayı nəzərə alınmaqla onların yerləşdikləri inzibati ərazi vahidləri üzrə yaradılır.

Hərbi məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyənləşdirilir. [44]

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində təşkil edilir və onun yurisdiksiyası Naxçıvan Muxtar Respublikasının bütün ərazisinə şamil edilir. [45]

 

Maddə 33.   Hərbi məhkəmənin tərkibi

 

Hərbi məhkəmə sədrdən və hakimlərdən ibarətdir. Tərkibində 12 və daha çox hakim olan hərbi məhkəmədə sədr müavini vəzifəsi təsis edilir. [46]

Hərbi məhkəmə hakimlərinin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyənləşdirilir.

 

Maddə 34.   Hərbi məhkəmə sədrinin səlahiyyətləri

 

Hərbi məhkəmənin sədri:

məhkəmədə işin təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik edir, məhkəmədə əmək və icra intizamına əməl olunmasını təmin edir;

məhkəmə iclaslarına sədrlik edir, işlərin kargüzarlıq qaydalarına uyğun bölüşdürülməsinə nəzarət edir;

məhkəmə aparatı işlərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və intizam qaydasında cəzalandırılması məsələlərini həll edir;

Ali Məhkəmənin Plenumunda və müvafiq apellyasiya instansiyası məhkəməsinin Rəyasət Heyətində hərbi məhkəmədə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumat verir; [47]

məhkəmə fəaliyyətinin təşkili vəziyyətinin, məhkəmə təcrübəsinin öyrənilməsinə və ümumiləşdirilməsinə, məhkəmə statistikasının aparılmasına rəhbərlik edir; [48]

şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil edir; [49]

Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

Hərbi məhkəməyə bir hakim təyin olunmuşsa, o, həmin məhkəmənin sədrinin səlahiyyətlərini həyata keçirir. [50]

 

Maddə 34-1. Hərbi məhkəmə sədrinin müavininin səlahiyyətləri [51]

 

Hərbi məhkəmə sədrinin müavini məhkəmə iclaslarına sədrlik edir, hərbi məhkəmənin sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədiyi müddətdə onu əvəz edir.

 

Maddə 35. Hərbi məhkəmə sədrinin və ya hakiminin əvəz edilməsi

 

Hərbi məhkəmənin sədri vəzifələrini yerinə yetirə bilmədikdə onun vəzifələrinin icrası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvəqqəti olaraq həmin məhkəmənin hakimlərindən birinə həvalə edilir.

Tək tərkibli hərbi məhkəmənin hakimi vəzifələrini yerinə yetirə bilmədikdə onun vəzifələrinin icrası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvəqqəti olaraq başqa hərbi məhkəmənin hakimlərindən birinə həvalə edilir. [52]

 

VII fəsil [53]

Ağır cİnayətlərə daİr İşlər üzrə hərbİ məhkəmə

 

Maddə 36.   Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmə və onun səlahiyyətləri

 

Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş cinayət işlərinə baxır.

Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmə məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir. Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir. [54]

 

Maddə 37.   Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin təşkili

 

Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində təşkil edilir, onun yurisdiksiyası Azərbaycan Respublikası Silahlı Qüvvələri qarnizonlarının bütün hərbi hissələrinə şamil edilir (Naxçıvan Muxtar Respublikasının ərazisində Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin yurisdiksiyasını müvafiq hərbi məhkəmə həyata keçirir). [55]

 

Maddə 38.   Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin tərkibi

 

Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmə sədrdən, onun müavinindən və hakimlərdən ibarətdir.

Qanunla nəzərdə tutulmuş hallarda və qaydada ağır cinayətlərə dair işlərə birinci instansiya üzrə baxılması üçün bu məhkəmənin tərkibində andlılar məhkəməsi yaradıla bilər.

Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin hakimlərinin sayı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyənləşdirilir.

 

Maddə 39.   Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmə sədrinin səlahiyyətləri

 

Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin sədri:

məhkəmədə işin təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik edir, məhkəmədə əmək və icra intizamına əməl olunmasını təmin edir;

məhkəmə iclaslarına sədrlik edir, işlərin həcmini və sayını nəzərə alaraq hakimlər arasında işləri bölüşdürür;

məhkəmə aparatı işçilərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və intizam qaydasında cəzalandırılması məsələlərini həll edir;

Ali Məhkəmənin Plenumunda və müvafiq apellyasiya instansiyası məhkəməsinin Rəyasət Heyətində Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmədə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumat verir; [56]

məhkəmə fəaliyyətinin təşkili vəziyyətinin, məhkəmə təcrübəsinin öyrənilməsinə və ümumiləşdirilməsinə, məhkəmə statistikasının aparılmasına rəhbərlik edir; [57]

şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil edir; [58]

Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

 

Maddə 40.   Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin sədr müavininin səlahiyyətləri

 

Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin sədr müavini:

məhkəmə iclaslarında sədrlik edir, Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmə sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədikdə onu əvəz edir;

Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

 

Maddə 41. Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin sədr müavininin əvəz edilməsi

 

Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin sədr müavini vəzifələrini yerinə yetirə bilmədikdə onun vəzifələrinin icrası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvəqqəti olaraq həmin məhkəmənin hakimlərindən birinə həvalə edilir. [59]

 

VIII fəsil [60]

İnzibati məhkəmələr [61]

 

Maddə 42.   İnzibati məhkəmə və onun səlahiyyətləri

 

İnzibati məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş inzibati və iqtisadi mübahisələrə dair işlərə baxır. [62]

İnzibati məhkəmə məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, Azərbaycan Respublikası qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir. [63]

 

Maddə 43.   İnzibati məhkəmənin təşkili

 

İnzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri və ya azad iqtisadi zonalar üzrə təşkil edilir. [64]

İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. [65]

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində təşkil edilir və onun yurisdiksiyası Naxçıvan Muxtar Respublikasının bütün ərazisinə şamil edilir. [66]

 

Maddə 44.   İnzibati məhkəmənin tərkibi

 

İnzibati məhkəmə sədrdən və hakimlərdən ibarətdir. Tərkibində 12 və daha çox hakim olan inzibati məhkəmədə sədr müavini vəzifəsi təsis edilir. [67]

İnzibati məhkəmə hakimlərinin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyənləşdirilir.

 

Maddə 45.   İnzibati məhkəmə sədrinin səlahiyyətləri

 

İnzibati məhkəmənin sədri:

məhkəmədə işin təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik edir, məhkəmədə əmək və icra intizamına əməl olunmasını təmin edir;

məhkəmə iclaslarına sədrlik edir, işlərin kargüzarlıq qaydalarına uyğun bölüşdürülməsinə nəzarət edir;

məhkəmə aparatının işçilərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və intizam qaydasında cəzalandırılması məsələlərini həll edir;

Ali Məhkəmənin Plenumunda və müvafiq apellyasiya instansiyası məhkəməsinin Rəyasət heyətində inzibati məhkəmədə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumat verir; [68]

məhkəmə fəaliyyətinin təşkili vəziyyətinin, məhkəmə təcrübəsinin öyrənilməsinə və ümumiləşdirilməsinə, məhkəmə statistikasının aparılmasına rəhbərlik edir; [69]

şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil edir; [70]

Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

İnzibati-iqtisadi məhkəməsinə bir hakim təyin olunmuşsa, o, həmin məhkəmənin sədrinin səlahiyyətlərini həyata keçirir. [71]

 

Maddə 45-1. İnzibati məhkəmə sədrinin müavininin səlahiyyətləri [72]

 

İnzibati məhkəmə sədrinin müavini məhkəmə iclaslarına sədrlik edir, inzibati məhkəmənin sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədiyi müddətdə onu əvəz edir. [73]

 

Maddə 46. (Çıxarılıb) [74]

 

VIII-I fəsil [75]

KOMMERSİYA MƏHKƏMƏLƏRİ

 

Maddə 46-1. Kommersiya məhkəməsi və onun səlahiyyətləri

 

Kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır.

Kommersiya məhkəməsi məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, Azərbaycan Respublikasının qanunları ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

 

Maddə 46-2. Kommersiya məhkəməsinin təşkili

 

Kommersiya məhkəməsi Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir.

Kommersiya məhkəməsinin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur.

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində təşkil edilir və onun yurisdiksiyası Naxçıvan Muxtar Respublikasının bütün ərazisinə şamil edilir.

 

Maddə 46-3. Kommersiya məhkəməsinin tərkibi

 

Kommersiya məhkəməsi sədrdən və hakimlərdən ibarətdir. Tərkibində 12 və daha çox hakim olan kommersiya məhkəməsində sədr müavini vəzifəsi təsis edilir.

Kommersiya məhkəməsi hakimlərinin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyənləşdirilir.

 

Maddə 46-4. Kommersiya məhkəməsi sədrinin səlahiyyətləri

 

Kommersiya məhkəməsinin sədri:

məhkəmədə işin təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik edir, məhkəmədə əmək və icra intizamına əməl olunmasını təmin edir;

məhkəmə iclaslarına sədrlik edir, işlərin kargüzarlıq qaydalarına uyğun bölüşdürülməsinə nəzarət edir;

məhkəmə aparatının işçilərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və intizam qaydasında cəzalandırılması məsələlərini həll edir;

Ali Məhkəmənin Plenumunda və müvafiq apellyasiya instansiyası məhkəməsinin Rəyasət heyətində kommersiya məhkəməsində ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumat verir;

məhkəmə fəaliyyətinin təşkili vəziyyətinin, məhkəmə təcrübəsinin öyrənilməsinə və ümumiləşdirilməsinə, məhkəmə statistikasının aparılmasına rəhbərlik edir;

şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil edir;

Azərbaycan Respublikasının qanunları ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

 

Maddə 46-5. Kommersiya məhkəməsi sədrinin müavininin səlahiyyətləri

 

Kommersiya məhkəməsi sədrinin müavini məhkəmə iclaslarına sədrlik edir, kommersiya məhkəməsinin sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədiyi müddətdə onu əvəz edir.

 

IX fəsil

 (Çıxarılıb) [76]

 

X fəsil

Naxçıvan Muxtar Respublİkasının Alİ Məhkəməsİ

 

Maddə 52.   Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi

 

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi Naxçıvan Respublikasının ali məhkəmə orqanı olmaqla qanunla müəyyən edilmiş qaydada ədalət mühakiməsini həyata keçirir. [77]

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi qanunla səlahiyyətlərinə aid edilmiş işlər üzrə apellyasiya instansiyası məhkəməsidir. [78]

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində təşkil edilir, onun yurisdiksiyası Naxçıvan Muxtar Respublikasının bütün ərazisinə şamil edilir.

 

Maddə 53.   Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin tərkibi

 

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi Rəyasət Heyətindən, mülki kollegiyadan, kommersiya kollegiyasından, inzibati kollegiyadan və cinayət kollegiyasından ibarətdir. [79]

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi kollegiyalarında işlərə baxmaq üçün məhkəmə tərkibləri yaradılır.

Naxçıvan Muxtar Respublikası Ali məhkəməsi hakimlərinin tərkibinə məhkəmənin sədri, onun müavini, məhkəmə kollegiyalarının sədrləri və hakimləri daxildirlər.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyənləşdirilir. [80]

 

Maddə 54. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin tərkibi və səlahiyyətləri

 

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti məhkəmənin sədrindən, onun müavinindən və kollegiya sədrlərindən ibarət tərkibdə fəaliyyət göstərir.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Rəyasət Heyətinin tərkibinə daxil olan şəxslərin öz səlahiyyətləri daxilində bərabər hüquqları vardır.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Rəyasət Heyəti:

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri sırasından məhkəmə kollegiyalarını və müvafiq məhkəmə tərkiblərini təşkil edir; [81]

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi sədrinin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi yanında Elmi-məsləhət şurasının Əsasnaməsini və tərkibini təsdiq edir;

qanunla müəyyən edilmiş qaydada qanunvericilik və digər normativ aktların Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunsuzluğu barədə Konstitusiya Məhkəməsinə sorğu verilməsi üçün Ali Məhkəməyə müraciət edir;

Azərbaycan Respublikası qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələləri üzrə və Naxçıvan Muxtar Respublikasında ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin, onun müavininin, kollegiya sədrlərinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinin sədrlərinin məlumatlarını dinləyir; [82]

məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili barədə materiallara baxır;

qanunvericilik aktlarının düzgün tətbiq edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinə metodik kömək göstərir; [83]

Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

 

Maddə 55.   Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Rəyasət Heyətinin iş qaydası

 

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin iclasları üç ayda bir dəfədən az olmayaraq keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Rəyasət Heyətinin iclaslarına sədrlik edir.

Naxçıvan Muxtar Respublikasının prokuroru, Naxçıvan Muxtar Respublikası müvafiq icra hakimiyyəti orqanının rəhbəri və digər şəxslər Məhkəmənin Rəyasət Heyətinin iclaslarına dəvət oluna bilərlər. Rəyasət Heyəti iclasının keçirilməsi vaxtı və müzakirəyə çıxarılan məsələlər barədə Rəyasət Heyətinin üzvlərinə iclasa ən geci 10 gün qalmış məlumat verilir, qərar layihələri və başqa materiallar onlara təqdim olunur. Rəyasət Heyətinin azı üç üzvü iştirak etdikdə Rəyasət Heyətinin iclası səlahiyyətli sayılır. [84]

Rəyasət Heyətinin qərarları açıq səsvermə yolu ilə, səsvermədə iştirak edən Rəyasət Heyəti üzvlərinin səs çoxluğu ilə qəbul olunur.

Məhkəmənin Rəyasət Heyətinə sədrlik edən başqa hakimlərlə yanaşı səsvermədə iştirak edir və axırıncı səs verir.

Rəyasət Heyətinin qərarlarını və iclas protokollarını iclasda sədrlik edən imzalayır.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin aparatı Rəyasət Heyəti iclaslarının hazırlanmasına dair təşkilati işləri həyata keçirir, protokolun aparılmasını təmin edir, Rəyasət Heyətinin qəbul etdiyi qərarların icrası üçün digər zəruri işlər görür. [85]

 

Maddə 56. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi kollegiyalarının səlahiyyətləri

 

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollegiyaları apellyasiya instansiyası məhkəməsi kimi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri tərəfindən baxılmış işlər üzrə qərarlardan verilmiş apellyasiya şikayətləri və apellyasiya protestləri üzrə işlərə baxırlar. [86]

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollegiyası Azərbaycan Respublikası qanunvericilik aktlarının düzgün tətbiq edilməsi üçün tədbirlər görür, məhkəmə statistikasını təhlil edir, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinə metodik kömək göstərir, Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir. [87]

 

Maddə 57.   Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin səlahiyyətləri

 

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri:

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin işinin təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik edir, məhkəmədə əmək və icra intizamına əməl olunmasını təmin edir; [88]

Məhkəmə kollegiyalarının iclaslarına sədrlik edir, işlərin kargüzarlıq qaydalarına uyğun bölüşdürülməsinə nəzarət edir;

Məhkəmə kollegiyalarının tərkiblərinin təşkil edilməsinə dair Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinə təkliflər verir;

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi aparatı işçilərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və intizam qaydasında cəzalandırılması məsələlərini həll edir; [89]

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi aparatının strukturunu, ştat cədvəlini, xərc smetasını müəyyən edir; [90]

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və onun ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinin hakimlərinin mükafatlandırılması barədə Məhkəmə-Hüquq Şurasına təklif verir; [91]

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və onun ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinin hakimlərinin intizam məsuliyyətinə cəlb edilməsi barədə Məhkəmə-Hüquq Şurasına müraciət edir; [92]

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsini təmsil edir;

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti iclaslarını çağırır, onun vaxtını və gündəliyini müəyyən edir və bu iclaslara sədrlik edir, Rəyasət Heyətinin qərarlarını və iclas protokollarını imzalayır;

Ali Məhkəmənin Plenumunda iştirak edir, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrində və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumat verir; [93]

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimlərinin və aparatı işçilərinin ixtisasının artırılması işini təşkil edir; [94]

qanunvericilik aktlarının düzgün tətbiq edilməsi üçün məhkəmələrə metodik kömək göstərir;

məhkəmə statistikasının təhlili, məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi işini təşkil edir;

məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrindən işləri tələb edir; [95]

şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil edir; [96]

Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

 

Maddə 58. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədr müavininin səlahiyyətləri

 

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədr müavini:

məhkəmə iclaslarında sədrlik edir, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədikdə onu əvəz edir;

Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

 

Maddə 59. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi kollegiyaları sədrlərinin səlahiyyətləri

 

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi kollegiyasının sədri:

müvafiq məhkəmə kollegiyasının iclaslarına sədrlik edir, məhkəmə kollegiyasının işinin təşkilinə rəhbərlik edir;

məhkəmə statistikasının təhlili, məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi işini təşkil edir;

məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrindən işləri tələb edir; [97]

şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmə kollegiyalarının işini təşkil edir; [98]

Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

 

Maddə 60.   Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədr müavininin və kollegiya sədrlərinin əvəz edilməsi

 

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin müavini vəzifələrini yerinə yetirə bilmədikdə və ya onun səlahiyyət müddəti bitdikdə onun vəzifələrinin icrası Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin sərəncamı ilə müvəqqəti olaraq həmin məhkəmə kollegiya sədrlərindən birinə həvalə edilir.

Məhkəmə kollegiyasının sədri vəzifələrini yerinə yetirə bilmədikdə və ya onun səlahiyyət müddəti bitdikdə onun vəzifələrinin icrası Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin sərəncamı ilə müvəqqəti olaraq həmin kollegiyanın hakimlərindən birinə həvalə edilir. [99]

XI fəsil

Apellyasİya MəhkəməLƏRİ [100]

 

Maddə 61.   Apellyasiya məhkəməsi [101]

 

Azərbaycan Respublikası Konstitusiyasının 132-ci maddəsinin I hissəsinə müvafiq olaraq apellyasiya məhkəməsi mülki, kommersiya və inzibati mübahisələrə dair, cinayət və inzibati xətalara dair işlər üzrə yuxarı instansiya məhkəməsidir. [102]

Apellyasiya məhkəməsinin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyənləşdirilir. [103]

 

Maddə 62.   Apellyasiya məhkəməsinin tərkibi [104]

 

Apellyasiya məhkəməsi Rəyasət Heyətindən, mülki kollegiyadan, kommersiya kollegiyasından, inzibati kollegiyadan və cinayət kollegiyasından ibarətdir. Apellyasiya məhkəməsinin kollegiyalarında işlərə baxmaq üçün məhkəmə tərkibləri yaradılır. [105]

Apellyasiya məhkəməsi hakimlərinin tərkibinə məhkəmənin sədri, onun müavini, məhkəmə kollegiyalarının sədrləri və hakimləri daxildirlər.

Apellyasiya məhkəməsi hakimlərinin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyənləşdirilir.

 

Maddə 63.   Apellyasiya məhkəməsinin Rəyasət Heyətinin tərkibi və səlahiyyətləri [106]

 

Apellyasiya məhkəməsinin Rəyasət Heyəti məhkəmənin sədrindən, onun müavinindən və kollegiya sədrlərindən ibarət tərkibdə fəaliyyət göstərir.

Apellyasiya məhkəməsi Rəyasət Heyətinin tərkibinə daxil olan şəxslərin öz səlahiyyətləri daxilində bərabər hüquqları vardır.

Apellyasiya məhkəməsinin Rəyasət Heyəti:

apellyasiya məhkəməsinin hakimləri sırasından məhkəmə kollegiyalarını və müvafiq məhkəmə tərkiblərini təşkil edir; [107]

qanunla müəyyən edilmiş qaydada qanunvericilik və digər normativ aktların Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunsuzluğu barədə Konstitusiya Məhkəməsinə sorğu verilməsi üçün Ali Məhkəməyə müraciət edir;

Azərbaycan Respublikası qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələləri üzrə apellyasiya məhkəməsi kollegiya sədrlərinin və həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri sədrlərinin, məlumatlarını dinləyir; [108]

apellyasiya məhkəməsində baxılan işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili barədə materiallara baxır;

qanunvericilik aktlarının düzgün tətbiq edilməsi barədə həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinə metodik kömək göstərir; [109]

Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

 

Maddə 64.   Apellyasiya məhkəməsi Rəyasət Heyətinin iş qaydası [110]

 

Apellyasiya məhkəməsi Rəyasət Heyətinin iclasları üç ayda bir dəfədən az olmayaraq keçirilir. Apellyasiya məhkəməsinin sədri Rəyasət Heyətinin iclaslarına sədrlik edir.

Azərbaycan Respublikası Prokurorluğunun və müvafiq icra hakimiyyəti orqanının nümayəndələri, habelə digər şəxslər apellyasiya məhkəməsinin Rəyasət Heyətinin iclaslarına dəvət oluna bilərlər. [111]

Rəyasət Heyəti iclasının keçirilməsi vaxtı və müzakirəyə çıxarılan məsələlər barədə Rəyasət Heyətinin üzvlərinə iclasa ən geci 10 gün qalmış məlumat verilir, qərar layihələri və başqa materiallar onlara təqdim olunur.

Rəyasət Heyətinin azı üç üzvü iştirak etdikdə Rəyasət Heyətinin iclası səlahiyyətli sayılır.

Rəyasət Heyətinin qərarları açıq səsvermə yolu ilə, səsvermədə iştirak edən Rəyasət Heyəti üzvlərinin səs çoxluğu ilə qəbul olunur.

Məhkəmənin Rəyasət Heyətinə sədrlik edən başqa hakimlərlə yanaşı səsvermədə iştirak edir və axırıncı səs verir.

Rəyasət Heyətinin qərarlarını və iclas protokollarını iclasda sədrlik edən imzalayır.

Apellyasiya məhkəməsinin aparatı Rəyasət Heyəti iclaslarının hazırlanmasına dair təşkilati işləri həyata keçirir, protokolun aparılmasını təmin edir, Rəyasət Heyətinin qəbul etdiyi qərarların icrası üçün digər zəruri tədbirlər görür. [112]

 

Maddə 65.   Apellyasiya məhkəməsi kollegiyalarının səlahiyyətləri [113]

 

Apellyasiya məhkəməsinin kollegiyaları:

apellyasiya instansiyası məhkəməsi kimi həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri tərəfindən baxılmış işlər üzrə qərarlardan verilmiş apellyasiya şikayətləri və apellyasiya protestləri üzrə işlərə baxırlar. [114]

Apellyasiya məhkəməsinin kollegiyası məhkəmə statistikasını təhlil edir, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, qanunvericilik aktlarının düzgün tətbiq edilməsi üçün həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinə metodik kömək göstərir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir. [115]

 

Maddə 66.   Apellyasiya məhkəməsi sədrinin səlahiyyətləri [116]

 

Apellyasiya məhkəməsinin sədri:

apellyasiya məhkəməsinin işinin təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik edir, məhkəmədə əmək və icra intizamına əməl olunmasını təmin edir; [117]

Məhkəmə kollegiyalarının iclaslarına sədrlik edir, işlərin kargüzarlıq qaydalarına uyğun bölüşdürülməsinə nəzarət edir;

Məhkəmə kollegiyalarının tərkiblərinin təşkil edilməsinə dair apellyasiya məhkəməsinin Rəyasət Heyətinə təkliflər verir;

apellyasiya məhkəməsi aparatı işçilərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və intizam qaydasında cəzalandırılması məsələlərini həll edir; [118]

apellyasiya məhkəməsi aparatının strukturunu, ştat cədvəlini, xərc smetasını müəyyən edir; [119]

apellyasiya məhkəməsi və həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri hakimlərinin mükafatlandırılması barədə Məhkəmə-Hüquq Şurasına təklif verir; [120]

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri hakimlərinin və apellyasiya məhkəməsi hakimlərinin intizam məsuliyyətinə cəlb edilməsi barədə Məhkəmə-Hüquq Şurasına müraciət edir; [121]

apellyasiya məhkəməsini təmsil edir;

apellyasiya məhkəməsinin Rəyasət Heyəti iclaslarını çağırır, onun vaxtını və gündəliyini müəyyən edir və bu iclaslara sədrlik edir, Rəyasət Heyətinin qərarlarını və iclas protokollarını imzalayır;

Ali Məhkəmənin Plenumunda iştirak edir, həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrində və apellyasiya məhkəməsində ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumat verir; [122]

apellyasiya məhkəməsi hakimlərinin və aparatı işçilərinin ixtisasının artırılması işini təşkil edir; [123]

qanunvericilik aktlarının düzgün tətbiq edilməsi üçün məhkəmələrə metodik kömək göstərir;

məhkəmə statistikasının təhlili, apellyasiya məhkəməsində baxılmış işlər üzrə məhkəmə təcrübəsindən öyrənilməsi və ümumiləşdirilməsi işini təşkil edir;

məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi ilə əlaqədar həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrindən işləri tələb edir; [124]

şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil edir; [125]

Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

 

Maddə 67.   Apellyasiya məhkəməsi sədr müavininin səlahiyyətləri [126]

 

Apellyasiya məhkəməsinin sədr müavini:

məhkəmə iclaslarında sədrlik edir, apellyasiya məhkəməsinin sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədikdə onu əvəz edir;

Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

 

Maddə 68. Apellyasiya məhkəməsi kollegiyaları sədrlərinin səlahiyyətləri [127]

 

Apellyasiya məhkəməsi kollegiyasının sədri:

müvafiq məhkəmə kollegiyasının iclaslarına sədrlik edir, məhkəmə kollegiyasının işinin təşkilinə rəhbərlik edir;

məhkəmə statistikasının təhlili, apellyasiya məhkəmələrində baxılmış işlər üzrə məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi işini təşkil edir;

məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi ilə əlaqədar məhkəmələrdən işləri tələb edir;

şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmə kollegiyasının işini təşkil edir; [128]

Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

 

Maddə 69.   Apellyasiya məhkəməsi sədr müavininin və kollegiya sədrlərinin əvəz edilməsi [129]

 

Apellyasiya məhkəməsi sədrinin müavini vəzifələrini yerinə yetirə bilmədikdə və ya onun səlahiyyət müddəti bitdikdə onun vəzifələrinin icrası apellyasiya məhkəməsi sədrinin sərəncamı ilə müvəqqəti olaraq həmin məhkəmə kollegiya sədrlərindən birinə həvalə edilir.

Apellyasiya məhkəməsinin kollegiya sədri vəzifələrini yerinə yetirə bilmədikdə və ya onun səlahiyyət müddəti bitdikdə onun vəzifələrinin icrası Apellyasiya Məhkəməsi sədrinin sərəncamı ilə müvəqqəti olaraq həmin kollegiyanın hakimlərindən birinə həvalə edilir. [130]

 

(Çıxarılıb) [131]

XIII fəsil

Alİ Məhkəmə

 

Maddə 77. Ali Məhkəmə

 

Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinə uyğun olaraq Ali Məhkəmə ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid olan mülki (o cümlədən kommersiya və inzibati mübahisələrə dair), cinayət işləri və digər işlər üzrə ali məhkəmə orqanıdır. [132]

Ali Məhkəmə kassasiya instansiyası məhkəməsi kimi qanunla müəyyən edilmiş prosessual qaydada ədalət mühakiməsini həyata keçirir. [133]

Ali Məhkəmə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində təşkil edilir, onun yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilir.

 

Maddə 78. Ali Məhkəmənin tərkibi

 

Ali Məhkəmənin tərkibinə Ali Məhkəmənin sədri, onun müavini, kollegiya sədrləri və hakimləri daxildirlər. [134]

Ali Məhkəmə Plenumdan və kassasiya kollegiyasından ibarətdir.

Ali Məhkəmədə mülki kollegiya, kommersiya kollegiyası, inzibati kollegiya və cinayət kollegiyası təşkil edilir. [135]

Ali Məhkəmə hakimlərinin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən olaraq müəyyənləşdirilir. [136]

Qanunların düzgün tətbiq olunması, qanunvericiliyin təkmilləşdirilməsi və elmi təkliflərin hazırlanması məqsədilə Ali Məhkəmənin yanında Elmi-məsləhət şurası fəaliyyət göstərir.

(Çıxarılıb) [137]

 

Maddə 79.   Ali Məhkəmənin Plenumu və onun səlahiyyətləri

 

Ali Məhkəmənin plenumu Ali Məhkəmənin sədrindən, onun müavinindən, kollegiya sədrlərindən və hakimlərindən ibarət tərkibdə fəaliyyət göstərir. [138]

Ali Məhkəmənin Plenumunun tərkibinə daxil olan şəxslərin öz səlahiyyətləri daxilində bərabər hüquqları vardır.

Ali Məhkəmənin Plenumu:

Azərbaycan Respublikası məhkəmələrində qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələləri üzrə məhkəmə sədrlərinin məlumatlarını dinləyir və ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair Ali Məhkəmə sədrinin, onun müavininin və kollegiya sədrlərinin, apellyasiya məhkəmələri sədrlərinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin və digər ümumi və ixtisaslaşdırılmış məhkəmə sədrlərinin məlumatlarını dinləyir, işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili barədə materiallara baxır; [139]

Ali Məhkəmə sədrinin təklifinə əsasən Ali Məhkəmənin hakimləri sırasından məhkəmə kollegiyalarını və müvafiq məhkəmə tərkiblərini təşkil edir; [140]

Ali Məhkəmə sədrinin təqdimatına əsasən Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının Əsasnaməsini və tərkibini təsdiq edir;

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq Konstitusiya Məhkəməsinə sorğu verir; [141]

Azərbaycan Respublikası Konstitusiyasının 128-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası hakimlərinin vəzifədən kənarlaşdırılması barədə Azərbaycan Respublikası Prezidentinin sorğusuna baxır və müvafiq rəyi sorğu verildikdən sonra 30 gün müddətində Azərbaycan Respublikası Prezidentinə təqdim edir;

Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinə uyğun olaraq məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir, verilmiş izahların aktuallığını təmin etmək məqsədilə onların yenilənməsini təşkil edir; [142]

qanunla müəyyən edilmiş hallarda və qaydada Ali Məhkəmə sədrinin təqdimatı, Azərbaycan Respublikası Baş prokurorunun protesti və ya müdafiə tərəfinin şikayəti əsasında əlavə kassasiya işlərinə və yaxud hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə işlərə baxır; [143]

Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Milli Məclisinə qanunvericilik təşəbbüsü ilə müraciət etmək barədə məsələlərə baxır və qərar qəbul edir;

Azərbaycan Respublikası hakimlərinin andını qəbul edir;

qanunvericiliklə müəyyən edilmiş hallarda Məhkəmə-Hüquq Şurasının qərarlarından verilmiş şikayətlərə baxır; [144]

Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

 

Maddə 79-1. Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması [145]

 

Vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır.

Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.

Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar müəyyən edildikdə Ali Məhkəmənin Plenumu məsələyə baxır və belə nöqsanlara yol verilməməsi üçün müvafiq izahı nəzərdə tutan qərar qəbul edir.

Ali Məhkəmə Plenumunun məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlarla bağlı qərarı qəbul edildikdən sonra nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqi təşkil edilir. Monitorinq ən azı 1 il müddətində həyata keçirilir. Monitorinqin aparılması qaydasını Ali Məhkəmənin təklifləri əsasında Məhkəmə-Hüquq Şurası müəyyən edir.

Monitorinqin nəticələri hakimlərin fəaliyyətinin Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndirilməsi zamanı nəzərə alınır.

 

Maddə 80.   Ali Məhkəmənin Plenumunun iş qaydası

 

Ali Məhkəmənin Plenumu üç ayda bir dəfədən az olmayaraq çağırılır. Ali Məhkəmənin sədri Ali Məhkəmənin Plenumunun iclaslarına sədrlik edir.

Ali Məhkəmənin Plenumunun iclaslarında apellyasiya məhkəmələrinin sədrləri, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri, Azərbaycan Respublikasının Baş prokuroru və müvafiq icra hakimiyyəti orqanın rəhbəri iştirak edirlər. Ali Məhkəmənin Plenumunun iclaslarında əlavə kassasiya qaydasında və ya hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə işlərin baxılmasında müdafiə tərəfin iştirakı təmin edilir. Ali Məhkəmənin Plenumunun iclaslarına digər şəxslər də dəvət oluna bilərlər. [146]

Ali Məhkəmənin Plenumunun çağırılması vaxtı və müzakirə çıxarılan məsələlər barədə Plenumun üzvlərinə və Plenumda iştirak edən digər şəxslərə Plenuma ən geci 10 gün qalmış məlumat verilir, qərar layihələri və başqa materiallar onlara təqdim olunur.

Ali Məhkəmənin Plenumu üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə Plenumun iclası səlahiyyətli sayılır.

Ali Məhkəmənin Plenumunun qərarları açıq səsvermə yolu ilə səsvermədə iştirak edənlərin səs çoxluğu ilə qəbul olunur. Ali Məhkəmənin Plenumunun üzvləri məhkəmə işləri üzrə səsvermədə bitərəf qala bilməzlər.

Ali Məhkəmənin Plenumuna sədrlik edən başqa hakimlərlə yanaşı səsvermədə iştirak edir və axırıncı səs verir.

Ali Məhkəmənin Plenumunun işində iştirak edən digər şəxslər, həmçinin Ali Məhkəmənin sədri məhkəmə qərarlarından əlavə kassasiya qaydasında və yeni açılmış hallara görə Ali Məhkəmənin Plenumuna verdiyi təqdimatlarla əlaqədar baxılan işlər üzrə səsvermədə iştirak etmirlər. Plenum baxılan məsələlər üzrə qərarlar qəbul edir. Plenumun qərarlarını və iclas protokollarını iclasa sədrlik edən imzalayır.

Ali Məhkəmənin aparatı Plenumun iclaslarının hazırlanmasına dair təşkilati işləri həyata keçirir, protokolun aparılmasını təmin edir, Plenumun qəbul etdiyi qərarların icrası üçün digər zəruri işlər görür. [147]

Məhkumun vəziyyətini ağırlaşdıran əsaslara görə məhkəmə qərarları, bəraət hökmü, bəraətverici əsaslarla cinayət işinin icraatına xitam verilməsi haqqında məhkəmə qərarları səsvermədə iştirak edən Plenum iştirakçılarının üçdə iki səs çoxluğu ilə ləğv edilə bilər.

Ali Məhkəmənin Plenumu onun sonuncu iclasından ötən dövr ərzində Azərbaycan Respublikası Cinayət-Prosessual, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrində müəyyən edilmiş qaydada müvafiq kollegiyaların bütün hakimlərindən ibarət tərkibdə qəbul etdiyi qərarları (qərardadları) nəzərdən keçirir və Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə mövcud izahına dəyişikliklər edir və ya yeni izah verir. [148]

 

Maddə 81.   Ali Məhkəmə kollegiyalarının səlahiyyətləri

 

Ali Məhkəmənin kollegiyalarında aşağıdakı işlərə baxılır:

apellyasiya məhkəmələrinin baxdığı işlərə dair qərarlardan verilmiş kassasiya şikayətləri və kassasiya protestləri üzrə işlərə; [149]

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin baxdığı işlərə dair qərarlardan verilmiş kassasiya şikayətləri və kassasiya protestləri üzrə işlərə; [150]

qanunla müəyyən edilmiş hallarda digər ümumi və ixtisaslaşdırılmış məhkəmələrinin baxdığı işlərə dair qərarlardan verilmiş kassasiya şikayətləri və kassasiya protestləri üzrə işlərə;

qanunla müəyyən edilmiş qaydada və hallarda Ali Məhkəmə sədrinin kassasiya qaydasında verdiyi təqdimatlar üzrə işlərə.

Ali Məhkəmənin kollegiyaları məhkəmə statistikasını təhlil edir, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, Azərbaycan Respublikasının məhkəmələrinə metodik kömək göstərir, Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

 

Maddə 82.   Ali Məhkəmə kollegiyalarının iş qaydası

 

Ali Məhkəmə səlahiyyətinə aid edilmiş işlərə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hədlərdə kollegiyaların iclaslarında baxır.

Məhkəmə kollegiyalarında işlərə baxmaq üçün məhkəmə tərkibləri yaradılır.

Məhkəmə kollegiyalarının işinə rəhbərliyi kollegiyanın sədrləri həyata keçirirlər. [151]

(Çıxarılıb) [152]

 

Maddə 83.   Ali Məhkəmə sədrinin səlahiyyətləri

 

Ali Məhkəmənin sədri:

Ali Məhkəmənin işinin təşkilinə və onun katibliyinin işinə rəhbərlik edir, Ali Məhkəmədə əmək və icra intizamına əməl olunmasını təmin edir;

Ali Məhkəmə kollegiyalarının iclaslarına sədrlik edir, işlərin kollegiyalar arasında kargüzarlıq qaydasına uyğun bölüşdürülməsinə nəzarət edir, başqa vəzifələri bölüşdürür; [153]

Ali Məhkəmənin hakimlərinin kollegiyalar üzrə müəyyən edilməsinə dair Ali Məhkəmənin Plenumuna təkliflər verir;

aidiyyətə dair mübahisələrə baxılması üçün Ali Məhkəmənin müvafiq kollegiyalarının hakimlərindən ibarət qarışıq tərkibləri müəyyən edir; [154]

Ali Məhkəmə aparatının işçilərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və intizam qaydasında cəzalandırılması məsələlərini həll edir; [155]

Ali Məhkəmə aparatının strukturunu, ştat cədvəlini, xərc smetasını müəyyən edir; [156]

Azərbaycan Respublikası hakimlərinin mükafatlandırılması barədə Məhkəmə-Hüquq Şurasına təklif verir; [157]

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada Azərbaycan Respublikası məhkəmələri hakimlərinin intizam məsuliyyətinə cəlb edilməsi, habelə onların səlahiyyətlərinə xitam verilməsi barədə Məhkəmə-Hüquq Şurasına müraciət edir; [158]

məhkəmələrdən işləri tələb edir; [159]

qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə qərarlarından Ali Məhkəmənin Plenumuna əlavə kassasiya qaydasında təqdimatlar verir; [160]

qanunla müəyyən edilmiş hallarda və qaydada yeni açılmış hallar üzrə Ali Məhkəmənin Plenumuna təqdimatlar verir;

Ali Məhkəməni təmsil edir;

Ali Məhkəmənin Plenumunun iclaslarını çağırır, onun vaxtını, gündəliyini müəyyən edir və bu iclaslara sədrlik edir, Plenumun qərarlarını və iclas protokollarını imzalayır;

Ali Məhkəmənin Plenumunda Azərbaycan Respublikasının ümumi və ixtisaslaşdırılmış məhkəmələrində ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumat verir;

Ali Məhkəmənin hakimlərinin və aparatı işçilərinin ixtisasının artırılması işini təşkil edir; [161]

məhkəmə statistikasının təhlili, məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi işini təşkil edir;

qanunvericilik aktlarının düzgün tətbiq edilməsi üçün məhkəmələrə metodik kömək göstərir;

şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil edir; [162]

Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

 

Maddə 84. Ali Məhkəmənin sədr müavininin səlahiyyətləri [163]

 

Ali Məhkəmənin sədr müavini:

məhkəmə iclaslarında sədrlik edir, Ali Məhkəmənin sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədikdə onu əvəz edir;

Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

 

Maddə 84-1. Ali Məhkəmənin kollegiya sədrinin səlahiyyətləri [164]

 

Ali Məhkəmə kollegiyasının sədri:

müvafiq məhkəmə kollegiyasının iclaslarında sədrlik edir, məhkəmə kollegiyasının işinin təşkilinə rəhbərlik edir;

işlərin kargüzarlıq qaydalarına uyğun bölüşdürülməsinə nəzarət edir, başqa vəzifələri bölüşdürür; [165]

məhkəmə statistikasının təhlili, məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi işini təşkil edir;

məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi ilə əlaqədar məhkəmələrdən işləri tələb edir;

Ali Məhkəmənin Plenumunda kollegiyalarda ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumat verir;

qanunvericilik aktlarının düzgün tətbiq edilməsi üçün məhkəmələrə metodik kömək göstərir;

şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərinə baxılması sahəsində kollegiyanın işini təşkil edir;

Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

 

Maddə 85.   Ali Məhkəmənin sədr müavininin və kollegiya sədrlərinin əvəz edilməsi [166]

 

Ali Məhkəmə sədrinin müavini vəzifələrini yerinə yetirə bilmədikdə və ya onun səlahiyyət müddəti bitdikdə onun vəzifələrinin icrası Ali Məhkəmə sədrinin sərəncamı ilə müvəqqəti olaraq həmin məhkəmənin kollegiya sədrlərinin birinə həvalə edilir.

Ali Məhkəmənin kollegiya sədri vəzifələrini yerinə yetirə bilmədikdə və ya onun səlahiyyət müddəti bitdikdə onun vəzifələrinin icrası Ali Məhkəmə sədrinin sərəncamı ilə müvəqqəti olaraq həmin kollegiyanın hakimlərindən birinə həvalə edilir.

 

XIV fəsil

Azərbaycan Respublİkası məhkəmələrİnİn fəalİyyətİnİn təşkİlatİ təmİnatı

 

Maddə 86.   Müvafiq icra hakimiyyəti orqanı

 

Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada hakimlərin müstəqilliyinə ciddi əməl etməklə Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin hakimləri istisna olmaqla, hakimlərin peşə hazırlığının artırılması, birinci instansiya məhkəmələrinin fəaliyyəti üçün zəruri şərait yaradılması məsələləri ilə məşğul olur, onların müvafiq normativ-hüquqi aktlarla təchiz olunmasını, maliyyə və digər maddi-texniki təminatını həyata keçirir. [167]

Müvafiq icra hakimiyyəti orqanı məhkəmə statistikasının aparılması, məhkəmə qərarlarının icrası, məhkəmələrdə kargüzarlığın təşkil edilməsi, hakimlərin əmək və sosial hüquqlarının təmin edilməsi, məhkəmələrdə icra və əmək intizamına riayət edilməsi üçün tədbirlər görür. Müvafiq icra hakimiyyəti orqanı birinci və apellyasiya instansiyası məhkəmələrində bu sahələr üzrə işin təşkili vəziyyətini yoxlamaq, habelə birinci instansiya məhkəmələrində sədr və sədr müavini öz vəzifələrini yerinə yetirə bilmədikdə və ya sədr və sədr müavini vəzifələri vakant olduqda onların vəzifələrinin icrasını müvəqqəti olaraq həmin məhkəmənin hakimlərindən birinə, hakim öz vəzifələrini yerinə yetirə bilmədikdə və ya hakim vəzifəsi vakant olduqda isə hakimin vəzifələrinin icrasını müvəqqəti olaraq digər müvafiq məhkəmənin hakimlərindən birinə həvalə etmək hüququna malikdir. [168]

Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə bu Qanunun 19-cu maddəsinin birinci hissəsində göstərilən məhkəmələrdə kargüzarlığın aparılması, o cümlədən işlərin təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürülməsi və elektron qaydada yayılan məhkəmə qərarlarının anonimləşdirilməsi qaydalarını müəyyən edir. [169]

Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri istisna olmaqla, bu Qanunla müəyyən edilmiş səbəblər və intizam məsuliyyətinə cəlb edilmə əsaslarının əlamətləri olduqda hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi, habelə onların səlahiyyətlərinə xitam verilməsi barədə Məhkəmə-Hüquq Şurasına müraciət edir. [170]

 

Maddə 87.   Məhkəmələrin fəaliyyətinin təşkilinin təhlili və statistika hesabatları [171]

 

Azərbaycan Respublikasının məhkəmələri Azərbaycan Respublikası qanunvericiliyi ilə müə